Azərbaycan təhsili: yaxın keçmişə, bu
günə və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən
saylarında)
Hörmətli
oxucular, ötən məqalələrdə ayrı-ayrı
ölkələrlə təhsil sahəsində əməkdaşlıq
əlaqələri barədə məlumat vermişdik. Bu məqalədən
başlayaraq Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla
təhsil sahəsində əlaqələri, həyata
keçirilən birgə layihə və proqramlar barədə
fikirlərimi sizinlə bölüşəcəyəm.
Azərbaycan
öz dövlət müstəqilliyini əldə etdikdən
sonra dünyanın bir sıra təşkilatları ilə təhsil
sahəsində əməkdaşlıq əlaqələri
xeyli genişlənmişdir. Bu gün Təhsil
Nazirliyi dünyanın 20-dən artıq beynəlxalq təşkilatı
ilə ümumilikdə 70-dən çox birgə layihə və
proqramlar həyata keçirir.
Xüsusi
vurğulamaq istərdim ki, daha sıx və səmərəli
əməkdaşlıq əlaqələri
yaratdığımız beynəlxalq təşkilatlardan biri
YUNİSEF-dir (BMT-nin Uşaq Fondu). Bu təşkilat Azərbaycanda
1993-cü ildən fəaliyyət göstərir. ötən 16 il ərzində YUNİSEF-lə
Təhsil Nazirliyi arasında əməkdaşlıq əlaqələri
yüksələn xətlə inkişaf etmiş, 1998-ci ildən
isə daha dinamik xarakter almışdır. Səmərəli
əməkdaşlıq Azərbaycanda təhsil sahəsində
həyata keçirilən layihələrin də kəmiyyət
və keyfiyyət baxımından artmasına gətirib
çıxarmışdır.
YUNİSEF-lə Təhsil Nazirliyinin birgə fəaliyyəti Azərbaycan hökuməti ilə həmin təşkilat arasında imzalanmış beşillik fəaliyyət planları əsasında həyata keçirilir. Sonuncu fəaliyyət planı 2005-2009-cu illəri əhatə etmişdir. Əməkdaşlığın ümumi prinsiplərini və strateji istiqamətlərini əks etdirən həmin fəaliyyət planına əsasən hər il üçün Təhsil Nazirliyi və YUNİSEF-in birgə fəaliyyət planı təsdiq olunmuş və həyata keçirilməkdədir. Əhəmiyyətli bir cəhəti də qeyd etmək istərdim ki, illik fəaliyyət planları təsdiq edilməmişdən əvvəl geniş bir konfrans təşkil edilir, bütün maraqlı tərəflərin, o cümlədən QHT-lərin iştirakı ilə fəaliyyət planına daxil ediləcək məsələlər müzakirə olunur, rəy və təkliflər nəzərə alınmaqla növbəti il üçün plan hazırlanır. Belə yanaşma əməkdaşlığın daha sistemli şəkildə qurulmasına, həyata keçirilən birgə layihələrin çevik idarəolunmasına və səmərəli həyata keçirilməsinə zəmin yaradır.
Bütün fəaliyyəti uşaqlarla bağlı olan, uşaqların kədəri və sevinci ilə yaşayan, ən çətin anlarda uşaqlarla birgə olan YUNİSEF təşkilatı Azərbaycanda öz missiyasını uğurla yerinə yetirir, uşaqların hüquqlarının qorunması, sağlamlığı və inkişafı sahəsində son dərəcə böyük əhəmiyyət kəsb edən birgə layihələr həyata keçirir. Belə uğurlu əməkdaşlığın yaranmasında həmin təşkilatın Azərbaycan nümayəndəliyinə rəhbərlik etmiş Akif Saatçıoğlu, Hanaa Singer, Məhəmməd Bendris və hazırda YUNİSEF-in ölkəmizdəki rəhbəri Mark Herevard, eləcə də təhsil proqramları üzrə rəhbər işləmiş Gülanə Hüseynovanın xidmətlərini xüsusi vurğulamaq istərdim.
Azərbaycanda
YUNİSEF-lə birgə həyata keçirdiyimiz layihələrin
əsas məqsədi məktəblərdə şəxsiyyətyönümlü
təlim mühitinin yaradılması, şagirdlərin məntiqi
təfəkkürünün inkişaf etdirilməsi və həyati
bacarıqlara malik olan şəxsiyyət kimi
formalaşmasıdır. Təsadüfi deyildir ki, təhsilin məzmununun yeniləşdirilməsi,
yeni nəsil dərsliklərin və dərs vəsaitlərinin
hazırlanması, müəllimlərin ixtisasının
artırılması, müasir təlim texnologiyalarının
tətbiqi, şagird nailiyyətlərinin qiymətləndirilməsi
üzrə yeni sistemin tətbiqi, məktəbəqədər
təhsilin inkişafı və digər sahələrdə Təhsil
Nazirliyinin həyata keçirdiyi islahatyönümlü tədbirlərdə
YUNİSEF fəal tərəfdaş kimi iştirak edir.
