NDU-da beynəlxalq
simpozium
Naxçıvan
Dövlət Universitetində
"Sivilizasiyaların dialoqu:
Nil çayından Araz vadisinədək" mövzusunda beynəlxalq simpozium keçirilmişdir.
Misir Ərəb Respublikasının
Azərbaycandakı Mədəniyyət
Mərkəzi və Qahirə Universiteti ilə birgə gerçəkləşdirilən simpozium Universitet Televiziyasının hazırladığı
tanıtma filminin ərəb dilində nümayişi ilə öz işinə başlamışdır.
Simpoziumu giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli "Araz hövzəsi sivilizasiya: Gəmiqayadan Ağrıdağadək" mövzusunda ətraflı məruzə etmişdir. Məruzədə Naxçıvanda sivilizasiyanın tarixinin b.e.ə. V minilliyə söykənməsi, burada ilk insan məskunlaşması, şəhərsalma mədəniyyəti, aqrar sahənin inkişafı ilə bağlı qədim tarixə söykənən əsaslı faktlar və arxeoloji tapıntılar, toponimlər mövcud olmasından bəhs olunmuşdur. Millət vəkili dünya tarixinin beşiyi sayılan qədim Misirlə Azərbaycanı qohum sivilizasiyaların birləşdirməsindən, Azərbaycan müstəqillik əldə etdikdən sonra sivilizasiyalararası dialoqun inkişafı istiqamətində uğurlu dövlət siyasətindən, beynəlxalq simpoziumun mühüm əhəmiyyətindən söz açmışdır.
Sonra Naxçıvan MR Ali Məclisinin
sədri Vasif Talıbovun simpozium iştirakçılarına təbrik
məktubu oxunmuşdur. Təbrik məktubunda
qədim Şərq tarixinin, mədəniyyətinin
qovuşduğu iki ölkə arasında siyasi, iqtisadi, sosial, mədəni tərəfdaşlığın inkişafı baxımından
simpoziumun əhəmiyyəti
qeyd olunmuşdur.
Misir Ərəb Respublikasının Azərbaycandakı
Mədəniyyət Mərkəzinin
rəhbəri Adil Dərviş "Ölkələrarası
əlaqələrin möhkəmləndirilməsində
sivilizasiyaların rolu"
mövzusunda məruzəsində
ümummilli lider Heydər Əliyev və Misir Prezidenti
Hüsnü Mübarəkin
iki dövlət arasında siyasi müttəfiqliyin inkişafındakı
rolundan, ortaq Şərq tarixinin, mədəniyyətinin öyrənilməsi
sahəsində görülən
mühüm işlərdən
danışmışdır.
Plenar iclasda
AMEA-nın Naxçıvan
Bölməsinin sədri,
akademik İsmayıl Hacıyevin "Naxçıvan
ərazisində sivilizasiya
mədəniyyətinin öyrənilmə
zərurəti", qurumun
Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Hacı Qadir Qədirzadənin
"Araz hövzəsi
sivilizasiyada Naxçıvan",
AMEA-nın Ədəbiyyat
İnstitutunun direktor müavini Teymur Kərimlinin "Sivilizasiyalararası
ədəbi əlaqələr",
universitetin Hüquq fənləri kafedrasının
müdiri, tarix elmləri namizədi, dosent Şükür Məmmədovun "Çaylararası
sivilizasiyalarda qanunnamələr",
Misir Ərəb Respublikasının Qahirə
Universitetinin ədəbiyyat
fakültəsinin dekan
müavini, professor Ömər
Sabir Əbdülcəlilin
"Misir sivilizasiyası
və çevrə ölkələrindəki sivilizasiyalar
ortaq mədəniyyətə
nümunə kimi",
universitetin koreyalı
tələbəsi, Azərbaycan
dili və ədəbiyyat ixtisası
üzrə IV kursda təhsil alan Ryu Hi Canın "Nuhun tufanı hadisəsi və Asiyada tufanla bağlı miflər"
mövzularında məruzələri
dinlənilmişdir.
Simpozium "Tarix-mədəni əlaqələr"
və "Sivilizasiyalararası
əlaqələr" adlı
bölmə iclasları
ilə işini davam etdirmişdir.
Yekun iclas universitetin ərəb dili və ədəbiyyatı ixtisası üzrə I kurs tələbələrinin ərəb dilində çıxışları, bədii qiraətləri ilə başlamışdır. Bölmə rəhbərləri - professor Adil Dərviş və AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin hesabatları dinlənilmiş, simpoziumun fəaliyyəti yüksək dəyərləndirilmişdir.
Simpozium qonaqların qədim Misirlə bağlı tanıtma filmini nümayiş etdirməsilə
öz işini yekunlaşdırmışdır.
Mehriban SULTAN
Azərbaycan
müəllimi.- 2010.- 24 dekabr.- S.7.