İlin ən yaxşı şahmatçısı

 

Respublikamızda idmanın bütün növləri kimi şahmat da böyük bir inkişaf mərhələsindədir. Şahmatçılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək Vətənə medallar qazandırır, bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Belə idmançılarımızdan biri də Bakıdakı 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin yetirməsi, beşqat Azərbaycan çempionu, Avropa çempionatının mükafatçısı və nəhayət, 2010-cu ildə Yunanıstanda 18 yaşlı qızlar arasında keçirilən yeniyetmələrin Dünya çempionatının qızıl mükafatçısı, şahmat üzrə beynəlxalq dərəcəli usta Nərmin Kazımovadır. O, Təhsil Nazirliyinin 2010-cu ildə keçirdiyi "İlin ən yaxşı qız şahmatçısı" nominasiyasının qalibidir. 

 

Nərmin 1993-cü ildə Ordubad rayonunun Əylis kəndində anadan olub. 2002-ci ildə şahmatla məşğul olmağa başlayan Nərmin, öz çalışqanlığı və istedadı ilə müəllimlərinin diqqətini cəlb edir və çox keçmir ki, uğurları hamını sevindirir. İstər təhsil aldığı Bakıdakı 111 nömrəli orta məktəbdə, istərsə də  şahmat məktəbində nizam-intizamı və çalışqanlığı ilə yaşıdlarından fərqlənən Nərmin, dünya çempionu olmaq, bayrağımızı beynəlxalq səviyyəli yarışlarda uca tutmağı öz qarşısına məqsəd qoymuşdur və bu məqsədə doğru  addım-addım irəliləyirdi.  

Nərminin dediklərindən: Məndə şahmata marağı anam yaratdı və məni yaxşı şahmatçı olacağıma inandırdı. İlk dəfə şahmat məktəbinə gələndə buradakı ab-hava məni həvəsləndirdi və nədənsə məndə özümə qarşı böyük bir inam yaratdı. Həvəslə, yorulmadan məşqlər edirdim və çalışırdım həm müəllimlərimin, həm də valideynlərimin etimadını doğruldum. İlk illərdə  yarışlara qatılsam da, elə böyük nəticələr əldə etməmişdim. Buraxdığım səhvlərdən nəticə çıxarmaq üçün var gücümlə çalışırdım. Mənimlə bərabər, deyərdim ki, məndən də çox əziyyət çəkən isə məşqçi-müəllimim Rəsul İbrahimov idi. Lakin  2005-ci ildə ilk dəfə respublika çempionu olanda çəkdiyimiz əziyyətlərin hədər getmədiyini anladım. Sevincimin hədd-hüdudu yox idi. Bunu sözlə ifadə etmək çox çətindir. Bundan sonra uğurlarımı təkrarlamağı və daha böyük nailiyyətlər əldə etməyi qarşıma məqsəd qoydum. Bu işdə məktəbimizin direktoru Natiq Ələkbərov bizə hər bir şəraitdə köməklik göstərir, problemlərimizlə maraqlanırdı.  Çox keçmədi ki, qələbələr qazandım və hər dəfə uğur əldə edəndə özümə inamım daha da artdı. Artıq uduzmağı qəbul etmək istəmirdim, çalışırdım adi oyunlarda belə heç kimə məğlub olmayım. Bilirsiz, qələbələri xatırlamaq daha asandır, nəinki məğlubiyyətləri. Uşaq olarkan hər bir qalibiyyətin öz dəyəri var. Azərbaycan çempionu titulu alanda çox sevinirdim. Düzdür, bu uğur o qədər də böyük deyildi, amma mənim üçün çox vacib bir qələbə kimi yadda qalırdı. Düzünü desəm, məğlubiyyəti mənim üçün yadda saxlamaq çox çətindir. Çünki məğlubiyyətlə barışmaq istəmirəm.

