Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni kurikulumu (V-XI siniflər)

 

(Təlim Azərbaycan dilində olan məktəblər üçün)

 

Ədəbiyyat fənni kurikulumu və onun xarakterik cəhətləri. Ədəbiyyat fənni kurikulumu ümumtəhsil məktəblərində ədəbiyyat təliminin  məqsəd və vəzifələrini, ayrı-ayrı təlim pillələri üzrə məzmun xətlərini və standartlarını, onların reallaşdırılması üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirən konseptual sənəddir.

Ədəbiyyat fənni kurikulumu hər bir şagirdin ümumi inkişafı, maraq və meyilləri nəzərə alınmaqla onun ədəbi təhsili, tərbiyəsi və inkişafı üçün optimal şərait yaradılmasını nəzərdə tutur. Bu məqsədlə sənəddə ümumi orta və tam orta təhsil pilləsində fənnin bir-biri ilə üzvi əlaqədə olan məzmun xətləri və standartları, şagird bacarıqlarının inkişaf istiqamətləri dəqiqləşdirilmişdir.

Bu sənəd təlim nəticələrini konkretləşdirməklə fəndaxili və fənlərarası inteqrasiyanı, fənnin tədrisinə verilən əsas tələbləri, təlimin təşkili formaları və üsulları barədə tövsiyələri özündə əks etdirir.

Tədris prosesinin keyfiyyətinin dəyərləndirilməsi, şagird nailiyyətinin qiymətləndirilməsi ədəbiyyat fənni kurikulumunda diqqət mərkəzində saxlanılmışdır.

Bu sənəd milli və ümumbəşəri dəyərlər, şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmaqla əlverişli təlim şəraitinin yaradılması, tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük, inteqrativlik kimi ümumi prinsiplərə istinad edilməklə hazırlanmışdır.

Məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin idraki, informativ-kommunikativ fəaliyyət göstərmələri, onlarda düşünmə, emosional və hərəki bacarıqların formalaşdırılması əsas götürülmüşdür.

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Özünəməxsus inkişaf yolu keçmiş, qədim tarixi olan Azərbaycan ədəbiyyatı dünya bədii mədəniyyət xəzinəsinə dəyərli sənət abidələri bəxş etmişdir. Humanist və demokratik ideyaları əks etdirən ədəbiyyatımızın ümumtəhsil məktəblərində tədrisi milli dövlətçilik maraqları baxımından böyük əhəmiyyət kəsb edir. Məktəb ədəbiyyat kursu həqiqi vətəndaşın və müasir dünyagörüşlü şəxsiyyətin yetişməsində mühüm rolu olan fənlərdəndir.

Qüdrətli tərbiyə vasitəsi olan bədii söz sənətimiz şagirdlərin mənəvi-estetik tərbiyəsi, xalqın ədəbi-mədəni irsini, tarixi keçmişini, mübarizəsini, adətnənələrini öyrənmək üçün mötəbər mənbə, etibarlı qaynaqdır. Müasir məktəbdə müstəqil düşünməyi, qazandıqları bilikləri tətbiq etməyi, qarşılaşdıqları problemləri həll etməyi bacaran, saf mənəviyyatlı, təşəbbüskar, yaradıcı, demokratik ruhlu, humanist gənclər tərbiyə edilməsi sosial tələb kimi meydana çıxır.

Orta məktəbi bitirən hər bir gənc bədii ədəbiyyatı, digər mənbələri oxumağı, təhlil etməyi, qiymətləndirməyi, öz biliklərini müstəqil şəkildə artırmağı bacarmalı, fasiləsiz təhsilə hazır olmalıdır. Məktəb ədəbiyyat kursunda yüksək ideya-bədii dəyərə malik əsərlərin öyrədilməsi əsasında şagirdlərdə mütaliə formalaşır, onların ədəbi təhsili, tərbiyəsi və inkişafı təmin olunur.

Ədəbiyyat həyatı ümumiləşdirilmiş şəkildə, obrazlar vasitəsilə əks etdirən söz sənəti kimi şagirdlərin müstəqil həyata hazırlanmasında, həyati əhəmiyyət kəsb edən bacarıqlara yiyələnmələrində mühüm rol oynayır. Bədii ədəbiyyatın "insanşünaslıq", "həyat dərsliyi" adlandırılması bu fənnin hər bir şagird - oxucu üçün özünü, həyatı, insanı dərk etmək vasitəsi kimi əhəmiyyətini ifadə edir.

Firudin bəy Köçərli  yazırdı: ...hər bir millətin şöhrət və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən birisi də onun ədəbiyyatıdır. Ədəbiyyat xalqın aineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisini və istiqbalı üçün nicat və səadət yollarını eynilə göstərir.  ...millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və təmami mənəvi və ruhani qüvvələrinə qol-qanad verib uca məqama qaldırır.

Ədəbiyyatdan müxtəlif məşğələlərdə Azərbaycan ədəbiyyatının, eləcə də dünya xalqlarının ədəbiyyatından seçilmiş nümunələrin müzakirəsi şagirdlərin müasir dövrdə xüsusi aktuallıq kəsb edən mənəvi-estetik problemləri, həyatda, cəmiyyətdə baş verən dəyişiklikləri dərk edib qiymətləndirmələrinə, milli və ümumbəşəri mənəvi dəyərlərə yiyələnmələrinə imkan yaradır.

