2009-2010-cu dərs ilində mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış
imtahanlarında biologiya fənni üzrə nəticələr
barədə
Biologiya təbiət fənlərinə
aiddir. Canlılar aləmindən bəhs edən biologiya fənni
şagirdlərə canlı təbiətin maddiliyini,
qanunauyğunluqlarını, canlıların yaranması,
quruluşu, yayılması, inkişafı, qorunması
funksiyası, ən başlıcası isə biososial
varlıq olan insanın öz orqanizminin quruluşu və həyati
xüsusiyyətlərinin öyrənilməsinə şərait
yaradır. İnsanın davamlı inkişafı və
sağlamlığın qorunması ilə bağlı
şagirdə bilik verir və onlarda bacarıqlar - əməli
vərdişlər formalaşdırır. Biologiya fənninin
tədrisi sayəsində insanın bioloji və sosial mahiyyətini
başa düşən hər bir şagird özünün,
yaxınlarının sağlamlığının
qorunmasına və sağlam həyat tərzinə
hazırlanmış olur.
Təbiət fənləri qrupuna daxil
olan biologiya fənni şagirdlərdən nəzəri biliklərin
müşahidələr və təcrübələr əsasında
dərk olunmasını tələb edir. Bioloji prosesləri
başa düşmək üçün şagirdlərdə
sadə riyazi hesablamalar aparmaq, müqayisəli təhlil etmək
və məntiqi düşünmək bacarığı
olmalıdır.
Bu fənnin əsas məqsədi doğma təbiəti şagirdlərə
sevdirmək, canlı maddi aləmin tamlığı və vəhdət
təşkil etməsi haqqında elmi
dünyagörüşü inkişaf etdirmək, şagirdə nəinki böyük
və müxtəlif materialda araşdırma aparmaq və
istiqamətlənmək, həm də bioloji prosesləri, hadisələri
bir-biri ilə əlaqələndirməyi öyrətməkdir
(ümumi bioloji qanunauyğunluqlara əsaslanan biliklərlə).
Biologiya fənninin qarşısında
duran əsas vəzifə Azərbaycan
Respublikasında ümumi təhsilin Milli Kurikulumu çərçivə
sənədində belə müəyyən edilib:
Tam orta təhsil
pilləsində şagirdlərdə həyatın
əmələ gəlməsi, hüceyrə, üzvi aləmin
inkişafı və təkamülü, insanın mənşəyi,
genetika və seleksiyanın əsasları, ekologiyanın
problemləri və həlli yolları haqqında ətraflı
təsəvvür formalaşdırır, qlobal ekoloji problemlərin
aradan qaldırılması yollarını
araşdırır, seleksiyanın tətbiqi yollarını
izah edir, canlı maddi aləmin tamlığı və vəhdət
təşkil etməsi haqqında elmi
dünyagörüşü və məntiqi təfəkkür
inkişaf etdirilir.
Orta məktəbi bitirən şagirdin
bioloji biliklərini formalaşdırmaq üçün
kiçik siniflərdən başlayaraq məqsədyönlü
iş aparmaq lazımdır. Məqsədə nail olmaq və
yaxşı nəticələr əldə etmək
üçün müəllimlər:
- yaradıcı, işgüzar
olmalı, yeniliklərlə ayaqlaşmalı;
- kiçik siniflərdən
başlayaraq şagirdlərdə fənlərarası əlaqə yaratmalı, səbəb-nəticə
müəyyən edə bilmək bacarığını
inkişaf etdirməli;
- şagirdlərdə müşahidə
edib təcrübə aparıb nəticə çıxara
bilmək, nəzəri bilikləri tətbiq edə bilmək
bacarığı formalaşdırmalı;
- qiymətləndirmənin bütün
formaları ilə davamlı olaraq şagirdlərin biliyi
haqqında məlumat toplamalı və təhlil etməli;
- istedadlı şagirdlərlə fərdi
iş aparılmalı, eyni zamanda
- əyaniliyi təmin etmək
üçün məktəbin təchiz olunmuş kabineti
olmalıdır.
Orta məktəbi bitirən hər bir gənc
müstəqil həyata qədəm qoyur. Məktəbin də
əsas vəzifəsi onu həyata hazırlamaqdır. Odur ki,
şagirdlərin bilik və bacarıqlarını yoxlamaq
üçün sualları tərtib edərkən həyati
bacarıqlara əsaslanan elə bioloji biliklərə
üstünlük verilməlidir.
