Xocalı faciəsinin on səkkizinci
ildönümü təhsil müəssisələrində
qeyd olundu
Fevralın
24-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Xocalı
soyqırımı qurbanlarının xatirəsinə həsr
olunmuş anım mərasimi
keçirilib. Mərasim başlamazdan
əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Sonra tədbiri Dövlət İdarəçilik
Akademiyasının rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov
açaraq erməni separatçılarının
terrorçu dəstələrinin "Böyük Ermənistan"
yaratmaq xülyası ilə
xalqımıza qarşı daim apardıqları təxribatlardan danışıb.
O, yalnız ümummilli liderimiz Heydər Əliyev
hakimiyyətə gəldikdən
sonra Azərbaycan həqiqətlərinin
beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə
çatdırılması
yönümündə aparılan işləri tədbir
iştirakçılarının nəzərinə çatdırıb.
Tədbirdə
Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərov,
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı
Şahmar Usubov və başqaları
çıxış ediblər.
Tədbirin sonunda faciə
qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya
göstərilib.
***
Xocalı faciəsinin 18-ci ildönümü
ilə əlaqədar Naxçıvan MR-in bütün müəssisə
və təşkilatlarında kütləvi tədbirlər təşkil
olunur. Bununla əlaqədar olaraq
Naxçıvan Dövlət
Universitetinin magistratura şöbəsində,
tarix-filologiya, iqtisad və digər
fakültələrində konfranslar keçirilməkdədir.
Beynəlxalq münasibətlər və xarici dillər
fakültəsində universitetin Tələbə Gənclər
Təşkilatının təşkilatçılığı
ilə xarici tələbələrin də
qatıldığı Naxçıvan Muxtar Respublikası tələbələrinin
Xocalı faciəsinə həsr olunmuş İnternet
aksiyası keçirilmişdir.
Tədbirdə
çıxış edən universitetin rektoru, akademik İsa
Həbibbəyli 1992-ci il Xocalıda baş verən qanlı
hadisələrin o zamankı Azərbaycan rəhbərliyinin fəaliyyətinin nəticəsi kimi dəyərləndirmiş, bu
faciəyə hüquqi qiymətin yalnız ümummilli lider, müstəqil Azərbaycan
dövlətinin qurucusu Heydər Əliyev rəhbərliyə gəldikdən
sonra verildiyini bildirmişdir.
Natiq universitetdə təhsil alan xarici tələbələrin
də belə tədbirlərdə iştirakını və
dəstəyini yüksək
qiymətləndirmiş, bunun millətlərarası
münasibətlərin inkişafında mühüm rol
oynadığını vurğulamışdır.
Naxçıvan Dövlət Universiteti
Tələbə Gənclər Təşkilatının sədri,
Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının sədr müavini Arzu Abdullayev İnternet
aksiya haqqında ətraflı məlumat verdikdən sonra
aksiyaya start verilmişdir. İnternet aksiya vasitəsilə tələbə-gənclər
Xocalı həqiqətlərini dünyanın əksər
beynəlxalq təşkilatlarına, tanınmış ali təhsil
ocaqlarına çatdıracaqlar.
***
Fevralın 25-də Azərbaycan Dillər Universitetində Xocalı faciəsinin
18-ci ildönümünə həsr edilmiş tədbir
keçirildi. Tədbirin əvvəlində Azərbaycanın
Dövlət himni səsləndi, Azərbaycanın ərazi
bütövlüyü uğrunda həlak olan şəhidlərin
ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş
sözü ilə açan ADU-nun rektoru, millət vəkili,
professor Səməd Seyidov Xocalı faciəsini insanlıq əleyhinə
ən qanlı hadisə adlandırdı. Tarixə qısa
ekskurs edən rektor tarix boyu ermənilərin azərbaycanlılara
qarşı törətdiyi hadisələri ən qəddar
cinayətlər adlandıraraq bir gecədə 613 dinc
insanın öldürülməsini faciə kimi dəyərləndirdi.
