Şagirdlər İKT biliklərinə
həvəslə yiyələnirlər
Təhsil ocaqlarında şagirdlər
İKT-dən səmərəli
istifadə edir, zəruri proqramlarla işləmə bacarıqları
və kompüterdən
istifadə vərdişlərinə
həvəslə yiyələnirlər.
Bakıdakı 102 nömrəli orta məktəbin direktoru Mayilə İsmayılova bildirdi ki, təhsil ocağında iki kompüter otağı yaradılıb. İnformatika otaqlarında bundan başqa 1 noutbuk, 6 proyektor və 1 printer yerləşdirilib. Burada tədris zamanı elektron dərsliklərdən istifadə olunması şagirdlərin mövzuları daha dərindən mənimsəmələrinə kömək edir. İnformatika müəllimləri Gülnar Qarçıyeva və Adilə Sultanova gərgin əmək sərf edərək şagirdlərə İKT-nin sirlərini öyrədirlər.
210 nömrəli orta məktəbin direktoru Razim Rəsulov qeyd etdi ki, cari tədris ilinin ilk günlərindən müəllimlər şagirdlərdə bu fənnə böyük maraq yaradıblar. Təhsil Nazirliyi tərəfindən məktəbə 29 kompüter, 1 noutbuk, 2 printer, 1 proyektor verilib. Təhsil ocağında 2 kompüter otağı var. Şagirdlər informatika dərslərində kompüterdən sərbəst istifadə edərək sadə əməliyyatları yerinə yetirirlər. Dərslərdə elektron dərsliklərdən geniş istifadə olunur.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2010.- 24 dekabr.- S.19.