Azərbaycanın Milli Qəhrəmanları

 

Cəfərov Faiq Əliqulu oğlu              

 

1974-cü il mayın 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində anadan olmuşdu. 1991-ci ildə doğma kəndlərindəki orta məktəbi bitirərək Bakı Maşınqayırma Texnikumunda təhsilini davam etdirmişdi. O, 1992-ci il oktyabrın 18-də vətənə sədaqət andı içərək Milli Ordu sıralarında hərbi xidmətə başlamışdı. Naxçıvanın ilk sərhəd dəstəsinin üzvlərindən biri olmuşdu.

F.Cəfərov Şərur rayonundakı 3-cü zastavada xidmət edərək sərhədlərimizin erməni təcavüzkarlarından qorunmasında xüsusi cəsurluq göstərmişdi.

Faiq 1995-ci il 13-17 mart dövlət çevrilişinə cəhdin qarşısının alınması məqsədilə Baki şəhərinə göndərilmişdi. Qanunsuz silahlıların tərksilah edilməsi üçün hərbi hissənin əsgərləri ilə birlikdə qəhrəmanlıq göstərmişdi. O, 1995-ci il iyunun 22-də sərhəd qoşunlarından ehtiyata buraxılmışdı.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 27 dekabr tarixli 427 nömrəli Fərmanı ilə Cəfərov Faiq Əliqulu oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.   

1999-cu il avqustun 19-da avtomobil qəzası nəticəsində həlak olub.

Ailəli idi. İki övladı var.

Cəlilabad rayonunun Şiləvəngə kəndində dəfn olunub. 

 

Çobanov Şamoy Məhyəddin oğlu

 

1965-ci il yanvarın 19-da Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdu. 1982-ci ildə Qazax şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdı. Şamoy 1983-cü ildə sovet ordusu sıralarına çağırılmış, 1985-ci ildə ordudan tərxis olunaraq doğma  rayonlarına qayıtmışdı. 1989-cu ildə Qazax  Rayon  Polis Şöbəsində işə qəbul olunmuşdu. Erməni təcavüzkarları Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş.Çobanov xüsusi qəhrəmanlıq nümayiş etdirmişdi. O, Vətənini canından çox sevən bir polis işçisi kimi xalqına xidmət etməkdən böyük qürur və şərəf duyurdu.

Şamoy 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndində gedən döyüşdə, "Qanlı dərə" deyilən ərazidə erməni silahlı qüvvələrinə qarşı rəşadətlə vuruşaraq qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qazax rayonunun Ağköynək kəndində dəfn olunub. Ağköynək kənd məktəbi onun adını daşıyır.

 

Çirinqov Ramazan Heybullah oğlu              

 

1969-cu il fevralın 15-də Balakən rayonunun Meşəşambul kəndində anadan olmuşdu. O, 1986-cı ildə Meşəşambul kənd orta məktəbini bitirdikdən sonra Balakən Rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarında xidmətə çağırılmışdı.Əfqanıstanda hərbi xidmətdə olan Ramazan göstərdiyi şücaətə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və "Beynəlmiləl döyüşçü" döş nişanı ilə təltif edilmişdi. 1989-cu ildə ordudan tərxis olunaraq Balakən Rayon Polis Şöbəsində polis nəfəri kimi əmək fəaliyyətinə başlamışdı. Elə ilk gündən də öz davranışı və nümunəvi xidməti ilə polis dostlarının və komandir heyətinin rəğbətini qazanmışdı. R.Çirinqov 1995-ci il sentyabrın 3-də Balakən rayonunda cinayətkar dəstəni zərərsizləşdirərkən qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə Çirinqov Ramazan Heybullah oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Meşəşambul kəndində dəfn olunub. Balakən şəhərindəki küçələrdən biri onun adını daşıyır.

 

Davidoviç Anatoli Nikolayeviç

 

1965-ci il martın 28-də Belarus Respublikasının Siutet şəhərində dünyaya gəlmişdi. O, 1992-ci ilin iyununadək  Rusiya ordusunda xidmət etmişdi. Mayor rütbəsinə kimi yüksələn Anatoli sonrakı həyatını Azərbaycan ordusu ilə bağlamışdı. "N" saylı hərbi hissədə artilleriya qərargahının rəisi təyin edilmişdi. Bu zaman Qarabağda ölüm-dirim mübarizəsi davam etməkdə idi. Hər gün yüzlərlə insan həlak olur, kəndlər xarabazara çevrilirdi. 1992-ci il iyunun 9-da Ağdam rayonunda gedən gərgin döyüşlərdə Anatoli əsl qəhrəmanlıq göstərmişdi. O, elə həmin qızğın döyüşlər zamanı ağır yaralanmışdı. Xeyli qan itirdiyindən həkimlər onu ölümün pəncəsindən xilas edə bilməmişlər.

A. Davidoviç 1992-ci il iyunun 13-də Bakı şəhər Mərkəzi Hospitalında vəfat edib.

Ailəli idi.

Azərbaycan Respublikası Prezidentinin 3 iyul 1992-ci il tarixli 24 nömrəli Fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Belarus Respublikasının Siutet şəhərində dəfn olunub.

 

Edilov Yelmar Şahmar oğlu

 

1946-cı il aprelin 10-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdu. 1954-1964-cü illərdə Əlimədədli kənd orta məktəbində təhsil almış, sonra isə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdu. 1964-cü ildə Minsk şəhərində hərbi xidmətə başlamışdı. O, hərbi xidmətdən ikinci qrup əlil kimi tərxis olunmuştexnikumda yarımçıq qalmış təhsilini başa çatdırmışdı.

1991-ci ilin əvvəllərindən başlayaraq Ağdamın bir çox kəndləri erməni işğalçıları tərəfindən gecə-gündüz atəşə tutulurdu. Elə o ərəfədə Yelmarın rəhbərliyi ilə Kolanı kəndində özünümüdafiə batalyonu yaradılmışdı. Həmin dəstə Ağdamda böyük hünərlər göstərmiş, dəfələrlə erməni işğalçılarını döyüşlər zamanı itkiyə məruz qoymuşdu. Y.Edilov 1994-cü il aprelin 11-də "Çərik" kökəltmə məntəqəsi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Ailəli idi. Yeddi övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə Edilov Yelmar Şahmar oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Bakıda ikinci Şəhidlər xiyabanında dəfn olunub.

 

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin materialları əsasında hazırladı:

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2010.- 9 iyul.- S.5.