Azərbaycan ilə Belarusun təhsil sahəsində əməkdaşlığı genişlənir

 

Fevralın 8-də Belarus Dövlət İnformatika Radioelektronika Universitetinin (BDİRU) nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olmuşlar.

Azərbaycan-Belarus I biznes forumu çərçivəsində keçirilən görüşdə AzTU-nun rektoru, professor Havar Məmmədov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Rektor Azərbaycan ilə Belarus arasında təhsil sahəsindəki əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirmişdir.

BDİRU-nun rektoru Mixail Batura rəhbərlik etdiyi təhsil müəssisəsinin informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrindən, Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığın perspektivlərindən danışmışdır.

Qonaq demişdir: "Belarusda Azərbaycan diasporu inkişaf edir. Ölkəmizdə 100 min azərbaycanlı yaşayır. Onların arasında tanınmış alimlər vardır. Biz onlarla fəxr edirik".

Görüşdə çıxış edən AzTU-nun məzunu, BDİRU-nun professoru Rauf Sadıxov təmsil etdiyi universitetin fəaliyyət istiqamətlərindən bəhs etmişdir.

Forum çərçivəsində adıçəkilən universitetlər arasında əməkdaşlığa dair müqavilənin imzalanması nəzərdə tutulur.

 

 

Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.5.