Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə
və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular,
bu məqalədə təhsilin bir pilləsindən, səviyyəsindən
digərinə keçid, bu sahədə olan problemlər və
onların həlli yolları barədə mülahizələrimi
diqqətinizə təqdim edirəm.
Təhsilin keyfiyyətli,
səmərəli və davamlı olması üçün
bir çox şərtlər mövcuddur. Buraya cəmiyyətin
tələbatına görə dövlət standartları əsasında
optimal müəyyənləşdirilmiş məzmun,
çevik qiymətləndirmə modelləri, peşəkar
pedaqoji heyət, əlverişli maddi-texniki baza və sair
daxildir. Bu məsələlərə ötən məqalələrdə
toxunmuşuq. Lakin bütün bu amillər olduqda belə, təhsil
pillələri və səviyyələri arasında varislik
prinsipi üzərində qurulmuş dialektik
bağlılıq təmin edilməzsə, keyfiyyət və
səmərəliliyin reallığa çevrilməsində
boşluqlar yaranar. Eyni zamanda varisliyin yaradılmasına
yalnız nəticələrin bir-birini izləməsi və
tamamlaması prosesi kimi də baxmaq düzgün olmazdı.
Varislik, ilk növbədə, inkişafa xidmət etməli, hər
hansı bir nəticə özündən əvvəl gələnin
mahiyyətcə zənginləşməsinə və əhatə
dairəsinin genişlənməsinə yönəlməlidir.
Bu mənada təsadüfi
deyil ki, varislik "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda təhsil sahəsində dövlət
siyasətinin əsas prinsiplərindən biri kimi təsbit
olunmuşdur.
Qeyd etmək
lazımdır ki, varislik prinsipinə iki yanaşma
mövcuddur. Birinci yanaşma ondan ibarətdir ki, tətbiq edilən
təhsil proqramları, məzmun pillədən pilləyə,
səviyyədən səviyyəyə inkişaf etməli və
bir-birini tamamlamalıdır.
Digər yanaşma
birincidən heç də az əhəmiyyət kəsb etməyən,
lakin əksər hallarda kölgədə qalan bir məsələ
ilə bağlıdır. Belə ki, bir pillədən digər
pilləyə, bir səviyyədən digər səviyyəyə
keçid zamanı əvvəlki pillə və səviyyələrdə
qazanılmış bilik, bacarıq və nəticələrin
nəzərə alınmaması, keçid prosesində
müşahidə edilən problemlər məni daim
düşündürən və narahat edən məsələlərdir.
İlk növbədə məktəbəqədər
təhsil pilləsi haqqında. Məlumdur ki, məktəbəqədər
təhsil təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin
maraqlarına uyğun olaraq, uşaqların erkən yaş
dövründən intellektual, fiziki və psixi
inkişafını, sadə əmək vərdişlərinə
yiyələnməsini, istedad və qabiliyyətinin üzə
çıxarılmasını,
sağlamlığının qorunmasını, estetik tərbiyəsini,
təbiətə və insanlara həssas münasibətinin
formalaşmasını təmin edir.