YUNİSEF-lə birgə həyata
keçirilən layihələr ümumilikdə 300-ə qədər
məktəbəqədər tərbiyə, ümumtəhsil,
ilkin müəllim hazırlığı, ixtisasartırma və
yenidənhazırlanma müəssisəsini, 25000-ə qədər
uşaq və şagirdi, 8500-ə qədər valideyni, 3500-ə
qədər müəllim və tərbiyəçini, 860-a qədər
mütəxəssisi əhatə etmişdir. ümumilikdə
300-dək təlim kursu və treninq keçirilmişdir. 100 minədək nüsxədə müxtəlifməzmunlu
təlim materialı, milyonlarla nüsxədə bukletlər
hazırlanmış və məktəblərə
paylanmışdır. Onu da qeyd etmək lazımdır
ki, YUNİSEF-lə birgə həyata keçirilən layihələr
çərçivəsində ölkə təhsilində
yeni təcrübənin, müasir təhsil
texnologiyalarının, innovasiyaların tətbiqi
imkanlarının genişlənməsi ilə yanaşı,
bu təşkilat tərəfindən təhsilin
inkişafına maddi dəstək də göstərilmiş,
ötən müddət ərzində həmin təşkilat
tərəfindən reallaşdırılan layihələrə
5 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti sərf
edilmişdir.
İndi isə
YUNİSEF-lə birgə həyata keçirdiyimiz
ayrı-ayrı layihələr barədə fikirlərimi diqqətə
çatdırmaq istərdim.
"Erkən
uşaqlıq dövründə qayğı və inkişaf,
daha yaxşı valideynlik təşəbbüsü" layihəsi. Bu layihənin
məqsədi erkən yaş dövründə
uşaqların sağlamlığı, təhsili və
inkişafı sahəsində səylərin əlaqələndirilməsi,
bu sahədə vahid sistemin yaradılması, məktəbəqədər
təhsilin prioritet rolunun qəbul edilməsi istiqamətində
tədbirlərin həyata keçirilməsidir. Layihənin
ilkin mərhələsində 4 uşaq bağçası
(Bakı şəhəri 183 nömrəli və Təhsil
Nazirliyinin "Qərənfil", Sumqayıt şəhər
47 nömrəli və Xızı uşaq
bağçaları) pilot müəssisə kimi müəyyənləşdirilmiş,
həmin məktəbəqədər tərbiyə müəssisələri
uşaqların inkişafı, sağlamlığı,
qidalanması, psixo-sosial qayğı, erkən təlim, ətraf
mühitin mühafizəsi məsələlərini əhatə
edən təlim materialları ilə təmin edilmişdir.
Layihə
çərçivəsində erkən uşaqlıq
dövründə qayğı və inkişaf üzrə
"Uşaq və ailə inkişaf proqramı" işlənib
hazırlanmışdır. Proqram 160
uşağı, 100 valideyni, 35 tərbiyəçini əhatə
etmişdir. Proqram çərçivəsində
erkən uşaqlıq dövründə qayğı və
inkişaf üzrə tədqiqatlar, seminarlar, tərbiyəçilər
və valideynlər üçün treninqlər təşkil
olunmuşdur.
Respublikanın
14 rayonunda erkən uşaqlıq dövründə
qayğı və inkişaf imkanlarını təmin edən
33 Uşaq İnkişaf Mərkəzi
yaradılmışdır. Mərkəzlər məcburi
köçkün uşaqlarının zəruri inkişaf və
əyləncə imkanlarının
reallaşdırılması məqsədilə müxtəlif
avadanlıqlar, təhsil və inkişafla bağlı
materiallarla təmin edilmişdir. Həmin mərkəzlərin
fəaliyyəti 3-6 yaşlı 2600 məcburi
köçkün uşaqları, 260 nəfər tərbiyəçini,
3000-dən çox valideyni əhatə etmişdir. Tərbiyəçilər üçün treninqlər,
müxtəlif təlim sessiyaları, məcburi
köçkün əhalinin məskunlaşdığı
rayonlarda rayon təhsil şöbələri rəhbərləri
üçün zona müşavirələri
keçirilmişdir. ümumdünya Ərzaq
Proqramının köməyi ilə 33 mərkəzin uşaq
və tərbiyəçiləri mütəmadi olaraq ərzaqla
təmin edilmişdir.
Layihənin həyata
keçirilməsi nəticəsində valideynlər və tərbiyəçilər
uşağa qayğı üzrə vərdişlərə və
erkən təlim təcrübəsinə yiyələnmişlər. Həyata
keçirilmiş təlim tədbirləri nəticəsində
valideyn-uşaq, tərbiyəçi-valideyn, tərbiyəçi-uşaq
münasibətlərinin dinamikasında müsbət dəyişikliklər
baş vermişdir. Pilot uşaq
bağçalarının təlim materialları ilə təmin
edilməsi, yeni təlim modellərinin tətbiqi
uşaqların bacarıq və istedadının üzə
çıxarılmasına əlverişli şərait
yaratmış, ümumilikdə pilot məktəbəqədər
tərbiyə müəssisələrinə uşaqların cəlbini
xeyli yaxşılaşdırmışdır. Proqramın
monitorinqi göstərmişdir ki, layihədə iştirak edən
uşaqlar daha çox inkişaf etmiş, təhsilin keyfiyyəti
yüksəlmişdir.
