VIII Respublika müsabiqəsinə yekun vuruldu

 

Dekabrın 28-də Təhsil Nazirliyində uşaq-gənclər idman şahmat məktəbləri, idmançı məşqçi-müəllimlər arasında keçirilmiş VIII Respublika müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirildi.

Təhsil Nazirliyinin məsul işçilərinin, şöbə və müvafiq struktur bölmə rəhbərlərinin, idman məktəblərinin nümayəndələrinin, müsabiqə qaliblərinin və KİV təmsilçilərinin iştirak etdiyi mərasimi açan təhsil naziri Misir Mərdanov qonaqları salamladı və dəvəti qəbul etdikləri üçün onlara öz təşəkkürünü bildirdi.

Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının dövlət üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olduğunu deyən nazir qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə bu sahəyə xüsusi dövlət qayğısı göstərilmişdir. Hazırda da ölkə başçısı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin fəaliyyətində bədən tərbiyəsi və idmanın inkişafı prioritet sahələrdən biridir.

İdmanın futbol və şahmat növlərinin daha da inkişaf etdirilməsi üçün Prezidentin sərəncamları ilə Dövlət Proqramlarının qəbul edildiyini və bu proqramların yerinə yetirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tədbirlər planlarının hazırlandığını bildirən təhsil naziri həmin istiqamətdə görülən işləri mərasim iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki,  Gəncə şəhərində futbol təmayüllü internat tipli gimnaziya, Bakı şəhərində "Təhsil" Respublika İdman Mərkəzinin Uşaq-Gənclər Futbol Məktəbi yaradılmışdır. AFFA-nın köməyi ilə bir neçə orta məktəbdə süni örtüklü futbol meydançası inşa edilmişdir. 2010-cu ildə idman məktəblərinin maddi-texniki bazalarının möhkəmləndirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada bütün şahmat məktəbləri üçün inventarlar, kompüter avadanlıqları və əyani vəsaitlər alınaraq paylanmışdır. Hazırda həmin məktəblər üçün elektron tədris vəsaitləri hazırlanıb və yaxın vaxtlarda onların istifadəsinə veriləcəkdir.

Təhsil Nazirliyi sistemində 159 idman məktəbinin fəaliyyət göstərdiyini bildirən Misir Mərdanov məlumat verdi ki, bu məktəblərdə 27 idman növü inkişaf etdirilir. 457 bölmədə 8664 qrupda 107106 nəfər uşaq, yeniyetmə və gənc idmanla məşğul olur. Həmin müəssisələrdə 5069 nəfər məşqçi-müəllim işləyir.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman və şahmat məktəblərinin yetirmələri 2010-cu ildə respublika və beynəlxalq yarışlarda bütövlükdə 1886 medal qazanmışlar. Beynəlxalq turnirlərdə, Avropa, dünya birincilikləri və çempionatlarında 178 medal qazanılmışdır. Bu il idman növləri üzrə 1918 nəfər yüksək dərəcəli idmançı  hazırlanıb.

Dövlət tərəfindən göstərilən yüksək qayğı nəticəsində 2010-cu il şahmatçılarımız üçün xüsusilə uğurlu olub. Onlar Avropa, dünya birincilikləri və çempionatlarında böyük ustalıq və qabiliyyət nümayiş etdirərək 15 medal qazanmışlar (10 qızıl, 2 gümüş, 3 bürünc). Bu yarışlarda şahmatçılarımız ilk dəfə olaraq komanda hesabında birinci olmuşlar.

Keçirilən müsabiqə haqqında danışan nazir bu tədbirdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən bütün idman və şahmat məktəblərinin iştirak etdiyini vurğuladı.

Daha sonra təhsil naziri 12 nominasiya üzrə təşkil olunmuş VIII Respublika müsabiqəsinin qaliblərini mərasim iştirakçılarına təqdim etdi və onlara ən xoş arzularını bildirdi. Qaliblərə diplomlar və hədiyyələr verildi.

Tədbirdə qaliblər adından çıxış edən Bakı şəhər 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin direktoru Suliddin Fərzəliyev, gənclər arasında şahmat üzrə dünya çempionu Nərmin Kazımova və "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından söz açdılar və bu diqqətin nəticəsi olaraq gələcəkdə idmançıların uğurlarının daha da artacağına əmin olduqlarını bildirdilər. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qalibləri təbrik edərək onlara yeni-yeni nailiyyətlər qazanmağı arzuladı.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.5.