"Təhsil
haqqında" Qanuna görə, təhsil məktəbəqədər
mərhələdən başlanır. Bununla belə, məktəbəqədər
təhsil müəssisəsinə gələnə qədər
uşaq ailədə tərbiyə olunur. Onu da etiraf etmək
lazımdır ki, uşaqların xeyli hissəsi məktəbəqədər
təhsil mərhələsini, eləcə də məktəbəhazırlıq
dövrünü keçmədən birbaşa məktəbə
qəbul edilirlər. Beləliklə, aydın təsəvvür
olunur ki, uşağın tərbiyəolunma sistemində
varisliyin pozulması halları bu zamandan başlanır. Belə
nəticə çıxarmaq olar ki, yaranmış problemin həlli
məqsədilə, ilk növbədə, valideynlər
üçün yerlərdə metodiki məsləhət və
əlaqələndirmə mərkəzləri təşkil
edilməlidir. Yəni məktəbəqədər təhsil
müəssisələrindəki təlim-tərbiyə prosesi
ailələrdəki eyni prosesin, ibtidai təhsil isə məktəbəqədər
təhsil və məktəbəhazırlıq təliminin
davamı kimi vahid sistemdə birləşməlidir. Yalnız
bu halda uşağın psixoloji və mənəvi cəhətdən
məktəb təliminə hazır olmasından
danışıla bilər. Belə bir sistemin qurulması,
heç şübhəsiz, ibtidai təhsilin keyfiyyətinə
əhəmiyyətli dərəcədə müsbət təsir
göstərə bilər. Bəs ölkəmizdə ailədən
məktəbəqədər tərbiyə müəssisəsinə
keçid sahəsində hansı problemlər mövcuddur? Təhlil
göstərir ki, hər il birinci sinfə qəbul edilən
uşaqların orta hesabla yalnız 20 faizə qədəri
bağçalardakı məktəbəhazırlıq
qruplarından gəlir. Bir sıra inkişaf etmiş ölkələrdə
5 yaşlıların hamısı icbari olaraq məktəbəhazırlıq
mərhələsini keçirlər. Ölkəmizdə isə
bu vəzifəni yerinə yetirmək üçün, əlbəttə,
mövcud uşaq bağçalarının imkanları
heç də kifayət deyildir. Belə ki, uşaq
bağçaları ən yaxşı halda ölkə
üzrə 5 yaşlıların yalnız 40-45 faizini qəbul
edə bilər. Düşünürəm ki, təxirəsalınmadan
5 yaşlı uşaqların məktəbəqədər təhsili
üçün hazırlıq işlərinə
başlanmalı, nazirliyin bu sahədə 8-10 ili əhatə
edən strateji planı hazırlanmalı, hökumət səviyyəsində
tədbirlər görülməlidir. Eyni zamanda digər
yaş qrupları da unudulmamalı, ölkədə məktəbəqədər
təhsil imkanlarının və əhatə səviyyəsinin
artırılması istiqamətində Dövlət
Proqramı çərçivəsində zəruri tədbirlər
davam etdirilməlidir.
Ümumi təhsilin səviyyələri
arasında varisliyin təmin olunmasına da xüsusi diqqət
yetirilməlidir. Hər səviyyənin ümumi təlim nəticələrini
yüksələn xətlə əlaqələndirmədən,
ümumi təhsil sahəsində tədris edilən fənlərin
məzmununun təhsil səviyyələri və siniflər
üzrə varisliyini yaratmadan bu məqsədə nail olmaq
qeyri-mümkündür. Hazırda tətbiqinə
başlanmış ibtidai təhsil səviyyəsi
üçün fənn kurikulumları, əsasən, siniflərarası
varislik tələbi nəzərə alınmaqla tərtib
edilmişdir. Heç şübhəsiz, ümumi orta təhsil
səviyyəsinin kurikulumları ibtidai, tam orta təhsil səviyyəsinin
kurikulumları isə ümumi orta təhsil səviyyəsinin
nəticələri üzərində qurulmalıdır. Demək,
şagirdlərə öyrədilən biliklər və
aşılanan bacarıqlar varislik əsasında sadədən
mürəkkəbə doğru inkişaf etdirilməklə
standartlarda öz əksini tapmalıdır. Əslində, mənimsənilməsi
nəzərdə tutulan konkret bilik xüsusi çəkisi
baxımından aşılanacaq bacarığın səviyyəsini
müəyyən etməli və bu iki proses mahiyyətcə
bir-birini tamamlamalıdır. Eyni zamanda hər bir fənn
üzrə məzmun standartlarının dialektik baxımdan
varisliyinin təmin edilməsi ilə yanaşı, bu
standartların dərsliklərdə
reallaşdırılması ardıcıllığı da
ciddi surətdə gözlənilməlidir. Dərsliklər
yazılarkən müvafiq fənn kurikulumlarına,
standartların tələblərinə uyğunsuzluq
hallarına yol verilərsə, bu, son nəticədə
varisliyin pozulmasına, nəzərdə tutulan
bacarıqların lazımi səviyyədə
formalaşmamasına gətirib çıxara bilər. Əlbəttə,
bütün bunlar məzmunun varisliyi ilə bağlı məsələlərdir.
