Əməkdaşlıq müqaviləsi imzalanıb

 

 Azərbaycan Universiteti təhsilin inkişafı və ölkəmizdə dövlət təşkilatları, peşəkar qurumlar və biznes strukturları ilə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq mühitinin formalaşdırılması, dünya elmi nailiyyətlərinin idarəetmənin və sahibkarlığın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsinə  kömək göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlığa başlayır.

Bu məqsədlə dekabrın 17-də Auditorlar Palatasının sədri  Vahid Novruzov və Azərbaycan Universitetinin rektoru Akif Musayev ikitərəfli müqavilə imzalayıblar.

Müqaviləyə əsasən bundan sonra Auditorlar Palatası və  Azərbaycan Universiteti ölkədə auditor xidmətinin dövlət tənzimlənməsinin və inkişafının təşkilini təmin etməklə sahibkarlığın rəqabət qabiliyyətliliyinin gücləndirilməsində, peşəkar milli kadrların hazırlığı sahəsində ictimai sifarişin formalaşdırılması prosesində palatanın fəallığının artırılması və təkmilləşdirilməsində, universitetin "Karyera mərkəzi"nin, maliyyə, mühasibat uçotu və audit sahəsində tələbə konsaltinq xidmətinə metodoloji  yardım və digər sahələrdə əməkdaşlıq edəcəklər.

Tərəflər həmçinin universitet tələbələrinin Palata və ona üzv təşkilatlarda sahə təcrübələri keçmələri üçün şəraitin yaradılmasında, tələbə və müəllim heyətinin Palata tərəfindən təşkil olunan təlim və seminarlarda əməkdaşların təhsil və təlimlə bağlı beynəlxalq layihələrdə birgə iştirak etmələrinin təmin olunmasında, bu təhsil ocağında Palata peşəkarlarının mühazirələrinin təşkilində, ikitərəfli və çoxtərəfli əsasda informasiya mübadiləsi aparılmasında, məqsədli layihələrin işlənməsində, ölkədə mühasibatlığın və auditin beynəlxalq standartlara cavab verən işgüzar mühitinin formalaşmasında və digər məsələlərdə birgə çalışacaqları barədə razılığa gəliblər.

İmzalanma mərasimindən sonra V.Novruzov  A.Musayev mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.

 

Şakir CƏFƏROV

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.7.