Cəsur təyyarəçi, vətənpərvər gənc

 

Bu günlərdə Ağsu şəhərindəki 5 nömrəli orta  məktəbdə "Cəsur təyyarəçi, vətənpərvər gənc" mövzusunda  tədbir keçirilib. Tədbir  məktəbin məzunu, hərbi təyyarəçi, polkovnik-leytenant, hərbi   hissənin qərargah rəisi, "Su-25" qırıcı təyyarəsində qəzaya uğrayan Famil Məmmədliyə həsr olunub. Famil Məmmədli haqqında məlumat verilərək bildirilib ki, o,  Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub, ilk təhsil ilində seçmə yolu ilə İstanbul Hərbi Hava Məktəbinə oxumağa göndərilib. Təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra o, Azərbaycan Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə  Qüvvələrinin Kürdəmirdəki hərbi hissəsində fəaliyyətə  başlayıb. Az sonra o, yenidən Türkiyəyə dönüb, təhsilini NATO standartlarına uyğun artırmaq  məqsədi ilə müxtəlif kurslarda iştirak edib.

Qeyd edilib ki, bayram günlərində Bakı üzərində "Su-25" təyyarəçilərinin nümunəvi uçuşunda Azərbaycan bayrağını  səmaya  çəkənlərdən biri Famil Məmmədli olub. Bu il martın 3-də növbəti uçuş zamanı o, qəzaya  uğrayaraq həlak olub. Böyük bir ehtiramla  Bakı şəhərindəki ikinci Fəxri xiyabanda dəfn edilən gənc təyyarəçi 36 il ömür sürüb.

Tədbirdə onun atası, rayonun Abasxanlı kənd tam orta məktəbinin direktoru Elman Məmmədov, Ağsu şəhər 5 nömrəli orta məktəbin direktoru Elman Qarayev, qərargah rəisi işlədiyi hərbi hissənin təyyarəçiləri müəllimləri Famil Məmmədli ilə bağlı xatirələrindən  danışıblar.

Məktəblilər   Famil    Məmmədliyə həsr edilmiş şeir söyləyib fotostendə tamaşa ediblər. 

 

Şakir CƏFƏROV

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.24.