Bu il doqquzuncu siniflərdə də
buraxılış imtahanları mərkəzləşdirilmiş
qaydada aparılacaq
Məlum olduğu kimi, təhsil nazirinin 5 oktyabr 2009-cu il
tarixli, 1116 nömrəli əmri ilə cari dərs ilində
respublikanın bütün ümumtəhsil məktəblərinin
buraxılış siniflərində və peşə liseylərində
mərkəzləşdirilmiş qaydada keçiriləcək
yoxlama imtahanlarının
vaxtı müəyyənləşdirilmiş və ictimaiyyətə
elan edilmişdir. Artıq bu bilik sınağına bir aydan
da az vaxt qalır. Yoxlama
imtahanlarına hazırlıq məqsədilə nə kimi tədbirlər
həyata keçirilib? 2009-20/10-cu dərs ilində mərkəzləşdirilmiş
qaydada aparılacaq yoxlama və buraxılış
imtahanlarında hansı yeniliklərin tətbiqi nəzərdə
tutulub? Şagirdlər müvəffəq qiymət almaq
üçün nə etməlidirlər? Bu və bu kimi digər
suallarla Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri Təranə Hacıyevaya
müraciət etdik. Onun dediklərini oxuculara təqdim edirik
Bildiyiniz kimi, son dörd ildə
ölkənin müxtəlif
bölgələrində, 2008-2009-cu dərs ilində isə
respublikanın bütün ümumtəhsil məktəblərində
və peşə liseylərində orta təhsil kursu üzrə
buraxılış imtahanları mərkəzləşdirilmiş
qaydada aparılmışdır. Bu dərs ilində həmin
üsulla keçirilən buraxılış
imtahanlarının əhatə dairəsinin daha da genişlənməsi
- IX siniflərdə də mərkəzləşdirilmiş
qaydada aparılması nəzərdə tutulmuş, imtahan
prosesinin keçirilməsi qaydaları və mexanizminin təkmilləşdirilməsi
istiqamətində müəyyən tədbirlər
görülmüşdür.
Xatırladaq ki, ötən dərs
ilində də hər bir məktəbin IX siniflərində
buraxılış imtahanları məktəbdaxili qaydada Təhsil
Nazirliyində hazırlanmış vahid imtahan materialları əsasında
keçirildi. Lakin bu tədbir hazırlıq xarakteri
daşıyırdı, həmin imtahanlarda cavab kartı tətbiq
edilmədi və şagirdlərin nailiyyətləri məktəblər
tərəfindən qiymətləndirildi.
Yoxlama və buraxılış imtahanları nə vaxt
keçiriləcək?
Təhsil nazirinin müvafiq əmrinə
əsasən, bu tədris ilində respublikanın ümumtəhsil
məktəblərində əsas və orta təhsil
kursları üzrə yoxlama imtahanları 2010-cu ilin 27 fevral -
4 aprel tarixləri arasında, peşə liseylərində
yoxlama imtahanı isə 21 fevral tarixində keçiriləcək.
Orta təhsil kursu üzrə
yoxlama imtahanlarının respublikanın 4 ayrı-ayrı
bölgəsində aşağıdakı tarixlərdə təşkil
edilməsi nəzərdə tutulub:
Bakı və
Sumqayıt şəhərləri - 27 fevral;
Şirvan şəhəri, Abşeron, Ağcabədi, Astara,
Beyləqan, Biləsuvar, Cəlilabad, Hacıqabul,
İmişli, Kürdəmir, Lənkəran, Masallı,
Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonları - 13 mart;
Gəncə, Mingəçevir
və Naftalan şəhərləri, Ağstafa, Bərdə,
Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy,
Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər,
Tovuz və Yevlax rayonları - 27 mart;
Şəki,
Ağdaş, Ağsu, Balakən, Göyçay,
İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar,
Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı,
Şamaxı, Zaqatala və Qobustan rayonları - 3 aprel.
Ağdam və Füzuli
rayonlarının işğal olunmamış ərazilərində
yerləşən ümumtəhsil məktəblərində
orta təhsil kursu üzrə yoxlama imtahanı martın 27-də,
həmin rayonların işğal altında olan ərazilərində
yerləşən və digər məcburi köçkün
rayonlarının ümumtəhsil məktəblərində
isə bu imtahanlar məskunlaşdıqları şəhər
və rayonların ümumtəhsil məktəbləri
üçün müvafiq əmrlə müəyyənləşdirilmiş
tarixdə keçiriləcək.
