Azərbaycanın Milli
Qəhrəmanları
Bayramov Soltanağa Nəhmət
oğlu
1936-ci il oktyabrın 17-də Lənkəran rayonunun Şürük kəndində
anadan olub. O, orta təhsilini Astara rayonunda alıb.
1957-ci ildə Lənkəranda tibb məktəbini
bitirib, sonra təyinatla
hərbi hospitalda əmək fəaliyyətinə
başlayıb. 1990-cı illərdə bəzi xarici dövlətlər erməni
separatçıları ilə birlikdə bir
qrup adamı öz əlaltılarına
çevirərək Azərbaycanı parçalamaq
istəyirdilər. Həmin nankorlardan
biri də vətəninə,
xalqına xəyanət edən "Talış Muğan Respublikası" yaratmaq
xülyası ilə yaşayan Əlikram
Hümbətov idi. 1993-cü ildə bir qrup silahlı dəstə
Soltanağanın çalışdığı hospitala basqın edib. Öz qorxmazlığı, vətənə olan sevgi və məhəbbətini
canı, qanı bahasına hər zaman
torpaqlarımızın bütövlüyünü
düşünən S.Bayramov burada əsl vətənpərvərlik nümayiş etdirərək silahlılara
qarşı müqavimət göstərərək faciəli
şəkildə həlak olub.
Ailəli idi.
Azərbaycan
Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 nömrəli
Fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Lənkəran şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilib və büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Behbudov Səfiyar Abuzər oğlu
1967-ci il iyunun 18-də Bərdə
rayonunun Mollalı kəndində dünyaya göz
açıb. 1984-cü ildə Bərdə şəhər 6
nömrəli orta məktəbi bitirib. Bir il
sonra isə sovet ordusu sıralarına
çağırılıb. Səfiyar 1987-ci ildə ordudan tərxis olunaraq, rayon Hərbi Komissarlığının təqdimatı
ilə bu sahədə təhsilini
artırmaq üçün zabitlik kursuna göndərilib.
Həmin kursu müvəffəqiyyətlə
bitirərək kiçik leytenant
rütbəsi alıb. Tərtər bölgəsində erməni
quldurlarına qarşı gedən gərgin döyüşlərdə
neçə-neçə uğurlu əməliyyatların
iştirakçısı olub. Xalqımızın tarixi qəhrəmanlıq
əməllərini davam etdirən, ürəklərdə
özünə bir ölməzlik abidəsi
ucaldan Səfiyar daha sonra Ağdam və Əsgəran
uğrunda gedən ölüm-dirim
savaşında xüsusı fəallıq nümayiş
etdirib.
O, 1992-ci il martın 11-də
ermənilər tərəfindən əsir
götürülmüş, martın 21-də meyitini çətinliklə
də olsa geri almaq mümkün olmuşdu.
Subay idi.
Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli
Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bərdə rayonunun
Mollalı kəndində dəfn olunub. Təhsil
aldığı 6 nömrəli orta məktəb onun
adını daşıyır.
Babayev Əjdər Xalıqverdi oğlu
1950-ci il avqustun 26-da
Qazax rayonunun Mollacəfərli kəndində anadan olub. Bir
müddət sonra ailələri Ağstafa rayonunun Xətai kəndinə
köçüb. O, 1967-ci ildə Xətai kənd orta məktəbini
bitirib.
Əjdər 1969-cu ildə
hərbi xidmətə çağırılmış, ordu
sıralarından tərxis olunduqdan sonra isə Bakının
Nərimanov Rayon Polis Şöbəsinə işə qəbul
olunub. 1978-ci ildə polis orqanlarında çalışmaqla
yanaşı, Sumqayıt Politexnik Texnikumuna qəbul olmuş,
1981-ci ildə burada avtonəqliyyat ixtisasına yiyələnib.