Azərbaycan ədəbiyyatı əsrlər boyu təlim-tərbiyə məktəbi funksiyasını yerinə yetirmişdir. Gözünü dünyaya açan körpəni ananın oxşamaları, laylaları qarşılayır, dil açıb yeriməyə başlayanda sanamalar, düzgülər, tapmacalar, yanıltmaclar, uşaq nağılları onun nitqini, təfəkkürünü inkişaf etdirir, həyat üçün zəruri olan ilkin bacarıqlar formalaşdırır.

Ədəbi əsərlərin öyrədilməsi zamanı şagirdlərin şifahi və yazılı nitqi tədricən cilalanır. Şagirdlər ana dilimizdə yazılmış əsərlərdə dilin gözəlliyini, dərin fikir və ifadə zənginliyini görüb-götürür. Təlim prosesində sənətkarın sözdən istifadə məharəti, nitqin bədiiliyi, ifadəliliyi, obrazlı sözün doğurduğu emosionallıq və fikir tutumu haqqında aydın təsəvvür yaradılır, bu əsasda şagirdlərin özünün nitqinin zənginləşməsi təmin edilir.

Ədəbiyyat dərslərində nitq inkişafı üzrə aparılan işlər məktəblilərdə bədii sözə həssas münasibətin yaradılmasına, sözün, fikrin məna incəliklərini duymaq, ifadə etmək bacarığının formalaşdırılmasına imkan yaradır.

Ədəbiyyatın məktəbdə öyrədilməsi zamanı bədii zövqün formalaşdırılması diqqət mərkəzində saxlanılır, şagirdlərin həyatda, insanda olan gözəlliyi duymaq, qiymətləndirmək bacarığı inkişaf etdirilir.

Ümumtəhsil məktəblərində ədəbiyyat təliminin məqsədi bədii ədəbiyyat nümunələrini, tarixi-ədəbi prosesi öyrənmək, təhlil etmək, qiymətləndirmək bacarığını formalaşdırmaqla şagirdlərin dünyagörüşünü zənginləşdirmək, mənəvi-estetik inkişafını təmin etmək, nitq mədəniyyətinə yiyələnmələrinə nail olmaqdır. Bu məqsədlə aşağıdakı vəzifələrin həyata keçirilməsi təmin edilir.

 

Ümumi orta təhsil səviyyəsində:

İncəsənətin bir növü kimi söz sənətinin - şifahi və yazılı ədəbiyyatın xalqın mənəvi sərvəti olması, həyatı, taleyüklü məsələləri özünəməxsus bədii vasitələrlə əks etdirməsi barədə şagirdlərdə dolğun təsəvvür yaradılır.

Milli və dünya ədəbiyyatından seçilmiş kamil sənət nümunələri vasitəsilə məktəblilərdə sözə, söz sənətinə həssas, bədii-emosional münasibət formalaşdırılır, təhlil, dəyərləndirmə, fikirlərini şifahi və yazılı çatdırmaq bacarığı inkişaf etdirilir.

Ədəbiyyat nəzəriyyəsi üzrə zəruri biliklərə və mütaliə mədəniyyətinə yiyələnən şagirdlərdə konfliktlərə, problemlərə, ədəbi nailiyyətlərə əsaslandırılmış münasibətin formalaşması təmin edilir. 

 

Tam orta təhsil səviyyəsində:

Şagirdlərin ümumi orta təhsil səviyyəsində qazandıqları  bacarıq və vərdişləri təkmilləşdirilməklə, tarixi-xronoloji ardıcıllıqla  Azərbaycan  ədəbiyyatının çoxəsrlik inkişaf yolu, ədəbi ənənə və əlaqələri, Azərbaycan  və dünya  ədəbiyyatının görkəmli  ədəbi simalarının yaradıcılığından nümunələr öyrədilir, ədəbiyyat nəzəriyyəsinə dair məlumatlar genişləndirilir, şagirdlərin  ədəbi-bədii, tənqidi təfəkkürünün formalaşması təmin olunur.

 Ümumtəhsil məktəblərində ədəbiyyatın təlim fənni kimi məzmununun əsasını Azərbaycan ədəbiyyatının kamil nümunələrinin, eləcə də dünya ədəbiyyatından seçmələrin oxusu və öyrənilməsi təşkil edir. Ədəbi əsərlərin qavranılması, təhlili  tarixi və ədəbi-nəzəri biliklərə, bacarıqlara əsaslanmaqla həyata keçirilir. 

