Coğrafiya dərslərində
interaktiv təlim metodlarının və İKT-nin tətbiqi
Yeni təlim metodlarından
istifadə müasir dərsin əsas xüsusiyyətlərindəndir.
Müəllim hansı metodlardan necə və nə zaman
istifadə edəcəyini bilməli, sinifdə şagirdlərin
öz rəylərini, təkliflərini sərbəst və
azad ifadə etmələrinə, müəllim-şagird əməkdaşlığına
şərait yaratmalıdır. Təlim metodları şagirdlərin
yaş və bilik səviyyələrinə görə
seçilməli, hər bir şagirdin psixoloji xüsusiyyətləri
nəzərə alınmalıdır.
1988-ci ildən coğrafiya
müəllimi kimi fəaliyyət göstərirəm. Dərs
dediyim siniflərdə interaktiv təlim üsullarından olan əqli
hücum, rollu oyunlar, cütlər və qruplar, diskussiya, dairəvi
söhbət və s. tez-tez istifadə edirəm.
Yuxarı siniflərdə
interaktiv metod və üsullarına daha geniş yer verirəm.
Keçilən mövzulara aid filmlər, şəkillər
nümayiş etdirirəm. çalışıram ki,
mövzulara aid məlumatları şagirdlər İnternet
vasitəsilə də əldə etsinlər.
İnformasiya və
kommunikasiya texnologiyalarının tətbiqi coğrafiya dərslərini
daha maraqlı edir. Dərs dediyim VIII sinifdə "Xəzər"
mövzusunu keçdiyim zaman dərsdən 3 gün əvvəl
şagirdlərə belə tədqiqat sualları ilə
müraciət etmişdim: "Biz dünyaya necə
yaxınlaşırıq?", "Zirvəyə
yaxınlaşanlar kimlərdir?", "Dünyada elə bir
zirvə var ki, ona çatmaq istəyirsiniz?". Şagirdlərə
həmin suallara kompüter vasitəsilə cavab
hazırlamalarını tapşırmışdım.
Şagirdlər kompüterdə dilimizlə, dinimizlə, mədəniyyətimizlə,
musiqimizlə, idmanımızla, təbii sərvətlərimizlə
bağlı əldə etdikləri məlumatları dərsdə
qrup şəklində müzakirə etdilər. Belə
müzakirələr onlarda düşünmək, axtarmaq, təhlil
etmək, araşdırmaq bacarıqlarını inkişaf
etdirir.
Dərsdə şagirdlərin
dünyagörüşünün formalaşdırılması
üçün aşağıdakı suallarla onlara müraciət
edirəm: "Uşaqlar, Azərbaycan neft və qazını dünya
bazarına çıxarmaq üçün hansı kəmərlər
çəkilmişdir?", "Əsrin müqaviləsi nədir?",
"Həmin müqavilənin imzalanmasında və həyata
keçirilməsində kimin xidmətləri əvəzsizdir?".
Dərs dediyim siniflərdə
böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin
həyat və yaradıcılığını, təhsilə,
elmə göstərdiyi qayğını, torpağına, vətəninə
olan sonsuz sevgisini daim qeyd edir və şagirdlərə
nümunə göstərirəm. Onun "Mən həmişə
fəxr etmişəm ki, mən Azərbaycanlıyam" kəlamını
xüsusi qeyd etməklə şagirdlərin milli zəmində,
vətənpərvərlik ruhunda tərbiyəsinə
çalışıram.
Kompüterlə şagirdlər
tədqiqat suallarının cavablarını təqdim etdikdən
sonra mövzunun adını açıqlayır (Xəzər)
və şagirdləri qruplara bölürəm. Şagirdlər
"Abşeron", "Kaspi", "Bakı", "Xəzər"
adları ilə 4 qrupa bölünür və hər qrupa 1 nəfər
lider seçirlər.
Qruplara
tapşırıqları əvvəlcədən
hazırladığım iş vərəqlərində verirəm,
Şagirdlər tapşırıqları öz aralarında
bölürlər. çalışıram ki,
tapşırıqlar həm maraqlı, həm də
düşündürücü olsun. Qruplarla işləməyin
çox böyük əhəmiyyəti var. Sinifdə ən
zəif oxuyan şagird də qrup daxilində hər hansı
tapşırığın yerinə yetirilməsinə
çalışaraq birinci olmaq istəyir.
Müəyyən edilmiş
vaxt bitdikdən sonra qrupların liderləri öz
cavablarını təqdim edirlər. Digər şagirdlər
onları dinləyir, bilmədiklərini öyrənir, qane etməyən
cavablara öz münasibətlərini bildirirlər. Təqdimetmə
şagirdlərin nitqinin inkişafında mühüm rol
oynayır.
Şagirdlərin
cavablarını dinlədikdən sonra dərsin məqsədinə
uyğun hazırladığım meyar cədvəli ilə
qrupların işini qiymətləndirirəm.
Bu cür fəal təlimdə
şagirdlər daha aktiv olur, vaxta qənaət edir, az vaxtda
çox məlumat alırlar. Qruplarla iş şagirdlərə
problemi birgə həll etməyə, bir-birinin fikrinə
hörmətlə yanaşmağa, müstəqil öyrənməyə,
bildiyini sərbəst söyləməyə imkan yaradır.
Yeganə MƏHƏRRƏMOVA
Azərbaycan müəllimi.-2010.-12 fevral.-S.7.