Respublikanın şəhər
və rayonlarında əsas təhsil kursu üzrə yoxlama
imtahanları bu tarixlərdə aparılacaq:
Bakı və
Sumqayıt şəhərləri - 28 fevral;
Şirvan şəhəri,
Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad,
Hacıqabul, İmişli, Kürdəmir, Lənkəran,
Masallı, Neftçala, Salyan, Ucar, Saatlı, Sabirabad və Zərdab
rayonları - 14 mart;
Gəncə, Mingəçevir
və Naftalan şəhərləri, Ağstafa, Bərdə,
Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy,
Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tərtər,
Tovuz və Yevlax rayonları - 28 mart;
Şəki,
Ağdaş, Ağsu, Balakən, Göyçay,
İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar,
Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı,
Şamaxı, Zaqatala və Qobustan rayonları - 4 aprel.
Ağdam və Füzuli
rayonlarının işğal olunmamış ərazilərində
yerləşən ümumtəhsil məktəblərində əsas
təhsil kursu üzrə yoxlama imtahanları martın 28-də,
həmin rayonların işğal altında olan ərazilərində
yerləşən və digər məcburi köçkün
rayonlarının ümumtəhsil məktəblərində
isə bu imtahanlar məskunlaşdıqları şəhər
və rayonların ümumtəhsil məktəbləri
üçün müvafiq əmrlə müəyyənləşdirilmiş
tarixdə keçiriləcək.
Ümumtəhsil məktəblərində
və peşə liseylərində buraxılış
imtahanları əsas təhsil kursu üzrə iyun ayında
ana dili və riyaziyyat fənlərindən, orta təhsil kursu
üzrə peşə liseylərində aprel, ümumtəhsil
məktəblərində iyun aylarında ana dili və ədəbiyyat,
riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və
xarici dil fənlərindən aparılacaq.
Ötən dərs ilində
buraxılış imtahanlarından qeyri-kafi qiymət alan,
müəyyən səbəblərdən əsas və orta təhsil
kursunu bitirməyən və eksternat qaydasında imtahan vermək
istəyən şəxslər aprelin 20-dək bitirdikləri
təhsil müəssisəsinə müraciət etməlidirlər.
Bir mərkəzdə imtahanın gedişinə bir
neçə imtahan rəhbəri nəzarət edəcək
Monitorinq və qiymətləndirmə
şöbəsi yoxlama imtahanının keçirilməsinə,
demək olar ki, hazırdır. Bu günədək artıq
imtahanlara hazırlıqla bağlı zəruri olan
bütün tədbirlər həyata keçirilib,
ayrı-ayrı şəhər və rayonlarda şagirdlər,
müəllimlər və valideynlər arasında təlimati
işlər aparılıb, şagird bazası dəqiqləşdirilib,
imtahan mərkəzləri müəyyənləşdirilib,
şagirdlərin adlı siyahısı yerlərə göndərilib,
onların kodu haqqında məlumat verilib və s.
2009-2010-cu dərs ilində
əsas və orta təhsil kursu üzrə imtahanların
keçirilməsi məqsədilə respublika ərazisində
299 imtahan mərkəzi yaradılıb. Bu il hər bir imtahan mərkəzinə
keçən ildən fərqli olaraq bir deyil, bir neçə
imtahan rəhbəri təyin olunub. Hər mərkəzdə
öz biliyini 400-500 şagird sınayacaq. İmtahanlara
ümumi respublika üzrə 140 minə yaxın doqquzuncu, 97
mindən artıq onbirinci sinif şagirdi cəlb edilib.
Doqquzuncular ana dili və
riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla, cəmi
50 suala cavab verməlidirlər. Riyaziyyatdan sualların 18-i cəbrə,
7-si həndəsəyə aiddir. Orta təhsil kursu üzrə
imtahanlar cəmi 120 sual olmaqla, yuxarıda adları çəkilən
8 fəndən keçiriləcək.
Yoxlama imtahanının
nəticələri keçirildiyi tarixdə jurnala
yazılacaq və şagirdlərin fənlər üzrə
ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri
nəzərə alınmaqla çıxarılacaq.
Şagirdlərə kömək məqsədilə
test külliyyatı yaradılıb
Bir məsələni xüsusi olaraq
diqqətə çatdırmaq istəyirəm ki, indiyədək
şagirdlərin imtahanlara hazırlaşması
üçün testlər ümumtəhsil məktəblərinə
elektron formada çatdırılırdı.
