Müəllim hazırlığı: Türkiyə təcrübəsi
Müsahibimiz Hacəttəpə Universitetinin pedaqoji
fakültəsinin dekanı, professor Buket Akkoyunludur
Buket Akkoyunlu 1963-cü il fevralın
13-də Türkiyənin Ankara şəhərində anadan
olub. Bakalavr dərəcəsini 1983-cü ildə Hacəttəpə
Universitetinin sosiologiya
bölümündə, magistr
dərəcəsini isə 1986-cı ildə təhsildə proqramlama
bölümündə
alıb. 1988-1992-ci illərdə İngiltərənin Leicester
Universitetində "Təhsildə İKT-nin istifadə edilməsi" mövzusunda dissertasiya müdafiə
edib. 1993-1995-ci illərdə Türkiyə Respublikasının Təhsil Nazirliyində təhsil
texnologiyaları üzrə
müşavir işləyib,
müəllim hazırlanması proqramlarının
iştirakçısı olub. 2004-2006-cı illərdə ibtidai məktəb
səviyyəsində İKT təhsil
proqramı və I-VIII siniflər üzrə İKT
ilə bağlı
şagird və müəllimlər üçün dərsliklər
hazırlayan 4 nəfərlik komissiyanın üzvü kimi fəaliyyət
göstərib. Professor Buket Akkoyunlu Hacəttəpə
Universitetinin Boloniya Təhsil Komissiyası, Yüksək öyrətim Kurumu (Ali Təhsil Şurası, YöK) - Milli Müəllim
Yetişdirmə Komissiyası və Universitetlərarası Qurul-Dosentlik Attestasiya Ali Qurulunun
üzvüdür. 2006-cı ildən Hacəttəpə
Universitetinin pedaqoji fakültəsinin
dekanı vəzifəsində çalışır. 1998-ci
ildən etibarən Azərbaycan-Türkiyə arasında həyata keçirilən təhsil layihələrində
yaxından iştirak edir. 300-ə qədər elmi məqalənin və 4
kitabın müəllifidir.
Hazırda
ölkəmizdə müəllim hazırlığı,
pedaqoji kadrların hazırlıq səviyyəsi, onların
peşəkarlıq və bacarıqlarına yenidən
baxılması diqqətdə saxlanılan məsələlərdəndir. Təhsil Nazirliyinin həmin istiqamətdə həyata
keçirdiyi məqsədyönlü tədbirlər, dünyanın inkişaf etmiş
ölkələrinin bununla bağlı təcrübəsinin
mütəxəssislərimiz tərəfindən öyrənilməsi,
vaxtaşırı respublikamızda səfərdə olan
xarici həmkarları ilə təcrübə mübadiləsi
aparmaları öz müsbət nəticəsini verməkdədir.
Qeyd etdiyimiz kimi, müəllim hazırlığı,
ixtisasartırma təhsili ilə bağlı dünyanın
inkişaf etmiş ölkələrinin təcrübəsinin
öyrənilməsi, ondan Azərbaycan reallıqları nəzərə
alınmaqla səmərəli istifadə bu sahənin daha
da təkmilləşməsinə, yeniləşməsinə və
inkişafına kömək edən amillərdən biri sayıla bilər.
Elə bu yaxınlarda Bakıda növbəti dəfə səfərdə olan, artıq
neçə illərdir ki, ölkəmizin təhsil mütəxəssisləri
ilə yaxından əməkdaşlıq edən Türkiyə Respublikası Hacəttəpə
Universitetinin pedaqoji fakültəsinin dekanı, professor Buket Akkoyunlu ilə
görüşümüzün əsas mövzusu da qardaş
ölkədə müəllim
hazırlığı, ixtisasartırma təhsili və təhsillə bağlı digər
məsələlərin necə
həyata keçirilməsi ilə bağlı oldu. Pofessor Buket Akkoyunlunun qəzetimizə verdiyi
müsahibəni oxucularımıza təqdim edirik.
- Buket xanım, Türkiyədə ixtisasartırma təhsili ilə
məşğul olan xüsusi qurum varmı? Müəllimlərin
ixtisasının artırılması necə həyata
keçirilir? ümumiyyətlə,
müəllimlər neçə ildən bir
ixtisasartırmadan keçməlidir?
