Yeni il təbrikləri
2010-cu il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə əlamətdar olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük nailiyyətlər qazanılmış, dövlətçiliyimizin möhkəmlənməsinə, tərəqqiyə və hərtərəfli inkişafa yönəlmiş Heydər Əliyev kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Yola salmaqda olduğumuz il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında siyasi, sosial, iqtisadi sahələrdə islahatlar böyük uğurla davam etdirilmiş, ölkəmizin regionda və dünya arenasındakı mövqeyi qorunub saxlanılmışdır.
2010-cu
il, şübhəsiz, ölkəmizin təhsil quruculuğu
salnaməsinə ən uğurlu illərdən biri kimi
düşəcək. Bu il ərzində təhsil sistemimizdə
aparılan islahatlar daha da sürətlənmiş və dərinləşmiş,
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununun icrası istiqamətində Təhsil Nazirliyində
40-a yaxın normativ sənəd hazırlanmış və
Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. "Təhsil
haqqında" Qanun, ilk növbədə, Azərbaycan təhsilinin
keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm
qoymasına və dünya təhsil məkanına inteqrasiya
prosesinin daha da sürətlənməsinə zəmin
yaratmışdır.
Məktəb
infrastrukturunun inkişafı sahəsində tədbirlər
ardıcıl olaraq davam etdirilmiş, ilin əvvəlindən
bəri 18852 yerlik 59 yeni məktəb binası və əlavə
korpus inşa edilmiş, 8 məktəbdə əsaslı təmir,
356 məktəbdə təmir işləri
aparılmışdır, 6980 yerlik 25 yeni məktəb
binasının tikintisinə başlanmışdır. Beləliklə,
son illərdə yeni tikilmiş və əsaslı təmir
olunmuş məktəblərin sayı 2 mini
ötmüşdür. 266 məktəb müasir
avadanlıqlarla, 115 məktəb kimya və fizika
laboratoriyaları ilə təchiz
olunmuşdur.
Ölkə
Prezidentinin tapşırığına əsasən ölkənin
bütün məktəblərinin maddi-texniki bazasının
müasir standartlar səviyyəsinə
çatdırılması ilə əlaqədar proqram
hazırlanmışdır. Proqram çərçivəsində
551 yeni məktəb binasının, 309 məktəb
üçün əlavə korpusun inşası, 859 məktəbdə
əsaslı təmir və bərpa işlərinin
aparılması ölkədə ümumi təhsil müəssisələrinin
maddi-texniki bazası sahəsində problemin tam həllini və
məktəblərin birnövbəli fəaliyyətini təmin
edəcəkdir.
Yeni
ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər
üçün əlavə korpusların inşası,
onların əsaslı təmiri, müasir avadanlıqlarla,
laboratoriyalarla təminatı, istilik sisteminin bərpası nəticəsində
ümumilikdə ölkə üzrə 1 milyondan çox
şagirdin, yəni bütün şagirdlərin 80 faizinin təlim
şəraiti yaxşılaşmışdır. Məktəb
tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində
ikinövbəli məktəblər 73 faizdən 44-ə, ikinci
növbədə təhsil alan şagirdlər 34,5 faizdən
21-ə enmişdir.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə cari ildə
2 yeni məktəb binası inşa edilmişdir.
Gürcüstanda azərbaycanlı
soydaşlarımızın yaşadığı bölgələrdəki
3 məktəb-Tbilisi şəhər 73, Qardabani şəhər
3 və Dmanisi şəhər 2 nömrəli məktəblər
əsaslı təmir və bərpa edilmiş, müasir
avadanlıqlarla təchiz olunmuşdur.
Təhsil
sistemində müasir informasiya texnologiyalarının tətbiqi
istiqamətində görülmüş işlər sayəsində
tədris ocaqları 2031 ədəd kompüter, 602 ədəd
noutbuk, 2077 ədəd netbuk, 603 ədəd proyektor, 30 ədəd
çap qurğusu, 612 ADSL modem, 563 switch, 112 IP telefonla təchiz
edilmişdir. O cümlədən, "Elektron məktəb"
layihəsində iştirak edən 20 ümumtəhsil məktəbinə
300 yeni personal kompüter və 336 netbuk verilmişdir. İKT
üzrə savadlılığın artırılmasına
yönəlmiş kompleks tədbirlərin həyata
keçirilməsi məqsədilə 23 min nəfər
pedaqoji və inzibati heyət treninqlərdən
keçirilmişdir. Təhsil sisteminin
informasiyalaşdırılması üzrə 2008-2012-ci illəri
əhatə edən Dövlət Proqramı çərçivəsində
1000 məktəb genişzolaqlı sürətli İnternetlə
təmin olunmuş, İnternetə qoşulmuş məktəblər
22 faizə yüksəlmişdir. 2009-cu ildən
başlanmış "Xalq kompüteri" layihəsi çərçivəsində
10 min müəllim sadələşdirilmiş şərtlərlə
kompüter əldə etmiş, "Şagird və tələbələr
üçün xalq kompüteri" layihəsinə
başlanmışdır.
Dərsliklərlə
təminat sahəsində görülən işlər cari
ildə də davam etdirilmiş, 2010-2011-ci tədris ili
üçün 127 adda 4,6 milyon nüsxə dərslik və müəllim üçün metodik
vəsait çap
olunmuş və məktəblərə
verilmişdir. O cümlədən, yeni kurikulum tətbiq edilən
III siniflər üçün 40 adda
dərslik və müəllim üçün
metodik vəsait çap edilmişdir. Gürcüstanın təlim
Azərbaycan dilində olan məktəblərinə, MDB-də
və digər xarici ölkələrdəki
"Bazargünü" məktəblərinə dərsliklər, coğrafi
xəritələr və digər tədris vəsaitləri
göndərilmişdir. Hazırda ümumi təhsil sistemində
istifadə edilən 400 adda dərslik, yəni bütün dərsliklər, milli mənəvi dəyərlər baxımından məzmunca yeniləşdirilmişdir.
