Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb

 

Gənclər üçün Təhsil Mərkəzi "Work and Travel US proqramı gənclərin gözü ilə" mövzusunda elan etdiyi videoçarx müsabiqəsinin yekunlarını açıqlamışdır.

Bu münasibətlə fevralın 4-də keçirilən tədbirdə mərkəzin direktor müavini Elnur Axundov bildirmişdir ki, məqsəd gənclər, xüsusən tələbələr üçün ABŞ-a səyahət etmək bu ölkədə işləmək imkanı yaradan proqramı tanıtmaqdır. Qeyd olunmuşdur ki, müsabiqəyə 27 videoçarx təqdim edilmişdir.

"International Exchange Center"in baş direktoru Sərxan Ağamalıyev isə proqram barədə geniş məlumat vermiş, onun tələbələr üçün faydasından danışmışdır.

Müsabiqədə qalib gəlmiş Nurlan Əkbərov proqram çərçivəsində ABŞ-a səyahət, ikinci yerə layiq görülmüş Elxan İsmayılov bu ölkədə ikiaylıq xarici dil kursu keçmək imkanı qazanmış, üçüncü yeri tutmuş Günay Sadıqova isə qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

Sonda müsabiqədə qalib gəlmiş videoçarxlar nümayiş etdirilmişdir.

 

 

Azərbaycan müəllimi.-2010.-5 fevral.-S.2.