YUNİSEF-in iştirakı
və maliyyə dəstəyi ilə 2007-ci ildə nazirliyin nümayəndə
heyəti Ukraynada "Erkən yaş dövründə uşaqların
inkişafı" mövzusunda keçirilən ikihəftəlik
beynəlxalq seminarda iştirak etmiş, beynəlxalq təcrübə
ilə tanış olmuşdur.
Eyni zamanda 2008-ci ildə bu təşkilatın
təşəbbüsü ilə nazirliyin geniştərkibli
nümayəndə heyəti London şəhərində
keçirilən birhəftəlik beynəlxalq seminarda
iştirak etmiş, beynəlxalq inkişaf tendensiyaları nəzərə
alınaraq "Azərbaycan Respublikasında məktəbəqədər
təhsilin yeniləşdirilməsi Proqramı" çərçivəsində
Azərbaycanda bu sahənin gələcək inkişafı
üçün aşağıdakı strateji fəaliyyət
istiqamətləri təqdim edilmişdir:
-məktəbəqədər
təhsil müəssisələri şəbəkəsinin
optimallaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi;
-məktəbəqədər
təhsil müəssisələrinin idarəolunmasının
təkmilləşdirilməsi (əks-mərkəzləşmə,
yerli icra və bələdiyyə orqanlarının, valideynlərin,
icmaların cəlb olunması);
-məktəbəqədər
alternativ qeyri-hökumət xidmət modellərinin
yaradılması;
-yeni maliyyələşdirmə
mexanizmi, (maliyyələşdirmənin diversifikasiyası və
çevikliyi);
-məktəbəqədər
təhsildən istifadə imkanının
artırılması (qısamüddətli qrupların
yaradılması, xidmətlərin diversifikasiyası,
inklüziv təhsil);
-məktəbəqədər
təhsilin məzmununun yeniləşdirilməsi (yeni kurikulum,
yeni metodologiyalar, monitorinq və qiymətləndirmə);
-tərbiyəçilərin
yeni modellər üzrə ixtisaslarının
artırılması;
-tərbiyəçi və
müəllimlərin ixtisaslarının təkmilləşdirilməsi
üçün yeni kurikulumun hazırlanması;
-məktəbəqədər
təhsilin ictimai statusunun artırılması;
-məktəbəqədər
müəssisələrdən istifadə imkanlarının
artırılması (2010-cu ilin sonunadək əhatə səviyyəsinin
30%-ə çatdırılması);
-məktəbəqədər
təhsilin yeniləşdirilməsi proqramının həyata
keçirilməsi üçün sektorlararası fəaliyyət
planının hazırlanması.
Onu da qeyd etmək
lazımdır ki, Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihə çərçivəsində məktəbəqədər
təhsil üzrə yeni kurikulumun hazırlanması prosesinə
YUNİSEF tərəfindən beynəlxalq məsləhətçi
xidməti cəlb olunmuşdur, eyni zamanda maarifləndirmə tədbirlərinin
həyata keçirilməsində də bu təşkilat fəal
iştirak edir.
"Fəal təlim
və məktəb rəhbərliyi" layihəsi. Layihənin məqsədi
fəal/interaktiv təlim texnologiyasının pedaqoji prosesdə
tətbiqi, bu sahədə müəllimlərə lazımi
bacarıqların aşılanması, mövcud təcrübənin
monitorinqi və gələcək fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi olmuşdur. Yeri gəlmişkən diqqətə çatdırım
ki, Azərbaycanda ilk dəfə olaraq fəal/interaktiv təlim
texnologiyasının müəllimlərin təcrübəsinə
gətirilməsi YUNİSEF-in fəaliyyəti ilə
bağlıdır.
Layihənin həyata
keçirilməsi məqsədilə Bakı Avropa Liseyi,
Şəki şəhər 10 nömrəli, Qəbələ
rayonu Vəndam kənd 1 nömrəli, Quba rayon 2 nömrəli,
Masallı rayonu Köhnə Alvadı kənd məktəbi
olmaqla, 5 pilot müəssisə müəyyənləşdirilmişdir.
Pilot məktəbləri İKT və digər avadanlıqlarla
təmin edilmişdir. Layihə çərçivəsində
fəal təlim üzrə 30 müxtəlif təlim
kursları təşkil edilmişdir. Layihə
567 müəllimi, 6100 şagirdi, 224 valideyni, 107 mütəxəssisi
əhatə etmişdir. 25 min nüsxədə
müxtəlif növ təlim və tədris materialları
çap olunmuş və məktəblərə
paylanmışdır.
