Təhsil Nazirliyinin kollegiyasında
Ötən ilin yekunları, bu il qarşıda duran vəzifələr
müzakirə olunub
Fevralın 5-də Təhsil Nazirliyində növbəti
kollegiya iclası keçirildi. Kollegiya üzvləri ilə bərabər
bir sıra millət vəkillərinin, Təhsil Nazirliyi
Aparatının məsul işçilərinin, nazirliyin
struktur bölmə rəhbərlərinin, rayon, şəhər
təhsil şöbə müdirlərinin, bilavasitə Təhsil
Nazirliyinə tabe olan ümumtəhsil müəssisələri
direktorlarının iştirak etdikləri geniş iclasda
"2009-cu ilin yekunları və 2010-cu ildə qarşıda
duran vəzifələr" mövzusunda məsələ
müzakirə olundu.
İclası açan
Azərbaycan Respublikasının təhsil naziri, kollegiyanın
sədri Misir Mərdanov
iştirakçıları salamlayaraq çətin hava şəraitində
dəvətlərini qəbul edib kollegiyaya gəldiklərinə
görə millət vəkillərinə, digər qonaqlara təşəkkür
etdi, Parlamentin çoxsaylı komitə sədrlərinin
kollegiya iclasında iştirakını Azərbaycan cəmiyyətində
təhsilə diqqətin ifadəsi kimi dəyərləndirdi.
Təhsil naziri Misir Mərdanov
kollegiyada "2009-cu ilin
yekunları və 2010-cu ildə qarşıda duran vəzifələr"
mövzusunda məruzə-təqdimatla çıxış
etdi.
Geniş faktik materiallar,
dərin təhlillər əsasında hazırlanmış təqdimatında
nazir öncə ölkəmizin inkişaf dinamikasını təcəssüm
etdirən bəzi makroiqtisadi göstəriciləri diqqətə
çatdırdı. Qeyd etdi ki, ötən ildə
bütün dünyada maliyyə böhranı olmasına
baxmayaraq, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş siyasət hörmətli Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilmiş, ölkədə
ümumi daxili məhsul 9,3, sənaye istehsalı 8,6, kənd təsərrüfatı
məhsullarının istehsalı 3,5 faiz artmışdır.
Təhsil naziri ötən
il möhtərəm Prezidentimizin iştirakı ilə
Sumqayıt şəhərində açılışı
olmuş və tikinti-quraşdırma işlərinin bu il də
davam etdirilməsi nəzərdə tutulan nəhəng
texnoparkı və bir sıra digər iri layihələrin həyata
keçirilməsini də ən mühüm iqtisadi inkişaf
göstəriciləri kimi qeyd edib, 2009-cu ildə xarici siyasət
sahəsində də çox vacib addımlar
atıldığını, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində müəyyən irəliləyişlər
olduğunu bildirdi. Qeyd etdi ki, bütün bunlar ölkə
Prezidenti İlham Əliyevin yeni idarəetmə modeli sayəsində
mümkün olmuşdur. Nazir yeri gəlmişkən onu da
vurğuladı ki, dünyanın nüfuzlu ekspertləri və
iqtisadçıları Azərbaycanın dinamik
inkişafının əsas səbəbini dövlət
başçısı İlham Əliyevin ölkəni elmi
surətdə əsaslandırılmış çoxsaylı
dövlət proqramlarının vasitəsi ilə idarə etməsində
görürlər. Təsadüfi deyildir ki, yalnız təhsil
sahəsində 16 dövlət proqramı həyata
keçirilir.
Sonra təhsil naziri
ötən ilin təhsillə bağlı ən mühüm
hadisələrinə diqqət çəkərək, hər
il olduğu kimi, 2009-cu ildə də Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni
tikilən, əsaslı təmir və bərpa edilən təhsil
müəssisələrində olduğunu, il ərzində təhsillə
bağlı xeyli fərman və sərəncam
imzaladığını bildirdi. Misir Mərdanov bu baxımdan
Prezidentin 5 sentyabr 2009-cu il tarixli fərmanı ilə təsdiq
olunmuş "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununu ilin ən mühüm hadisələrindən
biri sayaraq Qanunun icrasını təmin etmək məqsədi
ilə Təhsil Nazirliyi tərəfindən 35 adda sənədin
hazırlanıb təsdiq üçün hökumətə
təqdim olunduğunu, onlardan 6-nın artıq təsdiq
edildiyini söylədi, hazırlanmış və təsdiq
olunmuş sənədlərin adları ilə kollegiya
iştirakçılarını tanış etdi.
