Ötən il 500 məktəb İnternetə
qoşulub
Hazırda
respublikamızın ümumtəhsil məktəblərində
hər 20 şagirdə 1 kompüter düşür. 5 il bundan
əvvəl isə bu 1:1063 nisbətində idi. Təhsil
Nazirliyindən aldığımız məlumata görə,
Dövlət Proqramı çərçivəsində
ölkənin bütün ümumtəhsil məktəbləri
İKT ilə tam təmin edilmişdir.
Bundan başqa, 500 təhsil
müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə
(İntranet) və İnternet şəbəkəsinə
qoşulmuşdur. Təhsil ocaqlarının inzibati, pedaqoji və
texniki heyəti əhatə olunan 40 min nəfər müvafiq treninqlərdən
keçərək, İKT bacarıqlarına yiyələnmişlər.
20 məktəb isə "Elektron məktəb" layihəsinə
qoşulmuş, ayrı-ayrı fənlər üzrə
elektron tədris vasitələri məktəblərə
çatdırılmışdır. Mingəçevir, Şəki,
Masallı, Qazax, Sabirabad rayon ümumtəhsil məktəbləri
226 dəst personal kompüterlə təchiz edilmişdir. "Xalq
kompüteri" layihəsi çərçivəsində
5000 müəllim kompüterlə təmin olunmuşdur. 2010-cu
il ərzində "İntel" şirkəti tərəfindən
1000, Təhsil Nazirliyi tərəfindən isə 3000 olmaqla,
ümumilikdə 4000 şagirdə noutbuklar veriləcək.
Bundan başqa, 25 min ali
və orta təhsil müəssisələrinin pedaqoji, 4000 nəfər
inzibati idarəetmə və 500 nəfər texniki heyəti
İKT üzrə treninqlərdən keçəcək.
M.NOVRUZOV
Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.1.