Elmini əməllərdə
göstərən alim
Mənim üçün
dünyaya pəncərə
olan, bir növ fəaliyyətimin
salnaməsi hesab etdiyim
"Azərbaycan müəllimi" qəzetində
çalışdığım 38 il ərzində çoxunun ilk qələm məhsulunun çapına kömək
etmişəm. Qonorarın maddi kömək olduğu
dövrdə hər ay iki-üç
məqaləsinin işıq üzü görməsinə
çalışdığım alimlər
içərisində yaxşılıq və
xeyirxahlığı unutmayanlar üç-dörd nəfərdir. Onlardan biri professor
Fərrux Abbas oğlu
Rüstəmovdur. Qubada direktor
işləyəndə, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) aspirant olanda, hazırda kafedra müdiri, fakültə dekanı kimi vəzifə sahibi olanda da
eyni cür, sabit təbiətlidir: insanlara
diqqətli, dostlara sədaqətli,
böyüklərə mehriban münasibətlidir.
Həyat son mənzili
- dayanacağı bəlli olmayan bir sürət qatarına
bənzəyir; qəribə bir aləmdir;
çoxsaylı dayanacaqlarda mənzil başına
çatmış sərnişinlər bir
daha o qatara
qayıda bilmirlər. Bu qatarda
azmı-çoxmu yol gedirik, kimlərəsə yol
yoldaşı oluruq,
ünsiyyət yaradırıq və bizdən sonra
bu qatara kimlər əyləşmirlər?!
Ömrün sürət
qatarında gedənlərin izi qalmır, yaddaş
dünyasında isə çox şey iz buraxır, nəsil-nəsil
insanların bəhrələndikləri mənəvi-maddi
sərvətlərsə qalır. Ömrünü
bu sərvətlərin
öyrənilməsinə sərf edənlər, dünya elmini araşdıranlar xoşbəxtdirlər, - fikrinin tərəfdarıyıq. Və qələm
məhsulumuzda belə bir soydaş
barədə söhbət
açacağıq.
Bu
gün, islahatlar aparılan bir zamanda Azərbaycan təhsilinin
dünya, o cümlədən Avropa təhsilinə inteqrasiya
olunduğu vurğulanır. Təbii ki, ortaya sual
çıxır: Görəsən, Şərq elmi
yaranması və inkişafı üçün Qərb
elmindən qaynaqlanmışdır? Bu sualın
cavabının axtarılması məsələyə
geniş kontekstdə baxılmasını tələb edir. Məqsəd
Şərqlə Qərbi qarşı-qarşıya qoymaq
deyil. Məsələ Şərq və Qərb xalqları mənəvi
mədəniyyətinin tarixini açıqlamaq, onların hər
birinin ictimai fikir tarixinin, o cümlədən pedaqoji fikir
salnaməsinin qədimliyi və zənginliyini obyektiv dəyərləndirməkdir.
Sovet İttifaqı dağıldıqdan sonra siyasi və
dövləti müstəqillik qazanmış xalqların
öz soykökünə qayıdışı, tarixini və
mədəniyyətini yeni rakursda öyrənmələri təbii
və qanunauyğun sayılmalıdır.
Ümummilli
liderimiz Heydər Əliyevin göstəriş və tövsiyələri
ilə tarix və mədəniyyətimizin, ictimai
şüurun ayrı-ayrı formaları ilə bağlı sərvətlərin
milli-bəşəri dəyərlər yönümündən
tədqiqi genişləndirildi. Bu baxımdan dünya
xalqlarının pedaqoji fikir tarixinin tədqiqi, ali və orta
ixtisas təhsili müəssisələrində öyrədilməsi
dünya təhsilinə inteqrasiya olunduğu bir zamanda aktual və
vacib bir məsələnin həllinin reallaşdırılmasıdır.
Ölkə pedaqoqlarının bu istiqamətlərdə son
illər gördükləri işlər təqdirəlayiqdir.
Pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun
çapdan buraxdırdığı "Şərqdə
pedaqogika tarixi" (2002), "Qərb pedaqogika tarixi" (2003)
və "Yeni dövrün pedaqogika tarixi" ("2004),
N.Kazımov və Ə.Həşimov, F.Sadıqov, Ə.Ağayev
və başqalarının pedaqogika kitabları Azərbaycan
pedaqogika tarixi elmini zənginləşdirən çox dəyərli
əsərlərdir.
***
Beynəlxalq
Pedaqoji Akademiyanın həqiqi üzvü (Moskva, 1998), akademik
M.Mehdizadə və "Gənc alimlər"
mükafatları laureatı Fərrux Abbas oğlu Rüstəmovun
50 yaşı tamam olur. Qərbi Azərbaycanın
Göyçə mahalının Cil kəndində dünyaya
gəlmiş F.Rüstəmov 42 yaşında pedaqoji elmlər
doktoru alimlik dərəcəsi almış hələlik ilk
pedaqoqumuzdur. O, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
pedaqoji fakültəsini bitirib. Qubada müəllim və məktəb
direktoru işləyib, ordu sıralarında həqiqi hərbi
xidmətdən sonra ADPU-nun aspiranturasında oxuyub.
Sələfləri
- professor Ə.Seyidov, akademik M.Mehdizadə, professor M.Muradxanov,
professor H.Əhmədov, professor A.Kərimov, professor
Y.Talıbov, professor B.Əhmədov və
başqalarının tədqiqat ənənələri və
fəaliyyətlərinin layiqli davamçısı olan F.Abbas
oğlu genişmiqyaslı araşdırmalar müəllifidir.
Həmin araşdırmaların nəticəsi olan əsərlərin
- monoqrafiyaların, kitab və kitabçanın sayı 35-dən
çoxdur. 200-dən çox elmi məqalə və tezis,
200-ə qədər elmi-pedaqoji, publisistik yazısı
işıq üzü görmüşdür.
Bu
müxtəlif həcmli və problemli əsərlərin nəşri
coğrafiyası çox genişdir: Moskva, Tbilisi, Təbriz, Səmərqənd,
Çeboksarı...
Professor
F.Rüstəmov həm də "Pedaqoji tədqiqatlar"
elmi-pedaqoji jurnalının redaktoru, "Pedaqoji Universitet Xəbərləri"
(pedaqoji-psixoloji elmlər seriyası) elmi məqalələr məcmuəsinin
məsul katibidir. Hazırda ADPU-nun Ümumi pedaqogika
kafedrasının professoru kimi fəaliyyət göstərən
F.Abbas oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinin
pedaqoji fakültəsinin dekanıdır.
Azərbaycanın
pedaqoq alimləri sırasında özünəməxsus yeri
və rolu olan Fərrux Rüstəmovun son dörd kitabı
dünya pedaqoji fikir tarixini öyrənmək baxımından
dəyərli əsərlərdir.
Ötən
əsrin 70-ci illərinə qədər türk
xalqlarının ən qədim abidələri Orxon-Yenisey abidələri
sayılırdı. Qızıl şahzadənin
tanınması özünü sivil elan edən xalqları
fakt qarşısında qoydu: türklərin hələ b.e.ə.
V əsrdə əlifbası olmuşdur. XIX əsrdə
Fransada tapılmış marala bənzər iribuynuzlu keyik
kitabəsi üzərindəki yazının 1993-cü ildə
türk alimləri tərəfindən oxusu isə başqa bir
faktı aşkara çıxardı: "Atəşə
inanaraq tək Tanrını dərk etdilər"
yazısının 4 min 500 il yaşı vardır!