Son
illərdə həyata keçirilmiş tədbirlər nəticəsində
təhsilin keyfiyyəti nəzərəçarpacaq dərəcədə
yüksəlmiş, orta məktəb məzunlarının ali
məktəblərə qəbul imtahanlarında göstərdikləri
nəticələr ilbəil
yaxşılaşmışdır. 2010-cu ildə ali məktəblərə
qəbul imtahanlarında 600-dən çox bal toplayanların
sayı 2009-cu ilə nisbətən 300 nəfərdən
çox artaraq 1365 nəfərə çatmış, 7 nəfər
məzun 700 bal toplamışdır. 300-dən çox bal
toplayanlar 2009-cu ildəki 20 faizdən 31 faizə, 500-700 bal
toplayanlar 6 faizdən 8,5 faizə, orta bal göstəriciləri
211-dən 231-ə yüksəlmişdir.
İstedadlı
şagirdlərin təhsilinin daha səmərəli təşkili
məqsədilə Gəncə, Mingəçevir,
Sumqayıt, Şirvan şəhərləri və Quba,
Ağdaş, Şəki, Lənkəran rayonlarının
seçilmiş 8 məktəbinin bazasında liseylər
yaradılmış, müsabiqə yolu ilə şagird və
müəllimlər seçilmiş, xüsusi tədris
planı əsasında tədrisə
başlanmışdır. 2010-cu il aprelin 27-dən mayın 3-dək
Bakı şəhərində məktəblilərin kimya
üzrə 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası
keçirilmiş və bu bilik yarışında Azərbaycan
komandası 1 qızıl, 3 bürünc medal
qazanmışdır.
Kadr
təminatı sahəsində Nazirlər Kabinetinin qərarına
əsasən, 2010-2011-ci dərs ilinə ucqar kənd məktəblərindəki
vakant yerlərə stimullaşdırıcı tədbirlər
tətbiq edilməklə 800 nəfər gənc mütəxəssis
göndərilmişdir. Respublikanın ümumtəhsil məktəblərinə
müəllimlərin işə qəbulu sahəsində yeni
mexanizmlərin tətbiqinə başlanmış, ilk dəfə
olaraq ölkənin ümumtəhsil məktəblərinə
müəllimlərin işə qəbulu elektron vasitələr
əsasında, ikimərhələli müsabiqə mexanizmi tətbiq
olunmaqla həyata keçirilmişdir.
2010-cu
ildə ali məktəblərdə çalışan alimlər
tərəfindən 391 monoqrafiya, 315 dərslik, 527 dərs vəsaiti,
1461 adda proqram və metodik ədəbiyyat nəşr
edilmişdir. 2010-2011-ci tədris ilindən Azərbaycan
Respublikası ərazisində fəaliyyət göstərən
ali təhsil müəssisələrində dövlət
büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə
mexanizminin tətbiqinə başlanılmışdır.
Azərbaycan
gənclərinin xaricdə təhsili məsələsi 2010-cu
ildə də diqqət mərkəzində
saxlanılmışdır. Ümumilikdə 10 min nəfər
azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin
ali məktəblərində təhsillərini müvəffəqiyyətlə
davam etdirirlər. Həmin gənclərdən 816 nəfəri
dövlətlərarası müqavilələrə, 750 nəfəri
isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"na əsasən dünyanın aparıcı
universitetlərinə təhsil almağa göndərilmişdir.
Onlardan 150 nəfəri artıq məzun olmuşdur. Ölkəmizdə
təhsil alan əcnəbi tələbələrin sayı da
ilbəil artır. Hazırda onların sayı 7 mini ötmüşdür.
BMT-nin
2010-cu il üzrə İnsan İnkişafı hesabatında
göstərilir ki, 2005-2010-cu illər ərzində Azərbaycan
insan inkişafı sahəsində ən sürətli irəliləyişə
nail olmuşdur. 2005-ci ildə 101-ci yerdə olan Azərbaycan
2010-cu ildə 169 ölkə arasında 34 pillə irəliləyərək
67-ci yerə yüksəlmiş, orta inkişaf səviyyəli
ölkələr qrupundan yüksək inkişaf etmiş
ölkələr qrupuna daxil olmuşdur. Aparılan təhlillər
deməyə əsas verir ki, Azərbaycanda insan inkişafı
indeksinin yüksəlməsinə təhsil göstəriciləri
əhəmiyyətli təsir etmişdir. Belə ki, həmin
hesabatda qeyd olunur ki, Azərbaycanda savadlılıq səviyyəsi
99,5 faiz, ibtidai təhsillə əhatə səviyyəsi 116,2
faiz, orta təhsillə əhatə səviyyəsi 95,6 faiz təşkil
edir.
Təhsil
işçilərinə davamlı dövlət
qayğısının nəticəsidir ki, 2010-cu ildə təhsil
sahəsində çalışanların əməyi qiymətləndirilmiş,
303 nəfər yüksək dövlət təltiflərinə
layiq görülmüşdür. "Ən yaxşı
müəllim" və "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqələri təhsil tariximizdə
mühüm hadisə olmaqla məktəb və müəllimlər
arasında sağlam rəqabəti, innovativ fəaliyyəti
gücləndirmiş, təhsilin keyfiyyətinin yüksəlməsinə
müsbət təsir göstərmiş, ölkə
Prezidentinin 5 iyul 2010-cu il tarixli sərəncamına əsasən
cari ildə müsabiqələrin qalibi olmuş ən
yaxşı 100 müəllimə və 50 məktəbə
yüksək mükafatlar verilmişdir.
