Yeni fənn kurikulumlarının tətbiqinə dair
respublika seminarı
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Təhsil Problemləri İnstitutu bu ilin
yanvarından başlayaraq ayda bir dəfə ölkənin təhsil
sistemində aparılan islahatlara həsr olunmuş respublika
seminarı keçirməyi nəzərdə tutub. Seminarlarda
məqsəd islahat çərçivəsində ümumi təhsilin
məzmununun yeniləşdirilməsi istiqamətində həyata
keçirilən tədbirlərdə, xüsusən də
institutun Kurikulum Mərkəzində fənn kurikulumlarının
hazırlanması və tətbiqi ilə bağlı
görülən işlərdə təhsil işçilərinin
daha geniş dairəsinin iştirakını təmin etmək,
onların rəy və mülahizələrini, arzu və istəklərini
öyrənmək, aparılan müzakirə və
diskussiyalarda irəli sürülmüş faydalı təkliflər
əsasında fəaliyyətləri daha da təkmilləşdirməkdir.
Yanvarın
29-da institutda həmin silsilədən ilk seminar keçirildi. "Yeni fənn
kurikulumlarının tətbiqi: problemlər, vəzifələr"
mövzusuna həsr olunmuş seminarda kurikulum və qiymətləndirmə
üzrə milli məsləhətçilər, dərslik
müəllifləri, Bakıdan və bölgələrdən
ibtidai sinif müəllimləri iştirak edirdilər.
Təhsil Problemləri
İnstitutunun direktoru, professor Abdulla Mehrabov seminarı
açaraq iştirakçıları salamladı, dəvət
olunanlara seminarın məqsəd və məramı, iş
qaydası haqqında məlumat verdi.
A.Mehrabov bildirdi ki, hazırda
rəhbərlik etdiyi institutun Kurikulum Mərkəzində, onun
ayrı-ayrı struktur bölmələrində yeni fənn
kurikulumlarının hazırlanması və tətbiqi ilə
bağlı geniş iş aparılır. Bu
işə paytaxtda və bölgələrdə fəaliyyət
göstərən müxtəlif institut və universitetlərin
əməkdaşları, ümumtəhsil məktəblərinin
fəal müəllimləri cəlb olunur. çoxlu sayda təhsil işçisi mərkəzlə
sıx əlaqə saxlayaraq burada keçirilən tədbirlərdə
iştirak edir, arzu və təkliflərini bildirirlər. Belə müzakirələri daha səmərəli
etmək üçün institutda ayda bir dəfə silsilə
seminarlar keçirilməsi planlaşdırılıb. Hər
ayın sonuncu günlərinin birində təşkil olunması nəzərdə
tutulan həmin seminarların dəqiq vaxtı və mövzusu
barədə mətbuat vasitəsi ilə təhsil
işçilərinə məlumat veriləcəkdir.
Direktor giriş sözündə
son illər ölkəmizdə kurikulum islahatı adı
altında ümumi təhsilin məzmununun yeniləşdirilməsi,
nəticəyönümlü, şəxsiyyətyönümlü
yeni təhsil modelinin yaradılması istiqamətində
görülmüş işlər haqqında qısa məlumat
verərək qeyd etdi ki, 2003-2013-cü illəri əhatə
etməklə iki mərhələdə
reallaşdırılması nəzərdə tutulan İkinci
Kredit Layihəsinin ilk mərhələsi çərçivəsində
ölkəmizdə kurikulum islahatına başlanıb və
qısa zaman ərzində təlimin məzmununu,
strategiyalarını, qiymətləndirmə mexanizmlərini və
s. özündə ehtiva edən Milli Kurikulum hazırlanaraq
2006-cı ildə təsdiq olunub. Həmin
konseptual sənəd əsasında I-IV siniflər
üçün hazırlanmış və təsdiq
olunmuş fənn kurikulumları artıq ikinci ildir ki, tətbiq
olunur.
A.Mehrabov
çıxışında böyük zəhmət
hesabına, yüzlərlə təhsil işçisinin birgə
səyi ilə hasilə gəlmiş və hazırda
uğurla tətbiq olunan kurikulumlar, onlar əsasında
yazılmış dərslik komplektlərinə qarşı
son dövrlər bəzi mətbuat orqanlarında aparılan qərəzli
kampaniyaya, bu işlə bilavasitə məşğul
olmamış, hətta kurikulumun mahiyyəti barədə kifayət
qədər məlumatı olmayan üzdəniraq mütəxəssislərin
bu istiqamətdəki yazılarına da münasibət bildirərək
bunları görülmüş böyük işə
kölgə salmaq, qara yaxmaq, ictimaiyyəti
çaşdırmaq cəhdi kimi qiymətləndirdi. Həmin yazıların müəlliflərinin
kurikulumları tənqid edərkən heç bir tutarlı əsas
gətirmədiklərini, elmi əsaslara söykənmədiklərini
söylədi. Diqqətə çatdırdı ki,
dünyanın bir sıra aparıcı ölkələrinin bu
sahədəki təcrübələri öyrənilməklə
hazırlanmış Milli Kurikulum sənədi, fənn
kurikulumları ölkəmizə xas milli təhsil modeli olmaqla
dünyanın ən aparıcı ölkələrinin
müvafiq sənədləri ilə eyni səviyyədə
durur. Təsadüfi deyil ki, bizim
hazırladığımız kurikulumları ABŞ,
Avstraliya, Hollandiya kimi xarici ölkələrdəki bu işlə
məşğul olan qurumlar, mütəxəssislər də
yüksək qiymətləndirmiş, onların Avropa ölkələrinin
kurikulumları səviyyəsinə uyğun sənədlər
olduğunu bildirmişlər.