Pilot məktəblərində
fəal/interaktiv təlim texnologiyasının tətbiqi
şagirdlərin təlim prosesinə daha fəal cəlb
olunmasına, onların tənqidi və məntiqi təfəkkürünün
inkişafına, şagirdlərdə zəruri
kompetensiyaların formalaşmasına və nəticədə
təhsilin keyfiyyətinin yüksəlməsinə zəmin
yaratmışdır. Onu da qeyd etmək lazımdır ki, fəal/interaktiv
təlim texnologiyasının pilot məktəblərində tətbiqi
təcrübəsi, sonradan qeyri-pilot məktəblərdə
də bu texnologiyaların uğurla tətbiqinə zəmin
yaratmışdır.
Birgə layihə
çərçivəsində ümumtəhsil məktəblərində,
ixtisasartırma və yenidənhazırlanma, ilkin müəllim
hazırlığı müəssisələrində fəal
təlimin tətbiqi üzrə müəyyən təcrübə
toplanmışdı. Lakin bu sahədə aparılan işlərin daha da
genişləndirilməsi zərurəti nəzərə
alınaraq, 2004-cü ilin noyabrında Təhsil Nazirliyi ilə
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən
"Fəal/interaktiv təlimin Azərbaycanda tətbiqinə
dair milli siyasətin hazırlanması" mövzusunda 2
günlük konfrans keçirilmişdir.
Konfransda fəal təlim
üzrə gələcək istiqamətlərin müəyyənləşdirilməsi
üçün 30 nəfərdən ibarət işçi qrupu
yaradılmış, həmin qrup tərəfindən
konfransın materialları təhlil edilmiş, "Fəal/interaktiv
təlim texnologiyasının Azərbaycanda tətbiqi ilə
bağlı fəaliyyət istiqamətləri"
hazırlanmış və Təhsil Nazirliyinin əmri ilə
təsdiq edilmişdir. Sənəddə fəal/interaktiv
təlim texnologiyasının tətbiqi üzrə idarəetmə,
təhsil üzrə tədqiqatlar, müəllim
hazırlığı və ixtisasartırma sahələrində
həyata keçiriləcək konkret vəzifələr
müəyyənləşdirilmişdir. Eyni
zamanda fəal/interaktiv təlim texnologiyasının tətbiqi
üzrə layihənin əhatə dairəsinin genişləndirilməsi,
daha çox regionların və ümumtəhsil məktəblərinin
layihəyə cəlbi qərara alınmışdır.
2006-2009-cu illərdə Bakı
şəhərinin, Şəki, Qəbələ, Quba, Masallı,
Füzuli, Əli Bayramlı, Ucar, İsmayıllı, Lənkəran
rayonlarının müəyyənləşdirilmiş pilot məktəblərinin,
Azərbaycan Müəllimlər İnstitutu və onun filiallarının,
pedaqojiprofilli ali və orta ixtisas təhsili müəssisələrinin
müəllimləri, pilot rayon təhsil şöbələri
və məktəb rəhbərləri üçün təlimlər
keçirilmişdir.
Təqdirəlayiq
haldır ki, YUNİSEF-in təşəbbüsü ilə ilk
dəfə olaraq ölkəmizdə fəal təlimlə bağlı
tədris vəsaitləri hazırlanıb çap edilmişdir
və hazırda müəllimlərlə keçirilən
treninqlərdə həmin vəsaitlərdən səmərəli
istifadə olunur.
YUNİSEF-in
müəyyənləşdirdiyi üç (Lənkəran,
Quba, Füzuli) və Təhsil Sektorunun İnkişafı Layihəsi
çərçivəsində müəyyənləşdirilmiş
üç pilot rayonlarının (Ucar, İsmayıllı,
Şirvan) ibtidai sinif müəllimləri üçün təşkil
edilmiş seminarlarda fəal təlim metodları haqqında
müəllimlərə nəzəri və praktiki
bacarıqlar aşılanmışdır. Bundan əlavə,
məktəblər bir sıra əyani vəsaitlərlə təmin
edilmişdir. Lənkəran, Quba və
Füzuli rayonlarının pilot məktəblərində
aparılan ilkin qiymətləndirmə nəticəsində əldə
edilən nəticələr məktəblərin müəllimlərinin
inkişaf planlarının hazırlanmasına zəmin
yaratmışdır.
"Təhsil
sistemində məlumatların və təhlillərin təkmilləşdirilməsi"
layihəsi. Layihə
çərçivəsində təhsilin keyfiyyət məsələlərini
əhatə edən "Təhsildə nailiyyətlərin
monitorinqi" sorğusu aparılmış, məktəb,
rayon və nazirlik səviyyəsində təhsilin idarəolunmasının
səmərəliliyinin artırılması məqsədilə
bir sıra tədbirlər həyata keçirilmişdir. Belə
ki, YUNESKO ilə birlikdə "Təhsil hamı
üçün -2000" proqramı üzrə doqquz zona
treninqi təşkil olunmuş, respublikanın bütün təhsili
idarəetmə orqanları əhatə olunmaqla, 450 mütəxəssis
idarəetmə üzrə təlimlərə cəlb
olunmuşdur. "Təhsil hamı
üçün" proqramının məqsədlərinə
dair Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi
məqsədilə hesabat hazırlanmışdır.
