Təhsil Nazirliyində görüş

 

Dekabrın 25-də Təhsil Nazirliyində  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyətinin üzvləri və bu təşkilatda fəallıq göstərən bir qrup təhsil işçiləri ilə görüş keçirildi 

Tədbiri giriş sözü ilə  açan təhsil naziri Misir Mərdanov iştirakçıları salamlayaraq  Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının fəaliyyəti barədə  məlumat verdi. Bildirdi ki, bu təşkilatın əsas məqsədi valideyn və müəllimlərin sıx əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsinin faydalılığını artırmaq, valideynlə  məktəb arasında səmərəli ünsiyyət yaratmaqdır.

Təhsil naziri Misir Mərdanov dedi  ki, son 20 il  ərzində Azərbaycanda təhsilin inkişafına dəstək olan təşkilatlar içərisində VMA  xüsusi yer tutur. Ona görə də  təhsil ocaqlarında fəaliyyət göstərən VMA-nın sayı getdikcə artır və bu   təşkilatların fəaliyyətində ciddi dönüş yaradılır.

Nazir Misir Mərdanov  Bakıdakı 46 nömrəli orta məktəbdə VMA-nın dünyada dəstəklənən bir təşkilat kimi fəaliyyətini qeyd etdi və bu nailiyyətlərin qazanılmasında  Azərbaycan Milli  Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovanın  əməyini  yüksək qiymətləndirdi.

Sonra təhsil naziri Təranə Şərifovanı  50 yaşı  tamam olması münasibətilə təbrik edərək onu "Fəxri diplom"la təltif etdi. Valideyn-Müəllim Assosiasiyasının işinin təşkili və məktəb-valideyn əlaqələrinin qurulması  sahəsində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisinə "Azərbaycan Respublikasının qabaqcıl  təhsil  işçisi"  döş  nişanı    Fəxri  fərman təqdim edildi.

Çıxışının sonunda təhsil naziri  Misir Mərdanov VMA-nın işinə  uğurlar arzuladı.

Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova  Azərbaycanda təhsil islahatının həyata keçirilməsində VMA-nın  fəaliyyətindən danışdı. O, Azərbaycanda təhsilin  inkişafı ilə əlaqədar VMA tərəfindən hazırlanan təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Təhsil ocaqlarında valideynlər arasında maarifləndirmə  işinin aparılmasından danışan Təranə Şərifova orta məktəblər üzrə mərkəzləşdirillmiş qaydada keçirilən buraxılış imtahanlarında valideynlərin  yaxından iştirakını  qeyd etdi. Bildirdi ki, bu gün məktəblərdə elə məsələlər var ki, onu  nə valideyn məktəbsiz, nə də  məktəb valideynsiz həll edə  bilmir.  Valideynlərin məktəblə  əlaqəsinin zəif olması təlim-tərbiyəyə mənfi  təsir göstərir.

Tədbirdə Bakıdakı 167 nömrəli orta məktəbin valideyni Nazim Quliyev, BPKİYİ-nin Təhsilin təşkili və idarəedilməsi kafedrasının müdiri Nisə  Cəlilzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Nailə Sərdarova, "İki sahil" qəzetinin baş redaktoru Vüqar  Rəhimzadə və məktəblərdə fəaliyyət göstərən VMA rəhbərləri bu və ya digər məsələlərə öz münasibətlərini bildirdilər. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.5.