 

 

Ədəbiyyat təliminin məzmunu

 

1.1. Ümumi təlim nəticələri

 

"Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nda ədəbiyyat fənni üzrə ümumi orta və tam orta təhsil səviyyələri üçün aşağıdakı ümumi təlim nəticələri müəyyən edilmişdir:  

 

Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:

- ədəbi-bədii  nümunələri onların məzmunundan irəli gələn məna çalarlarına uyğun ifadəli oxuyur, mətni bədii-emosional cəhətdən qüvvətləndirən sözlərin mahiyyətini izah edir;

- yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya və orfoepiya qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir, fikirlərini ardıcıl və məntiqi ifadə edir, ümumiləşdirmələr  aparır;

- ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam, yeri gəldikcə bədii təsvir vasitələrindən istifadə etməklə şərh edir;

- müxtəlif janrlarda yazılmış mətnlər üzərində sərbəst işləyir, onlarda ifadə olunmuş əsas ideyanı şərh edir, mətni məzmununa uyğun hissələrə ayırır və müvafiq plan tərtib edir;

- şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələrlə izah edir, öz fikirlərini müqayisələr aparmaqla əsaslandırır;

- ədəbi əsərləri məzmun və ideya istiqamətinə, sənətkarlıq cəhətlərinə, obrazların səciyyəsinə görə təhlil edir, öz şəxsi münasibətini, mülahizələrini bildirir;

- ədəbi əsərlərin müzakirəsi zamanı tolerantlıq, obyektivlik, ədalətlilik, əsaslandırma və  ümumi rəyə gələ bilmək bacarıqlarını nümayiş etdirir.

 

Tam  orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:

- oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;

- ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar təqdim edir;

- mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi baxımından ədəbi nümunələr üzərində araşdırmalar aparır;

- ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə edir, əsaslandırılmış rəy bildirir;

- ədəbi əsərin məzmununa və ideyasına onun yarandığı dövrdə mövcud olan ictimai-siyasi və əxlaqi-etik dəyərlər kontekstində qiymət verir;

- ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə münasibət bildirir;

- mənbələr üzərində işləyir, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə materiallar toplayır, müxtəlif ədəbi mövzularda təqdimatlar hazırlayır.

 

1.2. Məzmun xətlərinin əsaslandırılması və səviyyələr üzrə gözlənilən nəticələr

 

Ədəbiyyat fənninin məqsədinə və gözlənilən nəticələrə uyğun olaraq məzmun xətləri aşağıdakı şəkildə müəyyənləşdirilir:

- ədəbiyyat və həyat həqiqətləri;

- şifahi nitq;

- yazılı nitq.  

 

Ümumi orta təhsil səviyyəsi üzrə əsaslandırma və gözlənilən nəticələr:

1. Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti bədii ədəbiyyatda əksini tapan milli-bəşəri dəyərlərin, mənəvi-estetik problemlərin qavranılması, təhlili, onlara əsaslandırılmış münasibətin formalaşdırılması, mürəkkəb həyat hadisələrinin, ziddiyyətli situasiyaların dərk edilməsinə və qiymətləndirilməsinə zəmin yaradır.

Bədii həqiqətlə həyat həqiqətlərinin müqayisəsi, əlaqələrin açıqlanması söz sənətinin mahiyyətinin başa düşülməsinə, eləcə də insan həyatında, cəmiyyətdə müşahidə edilən mühüm hadisələrin dərk edilib dəyərləndirilməsinə səbəb olur.

Söz sənəti olmaqla ədəbiyyatın incəliklərinin, obrazların, bədii təsvir və ifadə vasitələrinin mənimsənilməsi müxtəlif ədəbi növdə və janrda olan əsərlərin mütaliəsinə maraq oyadır, mətnin ifadəli oxusu ilə bağlı bacarıqları inkişaf etdirir, şifahi və yazılı nitq üçün zəruri olan lüğət ehtiyatını zənginləşdirir.

 

Şagird:

- ədəbi-bədii nümunələri ideya-məzmununa uyğun ifadəli oxuyur;

- müxtəlif janrlarda yazılmış mətnləri uyğun hissələrə ayırır, müvafiq plan tərtib edir;

- şifahi və yazılı ədəbiyyatın oxşar və fərqli cəhətlərini, xarakterik xüsusiyyətlərini konkret nümunələr əsasında izah edir;

- ədəbi əsərləri məzmun və ideya istiqamətinə, obrazların səciyyəsinə, sənətkarlıq xüsusiyyətlərinə görə təhlil edir.

2. Şifahi nitq  məzmun xətti ədəbi nümunələrlə bağlı fikirlərin  obrazlı sözlərdən, bədii təsvir və ifadə vasitələrindən istifadə etməklə aydın, ardıcıl, məqsədyönlü və yığcam ifadə edilməsinə imkan yaradır.

 

Şagird:

- nitqində düzgün tələffüz qaydalarına əməl edir, söz ehtiyatından səmərəli istifadə edir;

- ədəbi nümunələrlə bağlı fikirlərini aydın, ardıcıl, məqsədyönlü, yığcam,  bədii təsvir və ifadə  vasitələrindən istifadə etməklə şərh edir;

- ədəbi əsərlərin kollektiv müzakirəsi zamanı fikirlərə tolerant, obyektiv və ədalətli münasibət bildirir, ümumi rəyə gəlməyi bacarır.

3. Yazılı nitq məzmun xətti mövzu, problemlə bağlı müxtəlif mənbələrdən informasiyaların, fakt və dəlillərin seçilməsini, ümumiləşdirilməsini, fikrin aydın, dəqiq çatdırılmasında onlardan istifadə olunmasını təmin edir. Müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, esse, hekayə) yazılara dair bacarıqların formalaşmasına imkan yaradır.

