Peşə təhsilinin
inkişafı ilə əlaqədar seminar keçirilib
Fevralın 1-də Azərbaycan
Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri
İnstitutunun akt zalında "Peşə təhsili və təlimi
sahəsində islahatlar strategiyası və Azərbaycanın
seçilmiş rayonlarında pilot icrası" layihəsi ilə
bağlı seminar keçirib. Seminarda Təhsil Nazirliyinin
Texniki peşə təhsili şöbəsinin müdiri Namiq
Məmmədov, institutun rəhbərliyi, beynəlxalq ekspertlər,
rayon icra hakimiyyətlərinin nümayəndələri və
pilot texniki peşə məktəblərinin direktorları
iştirak ediblər.
Yığıncağı
giriş sözü ilə açan Təhsil Problemləri
İnstitutunun direktoru Abdulla Mehrabov rəhbərlik etdiyi elm
ocağının fəaliyyətindən, respublikada təhsilin
inkişafına göstərdiyi xidmətlərdən və
texniki peşə təhsilinin günün tələbləri
səviyyəsində qurulması istiqamətində həyata
keçirilən təxirəsalınmaz tədbirlərdən
söz açıb. Bildirib ki, bundan sonra peşə ixtisas təhsilinin
3 mərhələdə - ilkin peşə təhsili, orta
peşə təhsili və ali peşə təhsili mərhələlərində
aparılacağı nəzərdə tutulub.
Seminarda
çıxış edən Təhsil Nazirliyinin Texniki peşə
təhsili şöbəsinin müdiri Namiq Məmmədov
ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyevin təhsilə
qayğısından, 3 iyul 2007-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə
Dövlət Proqramı (2007-2012-ci illər)"nın
ardıcıl şəkildə həyata keçirilməsindən
danışıb. Bu iclasda Avropa İttifaqı ilə birgə
həyata keçirilən layihə çərçivəsində
növbəti addımların müzakirə
olunacağını və ümumi bir məxrəcə gəlməyin
vacibliyini diqqətə çatdırıb. Natiq həmçinin
regionların tələbatına uyğun yeni peşə məktəblərinin
yaradılacağını, ümumiyyətlə peşə təhsilinin
bazar iqtisadiyyatına xidmət edəcəyini
vurğulayıb.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmununun inkişafı şöbəsinin müdiri Ayaz Abışov bu qurumun fəaliyyəti haqqında məlumat verib. O, 2008-ci ilin 10 iyununda Azərbaycan Respublikası Prezidentinin "Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-1012-ci illər)"nın təsdiq edilməsinə dair sərəncam imzaladığını və Dövlət Proqramını həyata keçirmək üçün həmin ildə Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradıldığını qeyd edib. İdarənin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlıq etdiyini, müvafiq Dövlət Proqramının icrası nəticəsində orta məktəblərin kompüterlə təmin edildiyini, 20 pilot orta məktəbin fibrooptik xəttə qoşulduğunu, pilot məktəblərdə İP telefonun quraşdırıldığını, onun vasitəsilə müəllimlərin məktəblər arasında videozənglər etdiklərini seminar iştirakçılarının nəzərinə çatdırıb. 3 texniki peşə məktəbinin - Bakıdakı 7 və 13 nömrəli peşə liseylərinin, Sumqayıtdakı 3 nömrəli peşə liseyinin idarə tərəfindən kompüter və İnternetə çıxışla təmin edildiyini bildirib.
Təhsil siyasəti üzrə beynəlxalq ekspert Devid Hardi və Təhsil Problemləri İnstitutunun direktor müavini, təhsil siyasəti üzrə yerli ekspert Rəsul Əsgərov "Texniki peşə təhsili sistemində təlim-tədris prosesində informasiya və kommunikasiya texnologiyalarının seçilməsi və istifadəsi", "Texniki peşə təhsili sahəsinə cəlb edilmiş bütün tərəfləri lazımi dəstəklə təmin etmək üçün Bilik bazasının yaradılması" üzrə konseptual sənədləri seminarın müzakirəsinə təqdim ediblər.
Müzakirələrə təqdim
edilən konseptual sənədlər seminar
iştirakçılarının yaxından iştirakı ilə
redaktə olunub qəbul edilməsi qərara alınıb.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.2.