Tədbirdə ADU-nun
tarix kafedrasının baş müəllimi Qorxmaz Mustafayev və
digər çıxış edənlər tarixin müxtəlif
vaxtlarında rus imperiyasının dəstəyi ilə ermənilərin
Azərbaycan torpaqlarını işğal etmək siyasətinin
olduğunu qeyd etdilər və tələbələrə
xarici dillərlə yanaşı, Azərbaycan tarixini də dəqiq
öyrənməyin vacibliyini bildirdilər.
***
Fevralın 25-də Ağdam rayon 100 nömrəli
köçkün orta məktəbində Xocalı faciəsinin
18-ci ildönümü ilə əlaqədar tədbir
keçirilib. öncə iştirakçılar Xocalı faciəsində
şəhid olan həmvətənlərimizin xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər. Sonra tədbiri
giriş sözü ilə açan məktəbin direktoru Tünzalə
Agayeva Xocalı soyqırımını XX əsrin ən
qanlı faciəsi olduğunu və bu dəhşətin
heç vaxt unudulmayacağını qeyd edib. O, erməni vəhşiliyi
və vandalizmi haqqında geniş danışaraq bildirib ki,
bir daha belə faciələrin baş verməməsi
üçün düşmənə qarşı daim
hazırlıqlı və diqqətli olmalıyıq.
Tədbirdə çıxış edənlər
Xocalı faciəsinin dəhşətlərindən söz
açaraq
torpaqlarımızın düşmənlərdən
tezliklə azad olunacağına əminlik ifadə ediblər.
Sonda şagirdlər faciə qurbanlarına həsr edilmiş
şeirlər söyləyib və səhnəciklər
göstəriblər.
Naxçıvan Dovlət
Universitetində Xocalı
soyqırımının 18-ci
ildonümünə həsr olunmuş silsilə
tədbirlərin yekunu
olaraq mərasim keçirildi. İlk
öncə Azərbaycanın milli müstəqilliyi uğrunda
qurban gedən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla anıldı, Xocalı faciəsinə həsr
olunmuş sənədli film nümayiş olundu. Tədbiri
giriş sözu ilə açan universitetin rektoru, akademik
İsa Həbibbəyli Xocalı faciəsi haqqında
geniş məruzə etdi. Qeyd olundu ki, Xocalı faciəsi bəşər
tarixində misli görünməmiş ən dəhşətli
faciədir.
Rektor vurğuladı ki,
1994-cü il fevralın 24-də ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə
Milli Məclis "Xocalı soyqırımı
günü haqqında" qərar qəbul etdi və beynəlxalq
içtimaiyyəti erməni terrorizminə qarşı təsirli
tədbirlər görməyə çağırdı.
Sonra Azərbaycan tarixi
kafedrasının baş müəllimi, tarix elmləri namizədi
Xəzər Hüseynov "Xocalı soyqırımı zəmanəmizin
ən dəhşətli faciəsidir" mövzusunda məruzə edərək faciənin
başvermə səbəbləri və o zamankı
ictimai-siyasi proseslər barədə şərh verdi.
Hüquq fənləri
kafedrasının baş müəllimi, hüquq elmləri
namizədi Qəhrəman Behbudov
"Xoçalı
soyqırımı və beynəlxalq hüquq"
adlı məruzəsində Xocalı
soyqırımının heç bir beynəlxalq
siyasi-hüquqi qanuna sığmadığını, demokratik
dünya dövlətlərinin bu genosidə ədalətli
qiymət vermələrinin vaxtı
çatdığını bildirdi.
Tədbirin sonunda
Xocalı soyqırımının 18-ci ildonümünə həsr
olunmuş rəsm sərgisinə
baxış keçirildi.
***
Ötən əsrdə
ermənilər tərəfindən xalqımıza
qarşı törədilmiş ən dəhşətli
soyqırımı aktlarından biri olan Xocalı faciəsinin
18-ci ildönümü Bakının
115 nömrəli orta məktəbində də geniş
qeyd olundu. Bu məqsədlə fevralın 23-də məktəbin
akt zalında anım mərasimi keçirildi. Məktəbin
dil-ədəbiyyat müəllimi Nəzakət Cəfərova
faciənin bütün dəhşətlərini, erməni qəsbkarlarının
vəhşiliklərini, amansızlığını əks
etdirən və mərasimin hər bir
iştirakçısında düşmənə
qarşı güclü nifrət və qəzəb hissi
oyadan təsirli ədəbi-bədii kompozisiya ssenarisi
hazırlamışdı.