Təhsil
işçilərinin maddi rifah halının yüksəldilməsi
hər il olduğu kimi, 2010-cu ildə də diqqət mərkəzində
saxlanılmışdır. Azərbaycan Respublikası
Prezidentinin 6 sentyabr 2010-cu il tarixli "Təhsil müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında" sərəncamına əsasən
2010-cu il sentyabrın 1-dən təhsil işçilərinin əməkhaqqı
orta hesabla 10 faiz artırılmışdır.
Sürətli,
davamlı inkişaf üçün yaradılmış
möhkəm təməl deməyə əsas verir ki,
qarşıdan gələn 2011-ci il də ölkəmiz, təhsil
ictimaiyyətimiz üçün uğurlu olacaq, Azərbaycanın
təhsil sistemi daha möhtəşəm nailiyyətlər əldə
edəcəkdir.
Bütün
xalqımızı, çoxminli təhsil işçilərini
qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
təbrik edir, firavanlıq, daha böyük nailiyyətlər
arzulayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri, əməkdar elm xadimi,
professor
Əziz
müəllimlər, tələbələr,
şagirdlər və
valideynlər!
31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə
hər birinizi təbrik edir, ən xoş arzularımı
yetirirəm.
Biz XXI əsrin ilk 10 ilini yola salırıq. 2010-cu ildə ölkəmiz
bütün sahələrdə uğurlar əldə
etmiş, dünyanın qabaqcıl dövlətinə
çevrilmiş, çox ciddi siyasi və iqtisadi uğurlara
imza atmışdır. Müstəqil dövlətimiz
güclü inkişaf potensialı, səmərəli idarəetmə
sistemi ilə nəzərdə tutulmuş bütün
proqramları müvəffəqiyyətlə həyata
keçirmişdir.
Yola
saldığımız il ulu öndərimiz
Heydər Əliyevin "Azərbaycan xalqının milli sərvəti"
adlandırdığı Bakı Dövlət Universiteti
üçün də bir neçə baxımdan əlamətdar
olmuşdur. Hazırda respublikamızda sabit və sağlam
ictimai-siyasi mühitin hökm sürməsi, bütün ali təhsil
ocaqları kimi, Bakı Dövlət Universitetinin həyatına
da müsbət təsirini göstərmişdir. Ötən ildə universitetdə yeni elmi strukturlar
yaradılmış, tədrisin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində bir
neçə qurum fəaliyyətə başlamış, beynəlxalq
əlaqələrimizin daha da genişləndirilməsi sahəsində
çox ciddi işlər görülmüşdür.
Ölkəmizin dünya dövlətləri arasında
söz sahibinə çevrilməsi dünya azərbaycanlıları
arasında milli birliyin daha da güclənməsinə, təşkilatlanmasına
böyük təkan vermişdir. Bildiyiniz kimi, ümummilli liderimiz Heydər
Əliyevin təşəbbüsü ilə 1991-ci ildən qeyd
olunan Dünya Azərbaycanlılarının Həmrəylik
Günü hər bir azərbaycanlının milli bayramına
çevrilmişdir. Soydaşlarımızın
qarşısında duran vəzifələri dəqiq və
aydın müəyyənləşdirən ulu öndərimiz
demişdir: "Dünya Azərbaycanlılarının ancaq
bir müstəqil dövləti var. Bu, Azərbaycan
Respublikasıdır. Biz hamımız onun ətrafında
birləşməliyik".
Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
diaspor quruculuğu işinə böyük əhəmiyyət
verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi
nəticəsində xaricdəki həmvətənlərimizin
birlik, həmrəylik telləri daha da güclənir, müstəqil
dövlətimizin təbliği işinə öz layiqli
töhfələrini verir.
Əziz
müəllimlər, tələbələr
və təhsil işçiləri!
Hörmətli valideynlər!
Sizi
respublikamızın tarixində mühüm hadisə olan 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə
ürəkdən təbrik edir, cansağlığı
və səadət arzulayıram.
Ulu öndərimiz Heydər Əliyevin azərbaycançılıq
ideyalarının dünya azərbaycanlıları arasında
geniş yayılması, möhtərəm Prezidentimiz
İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha
da çiçəklənməsi
naminə gördüyünüz
nəcib işlərdə
sizə yeni-yeni uğurlar arzulayıram.
Abel MƏHƏRRƏMOV,
BDU-nun rektoru, akademik, millət vəkili
Sevindirici
haldır ki, yola saldığımız
2010-cu il bütövlükdə ölkəmiz,
eləcə də Azərbaycan Tibb Universitetinin professor-müəllim
heyəti və tələbələri üçün ən
uğurlu illərdən birinə çevrilmişdir. ATU-nun həyatında
ilin ən əlamətdar hadisələrindən biri ölkə
Prezidenti zati-aliləri, möhtərəm İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın cari ilin oktyabr
ayının əvvəlində Azərbaycan Tibb Universitetinə
gəlmələri və ali təhsil ocağının
çoxprofilli Terapevtik Klinikasının açılışında
iştirak etmələri olmuşdur. Onu da qeyd etmək
lazımdır ki, cənab Prezident və onun xanımı
2007-ci il sentyabrın 18-də ATU-nun Terapevtik Klinikasının
təməlqoyma mərasimində iştirak etmişdilər. Klinika ölkə başçısı cənab
İlham Əliyevin diqqət və qayğısı sayəsində
qısa müddətdə tikilib
istifadəyə verildi.