A.Mehrabov kurikulum
islahatında xeyli insanın əməyi olduğunu,
yaradılmış 23 işçi qrupunda 400 nəfərdən
çox insanın çalışdığını, həmin
işçi qruplarına ölkənin ən
tanınmış alimləri və təhsil işçilərinin
rəhbərlik etdiyini, hazırlanmış kurikulumların
layihələrinin pedaqoji mətbuat orqanlarında dərc edilərək
müzakirəsinin aparıldığını, müzakirələrin
gedişində xeyli təkliflər alınaraq ümumiləşdirildiyini
diqqətə çatdırdı.
A.Mehrabov təhsil sahəsindəki
bütün çatışmazlıqlarda Təhsil Nazirliyinin
günahlandırılmasının da düzgün
olmadığını, təhsillə, onun problemləri ilə
məşğul olan digər qurumları, o cümlədən
də Dərslikləri Qiymətləndirmə
Şurasının işinə, fəaliyyətinə görə
bilavasitə Təhsil Nazirliyini və naziri
günahlandırmağın heç bir məntiqə
sığmadığını bildirdi. Görülmüş
bütün müsbət işlərin üzərindən xətt
çəkməyə cəhd edənləri vətənpərvərlik
hissindən uzaq, ancaq öz ambisiyalarını yeritmək istəyən
adamlar kimi qiymətləndirdi.
Daha sonra o
bildirdi ki, Əlövsət Osmanlı dəfələrlə
yazdığı məqalələrdə kurikulum
islahatının iflasa uğradığını, məzmun standartlarının
mahiyyətinin açılmadığını qeyd edir. Əgər bu belə idisə
o, müsabiqəyə təqdim etdiyi "Riyaziyyat-1",
"Həyat bilgisi-1", "Ana dili-1" dərslik komplektlərini
hansı normativ sənədlərin tələblərinə
uyğun hazırlamışdır? Və
hansı məntiqlə 2008-ci ildə "Pedaqogika" nəşriyyatı
tərəfindən müsabiqəyə təqdim olunmuş həmin
dərsliklərin titul səhifəsində "Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi kurikulumu əsasında
hazırlanmışdır" ifadəsini
yazmışdır?
Natiq
kurikulumların nəticəyönümlü xarakteri barədə
danışdı, oradakı məzmun standartlarının nəticələrdən
(dəyərlərdən) ibarət olduğunu bildirdi. Qeyd etdi ki, əgər
nəticələrin əldə olunması üçün
lazım olan vasitələr sistemi, yəni deklorativ biliklər
və digər materiallar kurikulumlara daxil edilərsə, o zaman
bu sənədin nəticəyönümlü xarakteri dəyişər
və əvvəlki tədris proqramları kimi təlim
materiallarını təsvir edən bir sənədə
çevrilər.
Yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı
araşdırmalar aparılıb
A.Mehrabov
çıxışının sonunda son illər kurikulum
islahatı yönündə görülmüş işlər,
aparılmış araşdırmalar, aşkar edilmiş
problemlər və qarşıda duran vəzifələrlə
bağlı təqdimat hazırlandığını diqqətə
çatdırıb, həmin təqdimatla seminar
iştirakçılarını tanış etmək
üçün sözü Kurikulum Mərkəzinin ibtidai təhsilin
kurikulumu şöbəsinin müdiri, pedaqoji elmlər namizədi
Bibixanım İbadovaya verdi.
"Yeni fənn
kurikulumlarının tətbiqi: problemlər, vəzifələr"
mövzusunda təqdimatına kurikulumların tətbiqi ilə
bağlı görülmüş işlərin
hazırlıq və tətbiq mərhələlərindən
ibarət olduğunu deməklə başlayan B.İbadova
öncə hazırlıq mərhələsində həyata
keçirilmiş tədbirlər barədə məlumat verdi. Qeyd etdi ki, bu mərhələdə
respublikada pedaqoji innovasiyaların öyrənilib ümumiləşdirilməsi,
pedaqoji kadrların hazırlanması, yeni kurikulumların və
dərsliklərin nəşr olunması, beynəlxalq təcrübənin
öyrənilməsi, maarifləndirici tədbirlərin
keçirilməsi, elmi-pedaqoji və metodik ədəbiyyatın
hazırlanıb çap olunması, "Kurikulum"
jurnalının nəşr olunması həyata
keçirilmişdir.
Həmin istiqamətlərin
hər birindən ayrıca söz açan təqdimatçı
yeni fənn kurikulumunun tətbiqi vəziyyətinin öyrənilməsi
ilə bağlı tədqiqatların
aparıldığını, monitorinqlərin
keçirildiyini, pedaqoji mətbuatda dərc edilmiş
yazıların öyrənildiyini seminar
iştirakçılarının diqqətinə
çatdırdı.
