"Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların
ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı
(2006-2015-ci illər)"na həsr olunmuş beynəlxalq
konfrans
Dekabrın 23-də "Ambassador" otelində "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində "2010-cu ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Təhsil Nazirliyinin, Nazirlər Kabinetinin, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin işçiləri, millət vəkilləri, müvafiq təşkilatların və xarici qurumların əməkdaşları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirdi ki, uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələlər Azərbaycan hökumətinin daim diqqət mərkəzində olub. Ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində əsasını qoyduğu ənənələr bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı, yoxsulluq səviyyəsinin minimuma enməsi hər bir ailənin sosial rifahının yaxşılaşmasına, uşaqların hüquqlarının qorunmasına yönəlmiş proqramların həyata keçirilməsinə əlverişli şərait yaradıb.
Nazir konfrans iştirakçılarının diqqətinə çatdırdı ki, hər ilin sonunda Təhsil Nazirliyi tərəfindən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası ilə bağlı yekun hesabat konfransı keçirilir və bu, artıq 4-cü konfransdır.
Qeyd olundu ki, Dövlət Proqramının
səmərəli icrasını təmin etmək
üçün risk qrupuna daxil olan ailələrin
övladlarının, sağlamlıq imkanları məhdud
uşaqların müəssisələrə
düşməsinin qarşısının alınması,
uşaqların ailə mühitində yaşamaq hüququnun
təmin edilməsi, uşaqların ehtiyaclarına uyğun
xidmətlərə yönəldilməsi,
ailələrinə verilmiş və ya alternativ qayğıya
cəlb olunmuş uşaqların vəziyyətinin
mütəmadi monitorinqinin həyata keçirilməsi,
təhsildən yayınmış uşaqların
təhsilə cəlb edilməsi və digər kompleks
tədbirlər həyata keçirilməlidir. Bunun
üçün isə ölkədə vahid Uşaq
Müdafiəsi Sistemi yaradılmalıdır.
2007-ci ildə BMT-nin Baş katibi "Uşaqlara
qarşı zorakılığın
öyrənilməsi"nə həsr edilmiş
araşdırmanın nəticələri barədə hesabatında
da qeyd etmişdir ki, uşaqlara qarşı baş verən
neqativ amilləri aradan qaldırmaq, onların müdafiəsini
təmin etmək və hüquqlarını qorumaq
məqsədilə hər bir ölkə Milli Uşaq
Müdafiəsi Sisteminə malik olmalıdır. Azərbaycanda
da belə bir sistemin yaradılması istiqamətində
işlərə başlanılıb.
Dövlət Proqramından irəli gələn bir
sıra mühüm vəzifələrin kompleks
şəkildə yerinə yetirilməsinin zəruriliyini,
dövlət uşaq müəssisələrinin fəaliyyətinin
Dövlət Proqramının vəzifələrinə
uyğun qurulmasının vacibliyini, uşaqların
müdafiəsi ilə bağlı qurumlararası koordinasiyanın
effektiv şəkildə təmin edilməsinin vacibliyini
nəzərə alaraq,
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13
yanvar 2010-cu il tarixli qərarına əsasən
"Azərbaycan Respublikasında dövlət uşaq
müəssisələrindən uşaqların
ailələrə verilməsi (de-institusionalizasiya) və
alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci
illər)"nın səmərəli idarə
olunmasının təmin edilməsi məqsədi ilə
Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki
İşçi Qrupunun bazasında Azərbaycan Respublikası
Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi
İdarəsi yaradılıb. Azərbaycan
hökumətinin bu qərarı ölkədə
uşaqların müdafiəsi sahəsində atılan daha
bir uğurlu addım kimi qiymətləndirilir.
Artıq adıçəkilən Dövlət Proqramı çərçivəsində uşaqların ailədə yaşamaq hüququnun təmin edilməsi və uşaqların müdafiəsi ilə bağlı irihəcmli layihələrin icrasına başlanıb. Bunlardan biri də Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF tərəfindən birgə həyata keçirilən "Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması" layihəsidir. Layihənin həyata keçirilməsi üçün qeyd olunan təşkilatlar arasında 9 mart 2010-cu il tarixində imzalanmış birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu 2010-cu il 24 may tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilib. Layihənin məqsədi pilot seçilmiş rayonda uşaqların bioloji və ya alternativ ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün yerli səviyyədə uşaqların müdafiəsinin təmin edilməsidir.
