"Uğurlarıma
görə müəllimlərimə
borcluyam"
Beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil etmək hər bir azərbaycanlı gəncin arzusudur. Bu arzunu reallaşdırmaq üçün gənclərimizdə
yüksək savad və bacarığın olması isə vacib amillərdəndir.
Azərbaycanımızı elm sahəsində
beynəlxalq olimpiadalarda
uğurla təmsil edənlərdən biri də Sənan Eminovdur. O, 1987-ci ildə Bərdə rayonunda dünyaya göz açıb. Orta məktəbə Bərdədə qədəm
qoyan Sənan sonra təhsilini Mingəçevir özəl
Türk Liseyində başa vurub. Hələ məktəbdə oxuyarkən
kimya fənninə olan həvəsi onu bu elmin
sirlərinə dərindən
yiyələnməyə sövq
edib. Elə bu həvəs
də Sənanın gələcəkdə böyük
kimyaçı olmasına,
beynəlxalq olimpiadalarda
uğur qazanmasına stimul verib.
Sənan ilk uğurunu 2003-cü ildə Yunanıstanda keçirilən beynəlxalq kimya olimpiadasında əldə edib. O, həmin olimpiadada ölkəmizə bürünc medal qazandırıb. 2004-cü ildə Almaniyada keçirilən beynəlxalq kimya olimpiadasında isə daha da irəli gedərək fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahib çıxıb. Həmyerlimiz 2005-ci ildə Tayvanda keçirilən olimpiadada yenidən qızıl medal qazanaraq üçrəngli bayrağımızı yüksəklərə qaldırmış, himnimizi səsləndirmişdir. Bütün bu uğurlardan sonra dünyanın bir çox tanınmış universitetləri Sənanı öz təhsil ocaqlarında oxumağa dəvət edib. Lakin Sənan Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olunmuş, I kursu bitirdikdən sonra təhsilini Almaniyanın Beynəlxalq Bremen Universitetində davam etdirib. Universitetdə də öz çalışqanlığı və mübarizliyi ilə seçilən Sənan bakalavr pilləsini bitirdikdən sonra magistraturanı oxumadan birbaşa doktoranturaya qəbul edilib. Hazırda həmyerlimiz Beynəlxalq Bremen Universitetinin doktorantıdır.
Sənanın dediklərindən: Hər bir gənc kimi mənim də arzum hər hansı bir sahəni mükəmməl öyrənmək və bu sahədə respublikamıza şərəflə xidmət etməkdir. Orta məktəbdə oxuyarkən həmişə fikirləşirdim ki, hansı sahədə ölkəmizə daha çox fayda verə bilərəm. Həmin vaxt qərara gəldim ki, kimya sahəsində daha çox dəyərli ola bilərəm. çünki kimya gündən-günə inkişaf edən neft sənayemizdə aparıcı yer tutur. Biz indi çalışmalıyıq ki, neft sənayesini daha da mükəmməl inkişaf etdirək. Mənə elə gəlir ki, peşəsindən asılı olmayaraq hər bir şəxs ölkəsinin inkişafında az da olsa, fayda verməyə çalışmalıdır.
Olimpiadalarda respublikamızı təmsil edərkən çox həyəcanlı idim. İndi qürur hissi keçirirəm ki, ölkəmizi layiqli təmsil etmişəm. Bu uğurlarıma görə professor Vaqif Abbasov və Mütəllim Abbasov olmaqla bütün müəllimlərimə borcluyam. Düşünürəm ki, bu, təkcə mənim uğurum deyil, ümumilikdə Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin uğurudur. Fürsətdən istifadə edib bütün gənclərə üzümü tutaraq deyirəm ki, dövlətimizin başçısı cənab İlham Əliyevin bizə göstərdiyi qayğıdan, diqqətdən faydalansınlar. çünki bu dövlətin gələcəyi biz gənclərin üzərində qurulur. Biz bu məsuliyyəti dərk edərək gələcəyə doğru inamla addımlayırıq.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.-2010.-19 fevral.- S.18.