Pedaqoji kadr
hazırlığına toxunan B.İbadova yeni fənn
kurikulumlarının tətbiqi ilə bağlı pedaqoji kadr
hazırlığının 2007-2008-ci illərdə 4 mərhələ
üzrə aparıldığını, I mərhələdə
182, II mərhələdə 400, III mərhələdə
6849, IV mərhələdə 8222 nəfərin kurslardan
keçdiyini, 2009-cu ildə isə yeni fənn kurikulumu üzrə
birinci siniflərdə dərs deyəcək 8908 müəllimin
öyrədici kurslara cəlb olunduğu, 48 müəllimin təlimçi
kimi hazırlandığını bildirdi. Qeyd
etdi ki, müəllimlərə praktik kömək göstərilməsi
məqsədi ilə kurikulum portalı yaradılmış,
Kurikulum Mərkəzində məsləhət günləri
müəyyən olunmuşdur.
Sonra o, yeni fənn
kurikulumların tətbiqi prosesində əldə olunmuş
nailiyyətləri diqqətə çatdırdı. Qeyd olundu ki,
bu prosesdə müəllimlərdə tədqiqatçılıq
bacarığı formalaşır; yaradıcılıq və
peşəkarlıq qabiliyyəti inkişaf edir; fəallığı
artır; kommunikativ bacarıqları inkişaf edir.
Yeni məzmuna uyğun
pedaqoji texnologiyaların tətbiqi şagirdlərin də təlim
marağını yüksəldir, axtarışa sövq
olunmasını təmin edir, onların tədqiqatçılıq
meyilini gücləndirir, problemləri müstəqil həll
etməsinə imkan yaradır, onlarda özünəinam hissini
formalaşdırır, mühakimə yürütmə, fərqləndirmə
və müqayisələr aparmaq bacarıqlarını
inkişaf etdirir və s. Yeni kurikulumların tətbiqi nəticəsində
habelə müəllim-valideyn əlaqələri güclənir.
Valideyn maraqlı tərəf kimi təhsildəki
yeniliklərlə bağlı təlim prosesində daha
yaxından iştirak edir.
B.İbadova təqdimatında
aparılan araşdırmaların bir sıra problemləri də
aşkara çıxartdığını bildirdi və
bunlara misal olaraq şagirdlərin məktəbə
hazırlanması və bununla əlaqədar I siniflərdə
təlim prosesində çətinliklər
yarandığını, məktəb rəhbərlərinin
kurikulum islahatı ilə bağlı məlumatının az
olmasını, tövsiyə olunmuş illik və cari
planlaşdırmaları, eləcə də müəllim vəsaitində
verilmiş nümunələrə ehkam kimi
yanaşmasını, təlim prosesinin təşkilində,
standartlar qrupunun, təlimin forma və üsullarının məqsədəuyğun
seçilməsində, təlim məqsədlərinin, təlim
tapşırıqlarının müəyyənləşdirilməsində
müəllimlərin peşəkarlığının
lazımi səviyyədə olmaması, ingilis dili və
informatika fənləri istisna edilməklə, qalan fənlərin
bir neçə müəllim arasında
bölüşdürülməsini qeyd etdi. O, habelə məktəbdaxili
qiymətləndirmə qaydalarının sistemli şəkildə
tətbiq olunmamasını, ana dili, riyaziyyat və həyat
bilgisi fənlərinə diqqətin daha çox yönəldilməsini,
digər fənlərə "ikinci dərəcəli" fənn
kimi münasibət bəslənməsini də aşkara
çıxarılmış problemlər kimi qeyd etdi.
Təqdimatda
problemlərin həlli üçün nəzərə
alınması, zəruri olan bir sıra məsələlərə
də diqqət yetirildi. Bu baxımdan I sinfə qəbul olunacaq şagirdlərin
məktəbəqədər müəssisələrdə və
ya məktəblərdə hazırlanması, məktəb rəhbərləri,
metodistlər və digər təhsil işçiləri
üçün xüsusi təlimatlandırıcı
kursların, müəllimlərin peşəkarlığının
yüksəldilməsi məqsədi ilə müxtəlif təlim
kursları və seminarların təşkil olunması, qiymətləndirmənin
təşkili, aparılması və vasitələri ilə
bağlı metodik tövsiyələrin hazırlanması,
valideynlərlə müntəzəm maarifləndirmə
işlərinin aparılması, əlavə resursların
çap olunması, yeni şəraitə uyğun "Məktəb
kurikulumu"nun hazırlanması və s. qarşıda duran zəruri
vəzifələr kimi qeyd edildi.
Sonra mövzu ətrafında
geniş müzakirə aparıldı.
Düzgün planlaşdırma uğur üçün əsas
şərtlərdəndir
İlk söz alan
Bakı şəhərindəki 5 nömrəli orta məktəbin
ibtidai sinif müəllimi Fatimə
Xəzri - Mirzəyeva dərsin düzgün
planlaşdırılmasını yeni kurikulumlarla təlimdə
uğur qazanmağın əsas şərtlərdən biri
olduğunu söyləyib öz təcrübəsində bu məsələyə
xüsusi diqqət yetirdiyini, dərslərin elektron
versiyasını hazırladıqlarını diqqətə
çatdırdı. Yeni fənn kurikulumlarının
üstünlüklərindən danışan F.Xəzri-Mirzəyeva onlarda
məzmun standartlarının dolğun şəkildə
müəyyənləşdirildiyini, fənlərarası əlaqə
yaratmaq üçün geniş imkanlar
açıldığını qeyd etdi. Bununla
yanaşı o, yeni kurikulumların təlim prosesində müəyyən
çətinliklərlə
qarşılaşdıqlarını, məktəblərində
yalnız bir kompüter kabineti olduğundan dərslərin
hamısını həmin sinifdə keçə bilmədiyini,
surətçıxaran avadanlıq olmadığından
hazırlanmış təlim tapşırıqlarının
şagirdlərin sayına uyğun surətinin
çıxarılmasında problemlə üzləşdiyini
söylədi.
