Ədəbiyyat dərsliklərimiz
Ölkəmiz müstəqillik
əldə etdikdən
sonra cəmiyyətimizin
demokratikləşməsi istiqamətində
görülən tədbirlər
təhsil sahəsində
də müasir ideyaların meydana çıxmasına, beynəlxalq
təcrübənin öyrənilməsinə,
təhsilin forma və məzmunca yeniləşməsinə geniş
şərait yaratmışdır. Təhsil Nazirliyi bu sahədə
səmərəli təşəbbüslər
göstərmiş, yeni
nəsil dərsliklərin
yaradılmasına nail
olmaq üçün
bütün imkanları
səfərbər etmişdir.
Məhz bunun nəticəsində təlimin
məqsədlərinə uyğun
olaraq müəyyən
tədris fənninin elmi əsaslarını izah edən yeni-yeni dərsliklər tərtib olunmuşdur.
Gənc nəslin
hərtərəfli şəxsiyyət kimi
formalaşmasında, onun mənəvi aləminin
zənginləşməsində, idrakının
kamilləşməsində, nitqinin inkişaf
etdirilməsində ədəbiyyat fənninin böyük rolu
olduğu hamıya məlumdur. Bu cəhətdən
də ədəbiyyat
ümumtəhsil məktəblərinin
tədris fənləri
arasında çox mühüm yer tutur.
Azərbaycanda ədəbiyyatdan dərs vəsaitinin hazırlanmasından bir əsrə yaxın vaxt keçir. Bu müddət ərzində dərsliklər diqqətəlayiq inkişaf yolu keçmişdir. İndi əlimizdə olan dərs vəsaitləri məhz bu varislik, həmçinin beynəlxalq təcrübə əsasında hazırlanmışdır.
Öncə pilot məktəblər üçün nəzərdə tutulmuş, hazırda isə bütün ümumtəhsil məktəblərinin V və VI siniflərində tədris olunan ədəbiyyat dərslikləri (müəllifləri S.Hüseynoğlu, B. Həsənli, Ə. Quliyev) haqqında fikirlərimizi bölüşmək istəyirik.
Təlimin məqsədinin düzgün müəyyənləşdirilməsi məktəbdə tədris olunan hər hansı fənn üzrə şagirdlərə hansı biliklərin veriləcəyini və nə həcmdə olacağını təsəvvür etməyə, birinci dərəcəlini ikinci dərəcəlidən fərqləndirməyə və seçməyə imkan verir.
Ədəbiyyat fənni üzrə məktəb kursunun məzmununu düzgün müəyyənləşdirmək ədəbiyyat tədrisinin əsas meyarlarından biri və başlıcasıdır. Bu baxımdan, adıçəkilən dərslikləri uğurlu hesab etmək olar. Belə ki, həmin dərsliklərə daxil edilən mövzular şagirdlərin yaş səviyyəsinə uyğun olmaqla yanaşı, gənc nəslin ədəbi təhsili, tərbiyəsi, inkişafı vəzifələrinin yerinə yetirilməsi məqsədinə yönəldilmişdir və müasir tələblərə cavab verir. Konkret təlim materialları, bədii nümunələrlə ətraflı tanışlıq bir daha göstərir ki, müəlliflər şagirdlərin mütaliəyə marağını da nəzərə almış, ədəbiyyat dərslərinin canlı, yaradıcı keçməsi üçün möhkəm təməl yaratmışlar. Tədris üçün seçilmiş əsərlər öz ideya-bədii məzmunu, mənəvi-əxlaqi problematikası ilə şagirdlərin müasir düşüncə tərzinə malik şəxsiyyət, humanist, demokratik dəyərlərə yiyələnmiş, ümumbəşəri dəyərlərə hörmət bəsləyən bir insan kimi formalaşdırılması üçün geniş imkanlar açır.
Bədii nümunələrin müasir tələblərə, şagirdlərin qavrama xüsusiyyətlərinə uyğun olaraq daha anlaşıqlı təqdim olunması da diqqəti cəlb edir.
Məktəbdə ədəbiyyat tədrisinin
məqsədi odur ki, şagird bədii söz sənətini dərindən
dərk etsin, oxuduğu əsəri öz səviyyəsində
bədii sənətkarlıq
cəhətdən qiymətləndirməyi
bacarsın. Məhz bu baxımdan
müəlliflər dərslikləri
hazırlayarkən şagirdlərə
veriləcək biliyin
zəruriliyini və həcmini diqqət mərkəzində saxlamışlar.
Dərslikdə hansısa ədəbi-nəzəri
problem, sənətkarın yaradıcılıq xüsusiyyəti,
bu və ya digər bədii
əsərin təhlili
ardıcıl, sistemli
şəkildə aydın,
sadə dillə şərh edilməli, elmi-ədəbi faktlar bir-biri ilə üzvi şəkildə bağlanmalıdır. Əvvəlki
sonrakının izahına
zəmin hazırlamalı,
sonrakı əvvəlkini
tamamlamalıdır. Məhz
bu amilə əsaslanan müəlliflər
hər bir proqram materialının öyrənilməsi üçün
xüsusi əhəmiyyət
kəsb edən "Mövzunun öyrənilməsinə
hazırlıq" başlıqlı
mətn vermişlər.
