Bağçada "Təbiəti qoruyaq" mövzusunda "açıq məşğələ"

  

Dekabrın 21-də Bakıdakı 335 nömrəli körpələr evi-uşaq bağçasında "Ekologiya ili" həsr olunmuş "açıq məşğələ" keçirildi.  Tərbiyəçilər Fənurə Hacıyeva, Dilbər Rüstəmova, Nigar Bayramova, Şəhla Vəliyeva, Nailə Hacıyeva, Rəhimə  Kazımova musiqi  rəhbəri Aygün Quliyevanın orta, böyük məktəbəhazırlıq yaş qruplarının 30-dək uşağı ilə apardıqları "Təbiəti qoruyaq" mövzusunda inteqrativ məşğələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən nümayəndələr, paytaxtın Xətai rayonunda yerləşən bəzi bağçaların rəhbərləri, digər qonaqlar iştirak edirdilər.

Ədəbi-musiqili bayram tədbiri şəklində təqdim olunan məşğələni 335 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Sevda Almuradova açaraq qonaqları salamladı, məşğələnin mövzusu, aparılmış hazırlıq işləri barədə məlumat verdi. Bildirdi ki, möhtərəm Prezidentimizin xüsusi sərəncamı ilə ölkəmizdə elan olunmuş "Ekologiya ili" çərçivəsində bağçada ekologiya mövzusunda silsilə tədbirlər, "açıq məşğələ"lər keçirilib. Hazırda iştirak etdikləri "Təbiəti qoruyaq" mövzusunda inteqrativ "açıq məşğələ" həmin tədbirlərin bir növ yekunudur.

Məşğələyə hazırlıq prosesində tərbiyəçilər və uşaqların iştirakı ilə ölkəmizin ekologiyasına, təbiətinə, qoruqlarına, "Qırmızı kitab"a, təbiəti çirkləndirən amillərə dair məlumatlar toplanıb, stendlər hazırlanıb. Həmin məlumatların, stend və guşələrin əks olunduğu slaydlar tədbir iştirakçılarına nümayiş etdirildi.

Sonra uşaqlar "Payız gəldi" mahnısının melodiyaları altında zala daxil olaraq dairəvi düzülmüş stullarda öz yerlərini tutdular. Onlar xorla Dövlət himnimizi ifa etdikdən sonra məşğələ başlandı. Uşaqlar növbə ilə bir-bir qrup şəklində irəli çıxaraq ekologiyanın olması, ölkəmizdə üçün ekologiya ili elan olunması, ekologiyamıza mənfi təsir edən, təbiəti çirkləndirən amillər, ekologiyanı qorumaqla bağlı onların üzərinə düşən vəzifələr s. haqqında məlumat verdilər. Balaca fidanlar ekologiya mövzusunda, vətənə, təbiətə həsr olunmuş çoxlu şeir, mahnı ifa etdilər, səhnəciklər göstərdilər. Tədbir böyük yaş qrupu uşaqlarının ifasında valsla başa çatdı.

"Açıq məşğələ"nin dinləyicilərindən 257 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Nailə Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Südabə Abdullayeva, Tamilla Useynova, şair Rəşid Təhməzoğlu və b. çıxış edərək inteqrativ "açıq məşğələ"nin yüksək səviyyədə keçdiyini, ekoloji tərbiyə ilə bağlı bağçada uşaqlarla geniş iş aparıldığını, nəticədə onlarda bu sahədə kifayət qədər aydın təsəvvürlər formalaşdığını qeyd etdilər, bağçanın rəhbərliyinə, tədbirin təşkilində əməyi olanlara minnətdarlıqlarını bildirdilər, bəzi tövsiyələr verdilər.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.23.