2009-2010-cu tədris
ilində Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarında
biologiya fənnindən məzunlara təklif olunmuş qiymətləndirmə
vasitələrinin təhlilinə
nəzər salaq. Qeyd etmək lazımdır ki, tərtib
olunmuş test tapşırıqları Təhsil Nazirliyi tərəfindən
təsdiq olunmuş dərsliklər və tədris
proqramları əsasında hazırlanmışdır.
1. Azərbaycanın
hansı rayonunda çay bitkisi
becərilmir?
A) Lənkəran B) Astara C) Zaqatala D) Göyçay E) Masallı
VII sinfin "Bitkilər" bölməsini
əhatə edən sadə və ümumiləşdirici test
tapşırığıdır. Məqsəd hər gün
istifadə olunan kənd təsərrüfatı bitkilərini
tanımaq, onlardan istifadə qaydalarını bilmək, vegetativ
və generativ orqanları müqayisə edə bilmək, nəzəri
bilikləri praktikada tətbiq edə bilmək
bacarığını aşkara çıxarmaqdır. Təqdim
olunan test tapşırığı hafizəyönümlüdür.
70,66% şagirdlər bu
tapşırığa düzgün cavab vermişlər.
Düzgün
cavab: D
2.Xemosintezedici
bakteriyalara aid deyil:
A) nitrifikasiya bakteriyaları
B) süd turşusu bakteriyaları
C) hidrogen bakteriyaları
D) kükürd bakteriyaları
E) dəmir bakteriyaları
Sadə
faktoloji test tapşırığıdır. Məqsəd
göbələkləri tanımaq, onları fərqləndirə
bilmək, təbiətdə və insan həyatında
onların rolunu müəyyən edə bilmək, ümumiləşdirmə,
mühakimə və tətbiqetmə bacarığını
yoxlamaqdır. Nəticənin 52,79% olması biologiya müəllimlərinin
bu sahəyə diqqət artırmasını tələb
edir.
Düzgün
cavab: B
3.
Aşağıdakılardan hansı balıqlarda yoxdur?
A) qabırğa B) böyrək C) qaraciyər D) döş qəfəsi E) mədəaltı vəzi
Zoologiya bölməsinə aid orta dərəcəli
ümumiləşdirici test tapşırığıdır.
Məqsəd təbiətdə canlı orqanizmlərin
vahidliyi sistemliliyi və müxtəlifliyini, canlıların
quruluşu və onların funksional xüsusiyyətlərini müqayisə, təhlil və tədqiqetmə
bacarığını aşkara çıxarmaqdır.
55,56% müsbət cavab verilməsi
onu göstərir ki, şagirdlər kiçik siniflərdə daha həvəslə oxuyurlar.
Düzgün
cavab: D
4. İnsan
orqanizmində çanaq boşluğunda yerləşmir:
A) sidik kisəsi B) böyrək C) uşaqlıq D) prostat vəzi E) düz bağırsaq
IX sinif materialına əsaslanan orta dərəcəli
faktoloji test tapşırığıdır. Məqsəd
ümumiləşdirmə, mühakimə və nəzəri biliklərin tətbiqi bacarığını
yoxlamaqdır. Tam orta təhsilli
hər bir insan öz orqanizminin
quruluşunu bilməli, sağlamlığını
qorumağı, zərərçəkənlərə ilk
yardım etməyi bacarmalıdır. 48,43% düzgün cavab
bu sahədə vəziyyətin
qənaətbəxş olmadığını göstərir.
Düzgün
cavab: B
5. DNT-nin bir zəncirinin
müəyyən hissəsində nukleotidlərin
ardıcıllığı -Q-S-Q-A-T-T- olarsa, onda bu molekulun
ikinci zəncirinin həmin sahəsində neçə adenin
(A) nukleotidi olar?
A) 1 B) 2 C) 3 D) 4 E) 5
X sinif "Sitologiya" bölməsi əsasında
hazırlanmış çətin, məntiq tələb edən
test tapşırığıdır. Məqsəd müxtəlif bilik mənbələrindən
istifadə etmək, qazanılan bilikləri ümumiləşdirib
nəticə çıxarmağı bacarmaq qabiliyyətini
yoxlamaqdır. Təbii ki, hər bir şagird sadə riyazi
biliklərə malik olmalı, onlardan gündəlik həyatında
istifadə etməyi bacarmalıdır. Təəssüf ki,
25,17% nəticə onu göstərir ki, şagirdlərin bir
hissəsi hələ də məntiqi təfəkkür tələb
edən suallara cavab verməkdə çətinlik çəkir.