Şöbəmiz
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsinə başlanandan bu günədək
mövcud olan bütün testləri təkmilləşdirmiş,
redaktə etmiş və həm IX, həm də XI siniflər
üçün test külliyyatı yaratmışdır.
Azərbaycan və rus
bölmələrinin doqquzuncu sinifləri üçün bir
kitabdan ibarət olan test külliyyatına hər iki bölmə
üzrə ana dili və riyaziyyatdan suallar daxil edilib. Orta təhsil
kursu üzrə 8 fənni əhatə edən testlər isə
I və II hissələr olmaqla iki kitabda toplanıb. Rus
bölməsinin onbirinciləri üçün də
ayrıca olaraq iki kitabdan ibarət test külliyyatı
hazırlanıb. Kitablar artıq çap olunur və yaxın
günlərdə məktəblərə
çatdırılacaq.
Əsas təhsil kursu
üzrə yoxlama imtahanlarına bütün suallar test
külliyyatından salınacaq. Doqquzuncular bilik
sınağında ilk dəfə iştirak edirlər və
onlara tanış olduqları sualların verilməsi daha məqsədəuyğundur.
Yoxlama imtahanının məqsədlərindən biri də təhsilin
səviyyəsini öyrənməkdir. Buna görə də
orta təhsil kursu üzrə yoxlama imtahanlarına hər fəndən
sualların yalnız 20-30 faizi test külliyyatından
salınacaq. Qalanları isə tamamilə yeni suallar olacaq. Bu
halda şagird öz qabiliyyətini yoxlayır, öz biliyi
haqqında dəqiq məlumat alır və
qarşıdakı həlledici mərhələdə
hansı suallara daha ciddi hazırlaşmağın zəruri
olduğunu öyrənir. Eyni zamanda müəllimlər də,
valideynlər də, Təhsil Nazirliyi də real vəziyyətdən
xəbərdar olur.
Əsas və orta təhsil
kursu üzrə buraxılış imtahanlarında isə
sualların hamısı test külliyyatından salınacaq.
Fənn üzrə elementar biliyi olan şagird müvəffəq
qiymət ala bilər
Ümumiyyətlə, əsas və orta təhsil
kursu üzrə yoxlama və buraxılış
imtahanlarının qiymətləndirilməsinə gəlincə,
qeyd etmək lazımdır ki, cari dərs ilində bu məsələdə
yeniliyin tətbiq olunması nəzərdə tutulmur. Hər
hansı bir fənn üzrə ən elementar biliyə malik
olan şagird imtahana salınan testlərin heç olmasa, 20 faizinə
asanlıqla cavab verərək müvəffəq qiymət ala
bilər. Və ya yoxlama imtahanında "2"
aldığı fəndən ciddi hazırlaşaraq
buraxılış imtahanında
daha yüksək qiymət alar. Təbii ki, şagirdin bir
fəndən hər iki imtahanda qeyri-müvəffəq nəticə
göstərməsini təsadüf və ya həyəcanla
izah etmək məntiqə uyğun deyil.
Əsas təhsil kursu
üzrə buraxılış imtahanında fənlərin hər
hansı birindən "2" alan şagird ümumtəhsil məktəblərində
sinifdən-sinfə keçirmə qaydalarına əsasən
yeni dərs ili başlananadək mərkəzləşdirilmiş
qaydada təkrar payız imtahanı verir. Bu imtahandan da
"2" alan şagird sinifdə qalır.
Onbirincilər isə
"2" aldığı fəndən yalnız gələn
il imtahan verə bilər. Uğur qazanmadığı təqdirdə
həmin məzun növbəti ildə artıq bütün fənlərdən
eksternat qaydada imtahan verməlidir.
Oxucuların diqqətinə
çatdırmaq istərdik ki, mərkəzləşdirilmiş
qaydada aparılan imtahanlarla bağlı görülən
işlər barədə İnternetdə mütəmadi olaraq
məlumat verilir. İmtahan səhifəsində (edu.gov.az)
ötən dərs ilində aparılan buraxılış
imtahanlarının nəticələri, istifadə olunan
imtahan materiallarından nümunələr və s. yerləşdirilib.
Həmin səhifədə hələ çapda olan test
külliyyatı haqqında da məlumat veriləcək. Şagirdlər
zəif bildikləri hər hansı fənn üzrə
materialı götürüb qarşıdakı yoxlama
imtahanına hazırlaşa bilərlər.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.6.