Bəs ümumi təhsil
pilləsində bir səviyyədən digərinə
keçid məsələləri necə tənzimlənir? Ümumi
təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının
öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin
aşılanmasını, onların həyata və əmək
fəaliyyətinə hazırlanmasını təmin edir.
Ümumi təhsil təhsilalanların fiziki və intellektual
inkişafına, zəruri biliklərə yiyələnməsinə,
onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə
əsaslanan vətəndaş təfəkkürünün
formalaşmasına, milli və dünyəvi dəyərlərə
hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət,
dövlət və ətraf mühit qarşısında
hüquq və vəzifələrinin müəyyən edilməsinə
imkan yaradır.
Ümumi təhsilin ilk səviyyəsi
olan ibtidai təhsilin məqsədi təhsilalanlara oxumaq, yazmaq
və hesablama bacarıqları aşılamaq, onlarda insan, cəmiyyət
və təbiət haqqında ilkin həyati biliklər, məntiqi
təfəkkür elementləri, estetik, bədii zövq və
digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.
Təcrübə
göstərir ki, ibtidai təhsildən ümumi orta təhsilə
keçiddə ciddi problem müşahidə olunmur. Bu səviyyəni
uğurla başa vuran şagirdlər maneəsiz növbəti
səviyyədə təhsillərini davam etdirirlər.
Statistika göstərir ki, hər tədris ilində təxminən
150 min şagird ibtidai təhsildən ümumi orta təhsilə
keçir.
Hazırda ümumi təhsil
sistemində yeni qiymətləndirmə sisteminin tətbiqi ilə
əlaqədar ibtidai təhsil səviyyəsinin sonunda (IV
sinifdə) milli qiymətləndirmənin keçirilməsi nəzərdə
tutulmuşdur.
Bir sıra ölkələrdə
ibtidai təhsil səviyyəsindən növbəti səviyyəyə
keçiddə xüsusi imtahanlar təşkil edilir ki,
şagirdin növbəti səviyyədə hansı profil
üzrə təhsil alacağı müəyyənləşdirilsin.
Ümumi orta təhsilin
məqsədi təhsilalanların şifahi nitq və yazı
mədəniyyətinin, ünsiyyət
bacarığının, idrak fəallığının və
məntiqi təfəkkürünün inkişafını, təhsil
proqramına daxil olan fənlər üzrə və eləcə
də dünya sivilizasiyasının inkişafı haqqında
müvafiq bilik və təsəvvürlərinin
formalaşdırılmasını, müasir
informasiya-kommunikasiya vasitələrindən istifadə etmək
qabiliyyətini, hadisələri qiymətləndirmək və
öz gələcək fəaliyyət istiqamətlərini
müəyyənləşdirmək bacarığını təmin
etməkdən ibarətdir.
Ümumi orta təhsil səviyyəsini
hər tədris ilində təxminən 145 min şagird
bitirir. Onlardan 8 mini texniki peşə məktəblərinə
və peşə liseylərinə, 8 mini orta ixtisas məktəblərinə
qəbul olunur. Ümumi orta təhsil səviyyəsini bitirənlərdən
110 mini növbəti səviyyədə təhsillərini
davam etdirir. Narahatlıq doğuran haldır ki, ümumi orta təhsil
səviyyəsindən tam orta təhsil səviyyəsinə
keçiddə xeyli sayda şagirdin təhsildən yayınması
halları mövcuddur. Bu hal məktəb rəhbərlərini,
yerli təhsil orqanlarını ciddi düşündürməli,
hər bir şagirdin təhsildən yayınma səbəbləri
araşdırılmalı və müvafiq tədbirlər
görülməlidir.