Bu qəbildən
olan faktlar, mövcud materiallar qədim Şərqin ilk elmi
biliklərin vətəni olmasını təsdiqləyir. Fərrux
Rüstəmov "Şərqdə pedaqogika tarixi" əsərində
Babil, Hindistan, Çin, Fələstin ölkələri
xalqlarının "bəşəriyyətə misli-bərabəri
olmayan bir təcrübə qoyub" getdiklərini qeyd
etmişdir. Mərhum filosof Z.Məmmədovun: "Orta əsrlərdə
Qərb ölkələrində - xristian aləmində din
ictimai şüurun digər formaları üzərində
hakim kəsildiyi, fəlsəfənin "sxolastikanın kənizinə"
çevrildiyi bir vaxtda müsəlman Şərqində
yüksək səviyyəli elmi fəlsəfi təlimlər
var idi" - fikrinə istinad edən müəllif yazır: Qərbdə
dünyəvi elmlərin qadağan edildiyi, yalnız dini elmlərin
öyrənildiyi bir dövrdə Şərq intibahı Qərbə
təsir göstərmişdi. İngilis şərqşünas
alimi U.M.Vott "Orta əsr Avropasına İslamın təsiri"
kitabında yazırdı: "Şərq alimlərinin tədqiqatları
olmasaydı, Avropada elm və fəlsəfə belə sürətlə
inkişaf edə bilməzdi". 14 çap vərəqi həcmində
olan kitabın girişində Fərrux müəllim N.Tusi,
R.Vinter, C.Nehru kimi elmi təfəkkür sahibləri və
ictimai xadimlərin fikir və mülahizələrinə əsaslanmaqla
Yaxın, Orta və Uzaq Şərqdə yaşamış və
yaşayan şumer, hind, çin, türk, ərəb, fars,
tacik və b. xalqların "təlim-tərbiyə ilə
bağlı min illər boyu yaratdığı nəzəriyyə
və təcrübə ilə" tələbə, magistrant
və pedaqogika tarixçilərini tanış etmək məqsədilə
"Şərqdə pedaqogika tarixi" tədris vəsaitini
araya-ərsəyə gətirmişdir.
Qədim
Şumer məktəblərində təlimin əsas məqsədi
sənət öyrətmək olmuş, həmçinin
ilahiyyat, coğrafiya, nəbatat, zoologiya, mineralogiya, qrammatika ilə
də bağlı savad verilmişdi. Ebubbaların (ilk məktəblərin)
mirzələrinin ailələrində, sonralar məbəd və
saraylarda yarandığını qeyd edən müəllif
Şumer məktəblərində mövcud olmuş proqramlardan
bəhs etmiş, məktəb təhsilinin tədricən
genişlənərək aristokratlarla, ruhanilərlə
yanaşı, sənətkarları və tacirləri də əhatə
etdiyini göstərmiş, şumerlərin ailə tərbiyəsinə
yüksək qiymət verdiyindən, əxlaq tərbiyəsi
ilə bağlı fikirlərin əksini tapmış nəsihətlərdən,
"Bilqamıs" dastanının pedaqoji dəyərlərindən
bəhs etmişdir.
Qədim
Misirdə ailə tərbiyəsi və təlimi qadınla
kişi arasında qarşılıqlı münasibətlərin
xarakterini əks etdirmiş, misirlilər daş, ağac, dəri,
heyvan sümüklərində heroqliflərlə
yazmışlar. F.Rüstəmov pedaqoji metod və vasitələrdən
bəhs etmiş, təlimin peşələrə
hazırlıq məqsədi daşıdığından,
hakim qrupların inhisarında olan kahinlər və imtiyazlı
adamlar (1) və xırda məmurlar hazırlayan (2) məktəblər
haqqında söhbət açmışdır. Bu baxımdan qədim türklərdə
tərbiyə ilə bağlı paraqraf da özünün dərin
məzmunu və üslub tərzi ilə seçilir.
Kitabın
ən böyük fəsli "Orta əsrlərdə Şərqdə
məktəb və pedaqoji fikir" adlanır.