Dövlət Proqramı çərçivəsində ailəni əvəz edən alternativ xidmətlərin yaradılması işinə başlanıldığını deyən Misir Mərdanov qeyd etdi ki, 16 mart 2010-cu il tarixində Təhsil Nazirliyi ilə Avstriyanın "Hilfsverk Avstriya" təşkilatı arasında "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması" layihəsinin həyata keçirilməsi məqsədilə Qrant Sazişi imzalanıb. Qrant Sazişi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilib. Layihə Avropa Komissiyası və Avstriyanın "Hilfsverk Avstriya" təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılmasıdır. Layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, himayədar ailələrin maliyyələşdirmə mexanizmləri hazırlanacaqdır.
Məlumat üçün bildirildi ki, Bakının
Xəzər rayonu ərazisindəki
internat-məktəblərdə yaşayan və
övladlığa verilməsi mümkün olmayan,
himayədar ailələrə veriləcək 50 uşaq və
50 himayədar ailə seçiləcəkdir. Bununla yanaşı, övladlıq, qəyyumluq
və ya himayədar ailələrə verilməsi
mümkün olmayan uşaqlar üçün ailə tipli
kiçik qrup evi, həmçinin övladlığa,
qəyyumluğa və himayəyə veriləcək
uşaqlar və bununla bağlı namizəd ailələr
üzrə məlumat bankı yaradılacaqdır.
Hazırda həmin məqsədlə məlumatlar toplanılır. Layihə çərçivəsində
"Hilfsverk Avstriya" təşkilatı
tərəfindən cəlb
edilmiş beynəlxalq ekspertin iştirakı ilə "Himayədar
(foster) qayğı xidmətlərinin standart və
qaydaları", "Ailə tipli kiçik qrup evlərinin
standart və qaydaları" adlı sənəd
layihələri hazırlanıb. Hazırlanmış
sənədlərin layihələri ilə bağlı
müzakirələr aparılır.
Dövlət Proqramının Tədbirlər Planına əsasən qarşıda duran vəzifələrdən biri də dövlət uşaq müəssisələrində çalışan işçi heyətinin peşə yönümünü dəyişməklə onların sosial işçi kimi hazırlanması, onlara müvafiq təlimlərin keçirilməsidir. Bu məqsədlə 2010-2011-ci tədris ilində Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Sosial iş" ixtisası üzrə 9 aylıq kurs təşkil edilib. Dövlət uşaq müəssisələrində tərbiyəçi vəzifəsində çalışanlar arasından 16 nəfər seçilərək kursa cəlb olunub.
Övladlarına qayğı göstərə bilməyən ailələrin və onların uşaqlarının rifahının yaxşılaşdırılması, onların müəssisələrə düşməsinin qarşısının alınması məqsədilə yerlərdə uşaqlara və ailələrə dəstək xidmətləri yaradılması haqqında danışan nazir bununla bağlı Təhsil Nazirliyi tərəfindən bir sıra işlərin görüldüyünü bildirdi. Qeyd etdi ki, risk qrupuna daxil olan sağlamlıq imkanları məhdud uşaqlar üçün Bərdə şəhərindəki internat-məktəbin, Sabunçu rayonundakı 11 nömrəli xüsusi internat-məktəbin və Suraxanı rayonu 2 nömrəli uşaq evinin nəzdində günərzi qayğı, Xəzər rayonundakı valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika yardımçı internat-məktəbin nəzdində isə reabilitasiya-inkişaf mərkəzi yaradılıb. Həmin mərkəzlərin binaları Təhsil Nazirliyi tərəfindən yenidən qurulub və əsaslı təmir edilib. Eyni zamanda mərkəzlərə inkişafetdirici təlim materialları, reabilitasiyayönümlü avadanlıqlar verilib. Mərkəzlərin yaradılması ilə 268 nəfər uşağın dövlət uşaq müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb.