Mərasim Dövlət
himninin ifası ilə başlandı. Sonra faciə
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
olundu. Tədbirin aparıcıları IX və XI sinif
şagirdləri Reyhanla Ağalar 18 il öncə fevralın
25-dən 26-na keçən gecə ermənilərin dinc
Xocalı sakinlərinə qarşı törətdikləri vəhşiliklərdən,
faciənin başvermə səbəblərindən, o
vaxtkı Azərbaycan hakimiyyətinin öz vətəndaşlarının
taleyinə qarşı göstərdiyi biganəlikdən
danışdılar, qırğının miqyasını, nəticələrini
əks etdirən kədərli statistikanı diqqətə
çatdırdılar. Uşaqlar hər dəfə
böyük ürəkağrısı ilə söz
açdıqları faciəni soyqırımı, genosid
adlandırdılar.
Məktəbin V-IX siniflərində
təhsil alan istedadlı şagirdlər çıxış
edərək Xocalıya, onu müdafiə edən qəhrəmanlara
həsr olunan, dinc əhaliyə tutulmuş amansız
divanı, onu törədən erməniləri lənətləyən
şeirlər söylədilər, səhnəciklər
nümayiş etdirdilər. Hadisələrin
iştirakçısı olmuş, ermənilərin
zülmünə məruz qalmış, həmin dəhşətli
gecədə olmazın müsibətlər çəkmiş
insanların açı xatirələrinin, bayatıların
şagirdlər tərəfindən söylənməsi, məsum
bir qızın öz namusunu qorumaq, ermənilərin əlinə
keçməməkdən ötrü onu öldürmək
üçün əsgərə yalvarması, ağbirçək
ananın düşmən gülləsinə tuş gəlmiş
igid balasını oxşayaraq ağlaması və s. kimi səhnələr
mərasim iştirakçılarına xüsusilə
güclü təsir göstərdi, ürəklərdə erməni
cəlladlarına qarşı nifrət hissini
alovlandırdı. Xocalı hadisələri zamanı əhalinin
şəhərdən çıxmasına kömək edən,
şəhərə qəfil soxulmuş düşmənə
qarşı mərdliklə döyüşən qəhrəmanların,
faciə barədə həqiqətləri öz kamerası
vasitəsilə dünyaya çatdırmağa can atan
telejurnalist Çingiz Mustafayevin şəninə
qoşulmuş şeirləri də məktəblilər
böyük məharətlə ifa edib, həmin qəhrəmanlardan
nümunə götürəcəklərini, Xocalı faciəsinin
heç zaman unudulmayacağını bildirdilər. O
müdhiş gecədə günahsız insanların
axıdılmış qanlarının yerdə
qalmayacağını, soyqırımı törədənlərin
nəhayət öz cəzalarını alacaqlarına, 18 ildir
ki, düşmən əsarətində qalmış
Xocalının azad olunacağına inam hissini ifadə etdilər.
Məktəbin direktoru
Tanrıverdi Orucov şagirdlərin
çıxışlarını yüksək qiymətləndirib
onlara baxdıqca düşmənə qalib gələcəyimizə
əmin olduğunu söylədi.
Sonda onu da qeyd edək
ki, anım mərasiminin keçirildiyi zal tədbirin ruhuna
uyğun tərtib olunmuş, Xocalı faciəsinə həsr
olunmuş kitablardan guşə yaradılmış, şamlar
yandırılmış, divar qəzetləri
asılmışdı.
***
Çağdaş
tariximizə ermənilərin
xalqımıza qarşı törətdikləri soyqırımı aktı kimi
düşmüş Xocalı faciəsinin 18-ci
ildönümü fevralın
25-də Qafqaz Universitetində
anım mərasimi ilə qeyd olundu. Tələbələrin
hazırladığı tədbirin seminar hissəsində
giriş sözü söyləyən universitetin rektoru,
professor Ahmet Saniç ermənilərin
tarixən türklərə
düşmən olduğunu, onlara qarşı
saysız-hesabsız soyqırımı və terror aktları
törətdiyini, bu baxımdan tarixdə misli görünməmiş
qəddarlıqla həyata keçirilən Xocalı faciəsini
də bütün türklərə qarşı yönəlmiş
soyqırımı kimi qiymətlədirdiyini bildirdi.