- Məlumat üçün
bildirim ki, müəllimlərin ixtisasının artırılması
Türkiyənin Milli Təhsil Nazirliyinin nəzdindəki
İxtisasartırma Tədris İdarəsi (Hizmet İçi
Eyitim Dairə Başqanlığı) tərəfindən həyata
keçirilir. Adıçəkilən qurum nazirlik
kadrlarının ölkə daxilində və ya xarici ölkələrdə
ixtisasartırma yolu və digər üsullarla
hazırlanması ilə əlaqədar gərəkli bütün fəaliyyət və vəzifələri
yerinə yetirir. İxtisasartırma
Tədris İdarəsi müəllimlərin ixtisasının
artırılması ilə bağlı hər il
üçün plan və proqram hazırlayır. Bu zaman nə qədər müəllimin hansı
ixtisaslar üzrə təhsil alması müəyyənləşdirilir.
Qeyd edim ki, bizdə müəllimlərin sayı 900000-dir.
Onların hamısının ixtisasının
artırılması, təbii, çox çətin bir
işdir. ölkəmizdə
radikal dəyişikliklər olduğü zaman bizim təhsil proqramlarında da bir sıra yeniliklər öz əksini
tapdı. 1999-cu ildə Türkiyədə
kompüterləşmə başladı. Türkiyə
orta məktəblərinin kompüterlərlə tam təchizatından
sonra şagirdlərə
bununla bağlı mükəmməl bilik öyrədə biləcək müəllimlərə ciddi ehtiyac duyuldu.10-12 il ərzində
bütün müəllimlər kompüter kurslarından
keçdi. 2004-cü ildə universitetlərin pedaqoji fakültələrinin
proqramları dəyişdi, bura kompüter dərsləri
salındı. 2004-cü ildə həmçinin ibtidai təhsil (ilk öyrətim)
proqramları, tədris planları dəyişərək
müasir dövrün tələblərinə uyğun şəkildə
hazırlandı. İxtisasartırma Tədris
İdarəsi bununla bağlı bir sıra işlər həyata
keçirməyə başladı. Belə ki, 2005-ci ildən
etibarən adıçəkilən idarə ölkənin tanınmış universitetləri
ilə birlikdə razılığa gələrək ibtidai sinif müəllimlərini bir yerə topladı. Pedaqoji
fakültələrin müəllimləri təhsil
işçilərini yeni tədris proqram və planlar, təhsildə
baş verən yeniliklər, müasir təlim metodları, dərs
materiallarının hazırlanması, təhsildə qiymətləndirmə
meyarları, təhsilin məzmunu, fəlsəfəsi, mahiyyəti və digər məsələlər
barədə məlumatlandıraraq onlara bilgilər verdilər.
Müəllimlər təhsildə baş verən
ən son yeniliklərdən xəbərdar olmaqla
yanaşı, dərslərdə müasir təlim
metodlarından uğurla istifadə etməyi də öyrəndilər.
Onu da bildirim ki, bizdə həmçinin
ehtiyaclar nəzərə alınmaqla hər məktəbin
özündə ixtisasartırma kursları təşkil
olunur. Orta məktəblərdə tədris ilinin
sonunda-15 iyunda şagirdlər yay tətilinə
buraxıldıqdan sonra müəllimlər burada növbəti
aya qədər təşkil
olunan ixtisasartırma kurslarında
bilik səviyyələrini, peşəkarlıqlarını
artırırlar. Hər bir təhsil müəssisəsinin rəhbəri
hansı fənn müəllimlərinin ixtisasartırma
kurslarından keçəcəyini əvvəlcədən
müəyyənləşdirir, həmin zaman dediyim kimi, ehtiyaclar nəzərə
alınır. Məsələn, məktəbin rəhbəri
müəyyənləşdirir ki, bu il onun informatika və yaxud ingilis dili fənlərini
tədris edən müəllimlərinin ixtisasartırmadan
keçməsi zəruridir. Direktor bununla bağlı il ərzində proqram
hazırlayır və görülən işlər barəsində
İxtisasartırma Tədris İdarəsinə məlumat
verir. İdarənin əməkdaşlıq etdiyi pedaqoji
universitetlərdən müəllimlər həmin məktəblərdə
bu kursları aparırlar.