Zaqatala şəhər
humanitar fənlər gimnaziyasının ibtidai sinif müəllimi
Məhsəti Qazıyeva
çıxışında yeni kurikulumların tətbiqi ilə
bağlı keçirilmiş təlim kurslarında iştirak
edərək yeniliyin mahiyyətini öyrəndiyini, təlimçi
statusu almış müəllimlərin dərslərində
iştirak etdiyini, həmkarları ilə daim fikir və təcrübə
mübadiləsi apardığını və bütün
bunların ona yeni kurikulumlarla təlimdə böyük
kömək göstərdiyini bildirdi. Ana dili, riyaziyyat
kurikulumlarını, hər iki fənn üzrə
hazırlanmış dərslikləri yüksək qiymətləndirən,
iş prosesində bunlarla bağlı heç bir çətinlik
çəkmədiyini deyən M.Qazıyeva əksinə,
musiqi və texnologiya dərslərində müəyyən
problemlərlə qarşılaşdığını, həmin
fənlərin kurikulumlarında standartların bir qədər
çətin olduğunu bildirdi, Azərbaycan dilindən müəllim
üçün vəsaitə summativ qiymətləndirmə
üçün tapşırıqlar salınmasını
arzu etdi.
Bakı şəhərindəki
5 nömrəli orta məktəbin ibtidai siniflər üzrə
metodbirləşməsinin sədri Günel Musəvi də yeni fənn
kurikulumlarının səviyyəsindən razı
qaldığını söyləyib, onların müəllimə
geniş yaradıcılıq imkanları verməsini müsbət
hal kimi qiymətləndirdi. O da üzləşdikləri ən
ciddi problemlərdən birinin məktəblərində
kompüter sinfinin çatışmaması ilə
bağlı olduğunu, 15 sinif üçün cəmi 1
kompüter sinfinin azlıq təşkil etdiyini diqqətə
çatdırdı. Qeyd etdi ki, müvafiq texniki
avadanlığın olmaması üzündən müəllimlər
summativ, formativ qiymətləndirmə üçün test
tapşırıqlarını əllə yazmalı olurlar ki,
bu da xeyli vaxt itkisinə səbəb olur. G.Musəvi
uşaqların bağçalarda yeni kurikulumlara uyğun
hazırlanmasını təklif etdi.
Daha sonra söz alan Bakıdakı 164 nömrəli məktəbin
müəllimi, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi Afət
Allahverdiyeva I sinifdə dərs dediyini, bu sinif
üçün hazırlanmış kurikulumların
şagirdlərin şəxsiyyət kimi formalaşmasına
imkan verdiyini, onlara sərbəstfikirlilik
aşıladığını söylədi. O,
çıxışında valideynlərlə işə diqqəti
gücləndirməyin, yeni kurikulumlarla bağlı onlar
arasında sistemli maarifləndirmə işləri
aparılmasının vacibliyini diqqətə
çatdırdı.
Bakıdakı 124 nömrəli
məktəbin ibtidai sinif müəllimi Çimnaz Əliyeva təlimçi müəllim
kimi tez-tez həmkarları ilə ünsiyyətdə
olduğunu, onlar arasında yeni kurikulumların mahiyyəti barədə
dəqiq və geniş təsəvvürlərə malik
olmayanlarla da rastlaşdığını, bu baxımdan
müəllimlərin bir çoxunun öyrənməyə
ehtiyacları olduğunu, bu ehtiyacı ödəmək
üçün əlavə öyrədici kurslar təşkil
etməyin zəruriliyini qeyd etdi. Bildirdi ki, bu məqsədlə
məktəblərində kurikulum mərkəzi
yaradılıb. Onun yaradılmasında
TPİ-nin Kurikulum Mərkəzi onlara kömək edib. O
dedi: - Bəzi müəllimlərdə inamsızlıq olur. Etdiklərinə inanmır, özlərini yoxlamaq istəyirlər.
Bu məqsədlə həm I, həm də II siniflərdə
qiymətləndirmə üçün səviyyələr
üzrə testlərin hazırlanması, müvafiq siniflər
üzrə test bankının yaradılması yaxşı
olar. ç.Əliyeva musiqi fənni üzrə
mövcud dərslik komplekti ilə yanaşı,
mahnıların tam melodiyasının yazıldığı
disklərin də olmasını vacib saydı. O, habelə qeyd
etdi ki, texnologiya dərsi üçün vaxt azdır, dərsin
nəzərdə tutulan bütün hissələrini
ayrılmış vaxt çərçivəsində yerinə
yetirmək mümkün olmur.
Bəzi fənlər üzrə resurslar azlıq edir
Seminarda söz alan
Bakı şəhərindəki
23 nömrəli orta məktəbdə II sinifdə dərs
aparan Solmaz Abdullayeva seminar
iştirakçılarının diqqətinə
çatdırdı ki, yeni kurikulumlar təhsildə
böyük canlanma yaradıb. Hazırlanmış dərslik
komplektləri yüksək səviyyədə olub
kurikulumların tələblərinə tam cavab verir. Dərsliklər
həm şagird, həm də müəllim üçün
stimullaşdırıcı mənbədir. Onlar müəllimin
yaradıcı axtarışlarına geniş meydan
açır, buna görə də yaxşı müəllimlər
onlarla işləməkdə heç bir çətinlik
çəkmirlər. S.Abdullayeva qeyd etdi ki, məktəblərində
elektron dərslər hazırlanır, dərslərdə
kompüterlərdən geniş istifadə olunur.