Təhsil naziri habelə
Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlarla
2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan
olunmasını, Bakı Dövlət Universitetinin 90 illik
yubileyinin keçirilməsini, "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nın, "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq
edilməsini, ali, texniki peşə, məktəbəqədər
təhsil müəssisələrinin maddi-texniki
bazasının gücləndirilməsi, qəza vəziyyətində
olan ümumtəhsil məktəb binalarının yenidən
qurulması ilə bağlı Prezident sərəncamlarına
əsasən Prezidentin Ehtiyat Fondundan üst-üstə 23
milyon manat vəsait ayrılmasını da ilin ən
mühüm hadisələri hesab edərək bütün
bunlar barədə kollegiya iştirakçılarına ətraflı
məlumat verdi.
Məruzə-təqdimatda
Prezidentin sərəncamlarına əsasən keçirilən
və müəllimlər arasında ciddi rəqabət
mühiti yaradan "Ən yaxşı ümumtəhsil məktəbi",
"Ən yaxşı müəllim" müsabiqələrinin
bəzi yekunlarından da söz açıldı, təhsil
ocaqları və müəllimləri müsabiqələrdə
fəallıq göstərən, heç iştirak etməyən
və iştirak edib qaliblər sırasına düşməyən
şəhər və rayonların adları
açıqlandı, müqayisələr aparıldı,
iclasda iştirak edən rayon təhsil şöbə
müdirlərinin deyilənlərdən nəticə
çıxaracaqlarına inam ifadə edildi.
Daha sonra nazir təhsil
büdcəsinin inkişaf dinamikasını əks etdirən
diaqramı kollegiya iştirakçılarının diqqətinə
çatdıraraq bildirdi ki, dövlət büdcəsinin tərkibində
təhsilə ayrılan faktiki xərclər 2009-cu ildə
1,097 milyard manat təşkil etmişdir. 2010-cu ildə isə
təhsilə 1,2 milyard manat vəsait ayrılması nəzərdə
tutulmuşdur ki, bu da 2009-cu ilin büdcəsinə nisbətən
180 milyon manat (10%) artıqdır.
Təhsil işçilərinin
orta aylıq əməkhaqqının son 7 ildə
artımını göstərən qrafik də təqdim
olundu. Məlumat verildi ki, təhsil işçilərinin orta
aylıq əməkhaqqı ilbəil artaraq, 2008-ci ildə 220
manatdan 2009-cu ildə 268,5 manata yüksəlmişdir. Təqdimatda,
eyni zamanda ayrı-ayrı təhsil pillələri üzrə
hər təhsil alana düşən xərclərin artım
dinamikası da bir neçə slaydla nümayiş olundu. Nazir
təhsilin bütün pillələrində bu göstərici
üzrə artım baş verdiyini bildirdi.
Təhsil naziri məruzə-təqdimatında
təhsilin inkişafı sahəsində əldə edilən
nailiyyətlər üzərində də dayandı. Qeyd etdi
ki, son 20 ildə heç bir məktəbəqədər təhsil
müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk dəfə
olaraq ölkə üzrə 28 yeni uşaq bağçası
tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər
təhsil müəssisəsi əsaslı təmir edilmiş
və müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata
keçirilən tədbirlər nəticəsində Bakı
şəhərində bağçalara cəlb olunmuş
uşaqların sayı 6 min nəfər artmış, təhsilin
bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi
ötmüşdür.
Nazir
çıxışına davam edərək söylədi
ki, son illər Azərbaycanda 450000 şagird yerlik 2000-dək
yeni məktəb binası tikilərək istifadəyə
verilmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə
tikilmiş təhsil müəssisələrinin sayı
300-ü ötmüşdür. Eyni zamanda 450-dən çox məktəb
əsaslı təmir edilmiş və müasir
avadanlıqlarla təchiz olunmuşdur. Aparılan işlərin
nəticəsində ölkə üzrə 1050000 şagirdin,
yəni bütün şagirdlərin 75 faizinin təlim şəraiti
yaxşılaşdırılmış, ikinövbəli məktəblərin
faizi 73,3-dən 44,5-ə enmişdir.
2008-2009-cu tədris ilində
ümumtəhsil məktəblərinin I siniflərində tədrisə
yeni fənn kurikulumları və müasir dərsliklərlə
başlanmış, bu proses 2009-2010-cu tədris ilində I və
II sinifləri əhatə etmişdir. Yeni kurikulumların tətbiqi
ilə əlaqədar I siniflərdə işləyən 18
minədək müəllim xüsusi proqram əsasında
öyrədici təlim kurslarından keçirilmiş və
nümunəvi tədris materialları ilə təmin
edilmişdir.
Son 7 il ərzində məktəblilər
üçün 35 milyon nüsxə dərslik çap
olunmuşdur. Təhsil tariximizdə ilk dəfə olaraq yeni
kurikulum tətbiq edilən I və II siniflər
üçün yeni dərslik komplektləri (şagirdlər
üçün dərslik, iş dəftəri, müəllim
üçün vəsait) çap edilmişdir.