"İnkişaf
üçün təhsil və Uşaq Hüquqları
Konvensiyası" layihəsi. Layihənin məqsədi
ümumtəhsil məktəblərində uşaq
hüquqlarının təbliği və öyrədilməsi,
müəllimlərin fəaliyyətində və şagirdlərə
münasibətində nəzərə alınması
olmuşdur. Layihə çərçivəsində
tədqiqat və sorğular keçirilmiş, təlim
kursları təşkil edilmişdir. Müəyyənləşdirilmiş
pilot məktəblərin 100 müəllimi, 100 valideyni, 2000
şagirdi təlimlə əhatə olunmuşdur. 22 min nüsxə müxtəlif məlumat və təlim
materialı çap olunmuş və məktəblərə
çatdırılmışdır.
İnsan hüquqlarına dair
beynəlxalq aktların öyrənilməsi istiqamətində
"Heç bir uşağı nəzərdən
qaçırmayaq" layihəsi çərçivəsində
"Uşaq haqları əlifbası" 3200 nüsxədə
çap olunmuş və təhsil müəssisələrinə
paylanmışdır. Uşaq hüquqlarının tədrisi
üzrə müəllimlər üçün "Uşaq
haqları və onların tədrisi", "Uşaq
haqları ilə tanışlıq və biliklərin
uşaqdan-uşağa ötürülmə
üsulları", "Uşaq Hüquqları Konvensiyası
və onun ümumtəhsil məktəblərində tədrisi"
adlı vəsaitlər hazırlanmış və məktəblərə
paylanmışdır.
"Gənclərin
sağlamlığı və inkişafı" layihəsi. Layihə
çərçivəsində 21 rayonda Gənclər Resurs Mərkəzi
yaradılmış, audiovizual və kompüter
avadanlığı ilə təchiz edilmişdir. Həmin mərkəzlərdə 3000-dən çox
uşaq və yeniyetmə kompüterdə işləmək
bacarıqlarını mənimsəmiş, sağlam həyat
tərzi, həyat vərdişləri və uşaq
hüquqları ilə bağlı biliklərə yiyələnmişlər.
"Valideyn-Müəllim
Assosiasiyası (VMA)" layihəsi. Bu layihənin məqsədi
şagirdlərin inkişafı sahəsində bütün
maraqlı tərəflərin səylərinin birləşdirilməsi,
təlim-tərbiyə prosesinə valideynlərin daha fəal cəlb
olunması, ümumtəhsil məktəblərindəki
mövcud problemlərin həlli istiqamətində layihə və
proqramların həyata keçirilməsi, təhsilə
ictimai dəstəyin göstərilməsidir.
Azərbaycan
Milli Valideyn-Müəllim Assosiasiyası valideyn və müəllimlərin
könüllü birliyi nəticəsində yaranan ictimai
qurumdur. Milli VMA YUNİSEF və Təhsil Nazirliyinin
"ümidli gələcək" Gənclər Təşkilatı
ilə birgə həyata keçirdikləri proqram çərçivəsində
2003-cü ildə yaradılmışdır. Layihə çərçivəsində Azərbaycanda
ilk dəfə olaraq Bakı, Qəbələ, Şəki,
Masallı və Qubada 5 pilot məktəbində VMA
yaradılmışdır. Pilot məktəblərin
6 minədək müəllimləri, şagirdləri, valideynləri
üçün təlimlər keçirilmiş, maarifləndirmə
işləri aparılmışdır. Müsbət
təcrübə nəzərə alınaraq, 2003-cü ilin
sonuna artıq 20 məktəbdə VMA yaranmışdı.
2004-cü ildə
VMA-nın I milli konfransı və təsis konfransı
keçirilmişdir. Konfransda təşkilatın strukturu, səlahiyyətləri
müəyyənləşdirildi. 2005-ci
ilin aprelində VMA Ədliyyə Nazirliyi tərəfindən
qeydiyyata alınmışdır.
İndiyədək
1000-dən çox məktəbdə valideyn-müəllim
assosiasiyaları yaradılmışdır. Digər məktəblərin
də bu prosesə qoşulması tendensiyası ildən-ilə
artır.
