Muğam ustadları ilə görüş

 

Bülbül adına Bakı orta ixtisas musiqi məktəbində muğam ustadları Əlibaba Məmmədovun 80, Ağaxan Abdullayevin isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Nigar Əsgərova açaraq qonaqları salamladıqdan sonra sözü Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vasim Məmmədəliyevə verdi. Akademik yubilyar sənətkarların yaradıcılıq məziyyətlərindən danışaraq qeyd etdi ki, onların hər birinin Azərbaycanın muğam sənətinin inkişafında, xalq musiqisinin zənginləşməsində, muğam sənətinin tədrisində zəhmətləri çox böyükdür. Məhz elə buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq artistləri Əlibaba Məmmədovu "İstiqlal" ordeni, Ağaxan Abdullayevi isə "Şöhrət" ordeni ilə təltif etmişdir. Bu, musiqi sənətinə, Azərbaycan ifaçılığına verilən mükafatdır. İndi muğamlarımız artıq beynəlxalq status qazanıb. Bu işdə Azərbaycan muğamını dünyada tanıdan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın zəhməti çox böyükdür. Məhz onun təşəbbüsü ilə Bakıda "Muğam evi" inşa olunmuş, muğamlarımız YUNESKO-nun qeyri-maddi mədəni irsi kimi qəbul olunmuşdur.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirdi. Daha sonra nazir qeyd etdi ki, yubileylərini qeyd etdiyimiz Əlibaba Məmmədov və Ağaxan Abdullayev bizim təhsil müəssisələrinin müəllimləridir və onların yaxşı işləri xalq tərəfindən həmişə yüksək qiymətləndirilir.

Əlibaba Məmmədovu Azərbaycanda, Şərqdə və müsəlman aləmində hamı tanıyır, sevir. Əlibaba müəllim sənətini dərindən bilən, onun fövqündə duran bir insandır. Gözəl xanəndə olduğu kimi, gözəl də müəllimdir. Sənətinin mahir bilicisidir, aydın diksiyaya malikdir. Bütün bu xüsusiyyətlər onun xalq tərəfindən sevilməsinə səbəb olmuşdur.

Daha sonra 30 ildən çox Əlibaba Məmmədovu tanıdığını bildirən nazir qeyd etdi ki, görkəmli sənətkarla bu gün də sıx əlaqə saxlayır, onu fəaliyyətini daim izləyir və sənəti ilə fəxr edir.

Nazir bu iki böyük sənətkara   dövlət başçısı İlham Əliyev tərəfindan mükafatlar verilməsini bütövlükdə Azərbaycan musiqisinə verilən qiymət kimi dəyərləndirdi.

Çıxışının sonunda nazir hər iki yubilyarı ürəkdən təbrik edərək onlara hədiyyələr təqdim etdi.

Tədbirdə bəstəkar Azər Rzayev, xalq artisti Arif Babayev, əməkdar incəsənət xadimi Arif Qazıyev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor  Nazim Kazımov, millət vəkili Ziyad Səmədzadə, Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, BDU-nun müəllimi Əsmətxanım Məmmədova və başqaları çıxış edərək yubilyarlar haqqında ürək sözlərini söylədilər.

Gənc muğam ustalarının ifa etdikləri muğamlar məclisi daha da rövnəqləndirdi.

 

 

Malik NOVRUZOV

 

Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.3.