İnformatikadan disklər müəllimlərin işini
asanlaşdırır. Lakin o da bəzi fənlər üzrə
mövcud resursların azlıq
təşkil etdiyini bildirdi və müəllimlərə daha
çox resurslar verilməsini arzu etdi.
Bakıdakı 287 nömrəli
"Zəkalar" liseyinin müəllimi Maral Məmmədova işlədiyi müddətdə
həmişə şagirdləri necə fəallaşdırmaq
sualına cavab axtardığını, ənənəvi dərslərdə
buna o qədər də imkan olmadığını,
yalnız yeni dərsliklərdə sualına cavab
tapdığını bildirdi. Qeyd etdi ki, yeni dərsliklərdə
fənlərarası əlaqə yaxşı qoyulub. Bu dərsliklərlə
işləyərkən məqsədə daha asan nail olunur. Dərsliklər
şagirdləri, valideynləri də çox
maraqlandırır.
Şüvəlan qəsəbəsindəki
156 nömrəli məktəbin ibtidai sinif müəllimi Sevil Haşımova Heydər Əliyev
Fondu tərəfindən əsaslı təmir olunmuş məktəblərində
təlimin dövrün tələblərinə uyğun təşkili
üçün nümunəvi şəraitin olduğunu, tədris
ocağının hər cür avadanlıqla təchiz
edildiyini, məhz bütün bunların da nəticəsində
yeni kurikulumların tətbiqində çətinliklərinin
olmadığını bildirdi. Onun fikrincə, yeni fənn
kurikulumları və onlara əsasən tərtib olunmuş dərslik
komplektləri yaxşı hazırlıqlı müəllimlər
üçün heç bir çətinlik yaratmır. Sadəcə
olaraq müəllimdən öz işinə yaradıcı
yanaşma tələb olunur.
Seminarda iştirak edən dərslik
müəllifləri də müzakirəyə qoşulub
öz fikirlərini bildirdilər, bəzi məsələlərə
aydınlıq gətirdilər.
Riyaziyyat təliminin fəlsəfəsinə yeni
baxış
İbtidai məktəbin I və
II sinifləri üçün riyaziyyat dərsliklərinin həmmüəllifi
Nayma Qəhrəmanova çıxış
edərək bildirdi ki, hələ dərsliklər üzərində
işləyərkən dünya təcrübəsini nəzərə
alıb mükəmməl müasir dərslik yaratmağa
çalışsa da, həm müəllimlər, həm
ictimaiyyət, həm də ənənəvi dərsliklərin
müəllifləri tərəfindən təzyiqlərə
və tənqidlərə məruz qalacağını
gözləyirmiş. Riyaziyyat dərsliyinin nə
üçün daha çox tənqid olunmasının səbəblərinə
toxunan N.Qəhrəmanova müəllimlərin
iradlarının dərslikdə materialların
çoxluğu ilə bağlı olduğunu və onlarla
görüşlərində bunların səbəbini izah
etdiyini söylədi. Dərslik müəllifi qeyd etdi ki,
riyaziyyat yoxlama fənni deyil. Bu gün kurikulumun irəli
sürdüyü və önə çəkdiyi şəxsiyyətdə
idrakı, sosial və praktik bacarıqlar, psixoloji öhdəliklər
formalaşdırmaq məqsədi var və riyaziyyat fənni də
bu məqsədin əldə olunmasına xidmət etməlidir.
Bu isə müəllimlərin ənənəvilikdən daha
çox çalışmasını tələb edir. O dedi
ki, Kurikulum sənədi qarşıya qoyulmuş bu məqsədin
yerinə yetirilməsi üçün yollar da göstərir.
Göstərir ki, əgər sən bir riyaziyyatçı,
bir şəxsiyyət yetişdirmək istəyirsənsə,
verilmiş məzmun standartlarını, məzmun xətlərini
müəyyən fəaliyyət standartları ilə kəsişdirərək
yerinə yetirməlisən və bu xəritə sənin fəaliyyətində
görünməlidir. Bu fəaliyyət standartları şəxsiyyətin
problemi həlletmə, mühakimə yürütmə, təqdimetmə
və s. qabiliyyətləridir. Əgər bu fəaliyyət xətləri
ilə məzmun xətlərini kəsişdirə biliriksə,
deməli, biz şəxsiyyətin formalaşmasına yönəldilən
müəyyən fəaliyyətləri yerinə yetirə bilərik.
N.Qəhrəmanovanın
fikrincə, Kurikulum Mərkəzi məzmun
standartlarının necə həyata keçirilməsi barədə
resept verə bilməz. çünki Kurikulum Mərkəzi
kurikulumun fəaliyyət standartları və məzmun xətlərinin
həyata keçirilməsini və şəxsiyyətin bu
parametrlər üzrə yetişdirilməsini təyin edir,
onların yerinə yetirilməsi isə müəllimin öhdəsinə
düşür.
