Uşaq Qaynar Xətt Xidməti fəaliyyətə
başladı
Fevralın 18-də Uşaq
Qaynar Xətt Xidmətinin açılış mərasimi
keçirildi. Tədbirdə Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, Azercell Telekom şirkətinin
prezidenti Ali Ağan, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi
Mark Herevord, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin,
yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının
nümayəndələri və KİV təmsilçiləri
iştirak edirdilər.
Təhsil naziri Misir Mərdanov
rəmzi açılışı bildirən
qırmızı lenti kəsərək bu mərkəzin fəaliyyətinə
uğurlar arzuladı.
Sonra QHT Alyansının milli
əlaqələndiricisi Nabil Seyidov xidmətin yaranma zərurəti
və bu istiqamətdə görülən işlərlə
bağlı tədbir iştirakçılarına ətraflı
məlumat verdi. Qeyd olundu ki,
Uşaq Qaynar Xətt Xidmətinin yaradılmasında
(480-22-80, (050)680-22-80, (051)880-11-80) əsas məqsəd
uşağa ilkin psixoloji yardım, emosional dəstəyin göstərilməsi, müxtəlif
problemlərin həllinə dair məsləhətlərin
verilməsi, reabilitasiya mərkəzlərinə və digər
xidmətlərə yönləndirmə və təxirəsalınmaz
köməyin göstərilməsidir.
Bu xidmətin İnternet
saytı hazırlanıb (www.uşaq.xetti.az) və
avadanlıqlarla təmin edilən xidmət pilot olaraq
sınaqdan keçirilib.
Sonra çıxış
üçün söz təhsil naziri Misir Mərdanova verildi.
Bu gün çox önəmli bir hadisənin baş verdiyini
qeyd edən nazir "qaynar xətt"in yaradılmasında
xidməti olan, zəruri maddi və texniki dəstəyi
göstərən bütün ictimai qurumlara, təşkilat və
şirkətlərə öz minnətdarlığını
bildirdi. Bu işin həyata keçirilməsinin çoxdan
gözlənildiyini vurğulayan nazir Azərbaycanın
dünya və Avropa ölkələrinə inteqrasiyası
istiqamətində növbəti ciddi və əhəmiyyətli
addımın atıldığını bildirdi.
Daha sonra tədbir iştirakçılarına
"Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi (de-institutlaşma)
və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci
illər)" çərçivəsində görülmüş
işlərlə bağlı məlumat verən nazir, sosial cəhətdən
çətin vəziyyətdə olan ailələrin və sağlamlıq
imkanları məhdud uşaqların rifahının yaxşılaşdırılması
məqsədilə günərzi qayğı və reabilitasiya
- inkişaf mərkəzlərinin açıldığını,
Proqramın icrası vəziyyəti ilə əlaqədar beynəlxalq
konfransın keçirildiyini, Nazirlər Kabinetinin qərarı
ilə bu yaxınlarda Təhsil Nazirliyinin nəzdində De-institutlaşma
və Uşaqların Müdafiəsi İdarəsi yaradıldığını
və s. diqqətə çatdırdı.
Nazir hələlik ancaq Bakı
şəhərinə aid olan xidmətin gələcəkdə
ayrı-ayrı bölgələrdə, xüsusilə daha
çox problemləri olan rayonlarda da təşkil olunacağına
ümidini ifadə etdi və mərkəzin əməkdaşlarına
öz fəaliyyətlərində uğurlar arzuladı.
Azercell Telekom şirkətinin prezidenti cənab Ali Ağan və YUNİSEF-in Azərbaycandakı nümayəndəsi cənab Mark Herevord öz çıxışlarında uşaqların rifahı üçün nəzərdə tutulmuş layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirdiklərini və bundan böyük məmnunluq hissi duyduqlarını vurğuladılar.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.2.