Kurslar sentyabrın 1-dən 15-dək yenidən
təşkil olunur. Bundan əlavə, İxtisasartırma Tədris
İdarəsi özü də
ehtiyaca görə Türkiyənin tanınmış mərkəzlərində
iyul-avqust aylarında məktəb
rəhbərləri tərəfindən müəyyənləşdirilərək
göndərilən fənn müəllimlərini ixtisasartırma kurslarından
keçirir. Bu, hər il təşkil
edilir. Gördüyünüz kimi, bizdə
İxtisasartırma Tədris İdarəsi ilə pedaqoji
universitetlərin sıx əməkdaşlığı nəticəsində
ixtisasartırma təhsili öz uğurlu həllini tapıb.
- Müəllimlərin işə qəbulu necə həyata
keçirilir? Hansı
qurumlar bu prosesi tənzimləyir və hər tədris
ilində neçə dəfə belə qəbul
aparılır?
- Bizim universitetimizi hər il yüzlərlə gənc bitirir. Ancaq bu o demək deyil ki, gənclərin
hamısı müəllim olacaq. Türkiyədə
universitetləri bitirən məzunlar müəllimlik
hüququ qazanmaq üçün öyrənci Seçmə
Yerləşdirmə Mərkəzi
(öYSM) tərəfindən keçirilən test imtahanında iştirak etməlidir.
Test imtahanında məzunların müəllimliyə xas
bütün keyfiyyətləri, təhsil aldığı illər
ərzində əldə etdiyi bilikləri, yeni metodlardan
istifadə etmək bacarığı yoxlanılır.
Bütün bunları
və təhsillə
bağlı digər məsələləri əhatə edən
suallara cavab verən gənclər
100 baldan ən azı 70-ni toplamalıdırlar. Əgər tələb olunan
balı toplayarsa, müəllim olmaq hüququ qazanır. Bundan sonra həmin gənclər Türkiyənin
Milli Təhsil Nazirliyinə işlə təmin olunmaq, həmçinin harada işləmək istədikləri
barədə yazılı şəkildə müraciət
edirlər. Milli Təhsil Nazirliyi də, öz növbəsində,
ölkənin təhsil müəssisələrinin fənlər
üzrə ehtiyacını öyrənərək
onların sayını göstərməklə siyahını
açıqlayır. Bütün bu işlər
kompüter vasitəsilə həyata keçirilir. Onu da bildirim ki, test
imtahanında tələb olunan balı toplamaq hələ heç də həmin il işlə təmin
olunmaq demək deyil. Ola bilər ki, bir gənc imtahanda daha yüksək bal
toplayaraq az bal toplayan gəncin işləmək arzusunda
olduğu məktəbdə
müəllim kimi çalışmaq hüququ
qazansın və yaxud hər
hansı bir məktəbdə o fənn üzrə müəllimə həmin il az tələbat
olsun. Elə məktəblər də var ki, həmin fənn
üzrə müəllimə o il heç ehtiyac olmur. İşlə
təmin edilməyən müəllimlər 1il gözləməli
olurlar. Növbəti il onlar test imtahanında iştirak etmədən yenidən
işləmək üçün Milli Təhsil Nazirliyinə
müraciət edə bilərlər.
Test imtahanının nəticəsi 2 il
etibarlı sayılır. ümumiyyətlə,
müəllim olmaq hüququnu qazanmaq üçün öyrənci Seçmə Yerləşdirmə
Mərkəzi tərəfindən
ildə 2 dəfə - noyabr və may aylarında test
imtahanı olur. Müəllimlərin işə qəbulu 2
cür həyata keçirilir: dövlət məmuru ( kadrolu) və müqavilə əsasında
(sözləşməli). Bunu isə Milli Təhsil Nazirliyi müəyyənləşdirir.