N.Qəhrəmanovaya görə,
başqa bir mühüm amil bütün bu məsələləri
izah edən, aydınlaşdıran əsərlərin
yazılmasıdır ki, bu da müəlliflərin üzərinə
düşür. O, bu istiqamətdə dünya təcrübəsini
mükəmməl öyrənməklə müvafiq iş
apardığını vurğuladı.
N.Qəhrəmanova dedi: Mən
Kanadanın, Avropanın bir çox ölkələrinin,
ABŞ-ın bəzi ştatlarının kurikulumlarını
öyrənib bizim Milli Kurikulumla müqayisə etmişəm.
Deyə bilərəm ki, bizim kurikulum tamamilə inkişaf
etmiş ölkələrin tələblərinə cavab verən
səviyyədədir. Lakin məsələ ondadır ki,
onların daha çox resursları var, məzmun
standartları, məzmun xətləri üzrə müəyyən
özəllikləri var. Xəritələri mövcuddur.
Bunları alimlər, tədqiqatçılar yazırlar.
Müəllifi olduğu
riyaziyyat dərslikləri hazırlanarkən necə öyrətmək
məsələsinə yeni prizmadan
yanaşıldığını deyən N.Qəhrəmanova
riyaziyyat fənninin fəlsəfəsinin təməlindən
dəyişdiyini bildirdi. Qeyd etdi ki, indiyədək
riyaziyyatın fəlsəfəsini ən yaxşı halda
"riyaziyyat riyaziyyatçı üçün" təşkil
edirdisə, indi o, "riyaziyyat həyat üçün",
"riyaziyyat şəxsiyyət üçün"dür.
Xarici dərsliklərdən nümunə gətirərək
bildirdi ki, orada dərsliklər qabiliyyətlər üzrə,
məsələn, problemi həlletmə, mühakimə
yürütmə, əlaqələndirmə və müqayisə
etmə qabiliyyətləri üzrə bölmələndirilir.
Yəni kitabların bölmələri bacarıqlar üzərində
formalaşdırılır.
Dərslikləri ideallaşdırmaq düzgün deyil
Seminarda iştirak edən
"Azadlıq" qəzetinin köşə yazarı,
Bakıdakı 73 nömrəli məktəbin müəllimi Nabatəli Qulamoğlu da
müzakirəyə qoşularaq dərslik haqqında N.Qəhrəmanovanın
səsləndirdiyi fikirləri
bölüşdüyünü söylədi.
Kurikulumdan söz açan
N.Qulamoğlu bildirdi ki, dünya praktikasında kurikulum
yazılmasının iki prinsipi var. Bir prinsipə görə,
standartlar yuxarıda hazırlanır. Sonra aşağılara
verilir. Onun üzərində işlənilir, təcrübədən
keçirilir və qiymətləndirmə gedir. İkinci
prinsipinə görə isə əksinə, standartlar
aşağıdan yuxarıya ötürülür. Yəni
valideynlər axtarışlara qoşularaq uşaqlarında
görmək istədikləri qabiliyyətləri müəyyənləşdirir.
Onlar ümumiləşdirilib eksperimentdən keçdikdən
sonra tətbiq olunur, yəni nəticə alındıqdan sonra
standartları yazmağa başlayırlar. Onun fikrincə, I
prinsip mərkəzləşdirilmiş, ikinci isə demokratik
dövlətlər üçün xasdır.
Daha sonra dərsliklər barədə
fikirləri bildirən N.Qulamoğlu onları
ideallaşdırmağın əleyhinə çıxaraq dərsliklərin
Quran ayəsi kimi dəyişməz olmadığını,
onlarda dəyişikliklər aparmağın mümkün və
lazımlığını, hər bir görülən
işdə nöqsan olduğu kimi, dərsliklərdə də
müəyyən qüsurlara yol verildiyini və bu
qüsurları aradan qaldırmağın vacibliyini diqqətə
çatdırdı. Sonra o, riyaziyyat dərsliklərini
gözdən keçirdiyini, burada bir sıra qüsurlara yol
verildiyini qeyd edib fikrini təsdiq üçün bir neçə
misal çəkdi, bu baxımdan dərsliklərin ciddi
süzgəcdən keçirilməsini zəruri saydı.
Hazırda ilkin müəllim hazırlığının onu
qane etmədiyini deyən yazar ali məktəblərin pedaqoji
fakültələrinə 250 balla qəbul olunanların müəllimin
hazırlığından xəbər verdiyini söylədi,
hələ bir neçə il öncə Azərbaycanda təhsil
bazarının yaradılması ideyasını ortaya
qoyduğunu xatırlatdı.
Təhsil Nazirliyi Elmi-Metodik
Şurası Fizika bölməsinin sədri, professor Mirzəli Murquzov seminarın
işini yüksək qiymətləndirib aparılan müzakirələrin
faydalı olduğunu, belə söhbətlərə ehtiyac
duyulduğunu söylədi. Bildirdi ki, toxunulan problemlər
ötən əsrin sonlarından təkcə Azərbaycana
deyil, bütün dünyaya aiddir. Buna səbəb təhsilin
sürətlə inkişaf edən elmdən geri qalması, təhsildə
böhranın yaranmasıdır. Alimin fikrincə, təhsilin
fəlsəfəsi yaradılmalıdır. Təhsildə
yaranmış böhranın aradan qaldırılması ilə
bağlı ötən əsrin sonlarından artıq
dünyanın inkişaf etmiş ölkələrində
sistemli iş aparıldığını bildirən M.Murquzov
Azərbaycan təfəkkürünün də həmin
ölkələrdən geri qalmadığını, bizdə
də bu istiqamətdə çox iş
görüldüyünü diqqətə
çatdırdı. ölkəmizdə elmin sürətlə
inkişaf etdiyini, gözəl gənclərin yetişdiyini deyən
alim fikrini sübut üçün son 10 ildə 76 azərbaycanlı
balasının beynəlxalq olimpiadalarda medallar
aldığı, medallardan 26-nın təkcə fizika sahəsində
əldə olunduğunu diqqətə çatdırdı,
nailiyyətlərimizi layiqincə qiymətləndirib təbliğ
etmək lazım gəldiyini vurğuladı.