2010-cu il həm də
universitetimiz üçün yubiley ili olmuşdur. Kollektivimiz
bu şərəfli yubileyə 2009-cu ildən
hazırlaşmağa başlamışdı. Artıq
vidalaşmağa hazırlaşdığımız ilin bizim
üçün ən yaddaqalan və qürur doğuran
günlərindən biri də 2010-cu ilin 28 aprel tarixi
olmuşdur. Həmin gün ölkə Prezidenti Azərbaycan
Tibb Universitetinin yaradılmasının 80 illik yubileyinin
dövlət səviyyəsində keçirilməsi
haqqında sərəncam imzalamışdı. Sərəncamdan
sonra yubileyə hazırlıq işləri böyük ruh
yüksəkliyi ilə davam etdirildi. 2010-cu ilin oktyabr ayında
ölkəmizin səhiyyə və təhsil işçiləri
tərəfindən tarixi yubiley təntənəli surətdə
qeyd edildi. Yubiley ərəfəsində ölkə
başçısı cənab İlham Əliyevin sərəncamı
ilə universitetimizin 80 nəfər əməkdaşı Vətənimizin
ən yüksək təltiflərinə, fəxri adlara, Prezident təqaüdünə
layiq görüldü.
ATU-nun professor-müəllim heyəti
və tələbələri ölkə
başçısının bizə göstərdiyi diqqət
və qayğıdan ruhlanaraq gələcəkdə də
yüksək nailiyyətlər əldə etmək üçün əminliklə
səy göstərirlər.
Qarşıdan gələn bayramları ruh yüksəkliyi
ilə
qarşılamaq xoş əhvali-ruhiyyə
yaradır. Belə bir əhvali-ruhiyyə ilə Azərbaycan
Tibb Universitetinin professor-müəllim heyəti və tələbələri
adından, eləcə də öz adımdan Prezidentimiz
başda olmaqla xalqımızı, ölkəmizin
bütün tibb işçilərini, gənclərimizi əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni - 2011-ci ilin gəlişi münasibətilə
səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm
cansağlığı, səadət diləyir, işlərində
böyük uğurlar arzulayıram.
Əhliman ƏMİRASLANOV,
ATU-nun rektoru, akademik, SSRİ Dövlət mükafatı
laureatı, millət vəkili
Ölkəmiz
üçün əlamətdar hadisələrlə zəngin
olan 2010-cu il
tarixin bir səhifəsinə çevrilir.
Ömrümüzün daha bir ili geridə qalır, şirin
xatirə olur. İlin bu son günlərində
bir daha geriyə dönmək, keçdiyimiz yola nəzər salmaq yerinə düşərdi.
Əvvəla, onu qeyd edək ki, noyabrın 7-də IV
çağırış Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilmiş azad və şəffaf
seçkilər ölkəmizin demokratik inkişaf tarixinə əlamətdar
siyasi hadisə kimi yazıldı. Bu seçki həm də ölkəmizdə
Prezident cənab İlham Əliyevin siyasətinə Azərbaycan
xalqının inamını, hörmət və
ehtiramını bir daha nümayiş etdirdi. Respublikamız
sosial, iqtisadi və mədəni sahələrdə bir
sıra nailiyyətlər qazandı. İldən-ilə
geniş vüsət alan tikinti, quruculuq və
abadlıq işləri, habelə infrastruktur layihələrin
həyata keçirilməsi cari ildə də hər bir vətəndaşa
layiqli həyat təmin etmək yolunda geniş imkan yaratdı.
2010-cu il Azərbaycanın təhsil
sistemi üçün də uğurlu illərdən biri oldu.
"Təhsil haqqında" yeni Qanun, şəhər,
qəsəbə və kəndlərimizdə tikilib istifadəyə
verilən yüzlərlə müasir məktəb və
uşaq bağçası binaları, idman qurğuları ictimaiyyətimiz
tərəfindən böyük razılıqla
qarşılandı.
Yola
salmağa hazırlaşdığımız il
universitetimizin kollektivi üçün də uğurlu oldu. Tədrisin
təkmilləşdirilməsində, universitetin beynəlxalq əlaqələrinin
genişləndirilməsində, kadr
hazırlığının məzmununun yeniləşməsində,
maddi-texniki bazanın inkişafında, habelə
informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsində
yaxşı göstəricilərə nail olduq. 2010-cu ildə
universitetimiz bir neçə respublika və beynəlxalq səviyyəli
konfranslara, simpoziumlara ev sahibliyi etdi. Alimlərimiz tərəfindən
memarlığa və tikintiyə aid onlarca dərslik və dərs
vəsaiti, monoqrafiya yazılıb çap edildi. Avropa Memarlıq Məktəbləri Birliyinə daxil
olan universitetimizin tələbə memarlarının layihələri
beynəlxalq sərgilərdə nümayiş olundu və diplomlara layiq görüldü.
2010-cu il bir
mühüm hadisə ilə də bizim
üçün əlamətdardır. Cari ilin iyununda Prezident
cənab İlham Əliyev "Azərbaycan Memarlıq və
İnşaat Universitetinin maddi-texniki bazasının
yaxşılaşdırılması haqqında" Sərəncam
imzaladı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
imzaladığı bu Sərəncam kollektivimiz tərəfindən
minnətdarlıq hissilə qarşılandı. Bu, tələbə gənclərimizi yaxşı
oxumağa, professor-müəllim heyətini isə daha
yaxşı işləməyə, təhsildə daha sürətlə
modernləşmə və islahatlar aparmağa ruhlandırdı.
Qarşıdan yeni il - 2011-ci il gəlir. Qəzetin
mənə verdiyi fürsətdən istifadə edərək
bütün ictimaiyyətimizi, o cümlədən təhsil
sahəsində çalışan alimlərimizi, müəllimlərimizi
və ziyalıları səmimi-qəlbdən təbrik edirəm! Hamıya cansağlığı,
xoş günlər, səadət, işlərində yeni-yeni
nailiyyətlər arzulayıram!