Şübhəsiz, cari
dərs ilindən IX siniflərdə buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada
aparılması həm şagirdlərin davamiyyətinə
müsbət təsir göstərmiş, həm də təhsildən
yayınma hallarının qarşısını xeyli
almışdır. Eyni zamanda bu təhsil səviyyəsinin
sonunda mərkəzləşdirilmiş buraxılış
imtahanlarının keçirilməsi tam orta təhsil pilləsində
təhsilin təmayüllər üzrə təşkilinə
də öz töhfəsini verəcəkdir.
Burada narahatlıq
doğuran digər hal ondan ibarətdir ki, ümumi orta təhsil
səviyyəsini bitirən məzunlar qabiliyyətindən,
bacarığından, potensial imkanlarından asılı olmayaraq,
kütləvi şəkildə təhsillərini tam orta təhsil
pilləsində davam etdirməyə səy göstərirlər.
Lakin təhlil göstərir ki, heç də həmin
şagirdlərin hamısı sonradan ali təhsil pilləsində
təhsillərini davam etdirmirlər. Texniki peşə məktəblərinə
gedənlər isə cəmi məzunların 6 faizini təşkil
edir. Düşünürəm ki, Azərbaycanda da beynəlxalq
təcrübəyə əsaslanaraq, ümumi orta təhsil səviyyəsini
bitirən məzunların 40-50 faizinin məhz texniki peşə
məktəblərinə və peşə liseylərinə
yönəldilməsi istiqamətində ciddi tədbirlər
görülməli, ümumi təhsil müəssisələrində
peşəyönümü işi səmərəli təşkil
edilməli, şagirdlərin gələcəkdə məhz
hansı səviyyədə və ya pillədə təhsillərini
davam etdirmələri imkanları barədə diaqnostik qiymətləndirmələr
aparılmalıdır.
Ümumi təhsil pilləsinin son səviyyəsi
olan tam orta təhsil barədə. Tam orta təhsil səviyyəsində
təhsilalanların istedad və qabiliyyətinin
reallaşdırılması, müstəqil həyata və
peşə seçiminə hazırlanması, fəal vətəndaş
mövqeyinin, milli və ümumbəşəri dəyərlərə,
insan hüquqlarına və azadlıqlarına hörmət
hissinin və tolerantlığın
formalaşdırılması, müasir informasiya-kommunikasiya
texnologiyalarından və digər texniki vasitələrdən
sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına
yiyələnməsi, xarici dillərdən birində, yaxud bir
neçəsində ünsiyyət saxlaması və sair təmin
olunur.
Bu səviyyədə
təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun
dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın
nəticələrinə görə məzunlara müvafiq
qaydada dövlət nümunəli sənəd - attestat verilir.
Tam orta təhsil səviyyəsini hər tədris
ilində təxminən 110-120 min şagird bitirir. Təhsil
Nazirliyi tərəfindən mərkəzləşdirilmiş
test imtahanına keçidə qədər, demək olar ki, həmin
şagirdlərin hamısı attestat alırdılar. Hazırda isə məzunların təxminən 10-15
faizi tam orta təhsil səviyyəsini lazımi nailiyyətlərlə
başa vura bilmədiklərinə görə attestat ala
bilmirlər.
