Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2010-cu il mayın 10-da müstəqil Azərbaycanın qurucusu, dünya azərbaycanlılarının iftixarı, müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü tamam olur.

Ulu öndər Heydər Əliyevin qazandığı şöhrət hüdudsuzdur, onun nüfuzu heç bir sərhəd tanımır. Beynəlxalq aləmdə dahi siyasətçi və nadir şəxsiyyət kimi qəbul edilən bu böyük insan hər bir azərbaycanlının qəlbində öz əzəmətli heykəlini ucaltmışdır.

Azərbaycançılıq ideologiyasının banisi və ilhamvericisi olan ümummilli lider Heydər Əliyev həyat və fəaliyyəti, xalqına və Vətəninə misilsiz xidməti ilə nəsillərə nümunədir. Müstəqil Azərbaycanın təhsil sahəsində dövlət siyasətinin müəyyən olunması, təhsil sisteminin uğurlu inkişaf yoluna qədəm qoyması da məhz ulu öndərin adı ilə bağlıdır. Onun zəngin irsinin gənc nəslə dərindən öyrədilməsi, Azərbaycanın gələcək qurucularının böyük şəxsiyyət Heydər Əliyevin nümunəsində tərbiyə olunması ölkənin təhsil orqanları və pedaqoji kollektivlərinin ən ümdə vəzifə borcu kimi qəbul edilməlidir.

Qeyd olunanları tarixi zərurət kimi nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, texniki peşə, ali və orta ixtisas təhsili müəssisələrinin, bilavasitə Təhsil Nazirliyi nəzdindəki ümumi təhsil müəssisələrinin rəhbərləri 2010-cu il mart ayından başlayaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə xüsusi tədbirlər müəyyənləşdirib həyata keçirilməsini təmin etsinlər.

2. Respublikanın ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdlərinin və ilk peşə ixtisas təhsili müəssisələri şagirdlərinin iştirakı ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilsin. Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri aprel ayının 10-dək yekunlaşdırılsın.

3. İnşa müsabiqəsinin yekun mərhələsi Təhsil Nazirliyinin müəyyən etdiyi vaxtda Bakı şəhərində keçirilsin.

4. Müsabiqənin yekun mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:

4.1. Ümumtəhsil məktəbləri üzrə  - hər rayon və şəhərdən 1 (bir) nəfər

4.2. Bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələri üzrə - 5 (beş) nəfər

4.3. İlk peşə ixtisas təhsili müəssisələri üzrə - 10 (on) nəfər

5. İlk peşə ixtisas təhsili müəssisələri və bilavasitə Təhsil Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələri şagirdlərinin inşa yazılarının nəzərdən keçirilərək yekun mərhələdə iştirak üçün qaliblərin müəyyənləşdirilməsi işinin təşkili Təhsil Nazirliyi Aparatının rəhbəri İ.Pirməmmədova həvalə olunsun.

6. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov) inşa yazı müsabiqəsinin yekun mərhələsinin səmərəli təşkili, başa çatdırılması, qaliblərin müəyyənləşdirilməsi məqsədilə lazımi tədbirlər görsünlər, ən yaxşı inşaların toplu şəklində nəşr olunması ilə bağlı İqtisadiyyat şöbəsi (Ş.Əliyev) və Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı) ilə birgə təkliflər hazırlasınlar.

7. Ali və orta-ixtisas təhsili şöbəsi (İ.Mustafayev), Elm şöbəsi (G.Hüseynova)  2010-cu ilin martından etibarən ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərləri ilə birlikdə ümummilli lider Heydər Əliyevin elm, təhsil və iqtisadiyyatın inkişafı sahəsində genişmiqyaslı fəaliyyətinə həsr olunmuş elmi-praktik konfrans, "dəyirmi masa" və seminarların keçirilməsi ilə bağlı lazımi tədbirlər görsünlər.

8. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) 2010-cu ilin mart-aprel aylarında ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda rəsm müsabiqəsi və sərgisinin, şahmat və futbol turnirlərinin keçirilməsini təmin etsin.

9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

10. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri,

15 fevral 2010-cu il

 

Azərbaycan müəllimi.-2010.-19 fevral.-S.2.