Seminarda çıxış edən
millət vəkili, filologiya elmləri doktoru Jalə Əliyeva,
tarixçi alimlər, professorlar Musa Qasımlı və Xaləddin
İbrahimli Xocalı faciəsini tarixdə törədilmiş
soyqırımlarla müqayisə edib onun məhz silahsız,
dinc əhaliyə qarşı yönəldiyi
üçün misli-bərabəri olmadığını,
dünya dövlətləri tərəfindən indiyədək
bu faciəyə düzgün və ədalətli siyasi qiymət
verilmədiyini diqqətə çatdırdılar.
Sonra universitetin teatr
kollektivinin hazırladığı ədəbi-bədii
proqram nümayiş etdirildi.
Tələbələr
Xocalı hadisələrinə, həmin müdhiş qırğın zamanı
düşmən əli ilə faciəli şəkildə həlak
olmuş yüzlərlə
insanın acı taleyinə həsr olunmuş şeirlər
söylədilər, səhnəciklər göstərdilər.
***
Bakıdakı fizika-riyaziyyat və informatika təmayüllü
liseydə Xocalı soyqırımının 18-ci
ildönümünə həsr olunmuş tədbir
keçirildi. öncə bir dəqiqəlik
sükutla şəhidlərin xatirəsi yad edildi. Tədbiri
açıq elan edən məktəbin direktor müavini Valeh
Bəyalıyev 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə XX əsrin ən ağır cinayətlərindən
biri - erməni qəsbkarlarının törətdiyi misilsiz vəhşilikləri
barədə məlumat verdi, qeyd etdi ki, erməni hərbçiləri öldürdükləri
insanların başlarının dərisini soymuş, körpə
uşaqların gözlərini
çıxarmış, qocaları, uşaqları
diri-diri torpağa
basdırmış və yandırmışlar. Erməni cəlladları
bu faciəni rus ordusunun 366-cı alayının bilavasitə
köməyi və
iştirakı ilə
həyata keçirmişdir...
Məktəbin müəllimləri
Sərvinaz Əkbərova, Allahverdi Məmmədov
çıxışlarında erməni
daşnaklarının Azərbaycan xalqının
başına gətirdikləri müsibətlərdən
ürəkağrısı ilə danışdılar.
Sonra şagirdlər Nəsibə
Tağıyeva, İlyas Dəmirov, Zinyət Əhmədova,
Gülcənnət Hüseynli
"Layla, Xocalım layla", "Xocalının Milli Qəhrəmanları",
"Azərbaycan"
kompozisiyalarını nümayiş etdirdilər. Naibə
Müzəffərova, Türkan Məmmədli "Şəhid
qardaşım", "Qəhrəman Çingiz", "Dəfn edin məni,
"Xocalı faciəsi", "Bir gəlin
qaçırdı, dağlara
sarı", "Azərbaycan", "Xocalı faciəsi"
və s. şeirlər,
bayatılar söylədilər.
Sonda Milli Qəhrəman Çingiz Mustafayevin lentə
aldığı Xocalı soyqırımının dəhşətli
məqamlarından görüntülər göstərildi.
***
Bakıdakı
124 nömrəli orta məktəbin
tarix müəllimi Zülfiyyə Niftəliyeva VIII
"A" sinfinin şagirdləriylə diskussiya təşkil
etdi. İlk növbədə, Xocalı
soyqırımı haqqında məlumat verərək, tədbirin
sonrakı gedişatını daha çox şagirdlərin
ixtiyarına buraxdı. Onlar öz fikirlərini
sərbəst söyləyərək öyrəndikləri
faktlarla onları izah etdilər. Sinif
nümayəndəsi Emin İbrahimov xalqımızın indiyədək
üzləşdiyi soyqırımı və faciələrin
qısa xülasəsini şərh edərək Xocalı
soyqırımının nəinki Azərbaycanda, bütün
dünyada törədilən digər faciələrdən
daha dəhşətli olduğunu vurğuladı və səbəbini
uşaqların müzakirəsinə buraxdı. Murad Qubadzadə bildirdi ki, bu soyqırımı dinc əhaliyə
divan tutulması olduğundan daha amansız
sayılmalıdır.