Əldə edilən
nailiyyətlər sırasında ümumtəhsil məktəblərinin
XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsi, həmin
imtahanlarda əla qiymət almış məzunların 51
faizinin 2009-cu ildə ali məktəblərə qəbul
imtahanlarında 500-700 bal toplaması, Azərbaycan məktəblilərinin
dünya və beynəlxalq fənn olimpiadalarında 11
qızıl, 28 gümüş, 60 bürünc olmaqla
ümumilikdə 99, Avropa, dünya birinciliyi və
çempionatlarında və digər beynəlxalq
yarışlarda 57 qızıl, 51 gümüş, 60
bürünc olmaqla ümumilikdə 168 medal qazanmaları
xüsusi qeyd olundu.
Ölkənin ümumtəhsil
məktəblərinin müvafiq dövlət proqramları
çərçivəsində İKT ilə təminatı
sahəsində görülmüş işlərdən və
əldə olunan uğurlardan söz açan nazir hər 20
şagirdə bir kompüter nisbətinin təmin olunduğunu,
500 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə
(İntranet) və İnternetə qoşulduğunu, inzibati,
pedaqoji və texniki heyət əhatə olunmaqla, 40000 nəfərin
müvafiq treninqlərdən keçərək İKT
bacarıqlarına yiyələndiyini söyləyib, bu sahədə
əldə olunmuş digər nailiyyətləri diqqətə
çatdırdı.
Məruzə-təqdimatda
ümumtəhsil məktəblərinin kadrlarla təminatı,
müəllimlərin ixtisasartırma işinin təşkili
ilə bağlı görülmüş işlərə də
toxunuldu və bildirildi ki, 2005-2009-cu illəri əhatə edən
müvafiq Proqram çərçivəsində ümumilikdə
6179 müəllim stimullaşdırıcı tədbirlər
tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə
göndərilmiş, ümumtəhsil məktəblərinə
müəllimlərin işə qəbulu sahəsində yeni
mexanizmlərin tətbiqinə başlanmış,
"modul-kredit" sisteminə əsaslanan, rəqabət
mühitinin yaradılmasını, proqramların
akkreditasiyasını, stimullaşdırıcı vasitələrin
tətbiqini, karyera inkişafını nəzərdə tutan
yeni ixtisasartırma modeli hazırlanmışdır.
Misir Mərdanov kollegiya
iştirakçılarına dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi və alternativ
qayğı Dövlət Proqramının icrası ilə
bağlı görülmüş işlər barədə də
məlumat verərək Dövlət Uşaq Müəssisələrinin
Transformasiyası üzrə Baş Planın
hazırlandığını və 2009-cu ilin aprelində
hökumət tərəfindən təsdiq olunduğunu, həmin
plana əsasən 9 ümumtəhsil internat məktəbinin
ümumtəhsil məktəbinə çevrildiyini və nəticədə
dövlət uşaq müəssisələrinin
sayının 55-dən 46-ya endiyini, bir sıra yerlərdə
günərzi qayğı və reabilitasiya-inkişaf mərkəzlərinin
yaradıldığını qeyd etdi.
Son illərdə təhsilin
texniki peşə təhsili, orta ixtisas və ali təhsil pillələrində,
beynəlxalq təhsil əlaqələrinin inkişafı sahəsində
əldə olunmuş nailiyyətlər barədə də
söz açan təhsil naziri Qəbələdə Turizm və
Otelçilik üzrə Peşə Tədris Mərkəzinin
yaradıldığını, 8 peşə təhsili müəssisəsinin
əsaslı təmir edildiyini, İsmayıllı rayonunda
Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin
tikintisinin aparıldığını, müxtəlif peşələr
üzrə 8 adda dərslik hazırlanıb çap edildiyini,
bir sıra beynəlxalq qurumlarla, bəzi ölkələrin
şirkətləri ilə birgə layihələrin
icrasına başlandığını diqqətə
çatdırdı.
Nazir qeyd etdi ki, Azərbaycan
Boloniya prosesinə qoşulduqdan sonra Avropa təhsil məkanına
inteqrasiya istiqamətində əhəmiyyətli addımlar
atılmış, bir sıra beynəlxalq qurumların sənədlərinə
və beynəlxalq təsnifat strukturuna uyğun olaraq ali təhsilin
bakalavr səviyyəsi ixtisaslarının
(proqramlarının) yeni siyahısı hazırlanaraq hökumət
tərəfindən təsdiq edilmiş, dövlət ali təhsil
müəssisələrinin, bir neçə özəl ali məktəbin
maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmiş,
avadanlıqlar alınmış, 19 ali təhsil müəssisəsi
akkreditasiyadan keçirilmiş, "Təhsilin əsasları"
adlı yeni fənnin tətbiqinə
başlanmışdır. Dünyanın aparıcı
universitetlərində müxtəlif mənbələr
hesabına təhsil alan azərbaycanlı gənclərin
sayı 10 mini ötmüş, "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xaricdə təhsili üzrə dövlət
Proqramı" çərçivəsində
dünyanın 23 ölkəsinə 498 nəfər təhsil
almağa göndərilmiş, Azərbaycanın ali təhsil
müəssisələrində təhsil alan əcnəbilərin
sayı 7 minə çatmışdır. Davamlı insan
inkişafı sahəsində Azərbaycanda həyata
keçirilən tədbirlər BMT tərəfindən
yüksək qiymətləndirilmiş, Azərbaycan təcrübəsi
bütün üzv ölkələrə nümunə kimi
tövsiyə olunmuşdur.
