Azərbaycan universitetləri dünyanın ən yaxşı ali məktəbləri sırasında

 

Müasir dünyada yaxşı ali məktəb elmi tədqiqatlara geniş yer verməklə, maddi-texniki bazasını və kadr potensialını daim inkişaf etdirməklə, keyfiyyətli təhsil verməklə tanınır. çağdaş dünyamızda ali məktəb də müasir, modern olmalıdır, dünyanın inkişaf meyillərini nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada görünməlidir. Bir ali məktəbin adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünya universitetləri, şirkətləri, və mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır. Müasir tanınma elektron dünyada, İnternetdə, çap olunmuş əsərlərin dünyaya yayılmasında özünü göstərir. Kölgə adamın boyu ilə mütənasib olduğu kimi, ali məktəbin gücü və səviyyəsi də onun dünyaya düşən kölgəsində, onun gördüyü işlərin dünyada tanınmasında özünü göstərir. Bir ali məktəb haqqında uzaqlarda, elm və təhsil dairələrində söhbət getmirsə, deməli, orada görülən işlər dünya ilə ayaqlaşmır, o ali məktəb müəyyən mənada dünyaya lazım deyil. Ali məktəblərimizin müasirləşməsi yavaş getdiyi üçün onlar az tanınır və müxtəlif kriteriyalar əsasında dünyada aparılan çoxsaylı reytinq araşdırmalarında Azərbaycan ali məktəbləri görünmür.

Azərbaycanın müstəqillik əldə etdiyi dövr dünyada informasiya texnologiyalarının inqilabi dəyişikliklərə uğradığı və qloballaşmanın aparıcı gücə çevrildiyi dövrə təsadüf edir. Az da olsa, qlobal gücə malik olmaq səviyyə ölçüsünə çevrildi.

Dövlət ali təhsili ilə yanaşı, özəl ali məktəblərin yaranması ali təhsilə bir rəqabət, yarış xarakteri gətirdi. Yeni yaranmış özəl ali məktəblər uzun illər Azərbaycanda olan yüksək kadr potensialına malik dövlət ali məktəbləri ilə bəzi kriteriyalar üzrə (məsələn, ştatda olan müəllimlərin sayı, elmi məqalələrin sayı) rəqabət aparmaqda təbii çətinlik çəksələr də, bəzi özəl universitetlər bir sıra məsələlərdə - keyfiyyətli təhsil, müasir tədris proqramları, müasir təhsil modellərinin tətbiqi, dil siyasəti, beynəlxalq əlaqələrin inkişafı, informasiya texnologiyalarının tətbiqi kimi məsələlərdə daha fəal olub daha müasir görünürlər.

2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı professor Ramon y Cajal tərəfindən yaradılmışdır.

Əvvəlki illər 15-17 min ali məktəb araşdırılır və onlardan ən yaxşı 5 mini elan olunurdu. 2010-cu ilin əvvəlində isə 18 min ali məktəb öyrənildi və onlardan 8 min ən yaxşısı elan olundu. Universitetlərin qiymətləndirilməsi dörd nominasiya üzrə aparılmışdır. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.

2010-cu il Webometrics reytinqində dünyanın 8 min ən yaxşı universiteti sırasına Azərbaycandan 2 universitet - Qafqaz və Xəzər universitetləri daxil edilmişlər.

 

 

Hamlet İSAXANLI,

Xəzər Universitetinin rektoru

 

Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.3.