Ümumiyyətlə,
erməni vəhşiliyi tarix boyu sübut edib ki, normal
müharibə aparmaq cəsarəti onlarda yoxdur. Namərdcəsinə,
gözlənilmədən, heç nədən xəbərsiz
insanları gülləbaran etmək, silahsız insanları
öldürmək, onlara qalib gəlmək ermənilərin
döyüş taktikasıdır.
İnarə Mahmudova,
Aynur Kazımova, Ehtiram Əlizadə ermənilərin
Xocalı soyqırımı zamanı törətdikləri
tükürpədici vəhşilikləri elə nəql etdilər
ki, sanki həmin anları öz gözlərilə
görmüşdülər. Sonra şəhidliyin ən ali, ən
müqəddəs ad olması haqqında fikirlər söylənildi.
Tədbirdə faciə
ilə bağlı ən vacib amillər müzakirə edilib
aydınlaşdırıldı və bütün fikirlər
ümumiləşdirildi. Bütün bu kədərli məqamlar
şagirdlərin gözlərində düşmənə
amansız nifrət, günahsız soydaşlarının
ruhuna dərin hörmət görüntülərilə
sezilirdi. Onlar sadəcə, olanları düzgün təhlil
edib, düzgün nəticə sıxarmağa
çalışdılar. öz tarixlərini daha dərindən
öyrənməyə cəhd etdilər və vətənin
gələcəyinin məhz onlardan asılı olması məsuliyyətini
dərk etməyə nail oldular.
Diskussiya boyu öz dəyərli
məsləhətlərilə şagirdlərə dəstək
olan məktəbin dərs hissə müdiri Arizə Mahmudova
belə maarifləndirici tədbirlərin keçirilməsinin
şagirdlərdə milli ləyaqət, vətənpərvərlik
hisslərinin formalaşmasında olduqca vacib rolu olduğunu
vurğuladı.
***
Bakının 87 nömrəli məktəbində
şagirdlərin fəal iştirakı ilə keçirilən
anım mərasimində qeyd olundu ki, düz 18 ildir
Xocalısız yaşayırıq. Bu illərin
ağrı-acısını, dəhşətini indi də
yaşayırmış kimi hər il onun məhv olduğu
günü yad edirik. Yad edirik ki,
Xocalı deyilən bir şəhəri, onun
amansızlıqla məhv edilmiş sakinlərini, həmin o dəhşətli
1992-ci il fevralın 25-dən 26-na keçən gecəni
unutmayaq, yadlaşmayaq. Həmin günü unutmaq, hafizələrdən
silmək də mümkün deyil. çünki həmin gecə
tarixdə görünməmiş Xocalı faciəsi,
Xocalı qırğını törədilmişdi. Bu faciə
tarixin yaddaşına qanlı hərflərlə
yazılmışdır.
Şagirdlər
hazırladıqları və təqdim etdikləri ədəbi-bədii
kompozisiya ilə sanki Xocalının 18 il bundan əvvəlki
harayına səs verirdilər, onu unutmadıqlarını,
faciə qurbanlarına dərin ehtiramla, bu qanlı olayı
törətmiş ermənilərə nifrət hissi ilə həmişə
xatırlayacaqlarını bildirirdilər.
Mərasimin sonunda
çıxış edən məktəbin direktoru Elmira Ələkbərova
tarixdə misli görünməmiş bu faciəyə ilk dəfə
məhz ulu öndərimiz Heydər Əliyev tərəfindən
1997-ci ildə siyasi qiymət verildiyini, faciənin dünyaya
çatdırılmasında Heydər Əliyev Fondunun
böyük xidmətləri olduğunu söylədi.
Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.1, 5.