Nazir Bakıdakı 18 nömrəli məktəbdə yeni kurikulumlarla keçilən dərsləri yüksək qiymətləndirdi

 

Fevralın 25-də  Bakıdakı  M.Müşfiq adına 18 nömrəli orta məktəbdə ibtidai siniflərdə  kurikulumların tətbiqi ilə  əlaqədar "Açıq qapı" günü keçirildi. Tədbirdə Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun nümayəndəlri, bir qrup məktəb direktoru, fənn müəllimləri KİV  əməkdaşları iştirak edirdilər. Məktəbin direktoru Vaqif Hüseynov tədbirin əhəmiyyəti haqqında məlumat verdi. Qonaqlar məktəbin təlim-tərbiyə işləri ilə  yaxından tanış olduqdan sonra I "A" sinfində  Nazirə Hümbətovanın ana dili , I "C" sinfində Rəna Ağazadənin riyaziyyat,  I "ç"sinfində Mehriban Qarayevanın həyat bilgisi , II "D" sinfində Mehriban Qocayevanın təsviri incəsənət,  I "A"(r.b.) sinfində Afaq Axundovanın texnologiya I "B" sinfində Səbinə  Musazadənin musiqi dərslərində iştirak etdilər. Sonra "dəyirmi masa" arxasında dinlənilən dərslərin təhlili oldu. "Açıq qapı" günündə təhsil naziri  Misir Mərdanov I "C" sinfində Rəna Ağazadənin riyaziyyatdan "Həndəsi fiqurların qruplaşdırılması" mövzusundə keçdiyi "açıq dərs"i dinlədi. Müzakirələrdə nazir bildirdi ki, iştirak etdiyim dərs çox yaradıcı oldu Milli Kurikulumun tələb etdiyi standartlar əsasında yüksək səviyyədə keçdi. Müəllim dərsdə əyani vəsaitdən digər vasitələrdən lazımınca istifadə etdi keçdiyi dərsdə  fənlərarası  inteqrasiya yaratdı.

"Açıq dərs"dən razılıq edən təhsil naziri Misir Mərdanov onu da əlavə etdi ki, müəllim dərs prosesində şagirdləri qruplarla işlətdi, qruplar arasında  düzgün qiymətləndirmə apardı və müasir dərsə verilən digər tələbləri də keyfiyyətlə yerinə yetirə bildi.

Təhsil Nazirliyindən Ahmədov, Azərbaycan Müəllimlər İnstitutundan R.Məmmədzadə, Təhsil Problemləri İnstitutundan Y.Kərimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri  N.Rzaquliyeva və başqaları da  dinlənən dərslər barədə öz fikirlərini söylədilər və müəlimlərin işlərindən razı qaldıqlarını bildirdilər.

Sonda qonaqlar  bu cür tədbirlərin təhsil üçün əhəmiyyətli olmasından söz açdılar və məktəbdə kurikulumların tətbiqi istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildirdilər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.3.