"Ekologiya məktəblilərin gözü ilə"

 

Bakıdakı 8 nömrəli orta  ümumtəhsil məktəbində "Ekologiya ili" həsr olunmuş tədbir  keçirildi. Tədbirin təşkilatçısı  ibtidai sinif müəllimi  Mina Hüseynzadə iştirakçıları  salamlayaraq onlara ölkə  Prezidenti İlham Əliyevin sərəncamı ilə elan olunan  "Ekologiya ili"nin əhəmiyyəti barədə  geniş məlumat  verdi.

...Səhnədə yaradılan Şirvanşahlar Sarayı kompleksinin təsviri iştirakçılarda xoş ovqat yaratdı.  Sonra  üçüncülərin  "Gəlin, təbiəti qoruyaq" mövzusuna həsr etdikləri ədəbi-bədii kompozisiya  nümayiş olundu. Şagirdlərin ifasında  Xəzər dənizi ətrafında yaşayan türkdilli xalqların  mədəniyyəti, incəsənəti, tarixi, təbii sərvətləri xatırlandı, tamaşalar, səhnəciklər  göstərildi,  mahnılar səsləndi və təbiətin gözəlliklərindən  söz açıldı.

Müxtəlif məqamlarda səslənən  muğam parçaları və ifa olunan "Lalələr" rəqsi kompozisiyanı daha da rövnəqləndirdi. Sonda direktor Aytən Baxşıyeva  kompozisiyanın hazırlanmasında əməyi olan ibtidai sinif müəllimi Mina Hüseynzadəyə öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, təhsil ocağında  şagirdlərdə təbiətə məhəbbət hissləri aşılayan  tədbirlərin bundan sonra keçirilməsi  ənənəyə çevriləcək.

 

***

 

Bakıdakı 38 nömrəli  orta məktəbdə  isə  "Ekologiya məktəblilərin  gözü ilə" mövzusuna həsr olunmuş "dəyirmi masa" keçirildi. Tədbir  başlamazdan  öncə  foyedə təşkil olunan  sərgi iştirakçıları məmnun etdi.  Məktəbin  VII sinif şagirdi Münəvvər  Kərimovanın  ilmələrlə toxuduğu  "Çin  səddi" rəsmi   maraq doğurdu.

Sonra  kimya elmləri namizədi,  Beynəlxalq ekologiya cəmiyyətinin Azərbaycan üzrə inspektoru Aydın  Əhmədzadə "Ekologiya nədir?" mövzusunda geniş məruzə etdi, şagirdlərə ekoloji biliklərə yiyələnməyin vacibliyini vurğuladı. Şagirdlərdən Vəfa, Fidan, İlahə, Ləman,  Sürəyya, Nəzrin, Elminə ekologiya ilə bağlı fikir  mübadiləsinə qoşuldular. Gündüz Abbasov və Yusif İbrahimov "Ekoloji pozuntular"ın acı nəticələrindən bəhs edən slaydları nümayiş etdirdilər.

Məktəbin direktoru Yaşar Əliyev tədris ocağının  ərazisində  şagirdlərin yaxın köməkliyi  ilə  müxtəlif ağac növlərinin və gül kollarının  əkilib və becərildiyini bildirdi.

Beynəlxalq Avrasiya Mətbuat  Fondunun  əməkdaşı  Cəmilə Şahverdiyeva, direktor müavini Gülnarə Vəliyeva, müəllimlər - Kəmalə Məhərrəmova, Balaxanım  Cavadova, Ülfət Abbasova, Lalə İsmayılova və Zenfira Qafarova  diskussiya şəraitində keçən "dəyirmi masa"da  fəal iştirak etdilər. 

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.21.