 

Şagird:

- yazılı nitqində məzmuna uyğun üslub müəyyənləşdirir, orfoqrafiya qaydalarına əməl edir;

- topladığı materialları ümumiləşdirir, fikirlərini ardıcıl və məntiqi ifadə etməklə müxtəlif formalı (inşa, esse, hekayə) yazılar yazır.

 

Tam orta təhsil səviyyəsi üzrə əsaslandırma və gözlənilən nəticələr:

1. Ədəbiyyat və həyat həqiqətləri məzmun xətti ədəbiyyat nümunələrinin öyrənilməsi, müxtəlif informasiya mənbələrindən seçilmiş materialların mövzu, ideya, dil və üslub xüsusiyyətləri baxımından dəyərləndirilməsinə imkan yaradır, informasiyaların faktlara əsaslanmaqla tənqidi araşdırılmasını təmin edir, müxtəlif ədəbi növlərdə və janrlarda olan ədəbi əsərlərdəki problem və konfliktlərin, ictimai-siyasi həyatdakı mühüm hadisələrin ümumbəşəri və  milli mənəvi dəyərlər baxımından qiymətləndirilməsi üçün əsas olur.

 

Şagird:

- oxuduğu ədəbi nümunələri bədii-emosional və obrazlı qavradığını nümayiş etdirir;

- ədəbi nümunələrin mövzu, süjet, kompozisiya, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir və təqdim edir;

-  ədəbi nümunələri mövzu, janr, problem baxımından müqayisə edir;

- ədəbi əsərin məzmununa və ideyasına yarandığı dövrün ictimai-siyasi və əxlaqi-etik dəyərləri kontekstində qiymət verir.

2. Şifahi nitq məzmun xətti ədəbi əsərlərin məzmun və ideyası ilə bağlı fakt və hadisələrə əsaslandırılmış münasibət bildirilməsini, bədii-obrazlı ifadələrdən  istifadə olunmasını təmin edir, müxtəlif mənbələrdən toplanmış materiallara əsaslanmaqla müzakirələrdə ədəbi nailiyyətlərə müstəqil münasibət bildirilməsinə imkan yaradır.

 

Şagird:

- nitqində emosional-obrazlı  ifadələrdən istifadə edir;

- ədəbi əsərlərin məzmun  və ideyası ilə bağlı  fikirlərini  əsaslandırmaqla şərh edir;

- ədəbi mövzulara aid tədbirlərin təşkilində iştirak edir, ədəbi nailiyyətlərə  münasibət bildirir.

3. Yazılı nitq məzmun xətti müxtəlif üslublarda yazıların yazılmasını, görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə təqdimatların hazırlanmasını təmin edir.

 

Şagird:

 - ayrı-ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazır;

 - mənbələr üzərində işləyir, topladığı materiallar əsasında görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə müxtəlif mövzularda təqdimatlar hazırlayır. 

 

1.3. Fəaliyyət xətləri

 

Ədəbiyyat üzrə məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət istiqamətləri əsas götürülmüşdür:

- problemin həlli;

- mühakimə yürütmə və əsaslandırma;

- ünsiyyət;

- tədqiqetmə;

- tətbiqetmə;

- təqdimetmə.

 

 

Siniflər üzrə məzmun standartları

 

V SİNİF

 

V sinfin sonunda şagird:

-  ədəbi nümunələri nitq texnikasına uyğun oxuyur, hissələrə ayırır, plan tərtib edir; 

- şifahi və yazılı ədəbiyyat nümunələrini, bədii təsvir vasitələrini fərqləndirir, müqayisə edir;

- öyrəndiyi yeni söz və bədii təsvir vasitələrindən istifadə etməklə ədəbi nümunələrlə bağlı fikirlərini bildirir;

-  müzakirələrdə söylənilən fikirlərə öz münasibətini bildirir;

- topladığı materiallar əsasında plan tutur və ədəbi nümunələrin məzmununu yazır.

 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Ədəbiyyat və həyat həqiqətləri

 

Şagird:

1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Müxtəlif vəznli şeirlərdə və sadə süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə) tanış olmayan sözlərin mənalarını lüğətdən istifadə etməklə izah edir.

1.1.2. Müxtəlif vəznli şeirləri, sadə süjetli ədəbi nümunələri (nağıl, təmsil, hekayə) nitq texnikasına uyğun oxuyur.

1.1.3. Sadə süjetli ədəbi nümunələri (nağıl, təmsil, hekayə) hissələrə ayırır, plan tərtib edir.

1.1.4. Şifahi və yazılı ədəbiyyat nümunələrini fərqləndirir.

1.1.5. Müxtəlif vəznli şeirlərdə, sadə süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə) bədii təsvir vasitələrini (epitet, təşbeh) müəyyənləşdirir.

1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Şifahi və yazılı ədəbiyyat nümunələrini müqayisə edir.

1.2.2. Ədəbi nümunələrdəki surətləri xarakterik xüsusiyyətlərinə görə müqayisə edir.

1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrinə bədii təsvir vasitələri (epitet, təşbeh) baxımından münasibət bildirir.

