"Azərbaycan
haqqında nə bilirəm?" müsabiqəsinin qalibləri
mükafatlandırıldılar
Dekabrın
24-də T.İsmayılov adına Uşaq-Gənclər
Yaradıcılıq Sarayının "Uşaq
dünyası" rəsm qalereyasında Azərbaycan
Respublikasında akkreditə olunmuş xarici ölkələrin
diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların
nümayəndəliklərinin əməkdaşlarının
uşaqları arasında "Azərbaycan haqqında nə
bilirəm?" mövzusunda keçirilmiş I respublika
müsabiqəsinin yekununa həsr olunmuş mərasim
keçirildi.
Tədbiri
giriş sözü ilə təhsil nazirinin müavini Elmar
Qasımov açdıqdan sonra "Cücələrim"
ansamblının rəqs qrupu meydana dəvət edildi.
Uşaqların ifa etdiyi rəqs mərasim
iştirakçılarında xoş ovqat yaratdı.
Mərasimdə
çıxış edən təhsil naziri Misir Mərdanov tədbir
iştirakçılarını salamlayaraq bildirdi ki, ilk dəfə təşkil edilən
bu müsabiqə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin təşəbbüsü və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin birgə təşkilatçılığı
ilə keçirilib.
Müsabiqə
ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərinin
əməkdaşlarının uşaqlarında Azərbaycan
tarixi, təhsili, mədəniyyəti, incəsənəti
haqqında daha dolğun təsəvvür yaratmaq, onları
ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb
etmək məqsədi ilə təşkil olunub. Bildirildi ki,
6-18 yaşlı uşaqlar arasında inşa, şeir, rəsm,
rəqs və müxtəlif əl işləri
nominasiyaları üzrə keçirilmiş müsabiqədə
Avropa İttifaqı nümayəndəliyi, Belarus
Respublikası, Çexiya Respublikası, Koreya Respublikası,
Qazaxıstan Respublikası, Pakistan İslam Respublikası,
Rusiya Federasiyasının ölkəmizdəki səfirliklərinin
əməkdaşlarının uşaqları iştirak ediblər.
Müsabiqəyə rəsm nominasiyası üzrə 14,
inşa nominasiyası üzrə 5, şeir nominasiyası
üzrə 1 iş təqdim edilib.
Sonra
təhsil naziri ayrı-ayrı nominasiyalar üzrə
müsabiqə qaliblərinə diplom və hədiyyələr
təqdim etdi. Qalibləri bir daha təbrik edən təhsil
naziri gələcəkdə bu müsabiqəyə qoşulan
uşaqların sayının daha da artacağına ümidini
ifadə etdi.
Sonda
nazir Misir Mərdanov mərasim
iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və qarşıdan gələn Yeni il münasibəti
ilə təbrik etdi.
Tədbirdə
çıxış edən Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova da qalibləri təbrik edərək bildirdi:
"Əziz uşaqlar, illər keçəcək, siz Azərbaycanda
qazandığınız uğuru daim
xatırlayacaqsınız".
Mərasimdə
xarici ölkə səfirliklərinin nümayəndələri,
Təhsil Nazirliyinin əməkdaşları, Xarici İşlər
Nazirliyinin idarə rəisi Əlimirzamin Əsgərov, mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, gənclər
və idman nazirinin müavini İntiqam Babayev və
başqaları iştirak edirdilər. Mərasimin sonunda tədbir
iştirakçıları qaliblərlə birlikdə xatirə
şəkli çəkdirdilər.
ƏDALƏT
Azərbaycan müəllimi.- 2010.-
31 dekabr.- S.4.