Müəllimlər yeni dərsliklərdən
razılıq edirlər
Təhsil Nazirliyinin
şöbə müdiri, informatika dərsliklərinin müəllifi
İsmayıl Sadıqov
söhbətə qoşularaq müzakirələr zamanı səsləndirilmiş
təhsilin, mətbuatın cəmiyyətin səviyyəsinə
uyğunluğu barədəki fikrə münasibət bildirdi.
Qeyd etdi ki, əslində mətbuat cəmiyyətin səviyyəsindən
yüksəkdə durmalı, sağlam mövqe tutmalı və
ictimai fikri öz ardınca apara bilməlidir. Bu baxımdan yeni
kurikulumlar əsasında hazırlanmış dərsliklərin
cəmiyyətin səviyyəsindən yüksəkdə
durduğunu, dövrün dərsliklər
qarşısındakı qoyduğu tələblərə tam
cavab verdiyini söylədi. İ.Sadıqov ötən il
müəllimlərin dərsliklərlə bağlı müəyyən
şikayətləri olsa da, bu il şikayət doğuran
halların artıq aradan qaldırıldığını,
müəllimlərin yeni dərsliklərdən razılıq
etdiklərini, birinci sinif şagirdləri dərslikdə
verilmiş materiallara, xüsusən də ötən il
haqsız tənqid olunan ədəd oxu
anlayışını çox yaxşı dərk edib
qavradıqlarını diqqətə çatdırdı.
Seminarda
çıxış edən Təhsil Nazirliyinin dərslik və
nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bəzi
mətbuat səhifələrində kurikulum islahatı ilə
bağlı görülmüş işlərə, o cümlədən
yeni kurikulumlar əsasında yazılmış dərsliklərə
qarayaxma hallarının olmasına, onların əsassız tənqid
edilməsinə, hətta bu sahədə heç bir
anlayışı olmayan adamlar tərəfindən dərsliklərin
təftiş edilməsinə baxmayaraq, kurikulumun və dərsliklərin
bütövlükdə cəmiyyət tərəfindən
müsbət qarşılandığını, ictimaiyyət
arasında nüfuz sahibi olan insanların, mütəxəssislərin
onları yüksək qiymətləndirdiyini bildirdi.
Kurikulumların tətbiqi
üçün müəllimlərin guya
hazırlıqsız olması, səriştələrinin
çatmaması barədə deyilən və yazılan fikirlərə
də öz münasibətini bildirən F.Şahbazlı son
2-3 il ərzində müəllimlərin bu işə
hazırlanması istiqamətində çox böyük
işlər görüldüyünü, hətta bunu nəzərə
alıb bəzi adamların təkidinə baxmaq, qonşu
Gürcüstandakı kimi yeni kurikulumların tətbiqinə
birdən-birə bir neçə sinifdə deyil, təhsil
naziri Misir Mərdanovun göstərişi ilə tədricən
keçildiyini, şagird və müəllimlərin bu işə
hazır olması üçün kurikulumların tətbiqinə
başlanan il 6-7 min, sonrakı ildə isə həmin baza
üzərində 10 min ibtidai sinif müəlliminin müvafiq
hazırlıq keçdiyini qeyd etdi. Söylədi ki, məhz
bu hazırlığın nəticəsidir ki, son iki ildə
çox fəal , hətta ilin ən yaxşı müəllimi
adına layiq görülən müəllimlər
yetişmişdir.
F.Şahbazlı kurikulum
hazırlığında son vaxtlar daha çox
hallandırılan Türkiyə təcrübəsinə də
toxunaraq həmin təcrübə ilə yaxşı
tanış olduğunu, ölkəmiz üçün Milli
Kurikulum və fənn kurikulumları hazırlanarkən məhz
Türkiyənin istifadə etdiyi modeldən bəhrələndiklərini
diqqətə çatdırdı.
Kurikulumu heç kim dəyişməz hesab etmir
F.Şahbazlı
kurikulumların dəyişdirilə bilinib-bilinməməsi məsələsinə
də aydınlıq gətirdi. Qeyd etdi ki, kurikulumu heç
kim dəyişməz hesab etmir. Heç kim demir ki, kurikulumu təftiş
eləməyin, düzəltməyin, səhvlərini aradan
qaldırmayın. O səhvləri hamımız
görürük. Hər il dərslik hazırlığı
ilə bağlı ekspertlərin, fəal müəllimlərin
iştirakı ilə iş aparılır. Fevralın 1-dən
yeni tədris ili üçün dərsliklərin
hazırlanması, redaktəsi, korrektəsi, əlavələr
edilməsinə başlanır. Bu məsələlərin
üzərində çox böyük ansambl işləyir.