Təhlil göstərir ki, hər
il ümumi təhsil pilləsini bitirənlərin
20 faizi ali təhsil müəssisələrinə, 10 faizi orta
ixtisas məktəblərinə, 11 faizi texniki peşə məktəblərinə
qəbul olunurlar. Məzunların təxminən
60 faizi, yəni 60 min nəfər heç bir peşəyə
yiyələnmədən əmək bazarına qədəm
qoyur. Əlbəttə, bu vəziyyət hər
birimizi düşündürməlidir. Hesab edirəm ki,
müvafiq maddi-texniki baza, kadr təminatı həyata
keçirildikdən sonra və keyfiyyətə xələl gətirməmək
şərtilə yaxın gələcəkdə ali təhsil müəssisələrinə qəbul
planı artırılmalı, ümumi təhsil pilləsi məzunların
ali təhsil
Burada əsas
narahatlıq doğuran hal ondan ibarət idi ki, bir təhsil pilləsindən
digərinə keçiddə təhsilalanların nailiyyətləri
nəzərə alınmır. Azərbaycanda ali
məktəblərə qəbul zamanı orta məktəbin nəticələri,
yəni şagirdlərin 11 illik təhsilinin yekunu olan attestat
balı ümumiyyətlə nəzərə alınmır. Təhlil göstərir ki, bu hal ümumi orta təhsilin
keyfiyyətinə mənfi təsir etməklə, məktəbin
və müəllimin statusunun aşağı düşməsinə
gətirib çıxarır. Eyni zamanda
şagirdləri və müəllimləri keyfiyyətli orta təhsilə
stimullaşdırmanın qarşısını alır.
Təhlil göstərir ki,
dünyada ali məktəblərə qəbulun
əsas parametri məhz orta məktəbin nəticələridir.
ABŞ təcrübəsini misal gətirək.
Həmin ölkədə ali məktəbə
qəbul imtahanı tələb olunan balın yalnız 30
faizini toplamağa imkan verir. Digər 70 faiz isə
məhz məktəbin nəticələri, yəni şagirdin
orta məktəb göstəriciləri, məktəbin
şagird haqqında rəyi, şagirdin maraq və qabiliyyəti
və sair nəzərə alınmaqla formalaşır.
Bu vəziyyət
magistratura pilləsinə qəbulda da eynidir. Belə ki, magistratura pilləsinə
qəbul zamanı bakalavriat pilləsində tələbələrin
4 il ərzində qazandıqları nailiyyətlər
ümumiyyətlə nəzərə alınmır. Yəni ən yaxşı nailiyyətləri olan və
heç bir nailiyyəti olmayan tələbə qəbul
prosesində eyni vəziyyətdə olur. Dünya
təcrübəsi göstərir ki, bu yanaşma
düzgün deyildir. Əksər ölkələrdə
magistraturaya qəbul prosesində aparıcı rolu bakalavriat
pilləsindəki nəticələr və universitetlər
oynayır. Yəni qəbul haqqında son qərarı
məhz universitetlər qəbul edirlər. Düşünürəm ki, bizdə hazırda belə
bir qərarın qəbulu müəyyən problemlər yarada
bilər.
Təhsil
Nazirliyi uzun müddət nailiyyətlərin növbəti pillədə
nəzərə alınması istiqamətində təşəbbüslər
göstərmiş, təkliflər irəli sürmüş
və bu istiqamətdə müəyyən addımlar da
atmışdır. İlk növbədə XI siniflərdə mərkəzləşdirilmiş
imtahanlar tətbiq edildikdən sonra şagirdlərin yekun qiymətinin
çıxarılmasında həm X sinif, həm də XI
sinifdə il ərzində əldə
etdikləri nailiyyətlərin nəzərə
alınması təmin edilmişdir.
Təhsil
Nazirliyinin təklifləri əsasında "Təhsil
haqqında" Qanunda bu məsələ də öz əksini
tapmışdır. Qanunda təsbit edilmişdir ki, (maddə
26.4) "Ali və orta ixtisas təhsili müəssisələrinə
tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki
təhsil pilləsində əldə etdikləri nailiyyətlər
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada nəzərə alınır". Təəssüf ki, bu günə qədər bu
maddənin icrası ilə bağlı müvafiq qərar qəbul
edilməmişdir.