1.2.4. Ədəbi nümunələrin (nağıl, təmsil, hekayə) mövzu və ideyasını izah edir.

 

2. Şifahi nitq

 

 Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Müxtəlif vəznli şeirlərdən, sadə süjetli ədəbi nümunələrdən (nağıl, təmsil, hekayə) öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.

2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii təsvir vasitələrindən (epitet, təşbeh) istifadə etməklə şərh edir.

2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini bildirir.

2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.

2.2.1. Müzakirələrdə söylənilən fikirlərə öz münasibətini bildirir

 

3. Yazılı nitq

 

 Şagird:

3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.

3.1.1. Ədəbi nümunələrin məzmununu yazır.

3.1.2. Mövzuya uyğun topladığı materialları sistemləşdirir, plan tutur.

3.1.3. 0,5-1 səhifə həcmində nəqli xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.

 

 

VI SİNİF

 

VI sinfin sonunda şagird:

-  ədəbi nümunələri məzmununa müvafiq intonasiya ilə oxuyur, hissələrə ayırır, plan tərtib edir; 

- ədəbi nümunələrin növünü, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir, onlara növlərin xüsusiyyətləri baxımından münasibət bildirir;

- öyrəndiyi yeni söz, təsvir və ifadə vasitələrindən istifadə etməklə ədəbi nümunələrlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir;

-  müzakirələrdə ümumi rəyə gəlmək bacarığı nümayiş etdirir;

- ədəbi nümunələrlə bağlı fikirlərini sitatlarla, topladığı materiallarla əsaslandırır. 

 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Ədəbiyyat və həyat həqiqətləri

 

Şagird:

1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Müxtəlif vəznli şeirlərdə və süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) tanış olmayan sözlərin mənalarını lüğətdən, sorğu kitablarından istifadə etməklə izah edir.

 1.1.2. Müxtəlif vəznli şeirləri, süjetli ədəbi nümunələri (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) məzmununa müvafiq intonasiya ilə oxuyur.

1.1.3. Süjetli ədəbi nümunələri (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) hissələrə ayırır, plan tərtib edir.

1.1.4. Ədəbi nümunələrin  (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) hansı ədəbi növə aid olduğunu müəyyənləşdirir.

1.1.5. Müxtəlif vəznli şeirlərdə, süjetli ədəbi nümunələrdə (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, mübaliğə, bədii sual) müəyyənləşdirir.

1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Ədəbi nümunələrə (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) ədəbi növlərin xüsusiyyətləri baxımından münasibət bildirir.

1.2.2. Ədəbi nümunələrdəki əsas və köməkçi surətləri müqayisə etməklə fikirlərini əsaslandırır.

1.2.3. Ədəbi nümunələrə (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) bədii təsvir və ifadə vasitələri (epitet, təşbeh, mübaliğə, bədii sual) baxımından münasibət bildirir.

1.2.4. Ədəbi nümunələrin (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) mövzu və ideyasını şərh edir.

 

2. Şifahi nitq

 

Şagird:

 2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Müxtəlif vəznli şeirlərdən, süjetli ədəbi nümunələrdən (nağıl, təmsil, hekayə, əfsanə, rəvayət, dastan) öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.

2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii təsvir və ifadə vasitələrindən (epitet, təşbeh, mübaliğə, bədii sual) istifadə etməklə şərh edir.

2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini aydın və ardıcıl şərh edir.

2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.

2.2.1. Müzakirələrdə ümumi rəyə gəlmək bacarığı nümayiş etdirir.

 

3. Yazılı nitq

 

Şagird:

3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.

3.1.1. Mətni əsərdən götürülmüş sitatlarla genişləndirir.

3.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini topladığı materiallarla əsaslandırır.

3.1.3. 1-1,5 səhifə həcmində nəqli və təsviri xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.

 

 

VII SİNİF

 

VII sinfin sonunda şagird:

- ədəbi nümunələri obrazların, hadisələrin xarakterinə uyğun oxuyur, hissələrə ayırır, plan tərtib edir;  

- ədəbi nümunələrin janrını, bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir, əsaslandırılmış münasibət bildirir;

- öyrəndiyi yeni söz, təsvir və ifadə vasitələrindən istifadə etməklə ədəbi nümunələrlə bağlı fikirlərini məntiqi ardıcıllıqla, geniş şərh edir;

-  müzakirələrdə özünütənqid bacarığı nümayiş etdirir;

- mətnə əlavələr etməklə onu zənginləşdirir.

 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar  

 

1. Ədəbiyyat və həyat həqiqətləri

 

Şagird:

1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Müxtəlif vəznli şeirlərdə və süjetli ədəbi nümunələrdə (hekayə, mənzum hekayə, dastan)  tanış olmayan sözlərin mənalarını lüğətdən, sorğu kitablarından, elektron lüğətlərdən istifadə etməklə izah edir.

1.1.2. Müxtəlif vəznli şeirləri, süjetli ədəbi nümunələri (hekayə, mənzum hekayə, dastan)  obrazların, hadisələrin xarakterinə  uyğun oxuyur.