Uğurlar əldə etdikcə artıq tanınmağa başlayırsan ki, bu da təbii haldır. Ancaq populyarlıq insana mənfi təsir göstərməməlidir. Düşünürəm ki, bu, insanın özundən asılıdır. Yənı insan öz populyarlığından düzgün istifadə edə bilsə, onun mənfi cəhətləri az görünər. Mən bu günümə, qazandığım ada, nəticələrə, həyatda tutduğum yerə, hər şeyə görə şahmata borcluyam. Populyarlıqdan mənfi bir şey görməmişəm. Mən necə var idim, elə də qalmışam və çalışacam ömrümün axırına qədər mənfi deyilən şeylərdən uzaq olum və normal bir həyat sürüm.  Dünyanın tanınmış  şahmatçısı olmaq istəyirəm və buna çatana qədər var gücümlə çalışacağam. Nəinki mən, hər bir azərbaycanlı gənc istəsə bunun öhdəsindən gələ bilər. Bunun üçün Prezidentimiz cənab İlham Əliyev hər cür şərait yaradıb və biz gənclər bundan maksimum istifadə etməyə çalışmalıyıq. Mən bütün imkanlardan istifadə etməyə çalışıram və gələcəkdə təhsilimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında davam etdirib respublikamıza xidmət etməyi arzulayıram. Uğurlarıma görə valideynlərimə, müəllimlərimə və hörmətli nazir Misir Mərdanova öz təşəkkürümü bildirirəm.

Nərminin məşqçi-müəllimi Rəsul İbrahimov da onun haqqında fikirlərini bizimlə bölüşdü. O, Nərminin böyük potensiala malik olduğunu və öz üzərində ciddi çalışdığını qeyd etdi. Bildirdi ki, Nərmini başqalarından fərqləndirən əsas cəhət onun daim axtarışda olmasıdır. Qeyd etdi ki, şahmatda uğur qazanmağın  əsas  səbəbi çox çalışmaqdır. Təbii ki, istedad olmasa çalışmağın da bir o qədər faydası olmaz. Nərmin bu kompleksləri yaxşı cəmləşdirərək həm istedadıyla, həm də çalışmaqla uğur qazanır. Onunla uzun müddət işləmək mənə xüsusi zövq verir. N.Kazımova dünya çempionu olanda özümü çox xoşbəxt hiss edirdim. Düzdür, ona qədər də bir çox qələbələr qazanmışdı. Ancaq dünya birincisi olmaq tamam başqa bir hissdir. Bu titula görə Nərmini təbrik edirəm və ona öz təşəkkürümü bildirirəm.

Nərmin haqqında söz açan məktəbin direktoru Natiq Ələkbərov şagirdlərinin dünya çempionu olmasından qürur hissi keçirdiyini bildirdi. N.Ələkbərov Nərminin məktəbə gəldiyi günü yaxşı xatırladığını və onun valideynlərinə - Nərmin dünya çempionu olacaq, - deyəndə bəlkə də heç kim bunu bir o qədər ciddi qəbul etmirdi. Lakin zaman hər şeyi həll etdi. Natiq müəllim haqlı idi. Nərmin doğrudan da dünya çempionu oldu.

N.Ələkbərov məktəbin uğurlarının davamlı olacağından və gələcəkdə yeni-yeni nailiyyətlər əldə edəcəklərindən ümidvar olduğunu nəzərə çatdırdı. Qeyd edildi ki, təhsil ocağı həm respublika səviyyəsində, həm də beynəlxalq yarışlarda uğurla çıxış edir. Düzgün qurulmuş iş və gərgin əmək sayəsində məktəb həm Təhsil Nazirliyinin, həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir çox diplom və mükafatları ilə təltif olunub. Təsadüfü deyil ki, məktəbin yetirmələri təkcə 2010-cu ildə beynəlxalq yarışlardan dörd medal əldə ediblər. O, idmana dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək hörmətli Prezident İlham Əliyevə və təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirdi.

Bəli, bir ömrü də belə səhifələdik. Səhifələdikcə qürur hissi keçirdik. Çünki Azərbaycanın sağlam düşüncəli, cəsur ürəkli gəncləri var.  

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.24.