Yeni təhsil modeli öz üstünlüklərini göstərir

 

Bu gün cəmiyyətə çoxlu bilik daşıyıcılarından çox bu biliklərini həyatda tətbiq edə bilənlər, hər hansı fakt və hadisə barədə sərbəst mülahizə yürütməyi bacaranlar, geniş analitik təfəkkürə, müstəqil bilik və məlumat əldə etmək bacarığına yiyələnmiş, fəal vətəndaşlıq mövqeyi olan insanlar lazımdır. Məhz belə şəxsiyyətlərin yetişdirilməsinə hesablandığı üçün yeni kurikulumlar nəticəyönümlü, şəxsiyyətyönümlüdür. Yeni kurikulumların üstünlükləri çoxdur.

Kurikulumda verilmiş məzmun standartları son nəticəni əvvəlcədən görməyə, orta təhsilini başa vuran gənclərdə hansı bacarıq və vərdişlərin formalaşdırılmalı olduğunu təsəvvür etməyə imkan verir. Kurikulumlarda öz əksini tapmış məzmun xətləri, qiymətləndirmə standartları, resurslar müəllimə təlim prosesini düzgün planlaşdırmağa, ona yaradıcı yanaşmağa, dərsdə yeni, fəal təlim metodlarından səmərəli istifadə etməyə imkan verir. Yeni kurikulumlarla aparılan dərslərdə müəllim və şagirdlərin fəaliyyəti də ənənəvi təlim formalarındakından xeyli fərqlənir. Burada müəllim şagirdlərə  hazır bilikləri vermir, o, sinfi fəallaşdıran, şagirdlərin biliklərə yiyələnməsi prosesində bələdçi, onları bilikləri müstəqil qazanmağa istiqamətləndirən şəxs rolunda çıxış edir.

Bu prosesdə müəllimlərdə tədqiqatçılıq bacarığı formalaşır, onlar təlimin təşkili zamanı məzmun standartlarından çıxış edərək təlimin məqsədini, ona əsasən dərsin forma və üsullarını, təlim tapşırıqlarını, qiymətləndirmə meyarlarını və vasitələrini müəyyənləşdirməyi bacarırlar.

Müasir təlim modeli şagirdləri də fəallaşdırır, təlim marağını yüksəldir, onları yaradıcı axtarışa qoşur, tədqiqatçılıq meyilini gücləndirir, idrak fəallıqlarını, mühakimə yürütmə, fərqləndirmə və müqayisə aparma bacarıqlarını inkişaf etdirir. Onlar kollektivlə işləmək bacarığı, öz fikirlərini sərbəst ifadə etmək, özünün və şagird yoldaşının fəaliyyətinə qiymət vermək və s. kimi vacib həyati kompetensiyalara yiyələnir.

Bütün bunları nəzərə alıb məktəbimizdə yeni kurikulumlarla təlimin təşkilinə xüsusi diqqət yetirilir. I və II siniflərdə işləyən müəllimlərimiz müvafiq hazırlıq kurslarından keçib, valideynlərlə maarifləndirici söhbətlər aparılıb. Bütün müəllim və şagirdlərimiz yeni dərslik komplektləri ilə təchiz edilib. Kurikulumların tətbiqi vəziyyəti metodbirləşmə iclaslarında, direktoryani müşavirələrdə tez-tez müzakirə olunur, müsbət cəhətlər qeyd olunaraq artırılması, müəllimlərin üzləşdikləri problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.

Məktəbin digər fənn müəllimləri, o cümlədən dil-ədəbiyyat müəllimi Validə Məmmədova da kurikulumların mahiyyəti, onlarla işin xüsusiyyətlərini öyrənməyə səy göstərir, I-II siniflərdə aparılan dərslərdə iştirak edib müasir təlimin özəllikləri ilə tanış olurlar. Müəllimlərimiz və şagirdlərimiz yeni fənn kurikulumları əsasında hazırlanmış dərslik komplektlərini də bəyənir və onların üstünlüklərindən tədris prosesində daha çox bəhrələnməyə çalışırlar.

Bununla belə, yeni kurikulumlarla işləyən müəllimlərin dərslərinin müşahidəsi, aparılan söhbət və müzakirələr hər bir yenilikdə olduğu kimi, kurikulumların tətbiqində də müəyyən çətinliklərin, problemlərin olduğunu göstərir. Müəllimlərin bir çoxunun, habelə valideynlərin əksəriyyətinin yenilik barədə təsəvvürləri azdır. Müəllimlərin vaxtaşırı olaraq öyrədici kurslara cəlb edilməsinə, valideynlərlə müntəzəm maarifləndirmə işlərinin aparılmasına ehtiyac duyulur.

İnanırıq ki, mövcud problemlər yaxın vaxtlarda həllini tapacaq, müəllimlər yeni təlim modelinin üstünlüklərindən daha məqsədyönlü istifadə edərək gənc nəslin şəxsiyyət kimi formalaşmasına nail olacaqlar.

 

 

Vahid QULİYEV

 

         Azərbaycan müəllimi.- 2010.- 19 fevral.- S.18.