Düzgün
cavab: B
6. Bitkilərin təkamülündə
idioadaptasiyaya misal ola bilər:
A) toxuma və orqanların meydana gəlməsi
B) toxumla çoxalma
C) çiçəyin əmələ gəlməsi
D) köklərin əmələ gəlməsi
E) quraqlıq şəraitinə
uyğunlaşma
Orta dərəcəli, faktoloji test
tapşırığıdır. Biologiya fənn kurikulumunda
qeyd olunur ki, tam orta təhsil pilləsində şagirdlərdə
həyatın əmələ gəlməsi, üzvi aləmin inkişafı və
təkamülü, canlı maddi aləmin tamlığı və
vəhdət təşkil etməsi haqqında elmi dünyagörüşü
və məntiqi təfəkkür inkişaf etdirilməlidir.
Test tapşırığının məqsədi də
müqayisə, təhlil və tədqiqetmə
bacarığını yoxlamaqdır. 40,82% nəticə onu göstərir ki,
bu sahəyə diqqəti artırmaq lazımdır.
Düzgün
cavab: E
7. Antropogenezdə qədim insanlara aiddir:
A) avstralopitek
B) kromanyon C)
neandertal D) pitekantrop E) sinantrop
Orta, ümumiləşdirici fənlərarası
test tapşırığıdır. Şagirdlər insanın təkamülü
haqqında məlumatlarla tarix dərsində də
qarşılaşmışlar. Tam
orta təhsil pilləsində şagirdlərdə
insanın mənşəyi haqqında ətraflı təsəvvür
formalaşdırılır (fənn kurikulumu). Məqsəd
şagirdlərin bu mövzu haqqındakı biliklərini ümumiləşdirib nəticə
çıxarmaq bacarığını yoxlamaqdır.
Düzgün cavab verən şagirdlər 43,4% təşkil edir ki, bu da qənaətbəxş
sayılmır.
Düzgün
cavab: C
8. Hüceyrələrdəki
hansı bölünmə həm də reduksion bölünmə
adlanır?
A) mitoz B) amitoz C) meyoz D) sadə bölünmə E) düzünə
bölünmə
Orta dərəcəli elmi-məntiqi bioloji biliklərə əsaslanan
test tapşırığıdır. Hər bir şagird
canlıların quruluşu və onların funksional
xüsusiyyətlərini bilməli, onları müqayisə və
təhlil edib tətbiq etməyi bacarmalıdır. Test
tapşırığının hazırlanmasında da məqsəd
budur. 46,1% nəticə onu göstərir ki, şagirdlər məntiqi
testlərlə daha çox işləməlidirlər.
Düzgün
cavab: C
9. Genetikada
insanın xromosomlarını öyrənməyə əsaslanan
metod necə adlanır?
A) biokimyəvi B) əkizlik C) sitogenetik D) hibridoloji E) genealoji
XI sinif materialları əsasında
hazırlanmışdır. Sadə terminoloji test
tapşırığıdır. Tam orta təhsil pilləsində şagirdlərdə
genetika və seleksiyanın əsasları haqqında ətraflı
təsəvvür formalaşdırır, seleksiyanın tətbiqi
yollarını izah edir, canlı maddi aləmin
tamlığı və vəhdət təşkil etməsi
haqqında elmi dünyagörüşü və məntiqi təfəkkür
inkişaf etdirilir. Məqsəd şagirdlərin sadə
genetik biliklərə malik olduğunu yoxlamaqdır.
Düzgün yazılmış cavabların 38,92% olması belə
deməyə imkan verir ki, hələ də bir çox müəllimlərimiz
"Genetika" bölməsini yetərincə tədris etmirlər.
Düzgün
cavab: C
10.
V.İ.Vernadski Yerin "ağıllı" qatını necə
adlandırmışdır?
