Məktəbdə yazıçı ilə görüş

  

Dekabrın 24-də Bakıdakı 276 nömrəli orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin üzvi, H.B.Zərdabi mükafatı laureatı, Prezident təqaüdçüsü, filologiya elmləri üzrə fəlsəfə doktoru, yazıçı Kamran Nəzirli ilə görüş keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi valideynlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəhram Şiriyev qonaqları salamlayaraq  belə tədbirin keçirilməsinin şagirdlərə müsbət təsir göstərdiyini bildirdi. O, Kamran Nəzirlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək bildirdi ki, yazıçı "Sevgi nağılı", "Doğmalar arasında", "Cəmiyyət siyasətin güzgüsüdür", "Şeytan işığı", "Qoca uşaq", "Araz ömrümün axarı" və başqa kitabların müəllifidir. Bildirildi ki, K.Nəzirli tərcüməçilik fəaliyyəti ilə də məşğul olur və Amerika və ingilis ədəbiyyatının klassik nümayəndələrinin bir çox əsərlərini doğma dilimizə tərcümə edib. B.Şiriyev yazıçının ayrı-ayrı dövrlərdə mətbuat sahəsində çalışdığını, müxtəlif beynəlxalq festival və simpoziumlarda ölkəmizi təmsil etdiyini vurğuladı.

Sonra söz Kamran Nəzirliyə verildi. O, insanın təbiətə və cəmiyyətə münasibətinin məktəbdə formalaşdığını bildirdi. Qeyd etdi ki, bu gün məktəb, sözün əsl mənasında, ailə institutunun görə bilməyəcəyi ən mühüm funksiyaları belə yerinə yetirə bilər.  Məktəblə cəmiyyətin, o cümlədən cəmiyyətin aparıcı qüvvələri olan ziyalıların, yazıçıların, ictimai xadimlərin  münasibətləri, əlaqələri möhkəmlənməli və sıx olmalıdır. Biz hansı zövqü, hansı estetik-etik dəyəri görmək istəyiriksə, onu ilk növbədə, məktəbdə axtarmalıyıq. O, belə görüşlərin əhəmiyyətindən və təsir gücündən söz açaraq tədbiri hazırlayan hər bir şəxsə və xüsusilə məktəb rəhbərliyinə dərin təşəkkürünü bildirdi.

Şagirdləri maraqlandıran sualları cavablandıran K.Nəzirli milli, klassik dünya ədəbiyyatından danışdı.

Sonda şagirdlərin iştirakı ilə hazırlanan bədii-musiqili görüşdə xatirə şəkilləri çəkildi.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 31 dekabr.- S.21.