Osaka Universiteti
Yerləşir:
Yaponiya, Honsyu adası, Osaka şəhəri
Yaranma tarixi:
1724 -cü il
Tipi:
Dövlət
İşçi heyətinin ümumi sayı: 5466 nəfər
Tələbələrin sayı: 15937 nəfər
İllik gəlirləri: 128119000000 yen
İllik xərcləri: 128119000000 yen
Rəsmi saytı: www.osaka-u.ac.jp
Osaka Universiteti (Osaka University) Yaponiyanın Honsyu adasının Osaka
şəhərində yerləşir. Asiyanın
ən nüfuzlu universitetlərindən hesab olunan bu təhsil
müəssisəsi Yaponiyanın altıncı ən qədim
universitetidir. Böyük Britaniyanın "Times Higher
Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Osaka Universiteti
100 ən yaxşı ali məktəb
arasında 43-cü, Yaponiya universitetləri arasında isə
3-cü yerdə sıralanıb.
Osaka Universiteti
fundamental elmlər, texnika və tibb sahələrinin yüksək
səviyyədə öyrənilməsinə görə
dünyada tanınır.
Tarixi
Osaka Universiteti
1931-ci ildə yaradılsa da, onun tarixi kökləri
Yaponiyanın Edo dövrünə təsadüf edir. Belə ki, hələ 1724-cü ildə
Osaka şəhərində tacirlər üçün
Kaitokudo məktəbi - "qakumonjo" ("oxumaq
üçün yer") açılır. Məktəbin
verdiyi mükəmməl təhsil həmin dövrün sakinlərinin
qürur mənbəyi olur. Daha sonra həkim
və alim Oqata Koan burada Tekijuku məktəbi, Omura Masujiro
Yaponiyanın ilk hərbi məktəbini yaradır. Edo dövründə Yaponiyada öyrədilən
yeganə xarici dil Hollandiya dili olur.
1869-cu ildə
Osaka şəhərinin mərkəzində Osaka Tibb Məktəbi açılır və 1919-cu ildə həmin məktəb imperatorun sərəncamına əsasən universitet statusu qazanmış Ali Tibb Kollecinə çevrilir. 1931-ci ildə
yeni açılmış Elm Kolleci Ali Tibb Kolleci ilə birləşdirilərək
altıncı imperator ali məktəbi olan Osaka
İmperator Universiteti yaradılır. 1933-cü ildə Osaka
Texniki Universiteti Osaka Universitetinə birləşdirilir və
universitetdə Mühəndislik Məktəbi fəaliyyətə
başlayır. Osaka İmperator Universitetinin adı 1947-ci ildə Osaka
Universiteti ilə əvəz olunur. 5 məktəbdən
(Elm, Tibb, Mühəndislik, Yazı (filologiya), Hüquq) ibarət
olan universitet 1949-cu ildə yeni təhsil islahatları qəbul
edir. Həmin il burada Humanitar Elmlər
Departamenti yaradılır.
1951-ci ildə
stomatologiya, 1955-ci ildə isə əczaçılıq
fakültələri universitetin Tibb Məktəbindən
ayrılaraq ayrıca məktəb kimi fəaliyyət göstərməyə
başlayır. 1972-ci ildə psixologiya, sosiologiya və
pedaqogika fakültələri Yazı (filologiya) Məktəbindən
çıxarılaraq Humanitar Elmlər Məktəbinə
birləşdirilir. 1989-cu ildə universitetdə
magistr və doktorantlar üçün Dil və Mədəniyyət
Ali Məktəbi yaradılır. 1993-cü
ildə Osaka Universitet Xəstəxanası Nakanosima kampusundan
Suita kampusuna köçürülür və bununla da səpələnmiş
universitet binalarının bir kampusda cəmlənməsi
prosesi başa çatır. 1994-cü ildə
universitetdə Osaka Beynəlxalq Dövlət Siyasəti Məktəbi
açılır.
2002-ci ildə universitetdə
İnformasiya və Texnologiya Ali Məktəbi yaradılır,
2007-ci ildə isə Osaka Xarici Dillər Universiteti Osaka
Universitetinə birləşdirilir və Osaka Universiteti ölkənin ən
böyük ali təhsil ocaqlarından birinə
çevrilir.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris
ilində Osaka Universitetinin gəlir və xərcləri
ümumilikdə 128119000000 yen təşkil edib.
