Dünya Azərbaycanlılarının Həmrəylik Günü

 

Artıq 19 ildir ki, dünya azərbaycanlıları 31 dekabrı həmrəylik günü kimi bayram edirlər. Ulu öndər Heydər Əliyev tərəfindən 1991-ci ilin dekabr ayında Naxçıvan MR-də təsis edilmiş bu bayram illər keçdikcə geniş vüsət aldı, bütün dünyada yaşayan soydaşlarımızı silkələdi, oyatdı, milli birliyə çağırdı. Bu müqəddəs bayram bütün azərbaycanlıları azərbaycançılığa, milli mənəvi dəyərlərimizi qoruyub saxlamağa, xalqına, millətinə, tarixinə, dilinə, dininə, doğma Vətəninə sədaqətli olmağı tövsiyə edir. Dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımızı birliyə, həmrəyliyə dəvət edən bu bayram Diaspora quruculuğunu möhkəmləndirməyə əsas verir.

Açığını deyim ki, sayı 50-60 milyona çatan azərbaycanlıların həmrəyliyinə XX əsrin sonlarında - daha doğrusu, ulu öndər Heydər Əliyevin xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra önəm verilməyə başladı. Ona qədər soydaşlarımız heç vaxt bir-biri ilə həmrəylik nümayiş etdirməmiş, lobbiləşə bilməmiş, ayrı-ayrı ölkələrdə kortəbii fəaliyyət göstərən Azərbaycan icmalarının fəaliyyəti əlaqələndirilməmişdir. Buna görə də ümummilli liderimizin uzaqgörənliyi nəticəsində dünya azərbaycanlılarının bir araya gəlməsi, həmrəylik nümayiş etdirməsi adicə aksiya olmayıb, həm də zaman-zaman bu xalqın üzləşdiyi faciələrdən ibrət dərsi götürmək, vahid, milli ideologiyaya sədaqət nümayiş etdirmək baxımından çox əhəmiyyətlidir.

Tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin banisi, dövlətçiliyimizin möhkəmlənməsində  misilsiz xidmətləri olan Heydər Əliyevi ulu Tanrı bizə, millətimizə, xalqımıza bir nur göndərmişdi. O nur qaranlıqları yarır, xalqımızı daha işıqlı gələcəyə aparır. Ulu öndər qeyri-adi qüdrət sahibi olduğuna görə qarşısına qoyduğu ali məqsəd xalqına, millətinə, tarixinə, dilinə, dininə, Vətəninə yüksək səviyyədə sədaqətlə, namusla xidmət etmək, millətinin imzasını dünya xalqlarının imzaları sırasında ön sıralara çıxarmaq olub. Ulu öndər xarici ölkələrə rəsmi səfərlərində yüksək dövlət rəsmiləri ilə görüşlər keçirməklə yanaşı, vaxt tapıb həmin ölkələrdə yaşayan azərbaycanlılarla da təmasda olur, onların problemləri ilə maraqlanır və harada yaşamalarından, işləmələrindən asılı olmayaraq azərbaycanlı olmalarını unutmamağı tövsiyə edir, - mən azərbaycanlı olmağımla fəxr edirəm - deyirdi.

Dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq, onların azərbaycanlı olmalarını bir daha yaddaşlara həkk eləmək böyük cəsarət tələb edirdi. Heydər Əliyev bu arzusuna da çatdı. Dünya azərbaycanlılarının I və II qurultaylarının Bakıda - Azərbaycanda keçirilməsini görülən işlərin uğuru kimi qiymətləndirmək olar. Bu gün inamla demək olar ki, dahi rəhbərin müdrikliyi və uzaqgörənliyi sayəsində Avropa, Asiya, ABŞ, Avstraliya və başqa ölkələrdə yaşayan azərbaycanlılar özlərinin icmalarını, birliklərini yaradaraq bir-biri ilə həmrəylik nümayiş etdirir, adət-ənənələrimizi, dilimizi, mənəvi-əxlaqi dəyərlərimizin qorunub saxlanılması istiqamətində birlikdə fəaliyyət göstərirlər. Ulu öndər özünün bütün fəaliyyəti boyunca çalışmışdır ki, taleyin hökmü ilə qismətlərinə qərib-qürbət ölkələrdə yaşamaq düşmüş soydaşlarımız bir araya gəlsinlər, onlarda vətənpərvərlik duyğuları alovlansın. Onlar öz tarixini, Vətəni Azərbaycanı sevsin, onunla fəxr etsinlər.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününü əziz bayramlardan biri kimi dəyərləndirir və ona diqqəti daha da artırır. Dövlət başçısı İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsini, onların mütəşəkkil, çevik və təsirli qüvvəyə çevrilməsini vacib vəzifə kimi daim ön plana çəkir və diqqətdə saxlayır. Buna görə də Diaspor quruculuğu sayəsində aparılan işlər artıq öz müsbət nəticələrini verir. Bu gün Azərbaycan Respublikasında Beynəlxalq Diaspora Mərkəzinin yaradılması və formalaşması möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəstəyi ilə gözəl nəticələr verməkdədir.

Bu əziz bayram münasibəti ilə dünya azərbaycanlılarını səmimi-qəlbdən təbrik edir, onları daha da möhkəm birliyə çağırıram.

 

 

Əvəz MAHMUD LƏLƏDAĞ

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.22.