Uğur və zirvə ili
2010-cu il mənim həyatımda
uğur və zirvə ili oldu! Həm bu ildə, həm
də həyatım boyu əldə
etdiyim bütün uğur və nailiyyətlərimə
görə öncə valideynlərimə, müəllimlərimə
və sonra da məni əhatə edən yaxşı insanlara çox minnətdaram.
Pedaqoji fəaliyyətimə
1996-cı ildə Xətai rayonundakı 204 nömrəli orta məktəbdə biologiya müəllimi kimi
başladım. Hazırda da bu məktəbdə
çalışıram. 2008-2009-cu tədris ilində "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi oldum. Pedaqoji
fəaliyyətimdə çox nailiyyətlərim olub, ancaq 2010-cu ildə mənim
bu fəaliyyətlərimin
sırasına yeniləri də əlavə
olundu: Biologiya fənn proqramının müəlliflərindən
biri oldum, Biologiya fənn kurikulumunun
hazırlanması və
dərsliklərin qiymətləndirilməsi işçi
qrupunun üzvü, Azərbaycan
Respublikası Təhsil
Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin məsləhətçisi,
Kurikulum Portalının
veb-masteri. 2010-2011-ci tədris
ilinin 10 və
11-ci siniflər üçün "Ümumi biologiya" dərsliyinin
həmmüəllifi olmaq şərəfinə
də nail oldum. Dəfələrlə
müxtəlif yerli və
xarici ölkələrin konfrans,
seminar və "dəyirmi
masa"larında iştirak edərək yenə də
müxtəlif diplom və
sertifikatlara layiq görüldüm.
2010-cu ildə Lomonosov adına Moskva Dövlət Universitetinin
Moskva Pedaqoji Universiteti ilə birlikdə təşkil etdiyi
uzaqdan təhsil yoluyla ixtisasartırma kursunu bitirdim.
Onu
da qeyd edim ki, mənim həyatımda
2010-cu ilin ən yaddaqalan və ən
önəmli hadisələrindən biri Beynəlxalq Müəllim
Günü ərəfəsində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə ölkəmizdə təhsilin inkişafındakı
xidmətlərinə görə bir qrup təhsil
işçisinə verilən "Əməkdar müəllim"
fəxri adı ilə təltif olunanların siyahısında
mənim də adımın olması idi. Mən və mənim
ailəm bu xəbəri
eşitcək çox şad olduq. Anam və atam da bu sevincimə
şərik olub, mənim üzərimdə çəkdikləri
zəhmətlərinin hədər getmədiyini və mənimlə
fəxr etdiklərini bildirdilər. Biz ailəvi olaraq bunu
ölkə başçısının təhsilə, təhsil
işçilərinə davamlı olaraq göstərdiyi diqqət
və qayğının yeni nümunəsi kimi
qarşılayıb, müəllim əməyinə verilən
yüksək qiymət kimi dəyərləndiririk.
Əməyimə,
çoxillik fəaliyyətimə verilən böyük dəyərə
görə möhtərəm Prezidentimiz İlham Əliyevə,
hər zaman dəstəyini, köməyini hiss etdiyim təhsil
naziri Misir Mərdanova, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyevaya, işlədiyim
məktəbin dəyərli kollektivinə, direktorumuz Ziba
Rzayevaya öz dərin minnətdarlığımı bildirirəm. Bu adın çox böyük məsuliyyəti
var - bu adı layiqincə öz üzərində
daşımaq məsuliyyəti! Mən bu məsuliyyəti
öz üzərimdə hiss edir və bu adı daha uca və yüksək zirvədə
saxlamaqdan ötrü bütün imkanlarımı səfərbər
edərək təhsil islahatımızı nəinki
respublikamızda, hətta xarici ölkələrdə də
layiqincə təmsil edəcəyəm. Necə ki, bunu davamlı olaraq edirəm.
Bütün
həmkarlarımı qarşıdan gələn yeni 2011-ci il
münasibətilə ürəkdən təbrik edirəm. Əziz
müəllimlər, qoy bu yeni ildə sizin ürəyinizdə
olan yaşayıb-yaratmaq odu, öyrətmək eşqi
heç vaxt sönməsin. Bir daha sizləri təbrik edir,
sizlərə uzun ömür, cansağlığı və
pedaqoji fəaliyyətinizdə yeni-yeni yaradıcılıq
uğurları arzulayıram! Müəllim
bir ziyadır! Elə həmin ziyadan bol-bol içən
pöhrələr də bu gün qol-budaq atıb, onun xoşbəxt
müəllim əməyinin bəhrəsini
görən insan kimi şöhrət tapmasına səbəb
olur! 2011-ci il həmişəki kimi UĞUR ilimiz olsun!
Almaz HƏSRƏT
Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.13.