A) biosfer
B) noosfer C) litosfer D) troposfer E) stratosfer
Sadə ümumiləşdirici test
tapşırığıdır. Biologiya fənn kurikulumunda
qeyd olunur ki, XI sinfin sonunda
şagird:
Ekoloji amillərin canlıların həyatında
rolunu şərh edir, regional ekoloji problemlərl, ekoloji amillərin
canlıların həyatında rolunu izah edir. Məqsəd bu
bacarığın yoxlanılmasıdır. 31,43% göstərici
şagirdlərdə bu bacarıqların zəif olduğunu
göstərir.
Düzgün
cavab: B
Qeyd etmək lazımdır ki, test
tapşırıqları hazırda müəllim və şagirdlərin
əlində olan 11-ci sinif buraxılış imtahanları
üçün hazırlanmış "Test
bankı"ndan hazırlanmışdır. Buna baxmayaraq, bir
çox məktəblərdə imtahana
hazırlığın səviyyəsi yüksək
olmamış, müəllimlər şagirdlərlə zəif iş aparmışlar.
2010-2011-ci dərs
ilinin yoxlama və buraxılış imtahanlarında da ancaq
proqram materiallarından istifadə olunacaq bəzi mürəkkəblik
dərəcəsinə görə orta və çətin
sayılan test tapşırıqlarının həlli
nümunələrinə baxaq:
1. Qida zəncirlərində
həm produsent, həm də konsument kimi iştirak edə bilən
ibtidai orqanizm hansıdır?
A) Adi amöb
B) Dizenteriya amöbü
C) Yaşıl evqlena D)
İnfuzor-tərlik E) Malyariya
paraziti
Verilən test tapşırığı
orta çətinliyə malik mövzulararası test
tapşırığıdır. VII sinif zoologiyadan
"İbtidailər" və XI sinif ümumi biologiyadan
"Ekologiya" bölmələrini əhatə edir.
Şagirdlər bu test tapşırığını yerinə
yetirmək üçün biogeosenozun əsas strukturunu müəyyən
edən canlılar qrupu, yəni produsentlər, konsumentlər və
redusentlər haqqında məlumata malik olmalıdırlar.
Onlar bilməlidir ki, produsentlər üzvi maddələr
istehsal edən avtotrof orqanizmlər, xüsusən yaşıl
bitkilərdir. Konsumentlər isə hazır üzvi maddə ilə
qidalanan heterotrof orqanizmlərdir. Şirin su hövzəsinin
ekosistemində ibtidai birhüceyrəli heyvan olan yaşıl
evqlena işıqda bitkilər kimi avtotrof qidalanır, uzun
müddət qaranlıqda qaldıqda isə rəngsizləşir
və hazır üzvi maddələrlə qidalanmağa
başlayır. Yəni birinci halda o, produsent, ikinci halda isə
konsumentdir.
Düzgün
cavab: C
2. Üzvi aləmin
təkamülü prosesində aşağıdakılardan
hansı aromorfoza misal ola bilər:
A) quşlarda istiqanlılıq
B) skatda yastı bədən forması
C) balinakimilərdə dərialtı
qalın piy qatı
D) şalada bədənin qoruyucu rəngi
E) lentşəkilli qurdlarda
bağırsağın reduksiyaya uğraması
Bu test tapşırığı X sinif
üzvi aləmin təkamülü mövzusu əsasında
hazırlanmışdır. Mürəkkəblik dərəcəsinə
görə çətin test tapşırığı
sayılır. Məqsəd üzvi aləmin təkamülü
prosesinin istiqamət və yollarını fərqləndirə
və tətbiq edə bilmək bacarığını müəyyənləşdirməkdir.
Məlumdur ki, aromorfoz ümumi quruluş yüksəlişinə
aparan, orqanizmlərin mürəkkəbləşməsi ilə
bağlı olan böyük təkamül dəyişkənliyidir.
Aromorfoz böyük sistematik vahidlərin meydana
çıxmasına gətirib çıxarır. Verilmiş
test tapşırığındakı B), C), D), E)
distraktorlarında idioadaptasiyaya, yəni mühit şəraitinə
uyğunlaşmağa xidmət edən xırda təkamül
dəyişkənliklərinə misallar verilmişdir.
Quşlarda və məməlilərdə istiqanlılıq isə
ilk əvvəl qan-damar və tənəffüs sistemi
orqanlarının, ümumilikdə bütün orqanizmin
mürəkkəbləşməsi ilə əlaqədardır.
