Məktəbin 30 illiyi qeyd edildi

 

Dekabrın 27-də paytaxtın Nərimanov rayonunda yerləşən "Günəş" şadlıq sarayında Bakıdakı Gözdən əlil uşaqlar üçün 38 nömrəli 11-illik musiqi məktəbinin 30 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan tədbiri giriş sözü ilə açaraq musiqi məktəbi haqqında geniş məlumat verdi. Bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan 1980-ci ildə əsası qoyulmuş bu məktəb hər il cəmiyyətə ixtisaslı kadrlar hazılayır. Dünya işığından məhrum  olmuş insanların musiqi sahəsindəki istedadlarını üzə çıxarır. 

Bu təhsil ocağının direktoru Əsab Əliyev tədbirə gələn qonaqlara təşəkkürünü bildirdi. Qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə qonaqları təbrik etdi. Bildirildi ki, məktəb Heydər Əliyev Fondu tərəfindən  2008-ci ildə əsaslı təmir olunaraq kollektivin ixtiyarına verilib.

Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Natiq Mustafayev, Səid Hacıyev, Mədəniyyət və Turizm İdarəsindən Bətulə Məmmədəliyeva, Qızbəs Talıbova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əlillərin Sosial Müdafiəsi Baş İdarəsindən İbrahim Heydərov, Ömər Abdullayev, Respublika gözdən əlil uşaqlar üçün orta internat-məktəbin direktoru Namidar Hüseynquliyev, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev və digər qonaqlar çıxış edərək məktəbin 30 illik yubileyi münasibətilə başda təhsil ocağının rəhbəri Əsab Əliyev olmaqla bütün kollektivi təbrik etdilər, onlara hədiyyələr verdilər.

Məktəbin musiqi müəllimləri Kifayət Mikayılovanın, Vüsalə Məmmədovanın və Rəfayıl İsmayılovun təqdimatında bir-birindən maraqlı mahnılar ifa olundu. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.10.