Türkiyədə məktəbəqədər təhsil
müəssisələrində çalışmaq uçun
tərbiyəçilərə, məktəblərdə ingilis dili, informatika müəllimlərinə
ehtiyac olduğundan onlar yerlərdə dövlət məmuru
kimi işə götürülürlər. Digər fənlər
üzrə müəllimlərin dövlət məmuru kimi və
ya müqavilə əsasında işə götürülməsi
isə təbii ki, yenə də həmin fənlərə
ehtiyacın nə dərəcədə olmasından
asılıdır. Dövlət məmuru kimi və ya müqavilə əsasında
işləyəcək gənclərin
hamısı eyni test imtahanında iştirak edirlər və şərtlər
hamı üçün birdir.
- Ümumi təhsilin
strukturu təhsil səviyyələri üzrə hansı
sinifləri əhatə edir?
- Türkiyədə məktəbəqədər
təhsil müəssisələri və orta məktəblərdəki
uşaqların sayı 15352000-dir. Həmin təhsil müəssisələrində
müəllim sayı 679373 nəfərdir. Bu
2008-2009-cu ilin statistikasıdır. 3-6 yaş məktəbəqədər
dövr hesab olunur. I-VIII siniflər ibtidai (ilk öyrətim),
IX-XII yuxarı siniflər (orta öyrətim), ali
təhsil isə yüksək öyrətim adlanır. ümumi təhsil məktəblərində
müəllim-şagird nisbəti 1:44-dür. Siniflərdə
şagird sıxlığı 50-55 olub, 70-75-ə
çıxan yerlər də vardır.
- Buket
xanım, pedaqoji təcrübə hansı kurslarda
və hansı həcmdə keçirilir?
- Məlumat üçün bildirim ki, 4
il ərzində tələbələrimiz 3 (140 saat) pedaqoji təcrübə
keçirlər. Tələbələr I kursun
2-ci semestrində hər həftə (cəmi 14 həftə ) 2
saat məktəbdə, 2 saat
universitetdə təcrübə keçirlər. 2-ci təcrübə
III kursun 2-ci semestrində olur. Tələbələr hər
həftə (cəmi
14 həftə) hərəsi 2 saat olmaqla məktəbdə və universitetdə təcrübə keçirlər.
Gənclər 3-cü təcrübəni IV kursun
2-ci semestrində hər həftə (cəmi 14 həftə) 6 saat məktəbdə, 2 saat universitetdə
keçirir. Pedaqoji təcrübədə olarkən tələbələrin
hamısı hər
həftə nə işlər görəcəkləri ilə
bağlı plan tərtib edirlər. Plana uyğun həftə
ərzində
öz fəaliyyətlərini qurur və nəticə
olaraq görülən işlər barədə hesabat
hazırlayıb təcrübə
rəhbərinə təqdim
edirlər. Təcrübə rəhbəri hesabatla tanış olduqdan
sonra tələbənin fəaliyyətinə qiymət verir,
bununla bağlı öz fikir və təkliflərini söyləyir. Hər kursun axırında isə tələbələr təcrübə vaxtı hazırladıqları həftəlik
hesabatları toplayaraq onları
təcrübə rəhbərinə təqdim edirlər. Pedaqoji təcrübə keçən tələbələrə
daim nəzarət olunur. Təcrübə rəhbəri məktəbin direktoru,
oradakı müəllimlərlə sıx əlaqə
saxlayaraq tələbələrin
dərslərdə iştirakı, hazırlıq səviyyəsi
barədə mütəmadi olaraq onların fikirlərini öyrənir.Tələbələr bu hesabatları hazırlayarkən təcrübə
rəhbərinin məsləhət
və təkliflərini nəzərə alır. Artıq neçə illərdir ki,
bizim birlikdə əməkdaşlıq
etdiyimiz məktəblər var. Müəllim
hazırlığı ilə məşğul olan universitetlər
pedaqoji təcrübə keçmək üçün tələbələrini
istədikləri hər hansı
məktəblərə göndərməyi qabaqcadan müəyyənləşdirərək
bu təhsil ocaqlarının
siyahısını
Milli Təhsil Nazirliyinə təqdim edirlər.
- Pedaqoji fakültələrdə fənnin tədrisi üzrə
hazırlıq necə aparılır?
