Balacaların bayram şənliyi

 

Bakıdakı 69 nömrəli körpələr evi-uşaq bağçasında  balaca fidanların  şaqraq gülüş sədaları  ətrafa yayılırdı. Balacalar deyib-gülür, şənlənirdilər. Şənlik başlamazdan öncə uşaqlar  Yeni illə bağlı çəkdikləri "Şaxta baba", "Yeni il",  "Qar qız", "Yolka", "Qarlı meşə"  rəsmləri və rəngli kağızlardan  hazırladıqları  fiqurları  nümayiş etdirdilər. Şaxta Baba və  Qar qızın  gəlişi  tədbiri  rövnəqləndirdi. Onlar  Dünya Azərbaycanlılarının Həmrəylik Günü    Yeni il bayramı münasibətilə  balaca dostlarını təbrik edib, hədiyyələri  onlara  payladılar.

Sonra  balaca sakinlər  al-əlvan bəzədilmiş yolkanın ətrafında əl-ələ verib, dövrə vuraraq "Şaxta  baba", "Sən nə gözəlsən, yolka" mahnısını  ifa etdilər. Uşaqlar  özlərini  sehrli nağıl qəhrəmanlarına  bənzətdilər. Onlar "Məlikməmməd" və "Tıq-tıq xanım" nağılı əsasında hazırladıqları  səhnəciyi nümayiş etdirdilər. Milli  və dünya rəqslərini məharətlə  ifa edən balacalar  tədbir iştirakçılarında xoş ovqat yaratdılar. Xədicə və  Zəhra bacıları, Yeganə,  Məhəbbət, Raul, Tofiq,  Qurban, Mehdi, Mehriban,  Oktay, Asya  çoxlu şeirlər, nağıllar və yanıltmaclar söyləyib mahnılar oxudular.  Balaca fidanlar  Şaxta baba və Qar qızla  xatirə şəkli çəkdirdilər.

Şənliyin sonunda  uşaqların sevincinə  qatılan  bağçanın müdiri Solmaz Quliyeva  31 dekabr - Dünya Azərbaycanlılarının  Həmrəylik Günü    Yeni il bayramı münasibətilə  balacaları  səmimi-qəlbdən təbrik etdi. O, öz çıxışında  Heydər Əliyev Fondunun prezidenti,   YUNESKO-nun və İSESKO-nun  xoşməramlı səfiri,  millət vəkili  Mehriban xanım Əliyevanın  uşaqlara diqqət və qayğısından bəhs etdi, ölkəmizin birinci xanımına minnətdarlığını bildirdi. 

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.23.