"Təhsildə
informasiya texnologiyalarının tətbiqi" mövzusunda
konfrans
Fevralın 9-da
"Landmark" otelində Təhsil Nazirliyi və
"Microsoft Azərbaycan" şirkətinin birgə "Təhsildə
informasiya texnologiyalarının tətbiqi" mövzusunda
konfransı keçirildi. Konfransda
təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin Təhsil
sisteminin informasiyalaşdırılması idarəsinin rəisi
Samir Məmmədov, bu tədbirin keçirilməsinə dəstək
vermiş "Ultra", "İntel", HP şirkətlərinin
və "Mədəd" humanitar təşkilatının
nümayəndələri, paytaxt məktəblərinin, eləcə
də respublikanın müxtəlif bölgələrindəki
bir sıra təhsil müəssisələrinin direktorları
və qabaqcıl müəllimləri iştirak edirdilər.
Tədbiri "Microsoft
Azərbaycan" şirkətinin "Təhsildə əməkdaşlıq"
proqramının meneceri Emin Axundov açaraq təmsil etdiyi
şirkətin təhsil sahəsindəki fəaliyyətindən
söz açdı. E.Axundov keçirilən bugünkü
konfransda bir sıra məsələlərin geniş
müzakirəsinin nəzərdə tutulduğunu, həmçinin
"İnnovativ müəllimlər" müsabiqəsinin nəticələrinin
açıqlanacağını dedi. Məlumat
üçün bildirdi ki, müsabiqə Təhsil Nazirliyinin
"Microsoft" şirkəti ilə təhsil sahəsində
uzunmüddətli əməkdaşlığının tərkib
hissəsidir və "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"na müvafiq olaraq keçirilmişdir. Müsabiqədə
paytaxtın və 12 bölgənin ümumtəhsil məktəbindən
200-ə yaxın müəllim iştirak edib, onlardan 25-i finala
vəsiqə qazanıb. Həmin finalçılar arasından
I, II, III yerləri tutan qaliblər artıq müəyyənləşib
və bu gün onların adları məlum olacaq.
Sonra
çıxış üçün söz təhsil naziri
Misir Mərdanova verildi. Təhsil naziri
iştirakçıları salamlayaraq, keçirilən tədbirin
vacibliyini diqqətə çatdırdı. "Microsoft"
şirkəti ilə Təhsil Nazirliyi arasında mövcud əməkdaşlıqdan
danışan nazir Misir Mərdanov qeyd etdi ki, adıçəkilən
şirkət ölkəmizdə təhsillə bağlı
müxtəlif layihələrin həyata keçirilməsində
yaxından köməklik göstərir. Nazir onu da bildirdi ki,
İKT ilə bağlı ölkəmizdə fəaliyyət
göstərən digər şirkətlər də təhsildə
İKT-nin tətbiqi işində fəallıq göstərirlər.
Bunu müsbət hal kimi dəyərləndirən nazir
Misir Mərdanov daha sonra son illər müasir cəmiyyətdə
təhsilin vacib komponentlərinə çevrilmiş İKT ilə təhsil müəssisələrinin
təmin olunması sahəsində xeyli işlərin
görüldüyünü dedi. Təhsil naziri məlumat
üçün bildirdi ki, 2009-cu ildə 500 məktəb
genişzolaqlı sürətli İnternetə qoşulub. Belə
məktəblərin sayının bu il daha da
artırılacağını söyləyən nazir Misir Mərdanov
"2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində bir sıra
mühüm işlərin reallaşdırılmasının
nəzərdə tutulduğunu dedi. Çıxışının
sonunda konfrans iştirakçılarına uğurlar arzulayan təhsil
naziri belə tədbirlərin təhsil işçiləri
üçün faydalı
olduğunu qeyd etdi.
Sonra "İnnovativ
müəllimlər" müsabiqəsinin qaliblərinin adları
açıqlandı. II-III yerin
sahiblərinə DVD pleyerlər və noutbuklar hədiyyə
verildi. Müsabiqədə I yeri tutan 1 nəfər isə bu
il martın sonunda Almaniyada keçiriləcək Avropa
İnnovativ Müəllimlər Forumunda Azərbaycanı təmsil
edəcəkdir. Qalibləri təhsil naziri Misir Mərdanov təbrik
edərək onlara ən xoş arzularını
çatdırdı.
Konfransda daha sonra müəllimlərin informasiya texnologiyalarının tətbiqi
üçün motivasiya sistemi, uşaqların İnternetdə
təhlükəsizliyi məsələləri təhsil
işçiləri və mütəxəssislər tərəfindən
müzakirə olundu.
Konfrans geniş diskussiya
və fikir mübadiləsi şəraitində başa
çatdı.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.3.