Qoy 2011-ci il də
uğurlu illərimizdən
biri olsun!
Gülçöhrə MƏMMƏDOVA,
AMİU-nun rektoru, memarlıq doktoru, professor,
millət vəkili
Artıq
il ayrıcındayıq:
2010-cu il sona yetir, 2011-ci il öz qədəmlərini
qoymaqdadır. Bu il Azərbaycan xalqının taleyində dərin
izlər, yaddaqalan və əlamətdar günlərlə
tarixə qovuşur. 2010-cu il həyatımızın
bütün sahələri kimi, elm və təhsil sahəsində
də böyük uğur və nailiyyətlərin
qazanılması ilə tarixə çevrilməkdədir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi siyasət respublikamızın bütün ali təhsil
ocaqları kimi, AzTU-nun həyatına da müsbət təsir
göstərmişdir. Belə ki, 2010-cu il universitetimizin
kollektivinin yaddaşında istər təhsil və tədrisin
yüksəldilməsi, istər maddi-texniki bazanın gücləndirilməsi,
istər müasir təlim texnologiyalarının uğurlu tətbiqi,
istərsə də beynəlxalq əlaqələrin genişləndirilməsi
baxımından uğurlu və əlamətdar bir dövr kimi
qalacaqdır. Uğurla başa vurduğumuz ilin sonunda, ümid
və inamla gözlədiyimiz Yeni ilin ərəfəsindəyik.
Yeni ildə bizi nələr gözləyir?...
Azərbaycanın nüfuzlu ali təhsil
ocaqlarından biri - milli kadr hazırlığına, cəmiyyətin
elmi-intellektual ruhda inkişafına əvəzsiz töhfələr
verən Azərbaycan Texniki Universitetinin 60 illik yubileyi
yaxınlaşır. Qürur doğuran haldır ki, respublikada
texniki elmlərin inkişafında mühüm xidmətləri
olmuş görkəmli alim və ziyalıların,
tanınmış mütəxəssislərin, dövlət
xadimlərinin bütöv bir nəsli bu universitetin məzunlarıdır.
Odur ki, on minlərlə insanın taleyində böyük rol
oynamış, ayrı-ayrı dövlət qurumları, nəqliyyat,
ağır sənaye, energetika müəssisələri
üçün layiqli mütəxəssislər
hazırlamış AzTU-nun 60 illik yubileyi cəmiyyətdə əlamətdar
hadisələrdən biri
kimi qarşılanır.
Universitetə göstərilən yüksək diqqət, ilk
növbədə, onun milli təhsil sisteminə əvəzsiz
töhfələri ilə şərtlənir. Ötən əsrin
50-ci illərinin əvvəllərindən respublikada
elmi-texniki, mədəni, ictimai düşüncənin milli mənafe
və məfkurəyə uyğun inkişafı prosesində
mühüm rol oynamış Azərbaycan Texniki Universiteti elm
və təhsil tariximizə sanballı töhfələr
vermişdir.
Universitet iqtisadiyyatın müxtəlif sahələrində
uğurla çalışan çoxsaylı məzunları -
ixtisaslı kadrları ilə Azərbaycanın
inkişafında böyük izlər qoymuş, özünəməxsus
elm və təhsil ənənələri
formalaşdırmışdır. Azərbaycan Texniki Universiteti müstəqil
ali məktəb kimi fəaliyyət göstərməyə
başladıqdan sonrakı dövr ərzində müxtəlif
ixtisaslar üzrə 90000-ə qədər mühəndis,
bakalavr və magistr hazırlamışdır. AzTU-nun
auditoriyalarında yetişmiş intellektual səviyyəli, vətənpərvər
ziyalılar onun layiqli ənənələrini, nüfuzunu daim
qoruyub saxlamış və estafeti özlərindən
sonrakı nəsillərə ötürmüşlər. Bugünkü kollektivimiz də bu ənənəni
şərəflə davam etdirir, Yeni ilə yeni
arzularla qədəm qoyur.
Ölkə Prezidenti möhtərəm İlham
Əliyev cənabları başda olmaqla bütün
xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
universitetimizin çoxminli professor-müəllim heyəti və
tələbələri adından və şəxsən
öz adımdan səmimi-qəlbdən təbrik edir,
bütün ailələrə sevinc, xoşbəxtlik, səadət,
xalqımıza əmin-amanlıq, firavanlıq diləyirəm.
Arzu edirəm ki, Yeni ildə həm təhsil işçilərinin,
həm də bütün Azərbaycan xalqının ən
ülvi, ən səmimi, ən böyük arzuları
reallığa çevrilsin.
Havar MƏMMƏDOV,
AzTU-nun rektoru, texnika elmləri doktoru,
professor
2010-cu il bütün xalqımız, o cümlədən
elm, təhsil, mədəniyyət işçiləri
üçün əlamətdar bir dövr oldu.
İqtisadiyyatımızın inkişafı, ölkəmizin
beynəlxalq aləmdəki uğurları və artan
nüfuzu, dövlətçiliyin sabit təkamülü
humanitar sahədə də bir çox nailiyyətlərə
imkan yaratdı. Boloniya prosesinə inteqrasiyanın dərinləşməsini,
infrastrukturun yeniləşməsini, təhsilin tənzimlənməsi
və idarəçiliyində müasir meyarların tətbiqini
belə mühüm hadisələrdən hesab etmək olar.
