Ali məktəb
tələbələri arasında
XV Respublika fənn olimpiadası qalibləri
mükafatlandırıldı
Dekabrın 29-da Təhsil
Nazirliyində Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsi ilə birgə ali məktəb tələbələri
arasında keçirilən XV Respublika fənn olimpiadası
qaliblərini mükafatlandırma
mərasimi keçirildi.
Tədbirdə Təhsil Nazirliyinin, Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin nümayəndələri, millət
vəkilləri, ali məktəb rektor və prorektorları, tələbələr
iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov bildirdi ki, bu olimpiadanın yekun turu cari ilin may ayının 26-da Azərbaycan Texniki Universitetinin bazasında 11 fənn (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, alman dili, fransız dili və rus dili) üzrə keçirilib. Yekun turda 34 ali məktəbdən 458 tələbə iştirak edib. Olimpiadaya tələbə göndərən ali məktəblər sırasında Bakıdakı təhsil müəssisələri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən ali məktəblər də var.
2009-cu ildə keçirilmiş XIV olimpiadanın yekun turuna 28 ali məktəbdən 544 tələbənin vəsiqə qazandığını deyən nazir Misir Mərdanov əlavə etdi ki, XV olimpiadanın yekun turuna isə 34 ali məktəbdən 630 tələbə vəsiqə qazanıb. Həmçinin keçirilən olimpiadaya qeyri-dövlət ali məktəblərinin də marağı və nəticədə onların bu sahədə fəallığı artıb. Əgər olimpiadanın ötən il yekun turunda 5 qeyri-dövlət ali təhsil müəssisəsi iştirak etmişdisə, bu il onların sayı 8-ə çatıb.
Təhsil naziri Misir Mərdanov qeyd etdi ki, təşkilat komitəsi və münsiflər heyətinin səmərəli fəaliyyəti nəticəsində olimpiada iştirakçılarının işləri bütün fənlər üzrə qısa müddət ərzində yoxlanılıb və qaliblər artıq müəyyən edilib. Münsiflər heyətinin qərarına görə, I yerə 11, II yerə 22, III yerə 33 və həvəsləndirici mükafata 40 tələbə layiq görülüb. Bu haqda məlumat həm də Təhsil Nazirliyinin İnternet saytında yerləşdirilib.
Çıxışının sonunda təhsil naziri Misir Mərdanov ATİAHİRK-nın əməkdaşları ilə birlikdə olimpiada qaliblərinə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplomu, pul mükafatları və hədiyyələrini təqdim etdi, onlara uğurlar arzuladı.
ATİAHİRK-nin sədri, millət vəkili Səttar Mehbalıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı və başqaları tədbirdə çıxış edərək olimpiada qaliblərini və Azərbaycanın bütün təhsil işçilərini 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdilər.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.5.