Bununla əlaqədar Qanunda
daha vacib bir müddəa da öz əksini
tapmışdır: "Dünya fənn
olimpiadalarının, yüksək səviyyəli beynəlxalq
müsabiqələrin və yarışların qalibləri
müvafiq ixtisaslar üzrə ali təhsil
müəssisələrinə müsabiqədənkənar qəbul
olunurlar. Bu olimpiadaların, beynəlxalq
müsabiqələrin və yarışların
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir". Onu da qeyd edim
ki, Təhsil Nazirliyinin illərlə təklif etdiyi bu müddəanın
xeyli əleyhdarları var idi. Lakin Qanunda bu
müddəanın öz əksini tapması, hesab edirəm
ki, təhsilin inkişafına və
stimullaşdırılmasına yönəlmiş uğurlu
bir addımdır.
Gözləyirik ki, Qanuna
müvafiq olaraq, yaxın gələcəkdə tədricən
ümumi orta, ilk peşə-ixtisas, orta ixtisas təhsili pillələrinin
nəticələri ali təhsilin
bakalavriat səviyyəsində, bakalavriat səviyyəsinin nəticələri
magistratura səviyyəsində nəzərə
alınacaqdır.
Təhsil sisteminin vacib bir pilləsi
olan ilk peşə-ixtisas təhsili barədə. Qanunda qeyd
edilir ki, ilk peşə-ixtisas təhsili əmək
bazarının tələbatına uyğun olaraq, ümumi
orta təhsil və tam orta təhsil bazasında müxtəlif
sənətlər və kütləvi peşələr
üzrə ixtisaslı işçi kadrların
hazırlanmasını təmin edir. İlk peşə-ixtisas
təhsili mülkiyyət formasından asılı olmayaraq
peşə-ixtisas təhsili müəssisələrində və
təhsil fəaliyyəti üçün xüsusi
razılığı (lisenziyası) olan ayrı-ayrı təşkilatların,
müəssisələrin, əmək birjalarının, məşğulluq
idarələrinin və digər müvafiq qurumların təhsil
strukturlarında həyata keçirilir və məzunlara
müvafiq istiqamətlər üzrə ilk peşə dərəcələrinin
verilməsi ilə başa çatır.
Əlbəttə, mövcud
qanunvericilikdə ilk peşə-ixtisas təhsilini başa
vuranların ali təhsil almaq imkanları nəzərə
alınmışdır. Lakin bu hüquq
yalnız peşə liseylərini bitirən məzunlara
şamil edilmişdir. Statistika göstərir
ki, hər dərs ilində ölkəmizin peşə liseylərinin
son kursunda təxminən 4-5 min şagird təhsil alır.
Cari ildə onların sayı 4651 nəfərdir.
Təhsil Nazirliyi tərəfindən tam orta təhsil
kursu üzrə keçirilən mərkəzləşdirilmiş
imtahanların nəticələrinin təhlili göstərir
ki, məzunlar yüksək göstəricilər
nümayiş etdirmir və onların bir hissəsi attestat ala
bilmirlər. Bu zaman iki problemlə üzləşirik.
Bir tərəfdən, onsuz da peşə liseyləri məzunlarının
sayı məhduddur, deməli, daha az sayda
şagirdin ali təhsil almaq imkanı vardır. Digər tərəfdən
isə onların müəyyən hissəsinin attestat
almaması onsuz da məhdud sayda olan kontingentin ali
təhsil
Eyni zamanda
peşə liseylərini bitirən məzunlar təhsillərini
orta ixtisas təhsili müəssisələrində də
davam etdirə bilirlər. Təhlil göstərir
ki, həmin məzunların 10-15 faizi sonradan orta ixtisas təhsili
müəssisələrinə üz tuturlar. Lakin hesab edirəm ki, ilk peşə-ixtisas təhsili
proqramları və orta ixtisas təhsili proqramları
arasında varisliyin təmin olunması sahəsində problemlər
mövcuddur və onların aradan qaldırılması da vacib
məsələlərdəndir.