Uşaqlara aid qərarları
qəbul edən təşkilatlar qarşısında,
icmalarda, məktəblərdə uşaqların dəstəklənməsi,
valideynlərə öz uşaqlarını müdafiə və
inkişaf vərdişlərinin əldə edilməsində
kömək göstərilməsi, valideyn və ictimaiyyətin
məktəblərə cəlb olunması, onların məktəbə
köməyinin gücləndirilməsi, təlim-tərbiyə
prosesinin təkmilləşdirilməsi, şagirdlərin məktəb
həyatının daha səmərəli təşkilinə
kömək edə biləcək layihələrin dəstəklənməsi
üçün fondların və resursların
yaradılması və digər bu kimi sahələr VMA-nın
əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Azərbaycanın
müxtəlif bölgələrində fəaliyyət
göstərən VMA-ların fəaliyyəti nəticəsində
ötən müddətdə bir sıra əhəmiyyətli
layihələr həyata keçirilmişdir. Belə ki, Qəbələ
rayonu Vəndam kənd 2 nömrəli məktəbdə məzunların
köməyi ilə idman zalı, BMLK-da müasir tipli idman
zalı, qış oranjereyası tikilib istifadəyə verilmiş,
Masallı rayonu Musaküçə kənd orta məktəbində
yaradıcı müəllim və istedadlı şagirdlərin
stimullaşdırılması proqramı hazırlanıb həyata
keçirilmiş, məktəbə su xətti çəkilmiş,
Qəbələ rayonu Vəndam kənd 1 nömrəli məktəbin
istiliklə təminatı həyata keçirilir. Məktəbətrafı icmanın və valideynlərin
səyləri nəticəsində Bakı şəhəri 46
nömrəli məktəbdə müasir tələblərə
cavab verən kitabxana yaradılmışdır.
İcmadaxili əməkdaşlığı
stimullaşdırmaq məqsədilə Quba şəhər 2
nömrəli məktəbin VMA və məktəb rəhbərliyinin
təşəbbüsü ilə məktəb əsaslı təmir
edilmiş, burada "İlin ən yaxşı icma
üzvü", Quba şəhər 1 nömrəli məktəbdə
"İlin fəal valideyni", "İlin fəal
şagirdi", "İlin fəal müəllimi"
nominasiyaları təsis edilmişdir. Quba rayonu 1
nömrəli Qırmızı qəsəbə məktəbində
məzunların sponsorluğu ilə ibtidai sinif şagirdlərinin
isti yeməklə qidalanması təmin edilmiş, idman
zalı üçün trenajorlar alınmışdır.
Bakı şəhəri "İstedad" Beynəlxalq Təhsil
Kompleksində (134 nömrəli məktəb), Şəki
şəhər 10 nömrəli məktəbdə
"İlin ən yaxşı şagirdi" mükafatı təsis
edilmiş və qaliblərə təqaüdlər
ayrılmışdır.
VMA-lar "Məktəb
uşağın dostudur" layihəsinin əhatə etdiyi məktəblərlə
əlverişli təlim və inkişaf mühitinin
formalaşmasında da fəal iştirak edirlər.
Əlbəttə,
VMA-nın ölkənin bütün ümumtəhsil məktəblərində
yaradılması əsas hədəflərdəndir. Artıq təşkilatın
növbəti illər üçün Strateji inkişaf
planı hazırlanmış və 2009-cu il
dekabrın 19-da keçirilən geniş konfransda təqdim
edilmişdir.
"Mina Təhlükəsinə
dair Maarifləndirmə" layihəsi. Layihə
çərçivəsində 2004-cü ilin mayında Təhsil
Nazirliyi ilə YUNİSEF arasında sərhədyanı ərazilərdə
və məcburi köçkün düşərgələrindəki
orta məktəblərdə mina təhlükəsinə dair
maarifləndirməyə dair Anlaşma Memorandumu
imzalanmışdır. Layihə çərçivəsində
xüsusi fakültativ kursun tədrisinə
başlanmış, metodik vəsaitlər, təlim
materialları hazırlanmış və məktəblərə
paylanmışdır, eləcə də məktəb rəhbərləri,
müəllimlər üçün təlim seminarları
keçirilmişdir.
2005-2006-cı dərs ilindən
Laçın, Cəbrayıl, Kəlbəcər və Şuşa
rayonlarının, habelə Naxçıvan MR-in Ermənistanla
sərhəddə yerləşmiş ümumtəhsil məktəblərinin
IV və VI siniflərində fakültativ məşğələlərə
ayrılmış vaxt hesabına həftədə 1 saat
olmaqla, "Mina təhlükəsinə dair maariflənmə"
adlı kurs tədris edilir.
"Məktəb
uşağın dostudur" layihəsi. Layihənin əsas məqsədi
5 strateji istiqamətdə tədbirlərin həyata
keçirilməsindən ibarətdir:
1.
Bütün şagirdlərə bərabər imkanların
yaradılması. Məktəb sağlamlıq imkanından,
ailənin sosial statusundan, gender və sair amillərdən
asılı olmayaraq bütün uşaqlar üçün
xoş rəftar edilən, bir məkan olmaqla yanaşı,
onlara öz imkanları daxilində zəruri biliklərə
yiyələnmək üçün əlverişli mühitə
çevrilməli, burada hər bir fərdə təhsil
alması üçün şərait
yaradılmalıdır.