Osaka
Universitetində bakalavr, magistratura və doktorantura pilləsində
oxuyan tələbələrin təhsil haqqı 535800,
Hüquq Ali Məktəbində isə 804000 yendir. Maliyyə durumu çətin
olan və yaxşı nəticələr göstərən tələbələr
təhsil haqqının hamısı və ya yarısından
azad ola bilərlər.
Osaka Universitetində tələbələrə
3 növ təqaüd təklif olunur: Yaponiya Tələbə
Təşkilatı, özəl təşkilatlar və bələdiyyələr,
Osaka Universitetinin ümumtəhsil tədris təqaüdləri.
Yaponiya Tələbə Təşkilatının, özəl
təşkilatlar və bələdiyyələrin
ayırdığı təqaüdlər təhsil
haqqını ödəməyə imkanları olmayan
sağlam, yaxşı oxuyan tələbələrə borc
kimi verilir. Tələbə universiteti bitirdikdən
sonra işlədikcə tədricən borcunu qaytarır.
Osaka Universitetinin ümumtəhsil tədris təqaüdü
universitetin ikinci kursundan başlayaraq əla nəticələr
göstərən tələbələrə təklif olunur.
Universitetin bakalavr pilləsində təhsil alan
tələbələr 30000-51000 yen, magistratura və
doktorantura pilləsində oxuyan tələbələr isə
50000-88000, 80000-122000 yen təqaüd alırlar.
Universitet bu gün
Osaka Universiteti 3 kampusdan ibarətdir:
Suita, Toyonaka, Minoh. Ali məktəbin əsas
kampusu olan Suita kampusu Suita və İbaraki şəhərləri
boyu uzanır. Kampus 996659 m2 ərazini əhatə
edir. Bu kampusda Administrasiya Bürosu, humanitar elmlər,
tibb, stomatologiya, farmakologiya və mühəndislik fakültələri,
Milli Birləşdirilmiş Kibermedia, Nüvə Fizikası
Problemləri Elmi-Tədqiqat mərkəzləri, müxtəlif
avtomobil, motosikl, velosiped dayanacaqları, idman kompleksləri,
tennis kortları yerləşir.
Toyonaka kampusu
445851 m2 ərazini əhatə edir və burada universitet
kitabxanası, ədəbiyyat, hüquq, iqtisadiyyat, elm və
texniki elmlər fakültələri yerləşir. Bundan əlavə, Beynəlxalq
Dövlət Siyasəti, Dil və Ədəbiyyat,
İnformatika məktəbləri, Hüquqi və Siyasi Təcrübə
Mərkəzi mövcuddur.
Minoh kampusu
2007-ci ildə Osaka Xarici Dillər Universitetinin Osaka Universitetinə
birləşdirilməsindən sonra yaranıb. 145125 m2 ərazini
əhatə edən kampusda Xarici Dillər, Dünya Dilləri,
Yapon Dili və Mədəniyyəti məktəbləri yerləşir.
Bu üç
kampusa əlavə olaraq Osaka şəhərinin mərkəzində
universitetin keçmiş kampusu Nakanosima yerləşir. 1000 m2 ərazisi
olan şəhərciyin binaları 1993-cü ildə Suita
kampusuna köçürüldükdən sonra 2004-cü ildən
başlayaraq Nakanosima Mərkəzi adlanır. Mərkəzdə informasiya mübadiləsi,
yaşlı insanların təhsili, müxtəlif tədbirlər
həyata keçirilir.