Təhsil naziri Misir Mərdanov məruzə-təqdimatında
daha sonra təhsilin pillələri üzrə mövcud vəziyyət,
görülmüş işlər, əldə olunan
uğurlar və qarşıda duran vəzifələrdən bəhs
etdi. Təqdimatın məktəbəqədər təhsil
bölməsində nazir öncə dövlət və özəl
məktəbəqədər təhsil müəssisələri
haqqında statistik məlumatları diqqətə
çatdırdı. Qeyd etdi ki, 2009-cu ildə dövlət məktəbəqədər
təhsil müəssisələrinin sayı 1604, burada tərbiyə
olunanların sayı isə 104022 olmuşdur. Bu müəssisələrdə
13532 pedaqoji işçi çalışmışdır. 12
özəl bağçada isə 645 uşağın tərbiyəsi
ilə 161 pedaqoji işçi məşğul olmuşdur.
Ölkə
başçısının 12 aprel 2007-ci il tarixli sərəncamı
ilə təsdiq olunmuş məktəbəqədər təhsilin
yeniləşdirilməsi Proqramında nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində
işlərin ötən il də davam etdirildiyini deyən məruzəçi
ölkə üzrə 14 yeni məktəbəqədər təhsil
müəssisəsinin tikildiyini, 10 müəssisənin əsaslı
təmir olunduğunu, 129 müəssisənin bərk və
yumşaq inventarla təmin edildiyini söylədi. Sonra məktəbəqədər
təhsil sahəsində 2010-cu ildə görüləcək
işlər diqqətə çatdırıldı. Məktəbəqədər
təhsil müəssisələrinin İKT
avadanlığı ilə təmin edilməsinin, pedaqoji heyətin
İKT üzrə savadlılığın
artırılması, bu müəssisələrin nümunəvi
nizamnaməsinin hazırlanması, məktəbəqədər
təhsil üzrə monitorinq və qiymətləndirmə
sisteminin yaradılması və s. istiqamətdə tədbirlərin
həyata keçirilməsinin nəzərdə tutulduğu
bildirildi.
Ümumi təhsil
sistemində 2009-cu ildə görülmüş işləri
slaydlar vasitəsi ilə kollegiya
iştirakçılarının diqqətinə
çatdıran Misir Mərdanov 2009-2010-cu dərs ilində
ölkədə 4529 ümumtəhsil müəssisəsinin fəaliyyət
göstərdiyini, bunlarda 1360760 şagirdin oxuduğunu, 170848
müəllimin çalışdığını, 17
özəl ümumtəhsil müəssisəsində 7128
şagirdin təlim-tərbiyəsi ilə 1133 təhsil
işçisinin məşğul olduğunu bildirdi. Qeyd etdi
ki, ötən il 68 yeni məktəb binası təmir olunub. 87
məktəbin istilik sistemi bərpa edilib, 201 məktəb və
10 RTŞ müasir avadanlıqlarla təmin olunub.
Nazir 2010-cu ildə 25 yeni məktəbin
inşasının başa çatdırılmasının,
1 məktəbdə əlavə korpusun tikintisinin, 4 məktəbin
əsaslı təmirinin, ümumtəhsil məktəblərinin
avadanlıqlarla təminatı,
rasionallaşdırılması və
optimallaşdırılması, "Təhsil haqqında"
Qanunun qəbulu ilə əlaqədar normativ-hüquqi
bazanın yeniləşdirilməsi işlərinin davam etdiriləcəyini,
adambaşına maliyyə mexanizminə keçidlə
bağlı zəruri tədbirlər görüləcəyini
söylədi.
Təqdimatda kurikulum
islahatı çərçivəsində 3 pilot məktəbində
həndəsə və cəbrin inteqrativ proqramla riyaziyyat fənni
kimi tədrisi layihəsinə başlanıldığı,
xarici dillərin intensiv tədrisi layihələri çərçivəsində
Britihs Council təşkilatının dəstəyi ilə
Bakı şəhərinin 7 pilot məktəbində
xüsusi tədris planı və proqramı əsasında
ingilis dilinin intensiv tədrisinə başlandığı,
cari tədris ilindən respublikanın 50 məktəbində
rus dilinin intensiv tədrisi layihəsinə başlanması
üzrə tədbirlərin həyata keçirildiyi, bu
işlərin 2010-cu ildə davam etdiriləcəyi qeyd olundu.
