Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib

 

Fevralın 3-də Bakıdakı 1 nömrəli orta məktəbdə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2009-2010-cu tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş müşavirə keçirdi. Müşavirədə TQDK-nın, Təhsil Nazirliyinin nümayəndələri, məktəb direktorları və KİV əməkdaşları iştirak edirdilər.

Təhsil naziri  Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bu gün  buraya TQDK və Təhsil Nazirliyi ekspertləri və məktəb direktorlarının birgə iştirakı ilə ənənəvi bir müşavirəyə toplaşmışıq. Deməliyik ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali və orta ixtisas  məktəblərinə  sənəd verən abituriyentlərin ali və orta ixtisas məktəblərinə  qəbulu ilə əlaqədar respublikanın bütün bölgələrində belə bir müşavirə keçirib.  Burada sizi maraqlandıran nə varsa, suallarla müraciət edə bilərsiniz, - deyən təhsil naziri  Misir Mərdanov qeyd etdi ki, ümumi məqsədimiz Azərbaycanda təhsilin səviyyəsini inkişaf etdirməkdir.

Sonra söz TQDK-nın sədri Məleykə Abbaszadəyə verildi. M.Abbaszadə "Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda təqdimat etdi.  Ali və orta  ixtisas məktəblərinə  qəbulun nəticələri haqqında danışan TQDK-nın sədri   bildirdi ki, TQDK ölkə ictimaiyyətinə  hər il ali və orta ixtisas  məktəblərinə ərizə  verən abituriyentlər  və onların qəbulu barəsində məlumatlar verir. Keçən il ilk dəfə respublikanın bütün bölgələrində XI siniflər üzrə buraxılış imtahanları mərkəzləşmiş qaydada   keçirildi. Bakı şəhərinin orta  ümumtəhsil məktəblərini 2009-cu ildə 25 min 244 məzun bitirdi. Şəhər məktəblərinin məzunlarının 1727 nəfəri 500-dən , o cümlədən 404 nəfəri 600-dən yuxarı bal topladı.Nəticədə respublika üzrə  qabaqcıl məktəblərin sırasına bu il şəhərin 72 nömrəli məktəb- liseyi, 287 nömrəli "Zəkalar" liseyi, 160 nömrəli klassik gimnaziya, texniki-humanitar lisey, 261 nömrəli məktəb-lisey, 1, 23, 48, 54, 82, 145, 210 və 220 nömrəli orta məktəblər  daxil oldu.

Sonra qabiliyyət imtahanları tələb olunan ixtisaslar haqqında danışan M.Abbaszadə  2009 -cu il məzunlarının paylanma  diaqramı barədə məlumatı müşavirə iştirakçılarının nəzərinə çatdırdı. O, ali və orta ixtisas məktəblərinə qəbul üzrə Bakı şəhəri məktəblərinin  yaxşı, respublika üzrə Xaçmaz rayon məktəbləri məzunlarının isə aşağı nəticə göstərdiklərini vurğuladı.

Müşavirədə ali məktəblərin reytinq göstəricilərindən söz açan M.Abbaszadə  qəbul zamanı imtahan fənləri  üzrə  yüksək nəticə  göstərən təhsil müəssisələrinin adlarını çəkdi və  abituriyentlərin topladıqları ballara görə  Bakı məktəblərinin  yaxşı nəticə qazandığını dedi.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov da çıxış etdi.Bildirdi ki, 2008-2009-cu tədris ilində ali və orta ixtisas   məktəblərinə qəbul olanların 45%-i Bakı şəhər məktəblərinin payına düşür. Təsadüfi deyildir ki, Bakı şəhər məktəblərinin məzunlarının  ali məktəblərə qəbul zamanı topladıqları orta bal 400-dən yuxarı olmuşdur. İndi  respublikanın ən sanballı  ali təhsil müəssisələrindən olan BDU-da, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft Akademiyasında və xaricdə oxuyan tələbələrimizin sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdır.

Daha sonra M.Bayramov ali və orta ixtisas məktəblərinə qəbul zamanı Sumqayıt məktəblərinin məzunlarının da  yüksək nəticələr göstərdiyini  vurğuladı.O, eyni zamanda qəbul imtahanlarında bəzi variantlarda  verilmiş  test suallarının çətin olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırdı.  

Sonda TQDK ilə Təhsil Nazirliyinin səmərəli əməkdaşlığını xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov bundan sonra da belə tədbirlərin  keçirilməsinin  vacibliyini  söyləməklə, cari tədris ilində təhsil işçilərinin qarşısında duran vəzifələrdən danışdı.   

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.2.