Ümumtəhsil fənləri tədrisinin ekoloji aspektləri
Cəmiyyətin
inkişafında böyük rol oynayan texnikanın, müxtəlif
istehsal sahələrinin təbiətə, insan həyatı
üçün mühüm olan ətraf mühitin zənginlik
və əsrarəngizliyinə mənfi təsiri artıq bəllidir.
İntellekt əsrində bütövlükdə dünyada ətraf
mühitin - ekologiyanın mühafizəsi çox
böyük əhəmiyyəti olan bir problemə
çevrilmişdir. Təkcə mütəxəssisləri
deyil, bəşəriyyəti narahat edən bu qlobal problemin həlli
bütün insanların birgə səyi nəticəsində
mümkün ola bilər. Odur ki, ətraf mühitin mühafizəsi
ilə bağlı dövlətlərarası
razılaşmalar imzalanmışdır. XX əsrdə,
xüsusən İkinci Dünya müharibəsindən sonra bu
istiqamətdə beynəlxalq əməkdaşlıq daha da
genişlənmiş, 250-dən artıq beynəlxalq
müqavilə imzalanmışdır. Kompüter əsrinin
fakt və hadisələrinin təhlili göstərir:
insanların fəaliyyəti nəticəsində torpaq, su,
hava xeyli dərəcədə çirklənmişdir. Bu
qlobal problemin həlli bu gün daha böyük həyati bir
mahiyyət daşıyır. Dünya iqlim tiplərindən
böyük bir qismini özündə birləşdirən Azərbaycanda
ekoloji problemlərə böyük diqqət var: ölkədə
ayrıca Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yaradılıb. Respublikanın Prezidenti İlham Əliyev hələ
2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasda ekoloji məsələlərə
bir daha diqqəti cəlb etmiş, başa vurmaqda olduğumuz
ili "Ekologiya ili" elan etməyi məsləhət
bilmişdi. Beləliklə, Azərbaycan tarixinə həm də
"Ekologiya ili" kimi həkk olunan bu il ərzində
müxtəlif miqyaslarda tədbirlər keçirildi, təbiətin
qorunması və zənginləşdirilməsi istiqamətli
işlər görüldü.
Təbiət, ətraf mühit
çirklənmişdir. Bu məsələnin həlli üçün,
ilk növbədə, ekoloji
maarif işi
canlandırılmalı, təhsil sistemində ekoloji
biliklər öyrədilməli, gənclikdə
ekoloji təfəkkür
formalaşdırılmalıdır. Ətraf mühitin
- insanın yaşadığı məkanın
ekoloji zənginliyinin
qorunması, zənginləşdirilməsi indiki
gəncliyin üzərinə
düşən tarixi vəzifədir. Gənclik
təbiətin çirklənmə mənbələrini,
tullantıların, nəqliyyat vasitələri vasitəsilə
atmosferə keçən 60-dan çox zərərli maddələrin
insan orqanizminə vurduğu ziyanı bilməlidir.
Bakı
Dövlət Universitetinin "Gənc istedadlar" liseyinin
dekabrın 23-də keçirdiyi "Orta ümumtəhsil məktəblərində
fənlərin tədrisinin ekoloji aspektləri"
mövzusunda elmi-praktik konfrans bu və ya digər məsələlərin
şərhi, təbliği və həlli yollarının təhlili
baxımından maraqlı oldu.
Konfransı
giriş sözü ilə BDU-nun rektoru, Milli Məclisin
üzvü, akademik Abel Məhərrəmov açaraq ekoloji məsələlərə
aydınlıq gətirdi, dünyada, eləcə də Azərbaycanda
bu qlobal problemin həllinə dövlət və hökumət
miqyasında böyük əhəmiyyət verildiyini, iş
görüldüyünü söylədi. Aydın oldu ki,
BDU-da ekologiya fakültəsinin yaradılması qərara
alınıb. Ali təhsil - elm ocağının müvafiq
kafedralarında yüksək ixtisaslı kadrlar hazırlanmaqla
yanaşı, ətraf mühitin mühafizəsi problemlərinə
aid elmi-tədqiqat işləri də aparılır.
Tədbirdə
təkcə BDU-nun fakültə dekanları və kafedra
müdirləri, liseyin müəllim və şagird kollektivlərinin
üzvləri deyil, liseyin əməkdaşlıq etdikləri
XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin,
"Bağça-məktəb-lisey" kompleksinin nümayəndələri də
iştirak edirdilər. BDU-nun Ekoloji kimya kafedrasının
müdiri, professor Sevinc Hacıyevanın "Kimya dərslərində
şagirdlərdə ekoloji dünyagörüşünün
formalaşdırılması", ali məktəbin
Onurğalılar zoologiyası və bioekologiya
kafedrasının müdiri, professor Qara Mustafayevin "Azərbaycan
Respublikasının orta ümumtəhsil məktəblərində
ekoloji təhsilin vəziyyəti", universitetin Ətraf
mühiti mühafizə və təbii ehtiyatlardan istifadə
kafedrasının müdiri, professor Şövqü
Göyçaylının "Orta məktəblərin
coğrafiya dərsliklərində ekoloji biliklərin məzmunu"
mövzularında çıxışları konfrans iştirakçıları
tərəfindən maraqla qarşılandı.
XXI əsr
- Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin
biologiya müəllimi Sevda Abiyevanın "Orta məktəbdə
bioekoloji problemlərin öyrədilməsi",
"Bağça-məktəb-lisey" kompleksinin
coğrafiya müəllimi Təranə Fərzəliyevanın
"Coğrafiya fənninin tədrisində şagirdlərin
ekoloji tərbiyəsi" və "Gənc istedadlar"
liseyinin direktoru, professor Qasım Hüseynovun "Orta məktəbdə
üzvi kimyanın tədrisi prosesində ekoloji təhsil"
mövzularında çıxışları ayrı-ayrı
fənlərin tədrisində ekoloji təhsil və tərbiyə
imkanlarının təcrübi baxımdan şərhi ilə
əhəmiyyətli oldu.
Gənclik
ekoloji problemə biganə deyil, - bu fikir "Gənc
istedadlar" liseyinin IX sinif şagirdi Mahirə Səfərəlizadənin
"Doğma Bakımızı çirklənmədən
qoruyaq" adlı çıxışında ifadəsini
tapdı.
Problemin
ayrı-ayrı tərəflərinə aydınlıq gətirilən
elmi-praktik konfrans "Gənc istedadlar" liseyinin biologiya
müəllimi Səbribəyim Əliyevanın rəhbərliyi
ilə şagirdlərin ifasında "Biz təbiəti
sevirik" kompozisiyası ilə başa çatdı.
Ş.HƏTƏMOĞLU
Azərbaycan müəllimi.- 2010.-
31 dekabr.- S.10.