Təhsil naziri bu il XI
siniflərlə yanaşı, IX siniflərdə də
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçiriləcəyini söyləyib, yerlərdə
bu məsələlərə ciddi yanaşılmasını
tövsiyə etdi.
Kollegiyada 2009-cu ildə
ali məktəblərə qəbulun nəticələri də
geniş müzakirə olundu. Məruzə-təqdimatında
bu məsələdən bəhs edən nazir öncə qəbul
imtahanlarında 0-100, 100-200, 200-300, 300-500, 500-700 bal toplayan
abituriyentlər, o cümlədən əlaçılar
haqqında statistik məlumatı əks etdirən
diaqramları iclas iştirakçılarının diqqətinə
çatdırdı və 0-100 bal toplayan abituriyentlərin, o
cümlədən əlaçı abituriyentlərin
sayının 2003-cü ildən başlayaraq
azaldığını, 500-700 bal toplayan əlaçı
abituriyentlərin sayının isə getdikcə
artdığını və 2009-cu ildə 51 faizə
yaxın olduğunu qeyd etdi.
Nazir habelə son illər
600-dən çox bal toplayan abituriyentlərin
dinamikasını, orta bal göstəricilərini əks etdirərək
diaqramları, ali məktəblərin ixtisaslarına qəbul
olan abituriyentlərin orta bal göstəricilərini əks
etdirən cədvəli də nümayiş etdirib, müvafiq
müqayisələr apardı. Bəzi qəbul göstəricilərinin
təhlilini verən Misir müəllim bir sıra fənlər
üzrə 2009-cu ildə sualların çətinlik səviyyəsinin
2008-ci ildəkindən 2 dəfə artırıldığını
bildirib, fikirlərini ayrı-ayrı fənlər və ixtisas
qrupları üzrə suallardan gətirdiyi misallarla əsaslandırdı.
Sonra 2009-cu il məzunlarının
ali məktəblərə qəbulolma göstəricilərinin
bölgələr üzrə nəticələri diqqətə
çatdırıldı, yaxşı və pis nəticələr
göstərən bəzi rayon və şəhərlərin
adları qeyd olundu, bu rəqəmlərdən hər kəsin
özü üçün nəticə çıxarması
vurğulandı.
Məruzə-təqdimatda
istedadlı uşaqlarla iş, dərslik siyasəti, kadr təminatı
sahəsində görülmüş işlərə də
toxunuldu, həyata keçirilmiş tədbirləri əks
etdirən slaydlar nümayiş etdirildi, bu istiqamətlərdə
2010-cu ildə görüləcək işlər diqqətə
çatdırıldı.
Nazir məktəbdənkənar
təhsil müəssisələri haqqında da məlumat
verib bu gün ölkədə 380 belə müəssisənin
fəaliyyət göstərdiyini, onlarda 334670 uşaq və
yeniyetmənin istedadının üzə
çıxarılması,
yaradıcılığının inkişafı istiqamətində
sistemli iş aparıldığını, müxtəlif
yaradıcılıq müsabiqələrinin keçirildiyini,
bir sıra məktəbdənkənar müəssisələrin
təmir olunduğunu, bu yöndə işlərin 2010-cu ildə
də davam etdiriləcəyini, "Ekologiya ili" elan
olunması ilə bağlı tədbirlərin həyata
keçiriləcəyini söylədi.
Məruzə-təqdimatda
texniki peşə təhsili, orta ixtisas təhsili müəssisələri
haqqında statistik məlumatlar, hər iki sahənin
inkişafı ilə bağlı son illər
görülmüş işlər də öz əksini
tapmışdı. Bütün bunlar barədə məlumat
verən təhsil naziri 2010-cu ildə peşə təhsili
müəssisələri üçün 12 adda dərsliyin
hazırlanıb çap edilməsinin, bəzi ixtisaslar üzrə
standartların hazırlanmasının, Nazirlər Kabinetinin 13
yanvar 2010-cu il tarixli qərarı ilə təsdiq olunmuş
"2010-2013-cü illərdə Azərbaycan Respublikasında
orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər
Proqramı" çərçivəsində təhsilin bu
pilləsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
məzmunun və texnologiyaların yeniləşdirilməsi,
struktur və idarəolunma sisteminin modernləşdirilməsi,
keyfiyyətin təmin olunması və s. istiqamətlər
üzrə islahatlar aparılmasının nəzərdə
tutulduğunu qeyd etdi.