Osaka Universitetinin nəzdində
11 məktəb (Yazı, Humanitar Elmlər, Xarici Dillər,
Hüquq və Siyasət, İqtisadiyyat, Elm, Tibb, Stomatologiya,
Farmakologiya, Maşınqayırma, Mühəndislik), magistr və
doktorantlar üçün 15 ali məktəb - Graduate Schools
(Dil və Mədəniyyət, Yazı, Humanitar Elmlər,
Hüquq və Siyasət, İqtisadiyyat, Elm, Tibb, Stomatologiya,
Farmakologiya, Maşınqayırma, Mühəndislik, Beynəlxalq
Dövlət Siyasəti, İnformatika və İnformasiya
Texnologiyaları, Sərhəd Bioelmlər, Hüquq), 5 elmi-tədqiqat
institutu (Mikrob Xəstəlikləri, Elm və Sənaye Tədqiqatları,
Zülal Tədqiqatı, Sosial-İqtisadi Tədqiqatlar, Birləşdirmə
və Qaynaq Tədqiqatı institutları), Osaka, Kanazava və
Hamamatsu universitetlərinin Tibb Məktəbi, Osaka Universiteti
Hospitalı, Osaka Universiteti Stomatoloji Xəstəxanası, 3
filialı olan Əsas kitabxana və s. institut və mərkəzlər
fəaliyyət göstərir.
Yazı (filologiya)
və Humanitar Elmlər məktəblərinin
tərkibində Humanitar elmlər departamentləri, Elm
Məktəbinin tərkibində Riyaziyyat, Fizika, Kimya,
Biologiya bölmələri, Xarici
Dillər Məktəbində Çin, Koreya, Monqolustan,
İndoneziya, Filippin, Tay, Vyetnam, Birma, hindu, urdu, ərəb,
fars, türk, Suasili, rus, macar, Danimarka, İsveç, alman,
ingilis, fransız, italyan, ispan, portuqal dilləri departamentləri,
Hüquq Məktəbində
Hüquq və Beynəlxalq Siyasət departamentləri, İqtisadiyyat Məktəbində
İqtisadiyyat və Menecment departamenti, Tibb Məktəbində Tibb və Qarışıq
Tibb Elmləri departamentləri, Stomatologiya
Məktəbində Stomatologiya departamenti, Farmakologiya Məktəbində Farmakologiya və Əczaçılıq
Elmləri departamentləri, Maşınqayırma
Məktəbində Tətbiqi elmlər, Mexanika, material və
istehsal elmləri, Elektron və informasiya texnikası, Sabit
energetika və ekologiya mühəndisliyi, Qlobal Arxitektura
departamentləri, Mühəndislik
Məktəbində Elektronika və materiallar fizikası,
Kimya elmi və Layihələşdirmə, Sistemlər elmi,
İnformatika və Kompüter elmləri departamentləri
mövcuddur. Universitetin ali məktəblərinin
də hər biri bir neçə departamentdən ibarətdir.
Osaka
Universitetinin kitabxana sisteminə
Əsas, Həyat Elmləri, Elmi-Texniki, Beynəlxalq
kitabxanaları daxildir və burada ümumilikdə 4 milyondan
çox kitab var. Əsas kitabxananın yeni binası 2000-ci ildə
istifadəyə verilib. Kitabxanada bütün sahələri əhatə
edən materiallara rast gəlmək olar. Əsas kitabxanada
2250000 cild kitab və jurnal, 8700 dövri nəşr, eləcə
də nadir kitablar, audio və video materiallar, mikroformalar, verilənlər
bazası, kompakt disklər və s. mövcuddur.
Həyat elmləri kitabxanası 1922-ci ildə açılıb və Suita kampusunda yerləşir. Burada əsasən tibb, stomatologiya, əczaçılıq elmlərinə aid kitablar mövcuddur. Elmi-Texniki kitabxana 1970-ci ildən fəaliyyət göstərir. Kitabxana Suita kampusunda yerləşir və burada texniki və dəqiq fənlərə aid olan kitablar saxlanılır. Beynəlxalq kitabxana universitetin ən yeni kitabxanasıdır və 2007-ci ildə Osaka Xarici Dillər Universiteti Osaka Universitetinə birləşdikdən sonra yaradılıb və Minoh kampusunda yerləşir. Kitabxanada 600000-dən çox kitab mövcuddur və bu, ölkənin beynəlxalq tədqiqatlar və linqvistika sahəsinə aid ən əsas kitabxanalarından biridir. Kitabxanalarda oxucuların istifadəsinə fərdi elmi işlə məşğul olmaq üçün kabinetlər, qrupla oxumaq üçün auditoriyalar, DVD və video materiallarla tanış olmaq üçün kabinetlər, multimediaterminallar, Kibermediamərkəz terminalları, simsiz LAN şəbəkəsi, OPAC terminalı, verilənlər bazası ilə işləmək üçün kompüterlər, noutbuklar verilib.