Pedaqoji elmlər doktoru,
professor Oqtay Rəcəbov
çıxışında musiqi dərslərində
musiqinin eşidilmədiyini, bəzi müəllimlərin bu fənnə
ayrılan saatları riyaziyyat, ana dili dərsləri
üçün istifadə etdiklərini diqqətə
çatdırıb musiqi fənni üzrə dərslik
komplektlərinə əlavə kimi mahnı
yazılmış disklərin buraxılmasını zəruri
saydı.
Kurikulum Mərkəzinin
direktoru Ənvər Abbasov
seminarda çıxış etdi. Müzakirənin faydalı
olduğunu söyləyən Ənvər müəllim belə
çıxışlara ehtiyac duyulduğunu və bu cür
fikir mübadilələrinin auditoriyalara gətirməli
olduğunu bildirdi. Qeyd etdi ki, seminara gələnlərin əksəriyyəti
Kurikulum Mərkəzi ilə tanış olan, bilavasitə tədbirlərdə
iştirak edən insanlardır. Amma mən arzu edərdim ki,
çox adamlar gəlib buradakı rejimlə, iş şəraiti
ilə tanış olsun, burada aparılan müzakirələrdə
iştirak edib adamların bir-biri ilə necə mübahisə
etdiklərini görsünlər.
Kurikulumların
hazırlanması ilə bağlı aparılan işlərin
xüsusiyyətləri haqqında danışan Ə.Abbasov
dedi ki, biz 5 il bundan əvvəlki formada
düşünmürük. Burada hər an hər kəs
öz qarşısına bir sual qoyur ki, filan məsələni
biz necə həll etməliyik. İşçi qruplarında
müzakirələr formalaşa-formalaşa gedir. Bütün
məsələlər kollegial qərarların nəticəsi
kimi ortaya çıxır.
Kurikulum
hazırlığının prinsiplərinə toxunan natiq
dedi ki, doğrudan da, bütün dünyada təklifyönümlü
kurikulumlar var ki, standartlar yuxarıdan təklif olunur, tələbyönümlü
kurikulumlar vardır ki, təkliflər cəmiyyətin
özünün ehtiyaclarından, tələbatından gəlir.
ümumiyyətlə, demokratik cəmiyyətin xarakteri budur ki,
standartlar cəmiyyətin ehtiyacına uyğun olsun. Bəs
bunu necə etmək olar? Əvvəllər proqram bir nəfər
tərəfindən yazılır, təsdiq olunur və uzun
müddət dəyişmədən tətbiq edilirdi.
çünki bu, inzibati sistemin xüsusiyyəti idi. Amma bu
gün belə deyil. Bu gün yazılan hər hansı bir
standartın bir konkret müəllifi yoxdur. Burada qruplar işləyir,
onlar işləməzdən əvvəl sosioloji
araşdırmalar aparılır, mövcud durum, ehtiyaclar, tələbatlar
öyrənilir, sonra həmin ehtiyaclar müzakirə olunaraq
standartlara çevrilir. 2006-cı ildə təsdiq olunmuş
35-40 səhifəlik standartların üzərində 1 ildən
çox müddətdə iş gedib. Yüzlərlə
müəllim aparılan müzakirələrdə iştirak
edib, çox əzab-əziyyətdən sonra o müddəalar
formalaşdırılıb. Ə.Abbasov bildirdi ki, kurikulumlarla
bağlı kimin necə təklif söyləməsindən
asılı olmayaraq onların hamısı, hətta ən
tanınmış alimlərin, o cümlədən də bizim
özümüzün irəli sürdüyümüz təkliflər
işçi qruplarında ciddi müzakirə olunur. Heç
kimin subyektiv fikri əsas ola bilməz. Bunu hamı bilməlidir.
Bütün təkliflər cəmiyyətə
faydalılıq nöqteyi-nəzərindən gözdən
keçirilir.
Ə.Abbasov
çıxışında kurikulumlarla, dərsliklərlə
bağlı deyilən iradları, hətta öz
ünvanına səslənən tənqidləri əsası
olmayan, qeyri-elmi, qeyri-ciddi fikirlər hesab etdiyini söylədi.
Qeyd etdi ki, elmi fikirlər, polemika ciddi elmi müddəalara, nəzəriyyələrə
söykənməlidir, dünya alimlərinin fikrinə istinad
edilməli və elmi üslubda deyilməlidir. Yoxsa ironik, kinayəli
tərzlə deyilən gileylər alimin üslubu deyil. O,
çıxışının sonunda dərsliklər,
kurikulum haqqında söz deyənləri məhz belə elmi
polemikaya dəvət etdi.
Təhsil Problemləri
İnstitutunun direktoru A.Mehrabov seminarda müzakirələrin
canlı keçdiyini, faydalı olduğunu, belə
seminarların gələcəkdə bölgələrdə
də keçirilməsinin nəzərdə tutulduğunu
söylədi və seminarın növbəti məşğələsinin
fevral ayının 24-də keçiriləcəyini elan etdi.
Yekunda seminar
iştirakçıları kurikulum islahatı ilə
bağlı heç bir elmi əsasa və məntiqə
söykənməyən "silsilə yazıların"
çap olunmasını təhsil sistemimizdə ardıcıl
həyata keçirilən təhsil islahatlarına qara yaxanlara
münbit şəraitin yaradılması kimi qiymətləndirərək,
onun dayandırılması barədə "Azadlıq" qəzetinin
redaksiyasına müraciət qəbul etdilər.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.5.