Fərrux
Rüstəmov dünya ictimai fikri və pedaqoji-əxlaqi dəyərlərinin
formalaşmasında İslamın rolunu və yerini görkəmli
alimlərin fikir və mülahizələrinə söykənməklə
dəyərləndirmişdir. "Qurani-Kərim"də tərbiyə
məsələləri çox köklü şəkildə
qoyulmuşdur. Müəllif yazır ki, İslamda
uşağın tərbiyəsi baxımından
inkişafı iki dövrə bölünür. Və kitabda
həmin dövrlər səciyyələndirilmişdir.
İslamda tərbiyənin baş metodoloji prinsipi müəyyənləşdirildiyini
vurğulayan müəllif bilavasitə tərbiyə ilə
bağlı ayələri 2 qrupda təsnif etmiş, bunları
oxuculara çatdırmış, elm sözünün 850 dəfə
qeyd edildiyi Quranda tərbiyənin İlahi səciyyə
daşıdığını, İslamda tərbiyənin
insan fitrəti ilə bağlılığını,
ümumi səciyyə daşıdığını,
inandırıcı və qaneedici olmasını, İslamda tərbiyəyə
fərdi və ictimai məsuliyyət kimi
yanaşıldığını qeyd, şərh və təhlil
etmişdir. Kitabın müqaviq hissəsində İslam
müqəddəslərindən Məhəmməd Peyğəmbərin
(s.ə.s.) ədəb, əxlaq, natiqlik məharəti, iş
və cavanlıq, həya və namus, valideynlər, qadın, sədəqə,
nəfs, qeybət haqqında fikirlərinin təqdim edilməsi
onun dəyərini artırmışdır. Həmçinin Həzrəti
Əlinin fikirləri, oğlu İmam Həsənə (ə)
vəsiyyəti hissələri də öyrədici və məzmunludur.
Kitabda
Qaraxanlı türklərində tərbiyə məsələlərinə
işıq salınmışdır. M.Kaşqarlı, Yusif Xas
Hacib, Əhməd Yüknəki, Əhməd Yasəvi kimi
qüdrətli təfəkkür sahibləri türk tərbiyə
sistemi haqqında bir-birini zənginləşdirib dərinləşdirən
fikirlər qələmə almış, sufi və milli dəyərlərin
vəhdəti kimi tarixləşən sətirlər irs
qoymuşlar.
Professor
F.Rüstəmov həm də Azərbaycanda pedaqoji elmin
tarixini, onun ayrı-ayrı dövrlərinin inkişaf səviyyəsini
dərindən öyrənmiş, "Azərbaycanda pedaqoji
elmin inkişafı yolları" adlı sanballı bir əsər
yazmışdır (2003).
Çoxlu
sayda qəzet və jurnal məqalələri, ayrı-ayrı əsərlərə
verilmiş rəylər, opponent
çıxışları... Fərrux Rüstəmovun qələmindən
çıxmışdır. Professor H.Əhmədovun əsərlərinin
5 cildliyinin tərtibində də onun böyük əməyi
vardır.
F.Rüstəmovun
"Qərb pedaqogika tarixi" kitabı bir növ "Şərqdə
pedaqogika tarixi" kitabının davamı olan, Təhsil
Nazirliyinin təsdiq etdiyi (23.08.1999) "Pedaqogika tarixi"
proqramının tələblərinə uyğun
yazılmış bir dərs vəsaitidir.
Ayrı-ayrı
xalqların görkəmli tarixi-siyasi xadimlərinin, sənət
adamları və pedaqoji fikir nümayəndələrinin təlimləri,
əsərləri səbr və təmkinlə izlənilmiş,
obyektivlik və elmilik prizmasından
araşdırılmışdır.
Bir
hikmətli kəlam var: Unutsaq unudularıq. Sən
keçmişə güllə atsan, gələcək səni
topa tutar.