Orta ixtisas təhsili barədə. Orta ixtisas təhsili
cəmiyyətin və əmək bazarının tələbatına
uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil
bazasında ayrı-ayrı fəaliyyət sahələri
üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas
təhsilli mütəxəssis hazırlığını təmin
edir. Orta ixtisas təhsili əsasən kolleclərdə və
ali təhsil müəssisələrinin
tabeliyində yaradılan müvafiq strukturlarda həyata
keçirilir və subbakalavr ixtisas dərəcəsinin verilməsi
ilə başa çatır. Ümumi orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə
daxil olanlar həm də tam orta təhsil alırlar.
Göründüyü kimi,
bu təhsil pilləsi də ali təhsilə
çıxış imkanlarını təmin edir. Belə
ki, orta ixtisas təhsilli mütəxəssislər ali təhsil müəssisələrində təhsillərini
davam etdirmək imkanına malikdirlər. Uzun müddət ərzində
müzakirə olunan məsələlərdən biri təhsil
proqramlarının ali təhsil
proqramları ilə varisliyinin təmin edilməsidir. "Təhsil
haqqqında" Qanunda bu məsələ də öz əksini
tapmışdır: "Orta ixtisas təhsili
proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsil proqramlarına uyğunluğu təmin
edilir və bu təhsil pilləsini yüksək nəticələrlə
başa vuran məzunların - subbakalavrların
topladıqları kreditlər müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar
üzrə ali təhsil müəssisələrində nəzərə
alınır". Qeyd edim ki, bununla əlaqədar
müvafiq normativ-hüquqi sənədlər də hökumət
tərəfindən təsdiq edilmişdir.
Ali təhsil barədə. Ali təhsil
pilləsində cəmiyyətin və əmək
bazarının tələbatı nəzərə
alınmaqla yüksək ixtisaslı mütəxəssislərin
və elmi-pedaqoji kadrların hazırlığı həyata
keçirilir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində
mütəxəssis və elmi-pedaqoji kadr
hazırlığı üç səviyyəlidir:
bakalavriat; magistratura; doktorantura.
Ali təhsil
pilləsinin bakalavriat səviyyəsinə keçid həm
ümumi təhsil, həm texniki-peşə, həm də orta
ixtisas təhsili pillələrindən nəzərdə
tutulmuşdur.
Lakin qeyd etmək lazımdır ki, keçid
prosesində varislik məsələləri hələ də
tam həllini tapmamışdır. Ümid
edirik ki, "Təhsil haqqında" Qanunun icrası istiqamətində
yaradılacaq normativ-hüquqi baza bu sahədə olan problemlərin
aradan qaldırılmasına zəmin yaradacaq.
Bu sahədə məni
narahat edən daha bir problem ondan ibarətdir ki, ali
təhsilə girişdə ciddi qəbul prosedurları nəzərdə
tutulur və seçim aparılır. Ali məktəbdən
çıxışda isə bu işə nəzarət arxa
plana keçir. Ötən illərdə ali
təhsil müəssisələrini bitirənlərlə
bağlı aparılan təhlillər göstərir ki, qəbul
olunanların 100 faizi ali təhsil müəssisələrini
bitirirlər. Dünya təcrübəsində
isə məhz çıxışda ciddi nəzarət
mexanizmləri tətbiq edilir və nəticədə qəbul
olunanların 60-70 faizi mütəxəssis kimi təhsil sənədi
almağa müvəffəq olurlar. Hesab edirəm ki, ali təhsil müəssisələri bu məsələyə
diqqəti artırmalı, yalnız müvafiq standartlar səviyyəsində
kompetensiyalar əldə etmiş məzunlara təhsil sənədinin
verilməsini təmin etməlidirlər. Bu hal keyfiyyətin
yüksəldilməsinin qarantı olmaqla yanaşı, ali məktəblərimizin reytinqinin yüksəlməsinə
də öz müsbət təsirini göstərərdi.