De-institutlaşma və
Uşaqların Müdafiəsi İdarəsi
tərəfindən övladlığa uşaq
götürmək arzusunda olan vətəndaşların
və övladlığa verilməsi mümkün olan
uşaqların siyahısı dəqiqləşdirilib və
Təhsil Nazirliyində məlumat bazası yaradılıb. Son 6 ay ərzində
Təhsil Nazirliyinin övladlığa götürülən
uşaqların mərkəzləşdirilmiş
siyahısında olan 14-17 yaşlı 8 uşaq
övladlığa verilib. Təhsil Nazirliyində
övladlığa götürülməsi mümkün olan
uşaqların mərkəzləşdirilmiş
qeydiyyatında hazırda 27 uşaq var. Onlardan 18-i 14-17 yaşlı, 9-u isə 5-11
yaşlı sağlamlıq imkanları məhdud olan
uşaqlardır. Eyni zamanda idarənin
əməkdaşları yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyaları ilə birlikdə
övladlığa, himayəyə və öz bioloji
ailələrinə verilmiş uşaqlara nəzarətin
təşkili və onların vəziyyətinin dövri
monitorinqinin aparılmasını həyata keçirirlər.
Nazir Misir Mərdanov çıxışında konfrans iştirakçılarının nəzərinə onu da çatdırdı ki, Təhsil Nazirliyinin nəzdində dövlət uşaq müəssisələrində yaşayan uşaqlar barədə daim yenilənən məlumat bazası yaradılıb. Bazaya daxil edilmiş məlumatlara əsasən, hazırda 46 dövlət uşaq müəssisəsində 9874 uşaq təlim-tərbiyə alır. Onlardan 6014-ü yalnız təhsil alır. Qalan 3860-ı müəssisədə təhsil alır və gecələyir. Müəssisədə gecələməsinə baxmayaraq, onların 86 faizi müəssisəyə müvəqqəti olaraq yerləşdirilmiş uşaqlardır. Hər şənbə və bazar günləri evə gedənlərin sayı 1356, hərdənbir evə gedənlərin sayı 1914, daim müəssisədə yaşayıb evə getməyən uşaqların sayı isə 590 nəfərdir. Müəssisədə yaşayan uşaqların əksəriyyəti (yəni 3109 nəfəri) 7-16 yaşlı uşaqlardır. Bununla yanaşı, müəssisədə gecələyən 3860 uşaqdan 1473 nəfəri sağlamlıq imkanları məhdud olan uşaqlardır. Dövlət uşaq müəssisələrindəki uşaqların təlim-tərbiyəsi ilə 2530 nəfər pedaqoji işçi məşğul olur.
Görülən işlərin nəticəsi olaraq dövlət uşaq müəssisələrindəki uşaqların sayı ilbəil azalır. Belə ki, onların sayı 2008-ci ildə 4055, 2009-cu ildə 3945, 2010-cu ildə isə 3860 nəfər olub.
Təhsil naziri Misir Mərdanov
çıxışında onu da söylədi ki, ölkəmizdə
de-institutlaşma və uşaqların müdafiəsi
sahəsində həyata keçirilən islahatlar Avropa Sosial
Şəbəkəsi tərəfindən yüksək
qiymətləndirilib və 2010-cu ildə Avropa Sosial
Şəbəkəsinin İnternet saytında
yerləşdirilən "Azərbaycanda de-institusionalizasiya
səylərinə dəstək" adlı məqalə
təşkilatın 28 üzv dövlətinə
təbliğat məqsədilə göndərilib. Bununla
yanaşı, ölkənin birinci xanımı Mehriban
Əliyevanın Dövlət Proqramına xüsusi diqqət
və qayğısını əks etdirən sənədli
filmin təbliğat məqsədilə Avropa Sosial Şəbəkəsi
təşkilatının saytına yerləşdirilməsi
qərarlaşdırılıb.
Ötən müddət
ərzində görülən işlər barəsində
konfrans iştrakçılarına ətraflı məlumat
verən nazir qarşıda duran vəzifələrdən
də söz açdı. Misir Mərdanov bu
vəzifələrin proqramın icrasına məsul digər
qurumlarla sıx əməkdaşlıq şəraitində
həyata keçiriləcəyinə ümidvar olduğunu
bildirdi.
Konfransda iştirak edən millət vəkilləri
Hadı Rəcəbli, Qənirə Paşayeva, YUNİSEF-in
Azərbaycandakı nümayəndəsi Mark Herevard, Nazirlər Kabinetinin Elm,
mədəniyyət, təhsil və sosial problemlər
şöbəsinin müdir müavini Qurban Əmirov və
başqaları çıxış edərək Dövlət Proqramının
əhəmiyyətindən danışdılar.
Konfransdan sonra mövzu ilə bağlı Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda elmi- praktik seminarın keçiriləcəyi də tədbir
iştirakçılarının nəzərinə çatdırıldı.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 24 dekabr.- S.5.