Ali təhsil sistemində
görülmüş və görüləcək işlərdən
söz açan təhsil naziri ölkədə fəaliyyət
göstərən dövlət və özəl ali təhsil
müəssisələri barədə statistik rəqəmləri,
2009-cu ildə bu müəssisələrin infrastrukturunun
inkişafı sahəsində görülmüş işləri
diqqətə çatdırdıqdan sonra 2010-cu il
üçün həyata keçirilməsi
planlaşdırılmış tədbirlərlə iclas
iştirakçılarını tanış etdi.
Ali məktəblərin
məzunları işləyəcək yerlərlə əlaqələrinin
zəif olduğunu vurğulayan nazir bu məsələnin
növbəti illərdə diqqət mərkəzində
saxlanılmasının vacibliyini ifadə etdi.
Məruzə-təqdimatının
beynəlxalq əlaqələr, xaricdə təhsil
bölümündə kollegiya sədri təhsil sahəsində
ikitərəfli əməkdaşlıq məsələsinə
toxunaraq ölkəmizin ABŞ, Suriya, İran, İsrail,
İordaniya, Malayziya, Cənubi Koreya, Belarus, Almaniya, Litva kimi
ölkələrlə əlaqələrinin genişləndiyini,
ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlıq
çərçivəsində 8 saziş və protokol
imzalandığını, Bakıda Almaniya, Malayziya və Cənubi
Koreya universitetlərinin təhsil sərgisinin
keçirildiyini, Avropa İttifaqı, Avropa Şurası,
İSESKO, YUNESKO, YUNİSEF, Britiş Council, DAAD və BMT-nin
digər ixtisaslaşmış qurumları ilə əməkdaşlığı
çərçivəsində layihə və proqramlar həyata
keçirildiyini söylədi, keçirilmiş birgə
iclas, seminar və konfranslardan söz açdı.
Sonra Misir Mərdanov
xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində
təhsil alanların ixtisaslar və ölkələr üzrə
bölgüsünü əks etdirən diaqramları, Azərbaycanda
təhsil alan əcnəbi tələbələrin ali məktəblər
üzrə səpələnməsini göstərən cədvəllə
kollegiya iştirakçılarını tanış etdi, beynəlxalq
təşkilatlarla əməkdaşlığın genişləndirilməsi
üçün 2010-cu ildə həyata keçirilməsi nəzərdə
tutulan tədbirləri diqqətə çatdırdı.
Məruzə-təqdimatının
sonunda təhsil naziri ali məktəblərdə elmin
inkişaf etdirilməsi ilə bağlı
görülmüş və görülməsi nəzərdə
tutulan işləri qeyd edib, bunları əks etdirən
statistik rəqəmlərlə kollegiya
iştirakçılarını tanış etdi.
Sonra məruzə ətrafında
müzakirə aparıldı.
Çıxış
üçün söz alan millət vəkili Gülər Əhmədova orta
məktəblərdə buraxılış və ali məktəblərə
qəbul imtahanları məsələsinə toxundu. O qeyd etdi
ki, məzunlar çox az zaman intervalında 2 dəfə - məktəbi
qurtaranda 8 fənn üzrə mərkəzləşdirilmiş
qaydada buraxılış imtahanı, sonra isə eyni üsulla
qəbul imtahanı verməyə məcburdurlar.
Pedaqoji sahədə fəaliyyət
göstərən hər kəs imtahan prosesində gənclərin
çox ciddi stress keçirdiyini çox gözəl bilir. Bu
hal hətta müxtəlif xəstəliklərin yaranmasına
da səbəb olur. Universitetlərə yeni qəbul olunmuş
birinci kurs tələbələrinin əksər hallarda pis
oxumalarının səbəbi də məhz onların hələ
də sağlamlıqlarını tam bərpa edə bilməməsidir.
Millət vəkilinin
sözlərinə görə, dünyanın əksər
ölkələrində imtahanlar bir dəfə təşkil
olunur. Gənclər göstərdikləri nəticələrlə
istədikləri universitetlərə müraciət edirlər.
Hər bir ali məktəb qəbul üçün tələb
edilən bala müvafiq olaraq bu nəticələrə əsasən
öz tələbələrini seçir.
Gülər Əhmədova
bu məsələnin artıq Milli Məclisdə müzakirə
edildiyini, dünya təcrübəsinə uyğun olaraq
buraxılış və qəbul üçün bir imtahan
keçirilməsinin məqsədəuyğun
sayıldığını diqqətə çatdırdı
və bununla bağlı müəyyən bir qərar qəbul
etməyin zəruri olduğunu vurğuladı.
Millət vəkili Cəmil Həsənli
çıxışında təhsilin ölkənin ictimai həyatının
çox mühüm hissəsini əhatə etdiyini dedi və
bu sistemin ayrı-ayrı sahələrində görülən
işlər, həllini gözləyən vacib məsələlər
və qarşıda duran vəzifələr barədə
müfəssəl məlumatın verildiyi hesabat məruzəsini
çox yüksək qiymətləndirdi.