2. Səmərəlilik:
Bu strategiya məktəblərdə səmərəli idarəetmənin,
fəal/interaktiv təlim texnologiyalarının tətbiqini, təlim
nəticələrinin düzgün qiymətləndirilməsini
təmin etməklə keyfiyyətli təhsil, keyfiyyətli tədris
prosesi, keyfiyyətli məzmun, keyfiyyətli mühit, keyfiyyətli
müəllimlər, keyfiyyətli nəticələr kimi məqsədləri
əhatə edir.
3.
Sağlamlığın qorunması: Məktəb tibbi və
sanitariya xidmətini təmin etməklə, yoluxucu xəstəliklərin
qarşısını almaqla, istilik sisteminin işlək
şəkildə olmasını təmin etməklə məktəbdə
sağlam tədris mühitinin yaradılmasına nail olur, bu da
son nəticədə şagird nailiyyətlərinə
müsbət şəkildə təsir edir.
4.
Uşaqların müdafiəsi: Məktəb təhlükəsiz
və etibarlı yer olmaqla yanaşı, şagirdləri hər
cür zorakılıqdan və hüquq pozuntularından
müdafiə edən bir məkandır. Burada
fiziki cəza və hədə-qorxu tətbiq olunmur və məktəb
hüquqi məkana çevrilir.
5. Ailələrin
cəlb edilməsi: Məktəbdə valideynlərlə, digər
ailə üzvləri ilə, təhsil prosesinin digər
iştirakçıları ilə, cəmiyyətin nümayəndələri
ilə məsləhətləşmələr aparılır
və sıx əməkdaşlıq edilir. Dialoq
aparılması üçün əlverişli imkanlar
yaradılır. Məktəb öz fəaliyyətində
ailəyə və cəmiyyətə əsaslanır.
"Məktəb
uşağın dostudur" layihəsi məktəblərdə
əlverişli, cəlbedici, maraqlı tədris mühitinin
yaradılmasını da nəzərdə tutur. Təcrübə
göstərir ki, maraqlı təşkil edilən tədris
mühitində şagird nailiyyətləri də yüksəlir,
məktəbə davamiyyət artır və həmçinin,
cəmiyyət tərəfindən məktəbə olan
münasibət müsbət istiqamətdə dəyişir.
Layihə ilkin mərhələdə
Quba rayonunun 2, 3, 4, Qırmızı qəsəbə 1 nömrəli
və Rustov kənd məktəblərini, Füzuli rayonu Böyük
Bəhmənli, Kərimbəyli, Aşağı Kürdmahmudlu
kənd, Horadiz, Qayıdış-3 qəsəbə məktəblərini
və Lənkəran şəhər 3, 4, 5, 8 nömrəli və
Haftoni qəsəbə məktəblərini əhatə etmişdir.
2008-ci ildə müstəqil
beynəlxalq ekspert tərəfindən layihənin monitorinqi
aparılmış və müəyyənləşdirilmişdir
ki, məktəblərdə şagirdlərin inkişafı sahəsində
ciddi nailiyyətlər əldə edilmiş, müəllimlərin
yaradıcılıq və təşəbbüskarlıqları,
tədris prosesinə və şagirdlərə yanaşması
müsbət istiqamətdə dəyişmiş, valideynlər
məktəbə daha fəal cəlb olunmuş, təhsil müəssisələrində
əlverişli təlim və inkişaf mühiti yaradılmışdır.
Layihə çərçivəsində
ümumtəhsil məktəblərinin keyfiyyət
standartlarının hazırlanması istiqamətində beynəlxalq
məsləhətçinin dəstəyi ilə mütəxəssislər
üçün seminarlar keçirilmişdir. Təhsil
Nazirliyində "ümumtəhsil məktəbləri
üçün keyfiyyət standartları"nın işlənib
hazırlanması məqsədilə işçi və
ekspert qrupları yaradılmış, keyfiyyət standartları
hazırlanmışdır. İşçi qrupunun üzvləri
YUNİSEF tərəfindən 2009-cu ilin aprelində
İsveçrənin Cenevrə şəhərində təşkil
edilən Şərqi Avropa və MDB ölkələri
üçün "Məktəb uşağın
dostudur" mövzusunda seminarda iştirak etmiş, bu sahədə
mövcud təcrübə və yenilikləri öyrənmiş,
Azərbaycanın keyfiyyət standartlarını həmin
seminarda təqdim etmişdir. Hazırlanmış keyfiyyət
standartları seçilmiş on məktəbdə sınaqdan
keçirilmiş, nəticələr təhlil edilmiş və
sənədin son variantı işlənmişdir.
"Quş qripinə
qarşı mübarizə" layihəsi. Layihə çərçivəsində
şagirdlər üçün 1,5 milyon nüsxə buklet və
plakat çap olunmuş, müəllimlər üçün
vəsait hazırlanmışdır. Müəllimlər
üçün təlim proqramları hazırlanmış,
2006-2007-ci illərdə Bakıda və Azərbaycanın
rayonlarında riskli ərazilərdə yerləşən 1400
məktəbdə müvafiq təlimlər
keçirilmişdir.
"Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrində
uşaqların ailələrə verilməsi
(de-institutlaşdırma) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)" çərçivəsində
YUNİSEF-in mütəxəssisləri ilə birlikdə
monitorinq mexanizmi yaradılmış, tədqiqat
aparılmış, məlumat bazası, fərdi qayğı
planları, alternativ qayğı üzrə standartlar,
transformasiya üzrə baş plan hazırlanmış, beynəlxalq
ekspert xidmətinin təşkili üzrə tədbirlər həyata
keçirilmişdir. De-institutlaşdırmanın əhatə
etdiyi uşaqlar üçün qayğı və reabilitasiya
mərkəzlərinin yaradılması, Azərbaycanda Uşaq
Müdafiə Sisteminin təşkili sahəsində, Bakı
Dövlət Universitetində sosial işçilərin
hazırlanmasında da YUNİSEF tərəfindən müntəzəm
dəstək göstərilir. Eyni zamanda Proqramın həyata
keçirilməsinə yardım məqsədilə
YUNİSEF tərəfindən 2006-2008-ci illərdə 2 nəfər,
hazırda isə 1 nəfər məsləhətçi
ayrılmış və maliyyələşdirilmişdir.
"Azərbaycan
Respublikasında xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin
təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu
illər)" çərçivəsində YUNİSEF-lə
birlikdə Azərbaycanda inklüziv təhsil təcrübəsi
tətbiq edilməyə başlanmışdır. Məhz bu əməkdaşlığın
nəticəsidir ki, hazırda 200-dən çox xüsusi
qayğıya ehtiyacı olan uşaq cəmiyyətdən və
yaşıdlarından təcrid olunmaqdan xilas olmuş,
onların adi həyata inteqrasiyasına, inkişafına və
hüquqlarının təmin olunmasına şərait
yaranmış, öz həmyaşıdları ilə birlikdə
təhsil almaq imkanı əldə etmişdir.
2006-cı ildən Təhsil
Nazirliyi BMT-nin Qlobal Fondu ilə birlikdə "Azərbaycanda
QİçS-ə qarşı cavab tədbirlərinin gücləndirilməsi"
layihəsini həyata keçirir. Layihə çərçivəsində
YUNİSEF-lə sıx əməkdaşlıq şəraitində
"Həyati bacarıqlara əsaslanan təhsil" üzrə
Milli Konsepsiya, ibtidai, əsas və orta təhsil pillələri
üçün proqramlar, həmin pillələrin hər biri
üçün ayrılıqda müəllimlər
üçün tədris vəsaitləri
hazırlanmış və məktəblərə
çatdırılmış, beynəlxalq məsləhətçi
xidməti cəlb edilmiş, müəllimlər
üçün treninqlər təşkil edilmişdir. ötən
dərs ilindən ölkənin bütün məktəblərində
kursun tədrisinə başlanmışdır.
YUNİSEF-in əsas fəaliyyət
istiqamətlərindən biri də təhsil sahəsində həyata
keçirilən birgə layihə və proqramlarla
bağlı Azərbaycanda respublika və beynəlxalq səviyyəli
konfransların təşkili, eyni zamanda müxtəlif aktual məsələlərlə
bağlı Təhsil Nazirliyinin və təhsil müəssisələri
mütəxəssislərinin beynəlxalq təcrübənin
öyrənilməsi məqsədilə xarici ölkələrə
səfərlərinin təşkilidir. Qeyd etmək istəyirəm
ki, ötən illər ərzində YUNİSEF Təhsil
Nazirliyi ilə birlikdə 50-dək konfrans təşkil
etmiş, 100-dək mütəxəssisin dünyanın
müxtəlif ölkələrinə öyrədici, təlim
və təcrübə mübadiləsi səfərlərini
təşkil etmişdir.
YUNİSEF-in təhsil
sahəsində fəaliyyətinin daha bir istiqaməti təhsilin
ayrı-ayrı problemləri ilə əlaqədar sorğu və
tədqiqatların aparılmasıdır. Nazirlik
üçün əhəmiyyətli amil ondan ibarətdir ki,
aparılan tədqiqatların nəticələrinə əsasən
hazırlanmış hesabatlar və beynəlxalq təcrübəyə
uyğun işlənmiş tövsiyələr gələcək
fəaliyyət planlarının hazırlanmasında istifadə
edilir.
Təqdirəlayiq
haldır ki, YUNİSEF-lə həyata keçirilən birgə
layihələrin davamlılığı təmin edilir. Bir
sıra layihələr uğurla başa
çatdırılmış, əksər layihələr isə
davam etməkdədir. Perspektivdə yeni layihələrin
başlanması da nəzərdə tutulur. Hesab edirəm ki,
YUNİSEF-lə Təhsil Nazirliyi arasında yaranmış səmərəli
əməkdaşlıq və həyata keçirilən layihələr
bundan sonra da Azərbaycanda təhsilin inkişafına xidmət
edəcəkdir.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.4-5.