Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb

 

Yanvarın 27-28-də "British Council" təşkilatı Skills@Work Challenge yarışının milli finalını keçirib.

Tədbirdə 7 texniki peşə məktəbinin 100 şagirddən ibarət 20 komandası iştirak edib. İki gün keçirilən yarışmada komandada iştirak edən şagirdlər qruplara bölünərək qarşıya qoyulan məsələyə dair öz layihələrini təqdim ediblər. Münsiflər heyəti komandaları təklif olunan ideyaların həyata keçirilən dərəcəsi, yeniliyi təqdimat bacarığına əsaslanaraq qiymətləndirib. Ən çox xal toplamış altı komanda finalda "Mobil texnologiyadan istifadə edərək müasir təhsil sistemi üçün yeni əmtəə   ya xidmət təklif edin" mövzusunda öz ideyalarını təqdim edib. Yarışda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin "Pozitron" komandası qalib gəlib. Qeyd edək ki, birinci yerin sahibləri 21-25 aprel tarixində Belqradda keçiriləcək regional "Skills@Work Challenge" yarışında iştirak edəcək.

Sonda "British Council" təşkilatının nümayəndəsi Azərbaycanda Skills@Work Challenge yarışının keçirilməsində dəstəyə görə Təhsil Nazirliyinə, "Azercell Telekom MMC", "Microsoft" Azərbaycan" şirkətlərinə, "Junior Achievement" Azərbaycan" təşkilatına minnətdarlığını bildirib.

Məlumat üçün onu da bildirək ki, 18 ölkəni əhatə edən "Skills@Work" layihəsi Cənub-Şərqi Avropa ərazisinin, Böyük Britaniyada peşə təhsili təlimi sektorunda beynəlmiləlçiliyi dəstəkləyir.

 

 

Kamil AĞAMALIYEV

 

Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.12.