Laçın rayonu Minkənd kənd orta məktəbinin 120 illik yubileyi qeyd olundu

 

Ölkəmizin qocaman təhsil müəssisələrindən biri olan Laçın rayonundakı Minkənd kənd orta məktəbinin 120 yaşı bu il tamam olur. Bu münasibətlə fevralın 20-də Xırdalan şəhər mədəniyyət evində yubiley mərasimi keçirildi.

Mərasimdə bir sıra dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ziyalılar, yubilyar məktəbin məzunları və pedaqoji kollektiv üzvləri, KİV mənsubları iştirak edirdilər.

Yubiley tədbirində öncə 120 yaşlı məktəbin fəaliyyətindən bəhs edən "Butafilm" studiyasının hazırladığı film nümayiş olundu. "Dağların ziyalı yaddaşı" adlı filmdə Minkənd məktəbinin təşəkkülü və inkişaf yolu, rayonda, bütövlükdə Azərbaycanın tarixi ərazisi olan Zəngəzur mahalında təhsilin inkişafındakı, ziyalıların yetişməsindəki rolu xronoloji ardıcıllıqla geniş və dolğun şəkildə əks olunmuşdur.

Mərasimi giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbir iştirakçılarını salamlayıb məktəbin yubileyinin keçirilməsi barədə təşəbbüslərinə dəstək vermiş müvafiq dövlət qurumlarının rəhbərlərinə, Abşeron Rayon İcra Hakimiyyətinə, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi. Azərbaycan dövlətinin, onun başçısı möhtərəm Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına böyük diqqət və qayğı göstərdiklərini xüsusi qeyd edən R.Cəbrayılov yubiley ərəfəsində cənab Prezidentin sərəncamları ilə Minkənd kənd orta məktəbinin iki müəlliminin "Tərəqqi" medalı ilə təltif olunmasını, bir müəlliminin isə əməkdar müəllim fəxri adına layiq görülməsini nəinki yubilyar məktəbin pedaqoji kollektivinin, habelə bütövlükdə Laçının təhsil ictimaiyyətinin, ziyalılarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi, göstərdiyi bu qayğıya görə cənab Prezidentə minnətdarlığını ifadə etdi. İcra hakimiyyətinin başçısı Minkənd məktəbinin keçdiyi tarixi yola qısa ekskurs edərək onun Azərbaycan təhsilinin inkişafına böyük töhfələr verdiyini, respublika səviyyəli görkəmli ziyalı və elm xadimləri yetişdirdiyini, məktəbin məzunları arasında 10 elmlər doktorunun, 22 elmlər namizədinin olduğunu vurğuladı, zala toplaşanları, məktəbin kollektivini yubiley münasibəti ilə təbrik etdi.

Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi  Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək dövlət başçısının qaçqın və köçkünlərə göstərdiyi qayğıdan, onların sosial problemlərinin həlli, o cümlədən də təhsil şəraitlərinin yaxşılaşdırılması istiqamətində son illər atılmış addımlardan bəhs etdi, ölkə Prezidentinin son günlər imzaladığı sərəncamla qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün Prezident Fondundan 14 milyon manat vəsaitin ayrılmasını bu diqqət və qayğının yeni təzahürü kimi dəyərləndirdi, göstərilən diqqət və qayğıya, habelə yubiley tədbirinin keçirilməsinə yaradılan şəraitə görə mərasim iştirakçıları adından ölkə Prezidentinə dərin hörmət və ehtiramını bildirdi.

Son illər Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan işlərin dərinləşdiyini deyən komitə sədri artıq böyük qayıdış proqramının hazırlandığını, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi müdrik daxili və xarici siyasət sayəsində torpaqlarımızın tezliklə azad olunacağına, məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönəcəklərinə inamını ifadə etdi.

Ə.Həsənov çıxışının sonunda yubilyar məktəbin kollektivini təbrik edib Prezident sərəncamları ilə təltif olunmuş müəllimlərə müvafiq mükafatları təqdim etdi.

Təhsil naziri Misir Mərdanov mərasimdə təbrik nitqi söylədi. öncə zala toplaşanları Təhsil Nazirliyi adından salamlayan Misir müəllim adi bir kənd məktəbinin yubileyinin yüksək təntənə ilə keçirilməsini, bu münasibətlə düzənlənən mərasimdə xeyli dövlət rəsmisinin, Milli Məclis üzvünün, ölkənin tanınmış ziyalılarının iştirakını təhsilə, məktəbə göstərilən diqqət və qayğı kimi qiymətləndirdi. Nazir Misir Mərdanov belə bir yubileyin keçirilməsinin Azərbaycan mədəniyyətinin, tarixinin zənginliyini, böyüklüyünü dünyaya göstərmək baxımından dəyərli olduğunu diqqətə çatdırdı. Misir Mərdanov Minkənd məktəbinin təhsilimizin inkişafı tarixindəki böyük rolunu xüsusi vurğulayaraq qeyd etdi ki, vaxtilə Azərbaycan Demokratik Cümhuriyyətinin xaricdə təhsil almağa göndərdiyi 100 nəfər azərbaycanlı gəncin 2-si məhz bu məktəbin məzunu olmuşdur.

Nazir təbrik nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər təhsil sahəsində görülmüş böyük işlərə də toxunaraq ölkəmizdə bir neçə il ərzində 2000-dən çox məktəb üçün yeni binanın tikildiyini, 5 il öncə 1063 şagirdə bir kompüter düşən məktəblərdə indi 20 şagirdə 1 kompüter nisbətinin təmin olunduğunu, təhsilin inkişafı ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş işlərin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, təhsilin, elmin müasir texnologiyalar əsasında inkişaf etdirilməsi istiqamətində məqsədyönlu addımlar atıldığını və bu işləri gələcəkdə də davam etdirməyin zəruriliyini diqqətə çatdırdı. Nazir Misir Mərdanov çıxışının sonunda 120 yaşlı Minkənd məktəbinin bir qrup müəlliminin Təhsil Nazirliyi kollegiyasının qərarı ilə nazirliyin "Qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri  fərmanları ilə təltif olunduğunu bildirib mükafatları sahiblərinə təqdim etdi.

Yubilyar məktəbin məzunu, BDU-nun professoru Maarif Cəfərov çıxış edərək təhsil ocağının xidmətlərindən danışdı, kollektivə ürək sözlərini çatdırdı.

Tədbirdə habelə bir sıra rayonların icra hakimiyyətləri tərəfindən yubilyar məktəbə kompüter dəstləri hədiyyə edildiyi bildirildi, onun bir qrup müəlliminə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olundu.

Yubiley tədbiri incəsənət ustalarının ifasında bədii proqramla davam etdirildi.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.3.