"Sağlam
həyat tərzi-sağlam gələcəyə zəmanətdir"
Azərbaycan Dillər Universitetinin Heydər Əliyev adına muzey-lektoriyasında "Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir" adlı tədbir keçirildi. Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Mülki müdafiə kafedrasının müdiri Sevda Zamanova, respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova, "Sağlam Ailə" Tibb Mərkəzinin ictimai əlaqələr üzrə meneceri Nigar Rüstəmli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, Regional Psixologiya Mərkəzi Təlim və Təhsil Departamentinin rəhbəri Murad İsayev, Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini Təvəkkül Həsənov, eləcə də kafedranın müəllimləri və tələbələr iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Ə.Əliyev bildirdi ki, bu kimi tədbirlər ADU rəhbərliyi tərəfindən dəstəklənir və tələbələrin sağlam həyat anlayışının doğru yöndə formalaşmasına zəmin yaradır.
Tədbirdə D.Mahmudova, G.Məmmədova, N.Rüstəmli, T.Həsənov və M.İsayev çıxış edərək tüğyan edən müxtəlif mənşəli infeksion xəstəliklər barədə söhbət açdılar, narkomaniyanın bəşəri bəlaya çevrildiyini və bu bəlanın geniş yayılmasında gənclərin psixoloji, ailə vəziyyətinin, həyat şəraitinin, sosial durumunun da əhəmiyyətli rol oynadığını vurğuladılar.
Tədbir qarşılıqlı sual-cavabla
sona yetdi.
ADU-nun Mətbuat xidməti
Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.23.