Fərrux
müəllimi həmyaşıdlarından, həmkarlarından
fərqləndirən, eləcə də həmyaşıdlarına
və həmkarlarına sevdirən cəhətlərdən
biri onun yaxın keçmişdə yaşayıb
yaratmış pedaqoqlar nəslinə olan dərin hörmət
və ehtiramı, onların elmi-pedaqoji
yaradıcılığına olan səmimi, xeyirxah və
humanist münasibətidir. 1999-cu ildə onun çap etdirdiyi
"Pedaqogika kafedrasının tarixi: sələflər və
xələflər" kitabı təxminən 7 çap vərəqi
həcmində olub, ADPU-nun Ümumi pedaqogika kafedrasının
özül daşını qoyanlara, burada
çalışaraq haqq dünyasına qovuşanlara,
hazırda orada elmi-pedaqoji fəaliyyət göstərənlərə
layiqli töhfədir.
***
Azərbaycanda pedaqoji və
psixoloji elmlərin cəmiyyət həyatına
daha geniş nüfuz etdiyi bir zamanda pedaqogika
ilə bağlı dərslik
və dərs vəsaitinə böyük
ehtiyac yarandı. Bu sahədəki boşluğu
doldurmaq baxımından
Fərrux müəllimin Gürcüstan
Pedaqoji Elmlər
Akademiyasının həqiqi üzvü,
professor Əmrulla
Paşayevlə birlikdə hazırladıqları kitab-dərslik
2002-ci ildə nəşr olunmuşdur.
Hələ
gənclik illərindən tədqiqatçı əməyi,
şəxsi keyfiyyətləri, çoxsaylı əsərləri
ilə müasiri olan tanınmış pedaqoq, psixoloq və
metodist alimlər, geniş pedaqoji ictimaiyyət tərəfindən
hörmət, sevgi və rəğbətlə
qarşılanan professor Fərrux Rüstəmov, demək olar
ki, hər gün işləyir: oxuyur, qeydlər aparır, səhifələri
səhifələr üstünə yığıb əsərlər
hazırlayır. Yorulmur, usanmır və burada Ş.Badler
adlı bir əcnəbi müdrikin fikri yada düşür:
Çox işlədikcə daha yaxşı işləyir və
o qədər də həvəslə işləmək istəyirsən.
Uğurlar
olsun, Fərrux müəllim.
***
Böyük
Ömər Xəyyam demişdir:
Bir
ucsuz-bucaqsız dairədə sən,
İki
cür insanı xoşbəxt görərsən.
Bir qismi hər şeyi bilən, o biri
Xəbərsiz yaşayan dünya işindən.
Hər şeyi bilməklə, daha doğrusu, bilib öyrənməklə
ömrü tarixə çevirmək ən böyük xoşbəxtlikdir.
Tarix çox şeyi unudur, çox adam əsrlərin
qara pərdəsinə
bürünüb yoxa
çıxır. Təkcə torpağa,
bu torpaqda yaşayan xalqa, xalqın adət-ənənələrinə,
adət-ənənələrin müqəddəs və ülvi mahiyyətinə bağlananlar, halal əməyi, xeyirxah əməlləri ilə insanların mənəviyyatında
iz qoyanlar yaşayırlar. Sağ
ikən ürəklərdə
özlərinə abidə
ucaldır, xatirələrdə
əbədiləşirlər. Belələri Allahın nuruna
layiq görülənlərdir.
S.Qəzvini yazmışdır:
Tanrı
da düşməndir
mənəm deyənə,
Elmini əməldə
göstərməyənə.
Elmini əməldə göstərən
Fərrux Rüstəmovun
Azərbaycan pedaqoji elmini yeni əsərlərlə
zənginləşdirəcəyinə ümid və inamla:
Şamxəlil MƏMMƏDOV
Azərbaycan müəllimi.-
2010.- 31 dekabr.- S.12.