O, dörd il Qazax Rayon Polis Şöbəsində işləmiş,
sonra iş yerini dəyişərək Ağstafa Rayon Polis
Şöbəsində fəaliyyətini davam etdirib. Ə.Babayev
bu orqanda çalışdığı illərdə
nümunəvi polis işçisi kimi dəfələrlə
DİN-in mükafatlarına layiq görülüb. O, 1995-ci il 13-17 mart hadisələri
zamanı həlak olub.
Ailəli idi. Dörd övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Babayev Əjdər Xalıqverdi oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Ağstafa rayonunda dəfn olunub. Adına məktəb var.
Cəbrayılov Fəxrəddin Mövsüm
oğlu
1958-ci il avqustun 12-də Qərbi Azərbaycanın
Gorus şəhərində
anadan olmuşdur. Ailə üzvləri ilə birlikdə Almaniyaya getmiş və ibtidai təhsilini orada almışdır.
Az sonra
Bakıya dönərək
orta təhsilini burada bitirmişdir. Fəxrəddin 1975-ci ildə Bakı
Ali Ümumqoşun Komandirləri
məktəbinə daxil
olmuş və 1979-cu ildə təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.
Fəxrəddin 1992-ci ildə
cəbhə bölgəsinə
yollanaraq, 656 nömrəli
hərbi hissədə
motoatıcı taborun
komandiri təyin olunmuşdur. 1993-cü ildə Beyləqan rayonu istiqamətində gedən döyüşlərdə
qərargah rəisi kimi düşmənin xeyli canlı qüvvəsini itkiyə məruz qoymuşdur.
1994-cü ildə Füzuli və Kəlbəcər istiqamətində
döyüşən F.Cəbrayılov
Gəncə şəhərindəki
172 nömrəli motoatıcı
briqadasına komandir təyin edilmişdir.
Onun komandir olduğu tabor, motoatıcı
alay və
briqada düşmənə
qarşı döyüşlərdə
mərdlik və şücaət göstərmişdir.
O, 1994-cü ilin
oktyabrında "Azərbaycan
Bayrağı" ordeni
ilə təltif olunmuşdur.
Ailəlidir.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Cəbrayılov Fəxrəddin
Mövsüm oğlu Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Hazırda 4-cü ordu korpusunun fərdi qərargah rəisi vəzifəsində
çalışır.
Cəbrayılov Mikayıl Əhmədiyyə
oğlu
1952-ci il aprelin 27-də Şəki rayonunun Oxut kəndində - Fransa partizan hərəkatının əfsanəvi
döyüşçüsü olmuş Əhmədiyyə
Cəbrayilovun ailəsində
dünyaya gəlib. O,
1971-ci ildə Şəki
Şəhər Polis Şöbəsində
milis nəfəri vəzifəsinə qəbul
olunub, 1978-ci ildə isə leytenant rütbəsi ilə sahə müvəkkili vəzifəsinə təyin
edilmişdi.
M.Cəbrayılov 1990-cı il dekabrın 12-də
polis əməkdaşları ilə birlikdə Qarabağa ezam olunub. Həmin vaxt Cəmilli
kəndinin müdafiəsinin
təşkili onun dəstəsinə tapşırılıb.
1990-cı il dekabrın 15-də Cəmilli
kəndinin əhalisi üçün ayrılmış
4 ton buğda camaata çatdırılmalı idi.
Onun polis
əməkdaşlarından ibarət dəstəsi həmin yükü kəndə apararkən Cəmilli-Kosalar arasında
erməni silahlılarının
hücumuna məruz qalıb. Bu döyüşdə
Mikayıl qəhrəmancasına
həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 6 iyun
1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Cəbrayılov Mikayıl
Əhmədiyyə oğlu
ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Şəki rayonunun Oxut kəndində dəfn olunub. Adına Şəki şəhərində
küçə var. Doğulduğu
kənd onun adını daşıyır.
Milli Qəhrəmanlar
Beynəlxalq İnformasiya
Mərkəzinin materialları
əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.-
2010.- 2 iyul.- S.8.