Bu mətnə mövzunun şagirdlər
tərəfindən daha
fəal mənimsənilməsinə
zəmin yaradan müəllif və əsərlə bağlı zəruri məlumat, əsərin ilkin oxusu və
qavranılması ilə
bağlı izahlar, suallar daxil edilmişdir.
Mövzunun öyrənilməsi
üçün hazırlıq
mətnindən sonra bilavasitə öyrənilən
əsərin mətni
verilmişdir. Mətnlər
pedaqoji tələblər
baxımından işlənmiş,
zəruri ixtisarlar aparılmışdır. İxtisarlar
aparılarkən əsas
fikir, məzmun, ideya saxlanılmışdır
ki, bu da
mühüm şərtlərdən
biridir.
Mətnin məzmununun mənimsənilməsindən sonra görüləcək işlər sual və tapşırıqlarda, "Oxuyun. Fikirləşin. Cavab verin" bölmələrində öz əksini tapmışdır. Sual və tapşırıqlar təsdiqləyici deyil, düşündürücü xüsusiyyətə uyğun olaraq hazırlanmışdır.
Məktəbliləri yaradıcı təfəkkür fəaliyyətinə cəlb etmək üçün müəlliflər görülən işlərlə kifayətlənməmiş, daha məqsədyönlü iş aparılmasını təmin etmək üçün dərsliyə "Müstəqil iş üçün", "Sinifdənxaric oxu üçün" başlıqlı bölmələr də daxil etmişlər.
Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatın əlifbasıdır. Ədəbiyyat nəzəriyyəsini dərindən bilmədən bədii ədəbiyyatı yaxşı öyrənmək olmaz. Adıçəkilən dərsliklərdə layla, bayatı, tapmaca, nağıl, şeir, peyzaj, hekayə, mövzu, yazıçı niyyəti, süjet , təmsil, şeir vəznləri və s. haqqında verilən mətnlər şagirdlər üçün çox faydalıdır.
Ədəbiyyat dərsliklərində interaktiv təlim imkanlarının reallaşdırılmasına, eyni mövzu, problem üzrə biliklərin inteqrasiya zəminində mənimsədilməsinə mühüm tələb kimi yanaşılmışdır. Bu məqsədlə mövzunun öyrənilməsi zamanı fəndaxili və fənlərarası əlaqələr diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə xüsusi sual və tapşırıqlar sistemi işlənilmişdir. Bundan başqa cütlərlə, qruplarla işləmək üçün müəyyən tapşırıqlar da verilmişdir.
Dərsliklərdə ifadəli
oxu ilə bağlı verilən tapşırıq və tövsiyələr həm
şagirdlərin, həm
də müəllimin
fəaliyyətinin səmərəli
keçməsinə imkan
yaratmışdır. Bu istiqamətdəki
işin bünövrəsi
V sinfin dərsliyində
qoyulmuş və VI sinfin dərsliyində davam etdirilmişdir.
Etiraf edək ki, ibtidai
sinifdən beşinciyə
adlayan şagirdlərin
ifadəli oxu barədə nə məlumatı, nə də praktik bacarığı olur. Amma "İfadəli
oxuya hazırlaşın" başlığı
ilə verilən mətnlərdən aydın
olur ki, hər sözün, hər misranın mənasını başa
düşmədən, bədii
mətndə ifadə
olunan hisslərə şərik çıxmadan
ifadəli oxumaq mümkün deyil. Bu mühüm fikrin şagirdlərin başa düşəcəyi
şəkildə şərhi
dərsliyin oxucularında
razılıq hissi doğurur.
Pedaqoji-psixoloji tələblərlə yanaşı,
dərsliyin oxunaqlı,
cəlbedici olmasında
bədii tərtibatın,
poliqrafik tələblərin
gözlənilməsi də
mühüm şərtdir,
eyni zamanda tərbiyə vasitəsidir. Estetika
ilə üzvi şəkildə bağlıdır.
Məhz poliqrafik tələblərin gözlənilməsi
insana bədii zövq verir, onun qəlbinə incə hissləri aşılayır.
Bu baxımdan
ədəbiyyat dərslikləri tərtibatı ilə
şagirdlərin zövqünü oxşamalı, onlarda ilkin
estetik zövq oyatmalı və inkişaf etdirməlidir. Müəlliflər məhz
bunu nəzərə alaraq dərsliklərində
tərtibata xüsusilə
nəzər yetirmişlər.
Istər üz qabığında, istərsə
də şair və yazıçıların
portretlərində, onların
əsərlərinə çəkilmiş
illüstrasiyalarda diqqətli
olmuşlar. Verilmiş
illüstrasiyalar məlumatlarla,
mətnlə bilavasitə
əlaqəlidir və
əlavə informasiya
verir.
Xəyalə QƏNBƏROVA,
Elçin MANAFOV
Azərbaycan
müəllimi.- 2010.- 24 dekabr.- S.19.