Ulu öndər Heydər Əliyev tərəfindən
yaradılmasının 10 illiyini qeyd edən Bakı Slavyan
Universiteti üçün də bu il yeni uğurlarla yadda
qalacaq. Cənab Prezident İlham Əliyevin təhsilimizə, o
cümlədən universitetimizə qayğısı sayəsində
bu ili bir sıra nailiyyətlərlə
başa vururuq.
İlk növbədə, mədəniyyətlərarası
dialoqa, xaricdə azərbaycanşünaslığın
inkişafına xidmət edən bəzi vacib hadisələri
qeyd etmək istərdim. Milli mədəniyyətimizin, dilimizin xaricdə təbliği
və öyrənilməsi məqsədilə bu il Minsk şəhərində,
Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və
mədəniyyəti mərkəzi
açılmışdır. Yaxın müddətdə
burada azərbaycanşünaslığın tədrisinə
başlanacaq. Qeyd edim ki, BSU tərəfindən
yaradılmış belə bir mərkəz artıq Moskva
Dövlət Linqvistik Universitetində fəaliyyət göstərir
və burada da dilimiz, ədəbiyyat və mədəniyyətimiz
BSU-nun mütəxəssisləri tərəfindən tədris
olunur. Yaxın müddətdə Ukraynada - Kiyev və Poltava
universitetlərində də analoji mərkəzlər
açılacaqdır. Eyni zamanda, bu il
BSU-da Belarus Respublikasının Prezidenti A.A.Lukaşenkonun
iştirakı ilə
Azərbaycanşünaslığın aktual problemləri
mövzusunda Gəncə və Naxçıvan Dövlət
universitetləri ilə birlikdə ilk beynəlxalq konfrans
keçirdik.
Konfransın 15-ə qədər ölkədən olan
iştirakçıları Bakı, Naxçıvan və Gəncədə
çıxışlar edib, ölkəmizin mədəniyyəti
və müasir gerçəklikləri ilə tanış
oldular. Türkiyənin Qazi
Universiteti ilə birgə keçirilən türk dilləri və
ədəbiyyatlarının tədrisinə həsr edilmiş
konfrans da böyük maraq doğurdu. Ənənəmizin
davamı olaraq bu il Minsk Dövlət Pedaqoji Universiteti ilə
"Elmi əsərlər"imizin müştərək nəşri
dərc edildi. MDB ölkələrindən əlliyə qədər
mütəxəssisin iştirakı ilə BSU-da "Mədəniyyətlərin
və dillərin dialoqu" mövzusunda VI beynəlxalq forum,
xaricdən və ölkəmizdən yüzə yaxın mütəxəssisin ixtisasartırma
kursları keçirildi...
Ümumiyyətlə,
beynəlxalq əməkdaşlığımız sürətlə
inkişaf etməkdədir, yalnız bu il ərzində
müxtəlif ölkələrin universitetləri ilə 11
müqavilə imzalamışıq və bu sahədə real
fəaliyyət göstəririk. TEMPUS proqramı, BBC xətti
ilə jurnalist hazırlığı üzrə layihəni
xüsusi qeyd etmək istərdim. BSU-nun təşəbbüsü
ilə Almaniyanın Yohannes Qutenberg-Mains Universiteti və
"Oswasld von Wolkenstein-Gesselschaft" cəmiyyəti ilə
birlikdə həyata keçirilən "Kitabi-Dədə
Qorqud" və "Nibelunqlar nəğməsi" - Orta
çağ qəhrəmanlıq dastanlarında Şərq və
Qərb" adlı onillik müştərək tədqiqat
layihəsi çərçivəsində ilk simpozium
keçirilmişdir.
Universitetimizdə bu ildən fəaliyyətə
başlayan maraqlı qurumlardan müvafiq elm sahələri
üzrə koordinasiyanı həyata keçirən virtual
İctimai-siyasi elmlər institutunu, tələbə idarəçiliyinin
orijinal forması olan "Kölgə kabineti"ni,
"BSU-nun dostları" klubunu göstərmək istərdim. Cənab
Prezident İlham Əliyevin sərəncamı ilə həyata
keçirilən ümummilli əhəmiyyətli layihə,
"Dünya ədəbiyyatı kitabxanası" silsiləsi
üzrə universitetimizdə yaradılmış redaksiya heyəti
tərəfindən tərtib, redaktə, tərcümə
prosesi davam etmiş və artıq 50 kitab nəşr edilmişdir.
Bu il kadr hazırlığı sahəsində də
yeniliklərlə yadda qalıb, mütəxəssis
hazırlığı sırasına turizm və
otelçilik, ingilis, alman, fransız filologiyası kimi
ixtasaslar əlavə olunub. Təhsil sistemimiz üçün
unikal olan, ədəbi istedada malik gənclərin təhsil
aldığı Yaradıcılıq fakültəsinin
növbəti buraxılışı oldu, tələbələrimiz
qaçqın və köçkün məktəblərində
həm pedaqoji təcrübələrini, həm də
maarifçilik və xeyriyyəçilik işlərini davam
etdirdilər. Ali təhsil sistemimizdə ilk dəfə
universitetimizin nəzdində Məktəb-lisey kompleksi
yaradıldı.
Bütün bunlar Prezidentimizin, dövlətimizin təhsilə
olan qayğısı sayəsindədir və kollektivimiz bizə
bəslənən ümidləri doğrultmaq,
qarşımıza qoyulan vəzifələri yerinə yetirmək
üçün bundan sonra da ləyaqətlə
çalışacaq.
Həmkarlarımıza,
Azərbaycanın fədakar təhsil işçilərinə
yeni ildə daha böyük uğurlar arzulayır, Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il
münasibətilə təbrik edirəm.