Yetkin və fəal
həyat mövqeyinə malik şəxsiyyətin
yetişdirilməsi üçün təhsil səviyyələri
ilə bərabər, təhsil pillələri arasında da
varisliyin təmin edilməsi zəruri tələbat kimi meydana
çıxır. Pillələrarası varislik, hər
şeydən əvvəl, təhsil proqramlarının
(kurikulumların), bunların vasitəsilə
reallaşdırılan nəticə və dəyərlərin
varisliyidir. Lakin elmi-pedaqoji cəhətdən
əsaslandırılması heç bir mübahisə
doğurmayan bu müddəanın həyata keçirilməsi
sahəsində mövcud olan boşluqlar bütövlükdə
təhsilin keyfiyyətinə, son nəticədə mütəxəssis
hazırlığına mənfi təsir göstərir.
İbtidai sinif müəllimlərinin, bir qayda olaraq, I siniflərə
qəbul edilmiş bəzi uşaqların psixoloji durumundan,
inkişaf səviyyəsindən, təhsil mühitinə
uyğunlaşa bilməməsindən narahatlıq hisslərini
büruzə vermələri, ümumi orta təhsil səviyyəsinə
keçirilən şagirdlər arasında təhsil almağa
marağın illər ötdükcə tədricən zəifləməsi
hallarının müşahidə edilməsi, ali məktəblərə
qəbulla bağlı nəticələrin istənilən səviyyədə
olmaması və sair bu kimi reallıqlar, eyni zamanda, həmin
amillə də bağlıdır. Bütün
bunlar ciddi pedaqoji problem olaraq təhsil mütəxəssislərini,
təhsili idarəetmə orqanlarını dərindən
düşündürməlidir.
Belə faktlar da
mövcuddur ki, ali təhsil müəssisələrinin rəhbərliyi
və müəllimləri müəyyən qrup tələbənin
zəif təlim nəticələrinə malik olmasını
orta məktəblərdə təhsilin keyfiyyətinə nəzarət
edilməməsi, bunu isə laqeyd münasibət bəslənilməsi
ilə izah etməyə çalışırlar. Ümumtəhsil
məktəblərini təmsil edənlər isə öz
növbələrində pedaqoji ali və orta ixtisas təhsili
müəssisələrində müəllim
hazırlığının səviyyəsindən şikayətlənirlər.
Əlbəttə, bu cür fikirləri tam inkar etmək də
olmaz, lakin problemi təkcə həmin mülahizələrlə
məhdudlaşdırmaq da düzgün deyildir. Etiraf edək
ki, ali məktəblərimizlə orta məktəblər
arasında əlaqə, demək olar ki, yox dərəcəsindədir
və bugünkü vəziyyətdə əlaqələrin
yenidən qurularaq səmərəli əməkdaşlıq səviyyəsinə
çatdırılmasına böyük ehtiyac vardır. Hesab
edirəm ki, ali məktəblər orta məktəblərdə
tədris olunan fənlərin yekun proqramlarını
(kurikulumlarını) ətraflı təhlil etməli,
onların öz müəssisələrindəki müvafiq
ixtisasların proqramları ilə varisliyinin yaradılması
qayğısına qalmalıdırlar. Orta məktəb rəhbərlərinin
gələcək müəllimlərini pedaqoji ali təhsil
müəssisələrinin tələbələri, ali məktəblərin
isə öz gələcək tələbələrini orta məktəb
şagirdləri arasında seçməsi, istedadlı
şagirdlərin görkəmli alimlər tərəfindən
elmi himayəyə götürülməsi praktikasının
tətbiq olunması, fikrimcə, ümumi işimizə
müstəsna dərəcədə böyük fayda verərdi.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan muallimi.- 2010.- 30 iyul.- S.2.