Çıxışında
BDU-nun 90 illik yubileyinin çox yüksək səviyyədə
keçirildiyindən bəhs edən Cəmil Həsənli
ölkə Prezidenti cənab İlham Əliyevin yubiley mərasimində
iştirakının təkcə bu universitetə deyil,
respublika rəhbərliyi tərəfindən ümumilikdə
təhsil sahəsinə yetirilən xüsusi diqqət və
qayğının təzahürü olduğunu
vurğuladı.
Millət vəkili qeyd
etdi ki, müxtəlif mətbuat səhifələrində dərc
edilən tənqidi yazılara təbii yanaşmaq
lazımdır. Ən vacibi görülən işlər, həyata
keçirilən islahatlardır. Dünya ölkələrinin
təcrübəsi göstərir ki, inkişafın yeganə
mənbəyi təhsildir. Pedaqoji fəaliyyətlə məşğul
olduğuma görə, tam məsuliyyətlə deyə bilərəm
ki, bu gün auditoriyada gördüyümüz gənclər
ötənilkilərdən çox fərqlənirlər və
mən əminəm ki, gələn il də belə olacaq. Bu mənada
respublikada təhsilin yüksələn xətt üzrə
inkişaf etdiyini tam aydınlığı ilə dərk etmək
olar.
Cəmil Həsənli çıxışının sonunda dedi: "Təhsil naziri Misir Mərdanov hesabat məruzəsində bu sahədə həll olunacaq bir sıra məsələlərdən söz açdı. İnanıram ki, bütünlüklə təhsil ictimaiyyətinin real potensialı bu problemlərin aradan qaldırılmasına imkan verəcəkdir".
Akademik Urxan Ələkbərov çıxışında iki məsələyə - dövlətin insan potensialının formalaşması sahəsində apardığı siyasətə və təhsillə əmək bazarının arasında olan münasibətlərə toxunmaq istədiyini bildirdi.
Öncə təhsil nazirinin məruzə-təqdimatına münasibətini açıqlayan akademik onu yüksək qiymətləndirdi, məruzədə təhsil siyasəti ilə yanaşı, ölkənin siyasi-iqtisadi sahədə əldə etdiyi uğurların da öz əksini tapmasını müsbət hal adlandırdı.
Möhtərəm Prezidentimizin "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" fikrini sitat gətirən U.Ələkbərov insan kapitalının formalaşmasının sağlamlıq, təhsil və bunlara ayrılan vəsait kimi 3 komponentdən ibarət olduğunu, son illərdə, o cümlədən də hesabatı verilən ildə bu məsələlərə xüsusi diqqət yetirildiyini, 2000-ə yaxın məktəbin tikildiyini, paytaxtda və bölgələrdə çoxlu sağlamlıq mərkəzlərinin açıldığını qeyd etdi. Bildirdi ki, hələ ulu öndərimizin təsdiq etdiyi təhsil strategiyasına görə insan potensialının inkişafına hər zaman böyük fikir verilmişdir.
Görülmüş böyük işlərlə yanaşı, problemlərin də olduğunu bildirən U.Ələkbərov bunlara misal olaraq təhsillə əmək bazarı arasındakı münasibətlərdə yaranmış disproporsiyanı göstərərək qeyd etdi ki, son illər ölkəmizdə aspirantura səviyyəsində aparılmış müqayisə nəticəsində texniki elmlərlə ictimai elmlərin tədrisi arasındakı nisbətdə böyük fərqin olduğu aşkar edilib. Hüquqşünaslar
30, iqtisadçılar 15, filoloqlar 9 dəfə
artdığı halda, riyaziyyatçıların, fiziklərin,
kimyaçıların, mühəndislərin və b.
sayı azalıb. Halbuki inkişaf piramidasının əsasını
məhz texniki sahənin işçiləri, mühəndislər
yaradırlar. Akademik bu məsələyə diqqət yetirilməsinin
vacibliyini vurğuladı.
Bakı Dövlət
Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov təhsil nazirinin təqdim
etdiyi hesabat məruzəsinin çox yüksək səviyyədə,
hərtərəfli hazırlandığını, təhsilin
bütün sahələrinə aid ətraflı məlumat
verildiyini, problemlərin də diqqətə
çatdırıldığını dedi. öz
çıxışında təhsil sahəsi ilə
bağlı bir sıra məsələlərdən bəhs
edən natiq daha sonra imtahanların keçirilməsi ilə əlaqədar
fikirlərini səsləndirdi. O bildirdi ki, hər hansı bir
problemin həlli məqsədilə müəyyən bir
metodoloji müstəviyə gəlmək lazımdır. Orta məktəb
buraxılış imtahanlarını bir proqramda işləyir,
ali məktəbə qəbul isə tamamilə
başqa bir proqram üzrə keçirilir. Şagird
isə bu imtahanların hər ikisinə eyni vaxtda
hazırlaşmaq baxımından çıxılmaz vəziyyətə
düşür. Lakin imtahanlar müəyyən
dəyişikliklər etmək şərti ilə vahid bir
proqram əsasında aparılsa, bu təhsilin keyfiyyətinə
də öz müsbət təsirini göstərər. Millət vəkili təəssüf hissi ilə bu məsələnin
dəfələrlə müzakirə edildiyini, amma ciddi problem
kimi hələ də mövcud olduğunu vurğuladı.