Düzgün
cavab: A
3. DNT
molekulunda QUOTE nukleotidlərinin nisbəti neçəyə bərabərdir?
A) 2 B)
1 C) 0 D) 4 E) 10
Hesablama xarakterli orta səviyyəli test
tapşırığıdır. Tapşırığı
yerinə yetirmək üçün şagird X sinif "Sitologiya" bölməsi
üzrə biliklərə malik olmalıdır. O, DNT
molekulunun ikiqat zəncirinin quruluşunu, komplementarlıq
prinsipini, nukleotidlərin həndəsi və kimyəvi
quruluş uyğunluğunu yaxşı bilməlidir. Məlumdur
ki, DNT molekulu iki zəncirlidir. Zəncirlər bir-biri ilə
azot əsasları olan hissədə
qarşı-qarşıya durur. Komplementarlıq prinsipinə əsasən
adenin (A) timinə (T), quanin (Q) isə sitozinə (S)
uyğundur və onlar arasında hidrogen rabitəsi yaranır.
Deməli, zəncirdə adenin nukleotidlərinin sayı timinə,
quanin nukleotidlərinin sayı da sitozinə bərabərdir: A=T və S=Q.
Sadə riyazi məntiqə görə,
A+Q=T+S yəni,
Düzgün
cavab: B
4. Drozofil
milçəyinin toxumluğunda meyoz prosesinə neçə
ilkin cinsi hüceyrə daxil olmalıdır ki, alınan
spermatozoidlərdə xromosomların ümumi sayı 80-ə bərabər
olsun (2n=8)?
A) 10 B)
5 C) 4 D) 20 E) 40
Hesablama testləri kateqoriyasına daxil olan
çətin mövzulararası test
tapşırığıdır. Bu
tapşırığı yerinə yetirmək
üçün şagird ümumi biologiyadan "Orqanizmlərin
çoxalması və inkişafı" və
"Genetikanın əsasları" bölmələrini əsaslandırmağı
bacarmalıdır. Nəzəri biliklərini praktik olaraq tətbiq
edib tapşırığın cavabını
aşağıdakı kimi hesablamalıdırlar:
çoxhüceyrəli heyvanlarda cinsiyyət hüceyrələrinin
formalaşması prosesi cinsiyyət vəzilərində gedir
ki, bu qametogenez prosesi adlanır. Erkək cinsi hüceyrələrin
yaranması prosesində ilkin cinsiyyət hüceyrəsi
yetişmə zonasında meyoz yolla bölünür. Nəticədə
bir ilkin cinsiyyət hüceyrəsindən dörd spermatozoid əmələ
gəlir və onlarda xromosom sayı haploid olur. Məsələnin şərtində
verilmişdir ki, alınan spermatozoidlərdə xromosomların
ümumi sayı 80-ə bərabərdir. Əgər bir
spermatozoiddə xromosomların haploid sayı n=4 olarsa, onda
80:4=20 spermatozoidlərin ümumi sayı alınır. Nəzərə
alsaq ki, bir ilkin cinsi hüceyrədən 4 spermatozoid əmələ
gəlir, onda 20:4=5 ilkin hüceyrə alınır. Deməli,
drozofil milçəyinin toxumluğunda meyoz prosesinə 5 ilkin
cinsi hüceyrə daxil olmuşdur.
Düzgün
cavab: B
5. Buğda
toxumunda ehtiyat qida maddələri toplanır:
A) rüşeymin bütün hissələrində
B) toxumun qabığında
C) endospermdə
D) ləpədə
E) rüşeym gövdəciyində
Bu test tapşırığı
mövzulararası, orta çətinlik dərəcəsinə
malikdir. Bu test tapşırığının öhdəsindən
gəlmək üçün şagird VI sinif "Toxum"
bölməsinə və ümumi biologiya "Orqanizmlərin
çoxalması və inkişafı" mövzularına
müraciət etməlidir. Test
tapşırığını yerinə yetirmək
üçün şagirdlər çiçəkli bitkilərdə
ikiqat mayalanma prosesini, toxumun quruluşunu, birləpəli və
ikiləpəli bitkilərin toxumlarını bir-birindən fərqləndirməyi
bacarmalıdırlar. Məlumdur ki, çiçəkli bitkilərdə
ikiqat mayalanmadan sonra mayalanmış yumurta hüceyrə
diploid rüşeymə, mərkəzi hüceyrə isə
onun ehtiyat qidasını təmin edən triploid xromosom
yığımlı endospermə çevrilir. Nəticədə
toxumun formalaşması prosesində əksər ikiləpəli
bitkilərin toxumunda endosperm inkişaf etmir və ehtiyat qida
maddələri rüşeymin hissələrində
toplanılır. Birləpəli bitkilərin toxumunda isə
endosperm yaxşı inkişaf edir. Buğda bitkisi də birləpəli
olduğu üçün onun toxumunda ehtiyat qida maddələri endospermdə
toplanır.