- Bizim universitetlərin
pedaqoji fakültələrində tələbələr hər bir fəndən müəyyən siniflər
üzrə hazırlanır. Məsələn, I-VIII və IX-XII siniflər
üzrə müəllim
hazırlığı ayrı aparılır. I-VIII siniflərdə
dərs deyən
müəllim yuxarı siniflərdə şagirdlərlə məşğul ola bilməz. çünki
hər bir müəllim seçdiyi ixtisasdan dərs deyəcəyi siniflər
üzrə bilik alır, ixtisaslaşır, o siniflərdə oxuyan uşaqların yaş psixologiyasını öyrənir.
Onların tədris
proqramları
ayrı-ayrı siniflər üzrə hazırlanır.
- Müəllim hazırlığında "Təhsilin
əsasları"
fənni tədris olunurmu? Onun əsas məzmunu nədən
ibarətdir?
- Bizdə həmin fənn
"öyrətmənlik məsləyinə giriş" və
ya "Eyitimə giriş" adlanır. Fənnin tədrisində 10 əsas mövzu öz əksini
tapır.Belə ki, burada təhsilin
fəlsəfəsi, müəllimlik
öyrədilir, müəllimliyə xas olan keyfiyyətlər, məktəb
direktoruna verilən tələblər açıqlanır,
proqram tərtibi, dərs
planlarının hazırlanması, uşaqlarla işləmək
bacarığı, qiymətləndirmə meyarları göstərilir, insanlarla ünsiyyət, təşkilatçılıq və digər məsələlər
barədə məlumatlar verilir.
Bundan əlavə, tələbələrimizə "Rəhbərlik psixoloji
danışma" dərsi də keçilir ki, burada da məktəb
direktorunun bilməsi vacib olan bir
sıra məsələlərdən söz
açılır.
- Müəllimlər və məktəb rəhbərləri
üçün yaş həddi
varmı? Onların təqaüdə göndərilməsi necə həyata keçirilir?
-
Türkiyədə bütün sahələrdə
çalışanlar, o cümlədən müəllimlər də 65 yaşa
çatdıqda təqaüdə
çıxırlar. Bu zorunlu əməklilik
sayılır və təqaüdə çıxanlar işləyə
bilməz. Təkcə universitetlərdə
çalışan müəllimlər 67 yaşında təqaüdə
çıxa bilərlər. Bu isə orada dərs deyən
müəllimlərin sayının çox az
olması ilə əlaqədardır.
- Buket xanım, sonuncu sualımız sizin Azərbaycandakı
fəaliyyətinizlə bağlıdır. Bilirik ki, Bakıya
tez- tez səfərləriniz olur. Bizim təhsil mütəxəssisləri
ilə sıx əməkdaşlıq edirsiniz, alim və
pedaqoqlarımızla səmimi münasibətiniz var. Bu barədə bir qədər məlumat verməyinizi xahiş
edirik.
- Düz qeyd etdiniz. Mənim Bakıya səfərlərim tez- tez olur.
1998-ci ildən etibarən Azərbaycan- Türkiyə
arasında həyata keçirilən təhsillə
bağlı layihələrdə yaxından iştirak edirəm. Bu, mənim
üçün olduqca xoşdur. çalışdığım
Hacəttəpə Universiteti ilə
Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında
21 oktyabr 2006-cı ildə əməkdaşlıq
müqaviləsi imzalanmışdır. Hər iki universitet
arasında işgüzar əməkdaşlıq mövcuddur,
ali təhsil ocaqları birgə bir sıra işlər həyata
keçirirlər. Sizin olduqca
savadlı, peşəkar, elmi
potensialı güclü alim və pedaqoqlarınız, təhsili gözəl bilən
mütəxəssisləriniz var. Onu da qeyd edim ki, son illər ölkənizin təhsili çox uğurla
inkişaf edir. Bakıya hər gəlişimdə mən bunun bir daha şahidi
oluram. Azərbaycan Respublikası Təhsil
Nazirliyinin ölkənin təhsil sistemində
gördüyü işləri, həyata keçirdiyi tədbirləri
yüksək dəyərləndirirəm.
- Buket xanım, suallarımızı belə ətraflı
cavablandırdığınıza görə sizə öz minnətdarlığımızı
bildiririk.
Müsahibəni apardı: Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-2010.-26 fevral.-S.4.