1.1.3. Süjetli ədəbi nümunələri (hekayə, mənzum hekayə, dastan) hissələrə ayırır, plan tərtib edir.

1.1.4. Ədəbi nümunələrin  (hekayə, mənzum hekayə, dastan) janrını müəyyənləşdirir.

1.1.5. Müxtəlif vəznli şeirlərdə və süjetli ədəbi nümunələrdə (hekayə, mənzum hekayə, dastan)  bədii təsvir və ifadə vasitələrini (epitet, təşbeh, bədii sual, təkrir, mübaliğə, litota) müəyyənləşdirir.

1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Ədəbi nümunələrə (hekayə, mənzum hekayə, dastan) janr xüsusiyyətləri baxımından münasibət bildirir.

1.2.2. Ədəbi nümunələrdəki obrazların xarakterik cəhətlərinə əsaslandırılmış münasibət bildirir.

1.2.3. Ədəbi nümunələrə (hekayə, mənzum hekayə, dastan) bədii təsvir və ifadə vasitələri (epitet, təşbeh, bədii sual, təkrir, mübaliğə, litota) baxımından münasibət bildirir.

1.2.4. Ədəbi nümunələrin (hekayə, mənzum hekayə, dastan)  mövzu və ideyasını şərh edir.

 

2. Şifahi nitq

 

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Müxtəlif vəznli şeirlərdən, süjetli ədəbi nümunələrdən (hekayə, mənzum hekayə, dastan)  öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.

2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii təsvir və ifadə vasitələrindən (epitet, təşbeh, bədii sual, təkrir, mübaliğə, litota) istifadə etməklə şərh edir.

2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini geniş şərh edir.

2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.

2.2.1. Müzakirələrdə özünütənqid bacarığı nümayiş etdirir.

 

3. Yazılı nitq

 

Şagird:

3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.

3.1.1. Mətnə öz fikirlərini əlavə etməklə onu zənginləşdirir.

3.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini məntiqi ardıcıllıqla ifadə edir.

3.1.3. 1,5-2 səhifə həcmində nəqli, təsviri, mühakimə xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.

 

 

VIII SİNİF

 

VIII sinfin sonunda şagird:

- ədəbi nümunələri intonasiya və vurğunun tələblərinə uyğun oxuyur, hissələrə ayırır, plan tərtib edir; 

- ədəbi təsvir və ifadə vasitələrini müəyyənləşdirir, ədəbi nümunələri süjet baxımından təhlil edir;

- öyrəndiyi yeni söz, təsvir və ifadə vasitələrindən istifadə etməklə ədəbi nümunələrlə bağlı fikirlərini yığcam şərh edir;

- müzakirələrdə ədalətlilik və obyektivlik nümayiş etdirir;

- ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslub və formalarda ifadə edir.

 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Ədəbiyyat və həyat həqiqətləri

 

Şagird:

1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Müxtəlif vəznli  şeirlərdə və süjetli ədəbi nümunələrdə (novella, poema, hekayə, mənzum hekayə) tanış olmayan sözlərin mənalarını lüğətdən, elektron lüğətlərdən, ensiklopediyalardan istifadə etməklə izah edir.

1.1.2. Müxtəlif vəznli  şeirləri, süjetli ədəbi nümunələri (novella, poema, hekayə, mənzum hekayə) intonasiya və vurğunun tələblərinə uyğun oxuyur.

1.1.3. Süjetli ədəbi nümunələri (novella, poema, hekayə, mənzum hekayə) hissələrə ayırır, plan tərtib edir.

1.1.4. Ədəbi nümunələrin  (novella, poema, hekayə, mənzum hekayə)  süjetini müəyyənləşdirir.

1.1.5. Müxtəlif vəznli  şeirlərdə və süjetli ədəbi nümunələrdə (novella, poema, hekayə, mənzum hekayə) bədii təsvir və ifadə vasitələrini (metafora, bədii təzad, kinayə, litota) müəyyənləşdirir.

1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Ədəbi nümunələri (novella, poema, hekayə, mənzum hekayə) süjet baxımından təhlil edir.

1.2.2. Ədəbi nümunələrdəki obrazları dil xüsusiyyətlərinə görə səciyyələndirir.

1.2.3. Ədəbi nümunələrin (novella, poema, hekayə, mənzum hekayə) sənətkarlıq xüsusiyyətlərini  oradakı bədii təsvir və ifadə vasitələrinə (metafora, bədii təzad, kinayə, litota) istinad etməklə təhlil edir.

1.2.4. Ədəbi nümunələrin (novella, poema, hekayə, mənzum hekayə) mövzu və ideyası ilə bağlı fikirlərini əsaslandırır.

 

2. Şifahi nitq

 

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Müxtəlif vəznli  şeirlərdən və süjetli ədəbi nümunələrdən (novella, poema, hekayə, mənzum hekayə) öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.

2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii təsvir və ifadə vasitələrindən (metafora, bədii təzad, kinayə, litota) istifadə etməklə şərh edir.

2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini yığcam şərh edir.

2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.

2.2.1. Müzakirələrdə  ədalətlilik və obyektivlik nümayiş etdirir. 

 

3. Yazılı nitq

 

Şagird:

3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.

3.1.1. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif üslublarda yazır.

3.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini müxtəlif formalı yazılarda ifadə edir.