Kamal ABDULLAYEV,
BSU-nun rektoru, AMEA-nın müxbir
üzvü, əməkdar elm xadimi,
professor
2010-cu il ölkəmiz
üçün çox uğurlu
keçdi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə illərə sığına bilən
böyük inkişafın şahidi olduq. Əslində
geniş mənada yeni Azərbaycanın inkişafında
xüsusi mərhələ
formalaşdi. Azərbaycan hərtərəfli,
dinamik inkişafın və modernləşmənin İlham Əliyev dövrünü yaşamaqdadır.
Azərbaycanın ayrılmaz üzvi tərkib hissəsi
olan Naxçıvan Muxtar Respublikası üçün
2010-cu il intibah hadisəsi səviyyəsində
ümumiləşdi.
Azərbaycan təhsil sistemi il
ərzində bir çox böyük uğurlara imza ata
bilmişdir. Milli təhsilin bütün sahələrinin
harmonik şəkildə inkisafının təmin edilməsi cəmiyyətin həyatında
mühüm hadisədir.
Naxçıvan Dövlət Universiteti
üçün də 2010-cu il çox əlamətdar
olmuşdur. Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində
2 ayrı-ayrı layihədə təmsil olunmağımız
beynəlxalq əlaqalərimizin inkisaf etdirilməsində
uğurlu addımdır. Naxçıvan Dövlət
Universitetinin tələbələri üçün tikilib
istifadəyə verilmiş müasir tipli yataqxana Azərbaycan
təhsili sahəsində müstəqillik dövründə
meydana çıxmış birinci yataqxana kimi mühüm əhəmiyyətə
malikdir. MDB məkanında ilk dəfə olaraq
Naxçıvan Dövlət Universitetində vay-fay İnternet sisteminin tətbiq olunmasI
böyük texnoloji yenilikdir. Tələbə
Sosial Mərkəzi də ölkədə ilkdir.
Bütün
təhsil isçilərinin Yeni ilini təbrik edirəm və
daha böyük
uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ,
NDU-nun rektoru, AMEA-nın həqiqi
üzvü, professor
Hörmətli həmvətənlər!
Azərbaycan
xalqını Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə
təbrik edir, hər bir vətəndaşımıza xoşbəxtlik,
uğurlar arzu edirəm. Azərbaycan dövlətçiliyinin
daha da möhkəmlənməsi, respublikamızın
adının daha da yüksək tribunalarda səslənməsi
üçün hər bir vətəndaşımıza səmərəli
fəaliyyət göstərməyi diləyirəm.
Vahid vətənimiz
olan Azərbaycanın uğurları üçün əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan,
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
davam etdirilən uğurlu daxili və xarici siyasət öz bəhrəsini
ölkə vətəndaşlarının xoş güzəranında,
yaşayış tərzində göstərməkdədir.
Azərbaycanın adı artıq bir çox dünya ölkələrində
hörmət və ehtiramla çəkilir,
bayrağımız dünya təşkilatlarının
binaları qarşısında dalğalanır. Azərbaycanın haqlı mövqeyi, demək olar,
bütün dünya tərəfindən dəstəklənir.
Azərbaycan Respublikası Prezidentinin səmərəli
fəaliyyəti bütün sahələrdə, o cümlədən
təhsildə də aşkar şəkildə görünməkdədir. Ölkəmizin təhsil
müəssisələrinin sərhədləri aşaraq beynəlxalq
aləmə qədəm qoyması, dünyanın bir çox
nüfuzlu ali təhsil ocaqları ilə əlaqələr
yaratması fikirlərimizin bariz nümunəsidir. Təhsil sistemində qazanılan uğurlara diqqət
yetirdikdə əmin olmağa əsas var ki, təhsilimiz daha da
inkişaf edəcəkdir və xalqımızın
övladları Azərbaycanımız üçün layiqli
vətəndaş kimi yetişəcəklər.
Hörmətli həmvətənlər!
Sizi bir daha təbrik edir, üzümüzə gələn
yeni - 2011-ci ilin sizin üçün düşərli, bərəkətli
və uğurlu olmasını arzulayıram.
Səməd SEYİDOV,
ADU-nun rektoru, professor, millət vəkili
Artıq
XXI yüzilliyin ilk 10 ili
ilə vidalaşırıq. Təbii ki, belə tarixi məqamlarda
hər bir ölkədə ötən ilin yekunlarına qiymət
verilir və növbəti il üçün fəaliyyət
proqramı müəyyənləşdirilir. Bu baxımdan
2010-cu il bütün xalqımız kimi, Azərbaycan Dövlət
Pedaqoji Universitetinin (ADPU) kollektivi üçün də diqqətçəkən
və uğurlu bir dövr olmuşdur.
2010-cu il elm və təhsil sahəsində
böyük uğur və nailiyyətlərin
qazanılması ilə səciyyələnmişdir. Bu mənada
cari tədris ilindən respublikamızın ali məktəblərinin
yeni maliyyələşmə mexanizminə keçməsini və
yeni "Təhsil haqqında" Qanuna uyğun olaraq ölkəmizin
tarixində ilk dəfə ali təhsil müəssisələrində
və elmi təşkilatlarda doktoranturaların
yaradılmasını xüsusi qeyd edə bilərəm. Həmçinin
vurğulamaq istəyirəm ki, dövlət
başçımız cənab İlham Əliyevin elm və
təhsili ölkənin davamlı inkişafının həlledici
amili hesab etməsi, bu istiqamətdə aparılan dövlət
siyasəti respublikamızın bütün ali təhsil müəssisələri
kimi, ADPU-nun professor-müəllim heyətinin və tələbə
kollektivinin fəaliyyətinə də ciddi müsbət təsir
göstərmişdir. 2010-cu il universitetimizin kollektivinin
yaddaşında istər təhsil və tədrisin keyfiyyətinin
yüksəldilməsi, istər maddi-texniki bazanın gücləndirilməsi,
istər Boloniya prosesinə keçidin tam başa
çatdırılması, istərsə
də beynəlxalq əlaqələrin genişləndirilməsi
baxımından uğurlu və əlamətdar bir dövr kimi
qalacaqdır. Yeri gəlmişkən, gələn il rəhbərlik
etdiyim ADPU-nun 90 illik yubileyidir. İnanıram ki,
zəngin elm və təhsil ənənələrinə malik
olan universitetimiz bu yubileyini böyük uğur və nailiyyətlərlə
qeyd edəcəkdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev
başda olmaqla xalqımızı qarşıdan gələn
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və yeni - 2011-ci ilin gəlişi münasibətilə
universitetimizin kollektivi adından və şəxsən öz
adımdan səmimi-qəlbdən təbrik edir,
xalqımıza əmin-amanlıq, firavanlıq və müstəqil
dövlətimizə daha da güclənməyi, qüdrətlənməyi
arzulayıram.