Düzgün
cavab: C
6. Hansı
göbələk parazit deyil?
A) qov göbələyi
B) çovdar mahmızı
C) sürmə
D) yalançı tülküqulağı
E) kartof göbələyi
Ümumiləşdirici xarakterə malik VII
sinif həcmində orta çətinlik dərəcəli test
tapşırığıdır. Bu testə düzgün
cavab vermək üçün şagird göbələklərin
quruluşunu, qidalanma üsulunu bilməli və onları fərqləndirməyi
bacarmalıdır. Hafizə yönümlü bu test
tapşırığında şagird parazit göbələklərinin
adlarını bilməli, onları zəhərli göbələklərlə
qarışdırmamalıdır. Göbələklər
üsuluna görə saprofit və parazit olur. D distraktorundan
başqa digər cavabların hamısında parazit göbələklər
verilmişdir. Bu cavablarda verilmiş göbələklər
digər bitkilərin üzərində yaşayaraq onların
hazır üzvi maddələri hesabına qidalanır. Bəzən
şagirdlər zəhərli göbələkləri də səhvən
parazit kimi qəbul edir, saprofit və parazit qidalanma
üsullarını bir-birindən ayıra bilmirlər. Ona görə də düzgün
cavabı da tapmağa çətinlik çəkirlər. D
distraktorundakı yalançı tülküqulağı
göbələyi qidalanma üsuluna görə saprofit
papaqlı göbələkdir. Yəni saprofitlər bitki və
heyvan qalıqları ilə qidalanır. Deməli,
yalançı tülküqulağı göbələyi
parazit deyil.
Düzgün
cavab: D
7. Əgər
insanda baş-beyin
yarımkürələrinin ənsə payı zədələnərsə,
hansı analizatorun işi pozula bilər?
A) eşitmə B) dəri-əzələ C) görmə D) dad E) qoxu
IX sinif həcmində orta dərəcəli
mühakimə xarakterli test tapşırığıdır.
Bu tapşırığa cavab vermək üçün
şagird "Sinir sistemi" və "Analizatorlar" fəsillərini
yaxşı bilməli, onlar arasında əlaqə
yaratmalıdır. Adətən şagirdlər bu tipli test
tapşırıqlarının həllində bir qədər
çətinlik çəkirlər, çünki qoyulan
tapşırığı yerinə yetirmək
üçün dərslikdə verilən faktları məntiqlə
mətndən distraktorlara gətirmək lazımdır.
"Baş-beyin yarımkürələri" mövzusunda hər
bir analizatorun mərkəzi hissəsi haqqında məlumat
verilir. Və şagird baş-beyin yarımkürələrində
bu mərkəzlərin yerini bildikdən sonra asanlıqla test
tapşırığını yerinə yetirə bilər.
Baş-beyin yarımkürələrinin ənsə payında
görmə hissiyyatının qabıq mərkəzi yerləşir.
Təbii ki, bu nahiyə zədələndikdə görmə
hissiyyatı pozular.
Düzgün
cavab: C
Buraxılış imtahanları
üçün test tapşırıqlarının
hazırlanması sahəsində daim yeni-yeni işlər
görülür, qiymətləndirmə vasitələri
yeniləşir və təkmilləşir. 2010-2011-ci dərs
ilində mərkəzləşdirilmiş qaydada keçiriləcək
buraxılış imtahanlarında biologiya fənnindən 12
sualın salınması şagirdlərin biliyinin obyektiv qiymətləndirilməsi
üçün şərait yaradır.
Təhsil Nazirliyi
Monitorinq və qiymətləndirmə şöbəsi
Azərbaycan
müəllimi.- 2010.- 31 dekabr.- S.14-15.