3.1.3. 2-2,5 səhifə həcmində təsviri, mühakimə xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.

 

 

IX SİNİF

 

IX sinfin sonunda şagird:

- ədəbi nümunələri ifadəli oxuyur, hissələrə ayırır, plan tərtib edir;  

- bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir, ədəbi nümunələri süjet, kompozisiya baxımından təhlil edir;

- öyrəndiyi yeni söz, təsvir və ifadə vasitələrindən istifadə etməklə ədəbi nümunələrlə bağlı fikirlərini məqsədyönlü şərh edir;

- müzakirələrdə tolerantlıq nümayiş etdirir;

- yazacağı mətnin məzmununa uyğun üslub müəyyənləşdirir və müvafiq yazı forması seçir.

 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Ədəbiyyat və həyat həqiqətləri

 

Şagird:

1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Müxtəlif vəznli  şeirlərdə və süjetli ədəbi nümunələrdə (novella, poema, hekayə, mənzum hekayə, povest, dram, mənzum dram) tanış olmayan sözlərin mənalarını lüğətdən, elektron lüğətlərdən, İnternet məlumatlarından istifadə etməklə izah edir.

1.1.2. Müxtəlif vəznli şeirləri, süjetli ədəbi nümunələri (novella, poema, hekayə, mənzum hekayə, povest, dram, mənzum dram) ifadəli oxuyur.

1.1.3. Süjetli ədəbi nümunələri (novella, poema, hekayə, mənzum hekayə, povest, dram, mənzum dram) hissələrə ayırır, plan tərtib edir.

1.1.4. Ədəbi nümunələrin  (novella, poema, hekayə, mənzum hekayə, povest, dram, mənzum dram) süjetini, kompozisiyasını müəyyənləşdirir.

1.1.5. Müxtəlif vəznli  şeirlərdə, süjetli ədəbi nümunələrdə (novella, poema, hekayə, mənzum hekayə, povest, dram, mənzum dram) bədii təsvir və ifadə vasitələrini (metonimiya, simvol, inversiya) müəyyənləşdirir.

1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Ədəbi nümunələri (novella, poema, hekayə, mənzum hekayə, povest, dram, mənzum dram) süjet və kompozisiyanın elementləri baxımından təhlil edir.

1.2.2. Ədəbi nümunələrdəki obrazları onların mühakimələrinə əsasən səciyyələndirir.

1.2.3. Ədəbi nümunələri (novella, poema, hekayə, mənzum hekayə, povest, dram, mənzum dram) oradakı bədii təsvir və ifadə vasitələrinə (metonimiya, simvol, inversiya) istinad etməklə təhlil edir.

1.2.4. Ədəbi nümunələrin (novella, poema, hekayə, mənzum hekayə, povest, dram, mənzum dram) mövzusunu, ideyasını, konfliktini şərh edir.

 

2. Şifahi nitq

 

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Müxtəlif vəznli  şeirlərdən, süjetli ədəbi nümunələrdən (novella, poema, hekayə, mənzum hekayə, povest, dram, mənzum dram) öyrəndiyi yeni sözlərdən nitqində istifadə edir.

2.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini bədii təsvir və ifadə vasitələrindən (metonimiya, simvol, inversiya) istifadə etməklə şərh edir.

2.1.3. Ədəbi nümunələrlə bağlı fikirlərini məqsədyönlü şərh edir.

2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.

2.2.1. Müzakirələrdə tolerantlıq nümayiş etdirir.

 

3. Yazılı nitq

 

Şagird:

3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.

3.1.1. Yazacağı mətnin məzmununa uyğun üslub müəyyənləşdirir.

3.1.2. Ədəbi nümunələrlə bağlı fikirlərini ifadə etmək üçün müvafiq yazı forması seçir.

3.1.3. 2,5-3 səhifə həcmində təsviri, mühakimə xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.

 

 

X SİNİF

 

X sinfin sonunda şagird:

- ədəbi nümunələrin oxusunda emosionallıq nümayiş etdirir; 

- obrazların xüsusiyyətlərini müəyyənləşdirir, ədəbi nümunələri əxlaqi-etik baxımdan dəyərləndirir;

- obrazların nitqinə istinad edərək əsərdəki hadisələrə münasibət bildirir;

-  mövzu ilə bağlı topladığı materiallar əsasında müzakirələrdə çıxışlar edir;

- ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə rəy, məruzə hazırlayır.

 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Ədəbiyyat və həyat həqiqətləri

 

Şagird:

1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1. Ədəbi nümunələrdə (dastan, poema, komediya, dram, povest, faciə) tanış olmayan sözlərin mənalarını mənşəyinə və işlənmə məqamına görə izah edir.

1.1.2. Ədəbi nümunələrin oxusunda emosionallıq nümayiş etdirir.

1.1.3. Ədəbi nümunələri (dastan, poema, komediya, dram, povest, faciə) hissələrə ayırır və plan tərtib edir.

1.1.4. Ədəbi nümunələrdə (dastan, poema, komediya, dram, povest, faciə) əxlaqi-etik dəyərləri müəyyənləşdirir və təqdim edir.