Yeni Azərbaycan Partiyasının icra katibi, millət
vəkili Əli Əhmədov kollegiya iclasındakı
çıxışında qeyd etdi ki, dövlət
başçısı cənab İlham Əliyevin həyata
keçirdiyi inkişaf konsepsiyasına uyğun olaraq, təhsil
sisteminin də özünəməxsus inkişaf modeli
formalaşdırılıb, perspektivlər müəyyənləşdirilib
və artıq bu sahənin inkişafı istiqamətində
çox önəmli islahatlar həyata keçirilib.
Digər sahələrdən
fərqli olaraq, təhsil sahəsində aparlıan
islahatların nəticələrinin illər keçəndən
sonra məlum olduğunu deyən millət vəkili
bünövrəsi çox möhkəm qoyulmuş bu işlərin
uğurla başa çatacağına
inandığını bildirdi.
İmtahanların
keçirilməsi məsələsinə münasibətini
bildirən Ə.Əhmədov qeyd etdi ki, ilk növbədə,
bu prosesdə iştirak edənlərdə yeni münasibət
formalaşmalıdır. İmtahan şagird, yəni bilik
alanın biliyinin müəyyənləşdirilməsi məqsədini
güdməlidir. Bu iş kimisə vahiməyə salmaq, kiminsə
həyəcan və stress keçirməsinə səbəb
olmamalıdır. Bununla bağlı mövqeyini diqqətə
çatdıran millət vəkili imtahan prosesinin bir dəfə
təşkil edilməsini düzgün saydığını
bildirdi.
Milli Məclis sədrinin birinci müavini, millət vəkili Ziyafət Əsgərov təhsil naziri Misir Mərdanovun yüksək səviyyədə hazırlanmış təqdimatını məhz Azərbaycanın iqtisadi göstəriciləri ilə başlamasını çox təbii hesab etdiyini dedi. Bütün sahələrin inkişafında iqtisadiyyatın həlledici rol oynadığını bildirən Z.Əsgərov qeyd etdi ki, təhsil sahəsində indiyədək də inkişaf proqramları həyata keçirilib. Lakin bu gün Azərbaycanda istehsal, iqtisadiyyatın inkişafı o səviyyəyə çatıb ki, artıq qarşıya qoyulmuş təhsil konsepsiyasını, yəni neft kapitalının insan kapitalına çevrilməsi prosesini daha da sürətləndirmək zərurəti meydana çıxır. ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqət yetirməsi isə çox təqdirəlayiq haldır. Bu gün təhsil sisteminin ayrı-ayrı pillələrində həyata keçirilən islahatlar Azərbaycan xalqının müstəqil və xoşbəxt gələcəyi üçün, hər kəsin millətinə və dövlətinə layiqli, savadlı vətəndaş kimi yetişməsi üçün nəzərdə tutulub.
Daha sonra natiq bir sıra təklif və arzularını iclas iştirakçılarının diqqətinə çatdırdı. "Son illər 2 minədək məktəb binasının tikilməsi çox böyük nailiyyətdir. Mən çox istərdim ki, həmin təhsil müəssisələri müasir texniki avadanlıqlar, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunsun. Müəllimlər peşəkarlıq səviyyəsinin artırılması məqsədilə mütəmadi olaraq təkmilləşdirmə və ixtisasartırmaya cəlb edilsinlər".
Z.Əsgərovun verdiyi digər təklif isə qəbul imtahanlarına salınan suallarla bağlı oldu. Natiq qeyd etdi ki, müəyyən riyazi tənlikləri, kimya və fizikaya aid məsələləri və s. verilən vaxt ərzində həll etmək qeyri-mümkün olduğundan bu testlər orta məktəb proqramına uyğun hazırlanmalı, Təhsil Nazirliyi ilə razılaşdırılmalı və bu qurumun verdiyi rəydən sonra imtahana salınmalıdır.
Daha sonra millət vəkili bu gün uşaq və gənclərin mütaliəyə həvəsinin olmaması məsələsinə toxundu. O, bu işə diqqət yetirməyin orta məktəblərin qarşısında duran vacib vəzifə olduğunu vurğuladı.
Yusif ƏLİYEV,
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.1, 2.