Yusif MƏMMƏDOV,
ADPU-nun rektoru, AMEA-nın müxbir
üzvü, professor
Azərbaycan tarixində əldə edilən uğurları, qazanılan nailiyyətləri,
həyata keçirilən mühüm əhəmiyyətli tədbirləri
ilə yadda qalan 2010-cu ilə yekun vurulur. İl ölkəmizin
hərtərəfli inkişafı - demokratikləşmə,
sosial-iqtisadi inkişaf, xalqımızın maddi rifah
halının yaxşılaşması, bir çox sahələrdə
mühüm layihələrin icrası istiqamətində xüsusi əhəmiyyətə
malik olub.
Başa
çatmaqda olan il həm
də təhsil sisteminin inkişafı, dünya təhsil
sisteminə inteqrasiya yönündə həyata keçirilən
uğurlu islahatların davamı kimi də tarixə
qovuşur. Azərbaycanda təhsilin inkişafına ulu öndərimiz
Heydər Əliyev öz əbədi töhfəsini verib, onun
rəhbərliyi ilə hazırlanaraq həyata keçirilən
təhsil islahatı bir çox problemlərin həllinə, təhsilimizin
məzmunca yeniləşməsinə, milli koloriti saxlamaqla
dünya təhsil sisteminə inteqrasiyaya gətirib
çıxarıb. Bu siyasəti uğurla davam etdirən cənab
Prezident İlham Əliyevin imzaladığı 16 proqram təhsilin
keyfiyyət və kəmiyyət baxımından dəyişilməsinə
səbəb olub.
Həmişə
olduğu kimi, ötən il də dövlətin
gənc nəslə diqqət və qayğısı konkret rəqəmlərdə,
maddi və mənəvi dəstək formasında əksini
tapdı. Nəticədə uşaqlar
üçün daha yaxşı təhsil, səhiyyə
şəraitinin yaradılması, təhsil müəssisələrinin
tikintisi və təmiri, müasir avadanlıqlarla təchizat,
dünya təhsil sisteminə inteqrasiya sahəsində önəmli
layihələrə imza atıldı.
Bu mənada
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban Əliyevanın təhsil işçilərinə
diqqət və qayğısı, mənəvi dəstəyi,
məktəbin problem və qayğılarına həssas
münasibəti bir çox məsələlərin həllində mühüm
vasitə oldu.
5 Oktyabr Beynəlxalq Müəllim Günü ərəfəsində
ölkə başçısı cənab İlham Əliyevin
sərəncamı ilə "Əməkdar müəllim"
fəxri adına və "Tərəqqi"
medalına layiq görülən təhsil işçiləri
arasında paytaxt məktəblərinin çox sayda müəlliminin
də yer alması əməyimizə verilən qiymətin təzahürüdür.
2010-cu ildə
ali məktəblərə tələbə qəbulunda
Bakı məktəblərinin xüsusi çəkisi
artıb və məzunlarımızın 44,83
faizi tələbə adını qazanıb.
2010-cu ildə
bizim üçün ən əlamətdar hadisələrdən
biri də Bakı
təhsilinin tarixində ilk dəfə təşkil edilən,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
4 illik fəaliyyətini əks
etditən "Təhsil, zaman və biz" adlı
baxış-sərginin keçirilməsi oldu. Uğurla həyata keçirilən təhsil
islahatlarının nəticələri və bu sahədə
qazanılmış nailiyyətləri
cəmiyyətə təqdim etməklə sərgi iştirakçılarında
Bakı təhsil mühitinin məzmunu və mahiyyəti
haqqında fikir formalaşdırmaq niyyətimizi gerçəkləşdirə
bildik və bu tipli tədbirlərimiz növbəti ildə də davam etdiriləcəkdir.
Bu nəticələr 2010-cu illə
bərabər tarixin bir səhifəsinə çevrildi. İndi qarşıdan bizi məqsədlərimizə
və amallarımıza qovuşduracaq daha bir il - 2011-ci il gəlir.
İnanırıq ki, 2011-ci il Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması,
işğal edilmiş torpaqlarımızın azad edilməsi,
həyatımızın ən müxtəlif sahələrində
əldə edilən uğurlar ilə daha yaddaqalan olacaq.
Xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və qarşıdan gələn Yeni il münasibətilə
Bakı şəhərinin pedaqoji ictimaiyyəti adından təbrik
edir, doğma Vətənimizin daha da inkişaf etməsi,
çiçəklənməsi yolunda hər birimizə əzmkarlıq,
hər bir ailəyə firavanlıq və xoş gələcək
arzulayıram.
Nailə RZAQULİYEVA,
Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin müdiri,
əməkdar müəllim
Azərbaycan müəllimi.- 2010.-
31 dekabr.- S.6-8.