1.1.5. Ədəbi nümunələrdə (dastan, poema, komediya, dram, povest, faciə) obrazların xüsusiyyətlərini (tip, xarakter, tipiklik, fərdiləşdirmə, ümumiləşdirmə) müəyyənləşdirir və təqdim edir.

1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Ədəbi nümunələri (dastan, poema, komediya, dram, povest, faciə) əxlaqi-etik cəhətdən dəyərləndirir.

1.2.2. Ədəbi nümunələrdəki obrazları əxlaqi-etik cəhətdən qiymətləndirir.

1.2.3. Ədəbi nümunələri (dastan, poema, komediya, dram, povest, faciə) obrazların xüsusiyyətləri baxımından qiymətləndirir.

1.2.4. Ədəbi nümunələrin (dastan, poema, komediya, dram, povest, faciə) mövzusunu, ideyasını, konfliktini, problemini  şərh edir.

 

2. Şifahi nitq

 

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Nitqində obrazlı ifadələrdən istifadə edir.

2.1.2. Obrazların nitqinə istinad edərək əsərin ideyası ilə bağlı fikirlərini əsaslandırır.

2.1.3. Ədəbi əsərdəki hadisələrə münasibət bildirir.

2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.

2.2.1. Müzakirələrdə mövzu ilə bağlı topladığı materiallar əsasında çıxış edir.

 

3. Yazılı nitq

 

Şagird:

3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.

3.1.1. Ədəbi nümunələri əxlaqi-etik dəyərlər və obrazların xüsusiyyətləri baxımından təhlil edir.

3.1.2. Görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahəsindəki nailiyyətlər barədə rəy, məruzə hazırlayır.

3.1.3. 3-4 səhifə həcmində təsviri, mühakimə xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.  

 

 

XI SİNİF

 

XI sinfin sonunda şagird:

- ədəbi nümunələrin oxusunda emosionallıq və obrazlılıq nümayiş etdirir;

- ədəbi nümunələri yarandığı dövrün ictimai-siyasi xüsusiyyətləri, dil və üslubu baxımından qiymətləndirir;

-  ədəbi əsərlərdəki fakt və hadisələrə əsaslandırılmış münasibət bildirir;

- müzakirələrdə ədəbi nailiyyətlərə münasibət bildirir;

- yaradıcı yazılar yazır, müxtəlif ədəbi mövzularda referat və təqdimatlar hazırlayır.

 

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Ədəbiyyat və həyat həqiqətləri

 

Şagird:

1.1. Ədəbi əsərlərin məzmununu mənimsədiyini nümayiş etdirir.

1.1.1.  Ədəbi nümunələrdə (poema, mənzum dram, povest, roman)   tanış olmayan sözlərin mənalarını müvafiq qarşılığına əsasən izah edir.

1.1.2. Ədəbi nümunələrin oxusunda emosionallıq və obrazlılıq nümayiş etdirir.

1.1.3. Ədəbi nümunələri (poema, mənzum dram, povest, roman) hissələrə ayırır və plan tərtib edir.

1.1.4. Ədəbi nümunələrdə (poema, mənzum dram, povest, roman)  müasirliyi, yarandığı dövrün ictimai-siyasi xüsusiyyətlərini müəyyənləşdirir.

1.1.5. Ədəbi nümunələrin (poema, mənzum dram, povest, roman) dil və üslub  xüsusiyyətlərini (fərdi üslub, müəllifin dili, surətin dili) müəyyənləşdirir və təqdim edir.

1.2. Ədəbi əsərlərin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Ədəbi nümunələri (poema, mənzum dram, povest, roman) yarandığı dövrün ictimai-siyasi xüsusiyyətləri baxımından qiymətləndirir.

1.2.2. Ədəbi nümunələrdəki obrazları dövrün ictimai-siyasi xüsusiyyətləri baxımından qiymətləndirir.

1.2.3. Ədəbi nümunələri (poema, mənzum dram, povest, roman)  dil və üslub xüsusiyyətləri baxımından qiymətləndirir.

1.2.4. Ədəbi nümunələrin (poema, mənzum dram, povest, roman) mövzusunu, ideyasını, konfliktini, problemini  şərh edir.

 

2. Şifahi nitq

 

Şagird:

2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.

2.1.1. Nitqində bədii-emosional və obrazlı ifadələrdən istifadə edir.

2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək  ədəbi əsərlərin ideyasını əsaslandırır.

2.1.3. Ədəbi əsərdəki fakt və hadisələrə əsaslandırılmış münasibət bildirir.

2.2. Ədəbi əsərlərin müzakirəsində ünsiyyət mədəniyyəti nümayiş etdirir.

2.2.1. Müzakirələrdə ədəbi nailiyyətlərə münasibət bildirir.

 

3. Yazılı nitq

 

Şagird:

3.1. Yazılı nitq bacarıqları nümayiş etdirir.

3.1.1. Ayrı-ayrı mövzularda yaradıcı yazılar yazır.

3.1.2. Müxtəlif ədəbi mövzularda referatlar, təqdimatlar hazırlayır.

3.1.3. 4-5  səhifə həcmində təsviri, mühakimə xarakterli mətnlər (inşa, esse, hekayə) yazır.

 

 

(Ardı var)

 

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.20-21.