Osaka
Universitetinin prezidenti hazırda kliniki fəlsəfə və
etika üzrə professor Uoşida Kiyokazudur. Universitetin
vitse-prezidentləri isə Nişida Şoqo, Koidzumi Cunci,
Nişio Şociro, Doi Takefumidir. Ali məktəbin
Administrasiya Bürosu 8 departament, 22 bölmə, 7 ofisdən
ibarətdir. Ümumilikdə universitetdə
5466 işçi çalışır. Professor-müəllim
heyətinin sayı 2953, inzibati heyətin sayı isə 2513 nəfərə
bərabərdir. Universitetin alimləri
arasında 18 Mədəniyyətə Xidmət Ordeni, 15
Yaponiya İmperatorluğu Akademiyası, 41 Yaponiya Akademiyası
mükafatçıları var.
2009-2010-cu tədris
ilində Osaka Universitetinin tələbələrinin ümumi
sayı 15937 nəfər olub. Onların 3250 nəfərini bakalavr,
1673 nəfərini magistratura, 939 nəfərini isə
doktorantura pilləsində təhsil alan gənclər
təşkil edib. Əcnəbi tələbələrin
sayı 1455 nəfər olub. Universitetin
Hüquq Məktəbində 7856 nəfər tələbə
oxuyub.
Osaka
Universitetində tələbələrin qalmaları
üçün 5 yataqxana mövcuddur. Bunlar Toneyama, Seimei, Nina, Koyo
və Momiji yataqxanalarıdır. Yataqxanada
ümumi və birnəfərlik otaqlar mövcuddur. Otaqlar
İnternet şəbəkəsinə qoşulub, otaqda
yazı stolu, kitab şkafı, stol və
stullar olur. Toneyama, Nina, Koyo və Momiji yataqxanalarında qalmaq
tələbəyə ayda 4300, Seimei yataqxanasında isə
4700 yenə başa gəlir. Bu məbləğə
kommunal xərclər daxil deyil.
Ali məktəbdə
"Osaka Universiteti idman təşkilatı" fəaliyyət
göstərir. Hazırda təşkilatın 9000
üzvü var. Onların 1812 nəfəri 2009-cu ildə 58-dən
çox idman növü üzrə universiteti layiqincə təmsil
edib. "Osaka Universiteti mədəniyyət
təşkilatı" universitetin mədəni əlaqələrinin
inkişafı və zənginləşdirilməsi məqsədi
ilə yaradılıb. Təşkilata 68
klub daxildir və onların 2888-dən çox üzvü var.
Osaka Universitetinin prezidenti
Uoşida Kiyokazu rəhbərlik etdiyi ali təhsil
müəssisəsi haqqında deyir: "Osaka Universiteti cəmiyyətin
tam inamını qazana biləcək mütəxəssis və
tədqiqatçılar yetişdirir. Başqa sözlə, əsl
müdrik, nəcib və yüksək səviyyədə
ünsiyyət qurmağa malik insanlar bu ali
məktəbin məzunlarına çevrilir. Universitetin hər
bir işçisi, tələbəsi, tədqiqatçısı
bütün qüvvələrini birləşdirərək
çalışır ki, cəmiyyət onların haqqında desin:
"Osaka Universitetini bitirən şəxslər həqiqətən
başqa insanlardan bir
addım
qabaqdadırlar".
Ali məktəbin şüarı
belə səslənir: "Lokal yaşa, qlobal
böyü".
Universitetin məşhur məzunları
Akio Morita
"Sony" şirkətinin yaradıcısı
Hantaro Naqaoka
Osaka Universitetinin ilk prezidenti, fizik
Hideki Yukava
fizika
üzrə Nobel mükafatı laureatı
Osamu Hayaişi
tibb üzrə Vulf mükafatı laureatı
Osamu Tezuka
Manqa (yapon komiksləri) müəllifi və animator
Heizo Tekenaka
tanınmış Yaponiya iqtisadçısı
Mitio Morisima
tanınmış Yaponiya iqtisadçısı
Şiba Ryotaro Yaponiya
yazıçısı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2010.- 9 iyul.- S.6.